Gəncə-Qazax iqtisadi rayonu — Vikipediya
İqtisadi rayon | |
Gəncə-Qazax iqtisadi rayonu | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Ləğv edilib | 7 iyul 2021 |
Əhalisi | |
Əhalisi | 1.265.200 nəfər |
|
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir.
İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir.[1] Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 1 yanvar 2011-ci il tarixinə 1191.7 min nəfər olmaqla ölkə əhalisinin 13,6 %-ni təşkil edir.[1] İqtisadi rayonda əhalinin 47 faizi şəhərlərdə, 53 faizi kəndlərdə yaşayır. Əhalinin orta sıxlığı hər km²-ə 95 nəfər təşkil edir.[1]
Faydalı qazıntıları
[redaktə | mənbəni redaktə et]Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın faydalı qazıntılarla zəngin regionlarından birirdir. Rayonun əsas faydalı qazıntıları dağətəyi zonada yerləşir. Neft, təbii qaz, kükürdlü kalçedan, kobalt, barit, dəmir filizi, alunit, əhəng-daşı, mərmər, gips, seolit, bentonit qili, sement xammalı iqtisadi rayonun əsas yeraltı ehtiyatlarıdır. Daşkəsənin dəmir filizi, Zəylik alunit, qızıl, mis, Xoşbulaq əhəng daşı ehtiyatları sənaye əhəmiyyətlidir. Kür çayının rayon ərazisindən axan hissəsi hidroenerji ehtiyatları ilə zəngindir. Gəncə-Qazax iqtisadi rayonu təbii-rekreasiya ehtiyatlarına malikdir. Göygöl-Hacıkənd zonası, Murovdağın şimal yamacları, Naftalanın müalicə nefti, Mingəçevir su anbarının ətrafı, mineral bulaqlar, meşələr iqtisadi rayonun təbii-rekreasiya ehtiyatlarıdır.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Gəncə-Qazax iqtisadi rayonu iqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur. Azərbaycanın ikinci sənaye rayonu ölkənin sənaye məhsulunun 12–13 %-ni verir. İqtisadi rayonun sənayesi hasiledici və emaledici sahələrdən ibarətdir. Gəncədə və Daşkəsəndə qara və əlvan metallurgiya xammalının hasilatı, onların ilkin emalı müəssisələri yerləşir. Ağır sənaye rayonun iqtisadiyyatında mühüm yer tutur. Maşınqayırma sənaye sahəsi üzrə iqtisadi rayonda cihazqayırma, rabitə avadanlığı istehsalı, avtomobillərin və kənd təsərrüfatı maşınlarının təmi-ri müəssisələri fəaliyyət göstərir. Elektroenergetika Gəncə İEM-i, Şəmkir və Yenikənd SES-ləri ilə təmsil edilir. Kimya sənayesi Gəncə şəhərində fəaliyyət göstərən zavodlarda sulfat turşusu, kalium kübrəsi istehsalı ilə təmsil edilir. İqtisadi rayonun yüngül sənayesi (Dəliməmmədlidə pambıq mahlıcı, Gəncədə pambıq parça, yun parça, trikotaj məmulatları istehsalı, Gəncə, Qazax və Daşkəsəndə xalça toxuculuğu müəssisələri) yerli xammalın emalına əsaslanır. Yaşayış məntəqələrində həmçinin ağac emalı, tikinti materialları, xalq istehlakı malları istehsal edən obyektlər vardır. Xalq istehlaki malları istehsal edən sahələrə Gəncədə yerləşən çini-saxsı qablar istehsalıı aiddir.
Kənd təsərrüfatı məhsullarının emalına əsaslanan yeyinti sənayesi-şərab, konyak, ət-süd məhsulları, qənnadı məmulatı, konserv məhsulları istehsalı əsasən yerli və reqional tələbatı ödəyir. Tikinti sənayesinin əsas müəssisələri iri panelli evtikmə kombinatı, dəmir-beton, kərpiç-kiromit, mərmər zavodlarıdır.
Azərbaycan Respublikası üzrə kənd təsərrüfatı məhsulunun 13–14%-i, o cümlədən, kartofun 80–85%-i, üzümün 28%-i, heyvandarlıq məhsullarının 15 faizı bu rayonun payına düşür. Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri kartofun becərilməsi, üzümçülük və taxılçılıqdır. Pambıq, yalnız, Göranboy rayonunda əkilir. Qazax və Aqstafa, Şəmkir və Samux rayonları üzüm istehsalı üzrə, Gədəbəy, Şəmkir, Tovuz rayonları kartof istehsalı üzrə, Göranboy rayonu taxıl istehsalı üzrə ixtisaslaşmışdır. İqtisadi rayonda, həmçinin bostançılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıq sahələri inkişaf etmişdir.
Ceyrançöl respublikanın mühüm qış otlaq sahələrindən biridir.
Nəqliyyat şəbəkəsi
[redaktə | mənbəni redaktə et]Gəncə-Qazax iqtisadi rayonun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Rayon Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir. Gəncə, Qazax və Ağstafa — əsas nəqliyyat qovşaqlarıdır. Gəncə şəhərində respublika əhəmiyyətli hava limanı yerləşir. Avroasiya nəqliyyat dəhlizinin və ya İpək yolunun 200 km-dən artıq hissəsi bu iqtisadi rayonun ərazisindən keçir.
Dəmir yolu
[redaktə | mənbəni redaktə et]Ən mühüm dəmir yolu xətti 1883-cü ildə istifadəyə verilmiş beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi magistral yoludur [Məmmədov Z. S., 2002]. Bu xətdən, Daşkəsən dəmir filizini daşımaq üçün çəkilən Alabaşlı-Quşçu, bentonit gilini daşımaq üçün çəkilmiş Ağstafa-Qazax-Daş Salahlı və Ermənistanla əlaqə yaradan Ağstafa-Qazax-İcevan dəmir yolları — qolları ayrılır. Bakı-Tbilisi dəmir yolu xətti iqtisadi rayonun xarici iqtisadi əlaqələrində və sərnişin daşınmasında mühüm rol oynayır. Bütün dəmir yolu xətti tam elektrikləşdirilmişdir. Gəncə, Ağstafa, Saloğlu, Böyük Kəsik yük vurma və yük boşaltma əməliyyatları həyata keçirmək üçün əlavə ehtiyat dəmir yollarına malik ən mühüm stansiyalardır. Yaxın gələcəkdə Bakı-Tbilisi dəmir yolunun davamı olan, Azərbaycan Respublikasını qardaş Türkiyə Respublikası ilə birbaşa dəmir yolu ilə əlaqələndirəcək Bakı-Tbilisi-Qars xəttinin işə düşməsi Gəncə-Qazax iqtisadi rayonunun xarici əlaqələrini daha da genişləndirəcəkdir.
Avtomobil yolları
[redaktə | mənbəni redaktə et]Ən əsas avtomobil yolları isə Bakı-Tbilisi dəmir yoluna paralel uzanan Bakı- Gəncə-Qazax-Tbilisi xəttidir. Bu magistral xətti iqtisadi rayonun dağlıq hissələri ilə birləşdirən Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Goranboy-Ağcakənd şose yollarıdır. Dağlıq ərazilərdə yük və sərnişin daşınmasında əsas yeri avtomobil nəqliyyatı tutur [Babayev M. P., 2001, Babayev M. P., Həsənov V. N., 2001].
Hava nəqliyyatı
[redaktə | mənbəni redaktə et]Gəncə şəhərində müasir naviqasiya tələblərinə cavab verən, hətta böyük təyyarələri belə qəbul edə bilən beynəlxalq əhəmiyyətli hava limanı fəaliyyət göstərir. Bu şəhərdən bir çox ölkələrə müntəzəm təyyarə reysləri həyata keçirilir.
Qaz kəmərləri
[redaktə | mənbəni redaktə et]İqtisadi-coğrafi rayonun ərazisindən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri keçir. Yaşayış məntəqələrini yanar qazla təmin etmək məqsədilə burada boru kəmər nəqliyyatının sıx şəbəkəsi yaradılmışdır. Bununla yanaşı, əhalinin məişət, sənaye və kənd təsərrüfatı istehsalına tələbatını ödəmək məqsədilə yüksək səviyyəli, müxtəlif gərginlikli elektrik verilişi xətləri fəaliyyət göstərir.[2]
Sosial infrastrukturu
[redaktə | mənbəni redaktə et]Xəzər dənizindən hasil edilən neftin və qazın dünya bazarına çıxarmlması üçün çəkilən boru kəməri iqtisadi rayonun ərazisindən keçir. Rayonun əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli dağ-meşə landşaftı, müalicəvi təsirli mineral suları beynəlxalq əhəmiyyətli istirahət-müalicə müəssisələrinin yaradılmasına imkan verir. Dəniz səviyyəsindən 1566 m yüksəklikdə Göy-Göl və Hacıkənd istirahət guşələri salınmışdır. Naftalan istirahət-müalicə kompleksi ümümdünya əhəmiyyətlidir.
Azərbaycanın şımal-qərb bölgəsinin sosial-iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial-mədəni tələbatlarının (səhiyyə, elmi-mədəni, təhsil) ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. Gəncədə Azərbaycan Milli Elmlər Akademiyasının Elm Mərkəzi, elmi-tədqiqat müəssisələri fəaliyyət göstərir.
Gəncədə (Kənd Təsərrüfatı Akademiyyası, Texnoloqiya Universiteti, Dövləti Pedaqoji Universiteti) ölkə üçün yüksək ixtisaslı kadrlar hazırlanır. Rayonda kütləvi kitabxanalar, muzeylər, teatrlar, xəstəxanalar və digər sosial — mədəni infrastruktur obyektləri mövcuddur
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Azərbaycanın Dövlət Statistika Komitəsi: Gəncə-Qazax iqtisadi rayonu Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine
- ↑ Azərbaycan Respublikasının Coğrafiyası, III cild, Regional Coğrafiya, Bakı, 2015. səh 400 (Əyyubov N. H.)