Babil — Vikipediya
Qədim şəhər | |
Babil | |
---|---|
yun. Βαβυλών, ivr. עברית קלאסית, ərəb. بابل, - Babili | |
| |
32°32′30″ şm. e. 44°25′24″ ş. u.HGYO | |
Ölkə | |
Salınma tarixi | E.ə. 1894 |
İlk xatırlanma | E.ə. XXII əsr |
Dağılma tarixi | E.ə. 539 |
Əhalisi | 500 000 nəfər |
Müasir yeri | İraq |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın[2] paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür:
- Qədim (e.ə. XIX–XVI);
- Orta (e.ə. XVI–XII);
- Yeni (e.ə. VII–VI);
Qədim dövr
[redaktə | mənbəni redaktə et]Şumer-Akkad dövlətinin dağılmasından sonra başlamışdır. Akkad və Assur kimi, Babil dövlətin tarixi eyni adlı şəhərlə bağlı olmuşdur. Sami dillərində Bab-İl sözləri "Tanrı qapısı" deməkdir[3]. İlk Babil dövlətinin yaradıcısı Sumuabum olmuşdur. Dövlət çarlar və ona tabe olan məmurlar tərəfindən idarə olunurdu. Babilin baş tanrısı və himayəçisi Mərduk adlı tanrı idi. O insanların və heyvanların yaradıcısı hesab olunurdu.
Babil şəhəri çox əlverişli yerdə yerləşirdı: orada ticarət, karvan yolları kəsişirdi. Eyni zamanda Dəclə və Fərat çaylarının bir-birinə yaxınlaşmasına görə bu yerlərdə suvarma və gəmiçiyin inkişafı üçün geniş imkanlar yaranmışdır.
Qədim Babilin güclü dövlətə çevrilməsi prosesi çar Hammurapinin (e.ə. 1792–1750-ci illər) hakimiyyəti zamanı baş vermişdir. O Mesopotamiyanın cənubunda yerləşən şəhərləri, daha sonra ətraf dövlətləri Mari və Eşnunnanı ələ keçirmişdir. Şimalda isə Assur, Nəynəva (Nineviya) və bəşqa şəhərlər onun hakimiyyətini qəbul etmişdirlər. Hammurapinin dövründə ölkədə inşaat işləri görülürdü, suvarma sistemləri təkmilləşdirilmişdir; heyvandarlıq, ticarət, gəmiçilik, sənətkarlıq sahələri inkişaf edirdi, hətta yeni suvarma kanalları qazılırdı.
Babil cəmiyyətinnin ictimai quruluşu, başqa qədim cəmiyyətlərdə olduğu kimi quldarlıq olmuşdur. Kölə əməyindən geniş istifadə olunurdu və qul ticarəti aparılırdı. Kölələr təbəqəsi hərbi dustaqlar və borclarını verə bilməyən adamlardan ibarət olmuşdur.
Çar Hammurapi həm də tarixdə ilk dəfə olaraq qanunlar məcmuəsi dərc etmişdir. Bu qanunlar ictimai həyatın bütün sahələrini əhatə edirdi. Orada cinayət hesab olunan əməllər və onların müqabilində tətbiq olunan cəzalar əks olunmuşdur. Bu məcmuə gələcəkdə "Çar Hammurapinin qanunları" adlandırılmışdır və daş sütunlar üzərində həkk olunmuşdur. Bu cür sütunlar bütün ölkə şəhərlərində qurulmuşdur və əhali çar Hammurapinin qanunlarını bilirdi. Sütunlardan biri Susa şəhərində tapılmışdır və başqa dillərə tərcümə olunmuşdur.[4]
Hammurapidən sonra ölkə tədricən zəifləməyə başlamışdır. Daha sonra daxili çəkişmələr və xarici qüvvələrlə savaşlar başlamışdır. Cənubda elamlılar Şümer şəhərlərini, şimalda Mitanni dövləti ticarət yollarını ələ keçirərək, Babilə ağır zərbələr endirmişdirlər. Eyni zamanda kassi tayfaları da ölkəyə basqınlar edirdilər. Onların başçısı Qandaş 1742-ci ildə Babilə qarşı uğurlu yürüşlər təşkil edə bilmişdi. Sonda hittilər e.ə. 1595 ildə Babilə qarşı yürüş edərək, şəhəri ələ keçirdilər, şəhərin baş tanrısı Mərdukun heykəllərini özləri ilə apardılar. Bununla da qədim Babil tarixi sona çatmışdır.
Orta tarix
[redaktə | mənbəni redaktə et]Bundan sonra Babili kassilər idarə edirdi. Lakin onlar zəngin Babil mədəniyyətinin təsiri altında olub, onun mənəvi dəyərlərini mənimsəyib, tədricən babillilərlə qarışıblar. Kassi çarı II Aqum hittilərə qarşı yürüş edib, baş tanrı Mərdukun heykəllərini geriyə qaytarmışdır.
Ancaq kassi hakimiyyəti də tədricən zəiflədi. Babil öncə Misir, sonra isə Mitanni və Hitti çarlıqlarından asılı vəziyyətə düşdü. Sonra Assur dövləti gücləndi və e.ə. XIII əsrdə Babili idarə edən kassi çarlarını məğlub etdi.
Eyni zamanda ölkəyə elamlılar da basqınlar edirdi. Onlar e.ə. XII əsrdə Babil dövlətinin çox hissəsini işğal edib, kassi çarlarının hakimiyyətinə son qoydular. Sonra Babil Elam canişinləri tərəfindən idarə olunurdu. Ancaq Babilin bəzi şəhərləri elamlıların hakimiyyətini qəbul etməyib, elamlılara müqavimət göstərmişdilər. Elama qarşı azadlıq hərəkatına Babilin qərbində yerləşən İsin şəhərinin başçıları rəhbərlik edirdilər. Onlardan ən güclüsü çar I Nəbu-Kudurri-Usur (Nəbukadnəzar) (e.ə. 1125–1103-cü illər) olmuşdur. O elamlılara qalib gələ bilmişdir. Bundan sonra baş şəhər yenə də Babil olmuşdur.
Daha sonra e.ə. XI–VIII yüzilliklərdə Babilə və bütün Mesopotamiya ərazisinə Ərəbistandan gəlmiş arami, sonra isə, e. ə. VIII əsrdə, kəldani tayfalarının axını prosesi baş vermişdi. Onlar da tədricən Babil mədəniyyətini mənimsəmişdirlər.
E.ə. IX əsrdən başlayaraq, Babilistana Assuriya qoşunu hücum etməyə başlamışdır. Onlar ölkənin şimal hissəsini ələ keçirmişdirlər. E.ə. 744-cü ildə Assur çarı III Tiqratpalasar Babil şəhərini də ala bilmiş, ancaq Babilin dövlətçiliyinə tam son qoymamışdır. Bundan sonra ölkə Assuriyaya tabe olan kiçik çarlıq halında varlığını davam etdirmişdir.
Assuriya çarı II Şarrumken (Sarqon) Babili hakimiyyəti altında saxlaya bilməmiş və şəhər kəldani tayfa başçısı Mərduk-Apla-İddin tərəfindən istila edilmişdir. Orada o özünü Babil çarı elan edərək, elamlılarla birlikdə assurlulara qarşı savaşa başladı. E.ə. 720–710-cu illərdə müttəfiqlər üstünlük əldə edə bilmişdirlər. Ancaq sonra, II Şarrumken Elam goşununa qalib gəlmiş, Mərduk-Apla-İddini isə Babildən qaçmağa məcbur etmişdir. E.ə. 705–703-cü illər ərzində Mərduk-Apla-İddinа assurlulara qarşı vuruşmuş, ancaq heç bir uğur əldə edə bilməmişdir.
E.ə. 692-ci ildə babillilər Assuriyaya qarşı üsyana qalxmış, Elam və arami tayfaları ilə ittifaq bağlamışdırlar. Bir müddət tərəflər arasında qanlı döyüşlər getmişdir. Sonda Assur çarı Sanheriv (Sinaherib) E.ə. 689-cu ildə Babili işğal edərək, onu darmadağın etmiş, əhalinin əksəriyyətini öldürmüş, sağ qalanların bir hissəsini isə kölə edib şəhərdən sürgün etmişdir.
Daha sonra hakimiyyətə gələn çar Esarhaddon Babili bərpa etmiş və sağ qalan babilliləri yenidən şəhərə qaytarmışdır. Yeni Babil çarı Şamaş-Şum-Ukin əvvəl Assuriyaya tabe olmuşdur, lakin sonra e.ə. 652-ci ildə Misirlə, Elamla, aramilərlə, ərəblərlə, kəldanilərlə və Suriya dövlətləri ilə ittifaqa girərək, yenə də Assura qarşı savaşa başlamışdır. Ancaq bu dəfə də babillilər məğlub oldular. E.ə. 648-ci ildə Assuriya qoşunu şəhəri ələ keçirib, əhalisinin çox hissəsini məhv etmişdir. A. Y. E E.ə. 626-cı ildə Assura qarşı daha bir üsyan başlamışdır. Üsyançılara kəldani tayfa başçısı Nəbu-Apla-Usur (Nəbopalassar) rəhbərlik etmişdir. O, Elamla ittifaqa girərək Assuriyaya qarşı bir neçə uğurlu yürüş təşkil edə bilmişdir. E.ə. 626-cı ilin sonunda babillilər onun hakimiyyətini qəbul etdilər. Şəhərə gələn Nabopalasar, özünü çar elan edərək Yeni Babil dövlətini qurmuşdur. E.ə. 616-cı ildə babillilər Uruk şəhərini ələ keşirmiş, sonra isə Assur şəhərini mühasirəyə almışdılar, ancaq onları ələ keçirə bilməmişdilər.
E.ə. 614-cü ildə Assuriyaya qarşı daha bir güclü dövlət — Midiya — savaşa girmişdir. Midiyalılar Assuriya şəhərini alıb onları əhalisi ilə birlikdə məhv etdilər. Bundan sonra e.ə. 612-ci ilin bahar aylarında babillilər midiyalılarla ittifaqa girərək, onlarla o dövrdə Assuriyanın baş şəhəri olan Nəynəvaya (Nineviyaya) qarşı hücuma keçərək onu mühasirəyə aldılar. Həmin ilin avqust ayında müttəfiqlər Nəynəvanın müdafiəsini yararaq, şəhəri ələ keçirib, onu əhalisi ilə birlikdə yer üzündən sildilər.
Assur qoşununun bir hissəsi Xərran şəhərinə qaçmış və orada müqaviməti davam etdirmişdirlər. E.ə. 609-cu ildə Nabopalasar oraya irəliləyərək onları məğlub etmişdir.
Bu zaman Suriya və Fələstin üzərinə Misir qoşunu irəliləmişdir. Fironlar Assuriyanın süqutundan yararlanmaq və bu əraziləri Misirin tərkibinə qatmaq fikrinə düşmüşdülər. Bunun qarşısını almaq üçün Nabopalasar Fərat çayının sahilində yerləşən Qarkəmiş şəhərinə hücum edərək, e.ə. 605-ci ildə orada yerləşmiş misirliləri darmadağın etmiş, sonra isə Suriya və Fələstini ələ keçirərək, onları öz dəvlətinin tərkibinə qatmışdır.
Yeni tarix
[redaktə | mənbəni redaktə et]E.ə. 605-ci ildə hakimiyyətə Nabopalasarın oğlu II Nəbu-Kudurri-Usur (Nəbukadnəzar) gəlmişdir. Onu daha çox Buhtunnəssar kimi tanıyırlar. O çox güclü və tanınmış çar olmuşdur. Onun dövründə Babil dövləti Misirlə, Suriya və Fələstin torpaqları uğrunda savaşlar aparmışdır[5]. Orada bir neçə vilayət Misiri dəstəkləmiş və Babilə qarşı üsyana qalxmışdır. Bu vilayətlərdən biri də Yəhudiyyə dövləti olmuşdur.
E.ə. 588-ci ildə II Nəbukadnəzarın qoşunu Yəhudiyyənin baş şəhəri Yerusəlimi (Qüdsü) mühasirəyə almış və 586-cı ildə yəhudilərin müqavimətini qıraraq şəhərə girmişdir. Yerusəlim dağıdılmış və yandırılmış, əhalisi isə oradan imperiyanın başqa vilayətlərinə sürgün olunmuşdur. Rəvayətlərə görə Yerusəlimdə yəhudilərin ən müqəddəs yeri olan Süleyman məbədi də tamamilə dağıdılmışdır. Bundan sonra Nəbukadnəzar Sidon və Edom şəhərlərini almış, Tir şəhərini isə mühasirədə saxlamışdır. Beləliklə, e.ə. 582-ci ildə Misir Fələstində müttəfiqlərinin məğlub edilməsindən və Babil ordularının onun sərhədlərinə qədər irəliləməsindən sonra, Babillə barış anlaşması bağlamağa məcbur olmuşdur. 574-cü ildə isə sonuncu müqavimət ocağı olan Tir şəhəri də Babil imperiyasına tabe olmuşdur.
II Nəbukadnəzar Babildə və imperiyanın başqa bölgələrində çoxlu inşaat işləri aparmışdır. O Babili uzunluğu 14 metrəyə çatan, iki cərgəli möhkəm divarla əhatə edərək, onu alınmaz qalaya çevirmişdi. Bayır divarın önundə müdafiə xarakterli su ilə dolu xəndək qazılmışdır.
II Nəbukadnəzardan sonra, Babildə hakimiyyət uğrunda daxili çəkişmələr olmuşdur. Bu çəkişmələrin nəticəsində Babilin sonuncu çarı arami əsilli Nəbu-Nəid (Nabonid) (e.ə. 556–539) hakimiyyətə gəlmişdir. Onun hakimiyyəti zamanı imperiyada vəziyyət çox gərginləşmişdir: vilayətlərəri üsyanlar bürümüş, hakim zümrələr arasında ziddiyətlər kəskinləşmişdir. Nabonid kahin zümrəsinin yüksək nüfuzunundan ehtiyat edərək, onları endirməyə çalışırdı. Bunun üçün o Babildə Sin tanrısını baş tanrı etmişdir. Ancaq ənənəvi Mərduk tanrısının kahinləri bununla razılaşmaq istəməmişdirlər.
Əvvəlcə Nabonid problemləri həll edə bilmişdir. Üsyanlar yatırılmış, daha sonra Şimali Ərəbistanda yeni ərazilər fəth edilmişdir. Orada Teymə şəhəri inşa edilmiş və çarın iqamətgahı oraya köçürülmüşdür. Babili isə Nabonidin oğlu Bel-Şar-Usur (Valtasar) idarə edirdi.
Ancaq sonra imperiyada vəziyyət yenə də gərginləşmişdir. Daxildə cəmiyyətin müxtəlif zümrələri çarın apardığı siyasəti bəyənmirdilər. Bu zaman Babilə Fars orduları daxil oldular. Nabonid məğlub olub, əsir götürülmüşdür. Onun oğlu isə Babil uğrunda gedən döyüşdə öldürülmüşdür.
Bundan sonra Babilin bütün ərazisi İran imperiyasının tərkibinə qatılmış və bu dövlət tarixdən silinmişdir.
Babilin özəllikləri
[redaktə | mənbəni redaktə et]I Nəbukadnəzar çarlığı zamanı Babil Yaxın Şərqin ən inkişaf etmiş dövləti olmuşdur. İctimai həyatın hər bir sahəsində iqtisadi inkişaf və mədəni dirçəliş müşahidə edilir[6]. Babil Qədim şərqin ən büyük şəhəri olmuşdur. Onun əhalisinin sayı 200 000-ə çatmışdır. Şəhərin bir tərəfində böyük çar sarayı, başqa tərəfində isə, Esagila adlanan, babillilərin əsas tapınağı (məbədi) yerləşmişdir. Bu dördkünc tapınağın hər tərəfinin uzunluğu 400 metr olmuşdur. Esagilanın yanında uzunluğu 91 metrə çatan Etemenanki (şumercə "Cənnət və Dünyanın quruluşu") adlanan qülləsi (zikkuratı) inşa edilmişdir. Onun ən yüksək yerində Mərduk tanrısının məbədi yerləşirdi. Bəlkə də məhz bu zikkuratı yunanlar "dünya möcüzələrindən" biri hesab edirdilər.
Babildə "asma bağlar" adlanan daha bir "dünya möcüzəsi" olmuşdur. Onun haqqnda Siciliyalı Diodor[7] və Strabon[8] kimi əski yazarlar yazmışdırlar. Buna baxmayaraq o bağların gerçəklikdə olub-olmaması mübahisəli məsələdir. Bir çox araşdırmaçılar onu əfsanə sayır[9].
Bu bağları II Nəbukadnəzar öz sevimli həyat yoldaşı Midiya çarı Kiaksarın qızı Amitis üçün salmışdır. Gözəl təbiəti olan Midiya dağlarında anadan olmuş Amitis, qumlu düzənlikdə yerləşən Babilin quru iqliminə uyğunlaşa bilmirdi. Ona təsəlli vermək üçün II Nəbukadnəzar Уasma bağlarının inşa edilməsi əmrini vermişdir. Bu işin görülməsi üçün bu işə o dövrün ən tanınmış inşaatçıları, ustaları, mühəndisləri və başqa mütəxəssiləri cəlb edilmişdir.
"Asma bağlar" dörd təbəqədən ibarət olan piramida formasında inşa edilmişdir. Alt təbəqə dördbucaq formasında olub, onun tərəflərinin uzunluğu 40 metrə çatmışdır. Üst təbəqələr isə uzunluqları 25 metrə çatan sütunlar üstündə durmuşdur. Hər təbəqə əvvəl asfaltla qarışmış qamışla, sonra qirs məhlulu ilə bərkidilmiş iki lay kərpiclə döşənmişdir. Bunların üstü qurğuşun plitələrlə bərkidilmişdir. Bu cür mürəkkəb bünövrə, o təbəqələrdə bitən bitkilərin suvarılması zamanı suyun alta axmasının qarşısının alınması üçün qurulmuşdur. Bu bünövrənin üstü müxtəlif yerlərdən gətirilmiş münbit torpaqla döşənmişdir. Onun üzərində müxtəlif növ ağac və başqa bitkilər əkilmişdir. Onları imperiyanin çeşidli yerlərindən və hətta xarici ölkələrdən gətirmişdilər. Uzaqdan bu piramida yaşıl təpəlik kimi görsənirdi.
Sütunların birinin içində aşağıdan piramidanın üstünə qədər boru xətti çəkilmişdir. Bu boru ilə Fərat çayından gətirilmiş sular nasoslar vasitəsi ilə yuxarı qaldırılmış və oradan xüsusi kanallarla aşağı tökülərək bitkilərin suvarılması üçün istifadə edilirdi. Eyni zamanda bu suların məcrasını elə qurmuşdular ki, onlar çaylar və şəlalələr kimi axırdı.
Ancaq qeyd edilməlidir ki, başqa rəvayətlərə ğörə, "Asma bağlar" II Nəbukadnəzar deyil, Assuriya çariçası Şammuramat (yun. Semiramis) (E.ə. 813–803) tərəfindən inşa edilmişdir. O əslən babilli olmuşdur və sonra İştar ilahəsi ilə eyniləşdirilib ilahələşdirilmişdir. Semiramis Assurda göy tanrısı Nəbunun kultunu yaymışdır. Buna ğörə də bəzən bu bağlara Semiramisin asma bağları deyirlər.
Ancaq bu rəvayət daha çox əfsanəyə bənzəyir, çünki Semiramisın adı ilə qədim yunan yazarları əfsanəvi hadisələrini bağlayırdılar. Örnək üçün, Babilin yaranmasını, guya Hindistana qədər edilən yürüşləri, göyərçinə dönüb ölümdən xilas olmasını və s. əfsanəvi hadisələri ona yazırdılar. Bəzi müəlliflər isə hesab edirlər ki, Amitis və Semiramis eyni şəxsiyyətdir və bu adları daşıyan qadın Nəbukadnəzarın həyat yoldaşı olmuşdur.
E.ə. IV əsrdə Babil Makedoniyalı İsgəndər tərəfindən istila olunmuş və o, bu şəhəri öz imperiyasınin baş şəhəri elan etmişdir. Rəvayətlərə görə İskəndər "asma bağlarda" dincəlirdi və burada da vəfat etmişdi.
Butün bu tikililər bizim zamanəmizə çatmamışdır. Onların xarabalıqları arxeoloqlar tərəfindən tapılmış və onların ehtimal olunan görkəmləri rekonstruksiya edilmişdir.
Babil elmi
[redaktə | mənbəni redaktə et]Babildə çeşidli elmlər inkişaf etmişdir. Elmi fəaliyyətlə əsasən kahinlər məşğul olurdu və onlara dini don geydirilirdi. Ən inkişaf etmiş elmlərdən biri riyaziyyat olmuşdur, çünki hesabat kahinlərə astroloji nəzəriyyələrin qurulması işinə xidmət edirdi və məbədlərin nəzdindəki məktəblərdə tədris olunurdu. Ancaq sonra riyazi hasablama həyatın başqa sahələrində (məsələn, suvarma kanallarınin inşasında, əkin sahələrinin ölçülməsində və s.) də istifadə olunmağa başlamışdır.
Bəzi hallarda Babil riyaziyyatçılarının nailiyyətləri gələcəkdə yaranan yunan elminin nailiyyətlərindən daha əhəmiyyətli olmuşdur. Məsələn babillilər, yunanlardan fərqli olaraq, bu gün olduğu kimi, rəqəmlər nə qədər böyük olursa olsun, onların ifadə edilməsində az simvollarından (və yə hərflərdən) istifadə ediblər[10]. Yəni ən böyük rəqəmlərin yazılışı qısa olmuşdur; bu gün olduğu kimi hər şey eyni rəqəm işarəsinin harada qoyulmasından asılı olmuşdur (Məsələn, 101 rəqəminin yazılışında 1 rəqəminin hansı yerdə qoyulmasından asılı olaraq fərqli məna alınır. Əvvəldə qoyulanda yüzü, sonda isə biri ifadə edir). Bu da hesabat aparmaq üçün əlverişli və rahat olmuşdur. Bu cür hesabat sistemi nə yunanlarda, nə romalılarda olmuşdur. Romalıların rəqəmləri çox nəhəng və hesablamalar üçün əlverişsiz idi.
Ancaq çağdaş, əsası on rəqəmli olan, hesabat sistemindən fərqli olaraq, babillilərin hesablamalarının əsasında altmış rəqəmli sistem durmuşdur. Bu sistemdən bəzi hallarda bu gün də istifadə olunur. Məsələn bir saat 60 dəqiqəyə, dəqiqə isə 60 saniyəyə bölünür. Bundan başqa, dairənin də 360 dərəcədən ibarət olması da babillilərin ixtirası olmuşdur.
Babil kahinləri düzbucaqlı üçbucaqların xüsusiyyətlərindən istifadə edərək, planimetrik (həndəsənin səth üzərindəki fiqurlardan bəhs edən elm) məsələləri həll edirdilər . Beləliklə onlar Pifaqor teoremini yunanlardan bir neçə əsr öncə həll etmişdirlər. Stereometriya (həndəsənin səthlərin və cisimlərin fəzada qarşılıqlı vəziyyətlərindən bəhs edən bölməsidir) sahəsində isə onlar kəsik piramidanın həcmini ölçə bilmişdirlər.
Bundan başqa, Babildə həndəsə elmi yaranmışdır. Onlar bu qün də riyaziyyatda işlənilən köklərdən də istifadə edirdilər.
Babildə təbabət və kimya elmləri də olmuşdur, ancaq onlar cadugərlik və magiya ilə bağlı idilər. Orada insan orqanizminin orqanları araşdırılmış və vahid sistem şəklində təsəvvür edilirdi. Buna görə də Babil təbibləri artıq cərrahiyyə əməliyyatları apara bilirdilər.
Qədim babillilərin coğrafiya elmi haqqında anlayışları olmuşdur. Britaniya muzeyində e.ə. 700–500-cü illərə aid olan Babil xəritəsi vardır[11]. Xəritənin mərkəzində Babil yerləşdirilmişdir. Burada Assuriyanın, Elamın və başqa yerlərin adları da çəkilmişdir, Dəclə və Fərat çayları da göstərilmişdir. Xəritənin mərkəzi sahəsini dairəvi dəniz əhatə edir. Dəniz dairəsinin üstündə üçbucaqlar şəklində səkkiz vilayət göstərilmişdir. Xəritənin üstündəki mətn çox yerlərdə pozulmuşdur və buna görə tam anlaşılmır. Demək olar ki, orada real obyektlərdən başqa mifik varlıqların da yaşayış yerləri göstərilmişdir. Buna görə də bəzi alimlər hesab edirlər ki, bu xəritə qismən mifoloji xarakter daşıyır. Babilin və ümumiyyətlə bütün Mesopotamiyanın elmi və texniki nailiyyətləri bütün dünyada elmin inkişafına təkan vermişdir. Buraya elm almaq üçün başqa ölkələrin istedadlı insanları gəlirdilər.
Öz vətənlərinə dönəndən sonra, onlar orada öyrəndiyi elmi inkişaf etdirirdilər. Beləliklə biliklər bütün dünyaya yayılmağa başlamışdır. İlk yunan mütəfəkkirləri də elmi öyrənmək üçün Babilə gəlirdilər. Ümumiyyətlə ilk yunan filosofları Kiçik Asiya yarımadasının polislərində (müstəqil şəhərlərində) yaşamışdırlar. Bu polislər isə Yaxın Şərq ölkələri ilə fəal iqtisadi, ticari, mədəni əlaqələr qurmuşdurlar və onların həyatının bütün sahələri ilə yaxından tanış idilər[12]. Fales, Pifaqor, Platon və başqa yunan filosofları Yaxın Şərqə səyahətlər edib, buranın elmi ilə tanış olmuşdurlar. Bundan sonra onlar Yunan polislərində elmi və fəlsəfi məktəblər açmışdırlar. Daha sonra isə yunan elmi gələcəkdə inkişaf edən müsəlman və müasir Avropa elminin inkişafına təkan vermişdir.
Bundan başqa, onlar xəstəlikləri sistemləşdirmiş və onları müalicə edən dərmanları da qələmə almışdırlar.
Məlumdur ki, babillilər heyvan, bitki və daşları qələmə alaraq, onları sistemləşdirmişdirlər. Filologiya sahəsində də kahinlər uğurlar əldə etmişdirlər. Onlar həm sami, həm də şumer dillərindən istifadə edərək, ilk dəfə onların qrammatik quruluşlarını tədqiq etmişdirlər.
Babildə müəyyən dərəcədə tarix elmi də olmuşdur. Təxminən e.ə. 2100-cü ildə orada "Çarların siyahısı" adlı bir mətn yazılmışdır. Orada çarlığın göydən enməsi və silsilə şəklində yerdə davam etməsi haqqında məlumat verilir və çarların adları şəkilir. Göründüyü kimi tarixi məlumatlar da orada mistik xarakter daşıyırdı. Sonra bu ənənə başqa yerlərdə də davam etdirilmişdir. Çarlıq müqəddəs təsəvvür edilirdi, gələcəkdə isə onlar Tarının yerdəki nümayəndələri kimi tanınırdılar.
Babildə astrologiya
[redaktə | mənbəni redaktə et]Mesopotamiyada göy cismlərinə həsr olunan elmlər çox inkişaf etmişdir. Onların hamısı mistika və dini inanclara bağlanırdılar. Orada bu sahədə olan bilgilər toplanıb, sistemləşdirilirdi. Qədim astronomlar göy cismlərinin hərəkətlərini diqqətlə müşahidə edib, onların qanunauyğunluqlarını tapıb, göyün quruluşunu əks etdirən xəritələr tərtib edirdilər, bunlarla bağlı terminlərin təriflərini verirdilər. O zaman alimlər əsasən kahinlər olmuşdurlar. Buna görə də onlar göy cismləri ilə bağlı olan elmləri dini inanclar müstəvisinə keçirib, onların hər bir insanın həyatına və dünya hadisələrinə təsir etməsini iddia edirdilər.
Kahinlər hesab edirdilər ki, yerdə olan hər bir şey, əslində göylərdə baş verən hadisələrin əks olunmasıdır. Yəni əslində hər şey səmalarda baş verir, yerdə isə onun yalnız kölgəsi əks olunur. Gələcəkdə bu fikir yunan filosofu Platonun ideyalar aləminin olması nəzəriyyəsinin əsasını təşkil etmişdir. Buna görə də kahinlər "həqiqi" dünyada baş verən hadisələrinin sirrlərini bilmək və onların yerdə əks olunmasını proqnozlaşdırmaq istəyirdilər. Məhz bunun nəticəsində "astrologiya" adlanan və bu gün də dəbdə olan mistik elmin əsası qoyulmuşdur. Astrologiyanın falçılıq, cadu, ovsun və sehrlə də sıx əlaqəsi olmuşdur. Daha sonra bu mistik elmlər Misirə, Hindistana, İrana, sonra isə onların vasitəsi ilə bütün dünyaya yayılmışdır.
Quranda (2: 102) da sehrin və cadugərliyin Babildə yaranması haqqında deyilmişdir. Orada deyilir ki, Harut və Marut adlı iki mələk insanları sehrə öyrəşdirmişdir.
Qədim Mesopotamiyada şumer dövründən başlayaraq, göy cisimlərin tanrılaşdırılması prosesi başlamışdır. İnsanlar onlarla öz inanclarını bağlayıb, ulduz və planetlərin onların talelərinə təsir etməsinə inanırdılar. Şumer dövründən bizim zamanəmizə qədər heç bir astroloji mətn çatmamışdır, ancaq onların tanrıları göylə əlaqələndirilirdilər: An — göy, Nanna — ay, Utu — günəş, İnanna — Venera (Venus) planetinin tanrıları olmuşdurlar. Onlara ibadət edilirdi və himnlər oxunurdu.
Bu inanclar astrologiyanın yaranması üçün zəmin yaratmışdır, ancaq planetlərin hərəkətlərinin müşahidələri və bu sahədə biliklərin sistemləşdirilməsi prosesi Qədim Babildə, e.ə. 2000–1530-cu illər ərzində başlamışdır. Bu gün bizə məlum olan ilk astroloji mətn o dövrdə yazılmış və Fərat çayının yaxınlığında yerləşən Mari şəhərinin xarabalıqlarında tapılmışdır. Bu gil lövhəsində Asqudum adlı münəccim kahin, çar Zimrilimə ayın tutulmasının müşahidə etməsini və bunun ona və onun vilayətinə xeyrli olmasını bildirmişdir. Bu yazıdan məlum olur ki, o dövrdə kahinlər planetlərin hərəkətlərini izləmiş və bunun əsasında gələcək hadisələri proqnozlaşdırmağa cəhd etmişdirlər. Orada deyilir: "Rəbbim ‘Zimrilim’ə: Sənin nökərin olan Asqudum sənə demək istəyir ki, bu ayın 14-cü günü ayın tutulmasını müşahidə etmişdi. Bu şərin əlamətidir, lakin sənin üçün və sənin ölkən üçün bu əlamət xeyrlidir…"[13]
Günəşin, ayın, Venus (Venera) planetinin hərəkətləri də izlənilirdi və bunun əsasında gələcək hadisələr üçün xəbərlər verilirdi.
Bu cür mətnlər çar Aşşurbanipalın kitanxanasında tapılmışdır[14]. Onların adını şərti olaraq "Enuma, Anu, Enlil" (mətnlər bu tanrıların adı ilə başlanır) qoymuşdurlar.
Qədim Babil münəccimləri əsasən ölkənin, çarların, havanın, məhsulun gələcək aqibətlərinin necə olması haqqında xəbərlərin verilməsi ilə məşğul olmuşdurlar. Onlar hələ hər bir şəxsiyyətin taleyinə və gələcəyinə dair xəbərlərə o qədər də əhəmiyyət verməmişdirlər. Sözü gedən gil lövhəsinin bir fraqmentində deyilmişdir: ""Şabatu ayının 15-ci qünü Venus (Venera) qərbdə gizləndi və göydə üç gün görsənmədi. Şabatu ayının 18-ci günü isə o yenidən şərqdə görsəndi. Bu çarlar üçün bədbəxtçilik gətirəcək"[15].
Şumer inanclarından istifadə edərək kahinlər bütün göyü Enuma, Anu və Enlil (babillilərdə İştar, Sin və Şamaş) tanrılarının sahələri olan üç hissəyə bölmüşdürlər[16]. Bu üçluk və ya triada müqəddəs sayılırdı. Beləliklə, üç rəqəmi sümer və babillilər üçün müqəddəs sayılırdı. Gələcəkdə də Üç rəqəmi çeşidli mədəniyyətlərdə (Xristianlıqda olduğu kimi) müqəddəs olmuşdur. İslamda da bəzi adətlərdə Üç rəqəminin yeri vardır. Örnək üçün ölən adam üşün üç gün ərzində matəm saxlamaq.
Daha sonra Babil münəccimləri heliaktik doğuşları(planet və ulduzların, günəşin göyün o yerində yerləşməsi səbəbindən, müvəqqəti gözə görsənməmə müddətindən sonra ilk səhər doğuşudur), günəşin, ayın doğması və batması proseslərini diqqətlə müşahidə edib, bu barədə zəngin biliklərə malik olmuşdurlar. Astronomik ölçüləri və hesabatları düz aparmaq üçün onlar ilk dəfə olaraq astrolabium (astroniomiyada XVIII əsrə qədər işlədilmiş bucaqları ölçən cihaz) cihazını yaratmışdırlar. Təxminən e. ə. 700–650-ci illərdə Babildə ilk dəfə olaraq "Mul Apin" Arxivləşdirilib 2010-11-06 at the Wayback Machine (Ulduz kotanı) adlanan astronomik dərslik yazılmışdır. Burada ilk dəfə olaraq Zodiak bürcləri anlayışına doğru addımlar atılmışdır və 18 bürc qələmə alınmışdır. Və nəhayət e.ə. VII əsrdən başlayaraq Babil çarları saray münəccimi vəzifəsini təsis edərək öz işlərini ulduz falına baxdırandan sonra həyata keçirirdilər. Sonra bu adət başqa yerlərdə də yayılmışdır.
Yeni Babil dövründə astrologiya elmi daha da inkişaf etmişdir. O dövrdə artıq qoroskoplar(konkret anda (məsələn uşağın doğumu anında) planet və ulduzların düzülüşünü əks etdirən cədvəllərdir) tərtib edilməyə başlamışdır. Münəccimlər artıq onların vasitəsi ilə insanların falına baxırdılar. Qoroskopların tərtibi bu gün də davam etməkdədir. Ən qədim qoroskoplar Babildə e.ə. V əsrdə tətbiq edilmişdir.
Bununla bərabər Babildə riyaziyyat elmi də inkişaf edirdi, çünki qoroskopların tərtibi zamanı hesablamalara ehtiyac duyulurdu. Babil qoroskoplarında hər doğulan uşağın doğum günü, bundan başqa dünyaya gələn anda ayın, günəşin və planetlərin düzülüşü, yeni çıxan ayın səmada qalması və günəşin doğmasından sonra bütöv ayın səmada qalmasının müddətləri haqqında məlumatlar verilirdi. Bunların əsasında hər bir insanın falına baxılırdı. Həmçinin o dövrdə ayın və günəşin tutulması hadisələri izlənir, bu barədə tarixi məlumatlar astroloji gündəliklərə salınırdı, onlar öncədən proqnozlaşdırılırdı.
"Mul Apin" lövhələrinin səkkizinci hissəsi "Aya doğru aparan yol" adlanır. Burada Zodiakın (göy kürəsində əsasən heyvanları simvolizə edən bürclər qurşağıdır. Bu qurşaq ekliptika (günəşin göy səmasında dairəvi illik yolu) boyu uzanır. Enliliyi ekliptika boyunca 8 dərəcədir) ilk dəfə olaraq, bu yolda bürclərin qurşağı olması iddia edilir. Bu bürclər tanrıların rəmzləri kimi düşünulürdü. Təxminən 1000-ci ildə babillilər ay yolunda 18 bürcün olmasına inanırdılar. Aşağıda onların adları, tərcüməsi və müasir ekvivalentləri verilmişdir:
Daha sonra Babildə Zodiak bürclərinin sayı 18-dən 12-yə azaldılmlşdır və bundan sonra bu günə qədər astroloqlar onları bu sayda qəbul etmişdirlər. 12 rəqəmi də Babildə 3 və 7 rəqəmləri kimi müqəddəs sayılırdı. Bu rəqəm sonra monoteistik dinlərdə də müqəddəs sayılmağa başlamışdır (İsanın 12 həvarisi, İslamda 12 imam və s.).
Araşdırmaçılar Babil astrologiyasının inkişafını və onunla bağlı sehrin, cadunun və ovsunun yayılmasını babillilərin göy cismlərinin tanrılaşdırılması ilə əlaqələndirirdilər. Doğrudan da, onlar planet və ulduzları tanrılar hesab edib, onlara tapınmışdırlar. Buna görə də onlara ulduzpərəst deyirdilər. Bəziləri isə hesab edirlər ki, babillilər yalnız simvolik olaraq göy cismlərini tanrılarla əlaqələndirirdilər və o qədər də çox onlara tapınmırdılar. Lakin bu tapınma nə qədər də simvolik olsa belə, babillilərin əksəriyyətinin bütpərəst olmaları və astroloji simvolların tanrılarla bağlı olduğu şübhəsizdir. Bundan əlavə astrologiyanın bütpərəst dinlər və kultlarla əlaqəsi olduğunun ən güclü dəlili, münəccimlərin kahinlər zümrəsinin nümayəndələrindən olmasıdır. Onlar astrologiyanı tanrıların iradəsi və istəklərini bilmək üçün yaradıb, inkişaf etdirmişdilər, göy cismlərini isə simalaşdırıb, onlara tapınırdılar.
Quranda "Sabiilər" adlanan dini icmanın ardıcılları haqqında xəbər var. Təfsirçilərin bir çoxu hasab edirdilər ki, onlar elə Babil dininin ardıcılları idilər.
Babil dini
[redaktə | mənbəni redaktə et]Babil mədəniyyəti və dini də, Mesopotamiyanın başqa bölgələrində olduğu kimi, əsasən qədim Şumer və Akkad mirasından bəhrələnmiş və əksər hallarda onu təkrarlamışdır. Ancaq babillilər bu mirası daha da inkişaf etdirmiş, başqa Yaxın Şərq ölkələri və Misir mədəniyyətlərinin inkişafına təsir etmişlər. Beləliklə, babillilər çeşidli elmlər və incəsənət sahəsində daha böyük uğurlar əldə edə bilmişdilər.
Mesopotamiyanın başqa yerlərində olduğu kimi, Babil dini çox tanrılı (politeist) olmuşdur. Şümer-akkad tanrılarılarına Babildə də ibadət edirdilər, ancaq orada bu inanclar bir qədər mürəkkəbləşdirilmişdir. Eyni zamanda Babil əhalisi öz şəhər, məhəlli, milli, tayfa və ailə tanrı və tanrıcalarına ibadət etmişdirlər. Şümerdə olduğu kimi Babilin də baş tanrıları — ölən və dirilən təbiət və bitki tanrısı Təmmuz (Dumuzi) və onun sevgilisi, Venera (Venus) planetinin rəmzi olan, tanrıca İştar (İnanna) olmuşdurlar. Daha bir baş tanrı — şimşək və yağış tanrısı Adad (sümerlərdə İşkur) olmuşdur. Günəş və ay tanrıları Şamaş və Sin də tanınmış tanrılar olmuşdurlar. Ümumiyyətlə, Babildə bir çox tanrılar planet və ulduzlarla əlaqələndirilirdi: savaş və ölüm tanrısı Nərqal Marsla; müdriklik tanrısı Nəbu Merkuri ilə; uğurlu savaş tanrısı Ninurta Saturnla, Babil tanrısı Mərduk Yupiterlə.
Yeddi tanrıya — "Şamaş"a, "Mərduk"a, "İştar"a, "Sin"ə, "Nərqal"a, "Ninurta"ya və "Nəbu"ya özəl sayqı göstərilirdi. Məhz Babildə, bu tanrıların şərəfinə yeddi rəqəmi planetlərlə əlaqələndirilib müqəddəs sayılırdı. Buna görə də babillilər həftəni yeddi günə bölmüşdürlər. Sonra bu bölgü bütün dünyaya yayılmışdır. Qədim zamanlardan XVIII əsrə qədər bəşəriyyətə yalnız 7 planet məlum olmuşdur. Bunlar Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturn olmuşdur. E.ə. I minilliyin ortalarında yunanların babillilərlə mədəni əlaqələri aktivləşmişdir və bunun nəticəsində planetlərin ilahələşdirilməsi adəti yunanlara keçmişdir. Onlar da öz tanrılarını babillilər kimi bu planetlərlə eyniləşdirmişdirlər.
Aşağıda yeddi tanrı, onların qədim simvolları və Babildə, Yunanıstanda, Romada adları verilmişdir:
Bəzi müasir Avropa dillərində, bu günə qədər, həftənin günləri, qədim babillilərdə, sonra isə yunanlarda və romalılarda olduğu kimi, bu planetlərin tanrılarının adlarını daşıyır:
Mesopotamiya xalqlarının inanclarına görə, tanrılar dünyanı idarə edirdilər. Ancaq onlar da əbədi qanuna və ya qanunauyğunluğa tabe olmuşdurlar. Yəni tanrılar dünya hadisələrinin təbii axarına müdaxilə edə bilmirdilər. Bu qanunauyğunluq hər bir şeydən yüksək və müqəddəs hesab olunurdu.
Mesopotamiyanın müxtəlif yerlərdə tapılmış mətnlərin əsasında, kahinlərin ümumi dünyagörüçünün nədən ibarət olduğunu təsəvvür etmək mümkündür. Onlar yeri göyün əksi kimi təsəvvür edirdilər. Kainat isə dünya okeanında üzür. Göylər müxtəlifdir: yüksək göy Anu tanrısına, orta göy isə Mərduk başda olmaqla igiqlərə məxsusdur. İgiqlər isə, Şümer-Akkad panteonunun baş tanrıları olmuşdurlar. Hesab olunurdu ki, onlar kainatın əsasını təşkil edən ünsürlərin təcəssümüdür. Onlardan yeddisi ən yüksək tanrılar olmuşdurlar: Anu, Enlil, Ea, Sin, Şamaş, Mərduk, İştar. Onları insanlar görmürlər. Görünən göy ən aşağılarda yerləşir və onun üzərində ulduzlar vardır. Yerdə olan hər bir şey göylərdə olanların əksidir. Yəni əslində göylərdə olan şeylər həqiqidir, yerdəkilər isə yalnız onların obrazlarıdır. Buna görə da, göyləri tədqiq edərək, yerdəki hadisələri anlamaq və proqnozlaşdırmaq olar. Babil astrologiyası da bunun üçün yaranmış və inkişaf etmişdir. Göründüyü kimi bu cür fikirlər bir neçə əsr sonra yunan filosofu Platon tərəfindən ifadə edilmişdir. O da dünyanı ideal aləmin əks olunması kimi təsəvvür edirdi.
Babildə çar hakimiyyəti müqəddəs sayılmışdır. Diri və ölmüş çarlar tanrılaşdırılmışdır və adi adamlar onları tanrı kimi qəbul etmək və onların "ilahi" hakimiyyətlərinə tabe olmaq məcburiyyətində qalmışdırlar. Başqa tərəfdən Babil kahinləri müxtəlif tanrıların kultlarını tətbiq edərək, onların şərəfinə nəhəng məbədlər (zikkuratlar) inşa edib, cəmiyyətdə dini dünyagörüşü mühitini təmin edərək, insanları özlərinin psixoloji və mənəvi təsiri altında saxlamışdırlar. Kahinlər zümrəsi çox nüfuzlu və zəngin olmuşdur. Məbədlərdə külli miqdarda sərvət yığılmış, tanrıların və tanrılaşdırılmış çarların şərəfinə qurbanlar kəsilirdi. Tanrılara nəzirlərin verilməsi və qurbanların kəsilməsi hər bir adamın borcu olmuşdur.
Babildə, bütün Mesopotamiyada olduğu kimi, məbədlərin fəaliyyəti ən geniş ictimai sahələri əhatə edirdi. Torpaq əraziləri, çeşidli iri və xırda buynuzlu heyvan növləri, kölələr, pul, cavahirat, daşınmaz əmlak və s. onların mülkiyyətində olmuşdur. Kahinlər uzaq və yaxın ölkələrlə karvan və dəniz ticarəti; çeşidli maliyyə əməliyyatları; daşınmaz əmlak alverini aparıb və mülkiyyətlərində olan evləri və bağları icarəyə verirdilər. Bundan başqa, onlar sələmçiliklə də məşğul olurdular. Məbədlərin nəzrində emalatxanalar da fəaliyyət göstərirdilər. Eyni zamanda, məbədlər mədəniyyət və maarif mərkəzləri olmuşdurlar. Orada kitabxanalar və məktəblər fəaliyyət göstərirdi. Beləliklə bütün bunlardan əldə edilmiş böyük sərvətlər kahinlərin həddən artıq zəngin və varlı sinfə çevrilməsinin əsasını təşkil etmişdir.
Səmalarda olan tanrılar, tanrılaşdırılmış çarlar və qəhramanlardan başqa qədim babillilər müxtəlif ruhlara inanırdılar. Onların çoxu yerdə, havada və suda yaşayan şər ruhlar olmuşdur. Bu şər ruhlar bədbəxtçiliyin və xəstəliklərin təcəssümü kimi təsəvvür edilirdilər. Onlarla "mübarizə" aparmaq üçün kahinlər müxtəlif dualar tərtib edib, əhali arasında yayırdılar. Şər qüvvələrdən biri Lamaştu adlandırılan aslan başlı qadın olmuşdur[17]. Babillilərin inanclarına görə, o, yeraltı dünyadan yuxarı qalxaraq bədbəxtçiliklər gətirirdi. Şərdən "qorunmanın" başqa yolu gözmuncuqlarının tətbiq edilməsi olmuşdur. Eyni zamanda kahinlər xəstəliklərə qarşı da dualar tərtib edərək insanların onların vasitəsi ilə şəfa tapa bilməsini iddia edirdilər. Bütün bu adətlər müxtəlif xalqlar arasında bu günə qədər qalmaqdadır.
Babildə falçılıq çox dəbdə olmuşdur. Bu işlə "baru" adlanan kahinlər məşğul olurdular. Onlar fala yuxu yozmaları, su üzərində olan yağ ləkələri, quşların uçuşu, heyvanların hərəkəti əsasında baxırdılar.
Ən çox bütlər şərəfinə kəsilmiş heyvanların iç orqanları, xüsusən qaraciyərləri, üzərində fala baxılırdı. Gələcəkdə Babil falının bütün növrəri başqa xalqların arasında da yayılmağa başlamışdır. Yunanlar bu fal növlərini mantika adlandıraraq, onlardan geniş istifadə edirdilər. Bizim zamanəmizdə də bütün bu cür fal növləri və texnikaları qalmaqdadır.
Babilin simvolu, himayəçisi və ən ulu tanrısı Mərduk olmuşdur. Əslində bu Babil tanrısının obrazı şümerlərin Enlil (və ya Bel) tanrısının obrazı ilə qarışdırılmışdır və ona çox vaxt Bel-Mərduk deyilirdi. Onun haqqında "Enuma Eliş" əsatirində rəvayət edilmişdir. Babil başqa regionları özünə tabe etdirmişdirsə, deməli, qədim babillilərin fikrincə, onların baş tanrısı başqa xalqların və məntəqələrin tanrılarından daha güclü olmuşdur. Savaşlar zamanı məğlub olan tərəfinin tənrıları da məğlub edilmiş hesab edilirdi; onların məbədləri dağıdılıb, yandırılırdı; bütlərini isə, bəzən, qalib tərəf hərbi qənimət kimi ələ keçirirdi. Barış bağlanırdısa bu bütlər müəyyən şərtlərlə məğlub olunmuş tərəfə geriyə qaytarıla da bilərdi. Ümumiyyətlə bu cür "məntiqi" qədim zamanlardan başlayaraq, bütün rəqabət aparan və savaşan tərəflər tətbiq etmişdir və etməkdə davam edir. Qalib tərəf məğlub edilmişlərin kilsələrini, məscidlərini, mədəni və mənəvi sərvətlərini məhv edərək, öz dəyərlərinin, dinlərinin daha güclü olmasını nümayiş etdirir. Minilliklər keçməsinə, monoteist dinlərin bərqərar olmasına baxmayaraq, bu psixologiya günümüzdə də qalmaqda davam edir. Buna misal kimi XX əsrin sonunda Qarabağ, Bosniya, Kosovo və başqa münaqişələri gətirmək olar.
Tarixin müəyyən dövrlərində bəzi çarlar və kahinlər çoxtanrılıqdan qurtarıb, bir tanrıya tapınmağa üstünlük vermişdirlər. Bunun səbəbi ilk növbədə siyasətlə bağlı olmuşdur. Məsələ burasındadır ki, dini dünyagörüşünün hakim ideya olduğu zamanlar, bəzi hallarda, çoxtanrılı panteonlar ölkələnin birliyinə mane olub, xalqın arasında vahid ideologiyanın yaranmasına imkan vermirdi. Bütün bunlar ölkərərin və hökmdarların bir qədər zəifləməsi zamanı daha da çox duyulurdu. Buna görə bəzi hallarda problemi həll etmək üçün mövcud olan tanrılardan birini seçib, ona daha da çox tapınmaga üstünlük verilirdi. Bu halda başqa tanrıların olması inkar edilmirdi. Lakin onlardan birinə tapınmanın daha əlverişli olması təbliğ edilirdi. Buna elmi dildə monolatriya deyilir.
Babildə də müəyyən dövrlərdə monolatriyanın tətbiq edilməsinə cəhdlər olunmuşdur. Şəhərin baş tanrısı Mərduk tapınmağa layiq yeganə tanrı elan edilirdi. Başqa tanrıların mövcud olması isə, Mərdukun başqa təzəhürləri və ifadə olunması kimi izah edilirdi. Yəni, məsələn, hansısa tayfa və ya ailə tanrılarının mövcudluğu əslində Mərdukun başqa adla, forma ilə, rəvayətlə ifadə edilməsi kimi izah edilirdi. Bu təzahürlərə tapınmaqdansa, Mərdukun özünə tapınmaq daha məqsədəuyğun və xeyrli hesab olunurdu.
Bəzən isə, hansısa baş tanrının kahinləri o qədər çox nüfuza malik olmuşdurlar ki, artıq çarların işlərinə qarışıb, onları hətta devirə də bilərdilər. Bu halda çarlar onlarla hesablaşmaq məcburiyyətində qalırdılar. Bu cür hallar dünyəvi və dini hakimiyyətin bir-biri ilə çarpışmasına gətirib çıxarırdı. Gələcəkdə də bu problem papaz-kral, xəlifə-sultan (imam-sultan) münasibətləri kimi təzahür olurdu və bu gün də olmaqdadır. Dini xadimlər cəmiyyətdə mənəviyyat problemlərini əsas gətirərək öz nüfuzlarını, iqtisadi və siyasi rollarını artırmağa cəhd edirlər. Dünyəvi hakimiyyət, iş adamları, iqtisadi, siyasi və ticarət elitaları isə bunun qarşısının alınmasında maraqlı olurlar.
Babildə çarlar və ticarət elitaları, bu gün olduğu kimi, dini zümrələrin həddən çox artmış nüfuzuna qarşı çarpışaraq müxtəlif vasitələrdən istifadə edirdilər. Bu vasitələrdən biri bir monolatriyanı başqası ilə əvəz edilməsi olmuşdur. Belə ki, kahinlərə qarşı çarpışmış Babilin sonuncu çarı Nabonidus dini islahatçılıq siyasətini aparmış və ənənəvi Mərduk kultunu ay tanrısı Sinin kultu ilə əvəz etməyə çalışmışdır. Lakin bu islahat uğursuz başa çatmışdır. Babil kahinləri Nabonidusun siyasətinə etiraz edərək ona qarşı güclü müxalifət yarada bilmişdirlər. Onlar Babul dövlətini zəiflətmiş, onun İran imperiyası tərəfindən istila edilməsi üçün zəmin yaratmışdır və hətta bu barədə iranlılarla gizli danışıqlar aparmışdırlar. Əvəzində İran şahları onlara Mərduk kultunun qorunması və onların nüfuzlarının saxlanılmasını vəd etmişdirlər. Beləliklə Nabonidusun dini islahat cəhdi uğursuzluqla nəticələnmiş və sonda Babil imperiyasının mövcudluğuna son qoyulmuşdur.
Babil Əhdi-Ətiq, Əhdi-Cədid və Quranda
[redaktə | mənbəni redaktə et]Yəhudi, Xristian və İslam ənənələrində Babillə bağlı bir sıra rəvəyətlər vardır. Məsələn, Əhdi-Ətiqə görə (Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine 11: 1–9), Babildə insanlar yığışıb, böyük bir şəhər və qüllə inşa etmək fikrinə düşdülər. Tanrı bu əməli bəyənməmiş, onların əməllərinin qarşısının alınması üçün dillərini qarışdırmışdırdır. Bundan sonra insanlar yer üzünə səpələnmişdirlər.
Əhdi-Cədidin "Vəhy" Arxivləşdirilib 2014-08-23 at the Wayback Machine kitabında isə Babil "dünyanın fahişələrinin və iyrəncliklərinin anası" (17: 1–5) adlandırılır.
Babil ilk xristianların inandıqlarına görə bütpərəst, əxlaqsız, mənəvi dəyərləri itirmiş, təkəbbürlü bir şəhər olmuşdur. Məhz buna görə də o məhv olmuşdu. O zaman Romada da buna bənzər vəziyyət yaranmışdır. Roma imperiyasını istibdad, ədalətsizlik və əxlaqsızlıq dalğası bürümüşdü. İmperatorlar və onların canişinləri ilk Məsihi (Xristian) icmalarını və imanlı insanları təqib edirdilər. Bu səbəblərlən də məsihilər Romanı Babillə müqayisə edirdilər və inanırdılar ki, bu təkəbbürlü və əxlaqsız şəhəri Babilin aqibəti gözləyir. Məşhur xristian ilahiyyatçısı Lionlu İrineus yazırdı ki, "Vəhyin" bu misraları Romadan bəhs edir və burada onun dağılması haqqında öncədən xəbər verilir[18].
İslam qaynaqlarında da Mesopotamiya sivilizasiyası ilə xüsusən, Babillə əlaqəli ayələr və başqa rəvayətlər vardır. Orada yaşayan xalqlar Quranda "sabiilər" adlandırılır. Həm də sabiilik onların dini inanclarına da deyilir. Quranda onlar haqqında bir neçə ayə vardır (2: 62, 5: 69, 22:17).
Bu ayələri şərh edən təfsirçilər sabiilər haqqında maraqlı açıqlamalar vermişdirlər. Kurtubiyə görə onlar "ulduzlara tapınan bir qövmdür"[19]. Təbəri onların kim olduğu haqqında müsəlman ənənəsində çeşidli fikirlərin olduğu haqqında bilgi vermişdur. Onları "dinləri olmayan bir topluluq", "Yəhudilik, Xristianlıq ve Məcusilik arasında olan bir topluluq", "Mosul civarında yaşayan və "Lə ilahə İlləllah" deyən, fəqət hər hansı bir dini və kitabi qəbul etməyən, heç bir dini əməl işlətməyən ve Rəsulullaha da iman etməyən bir topluluq", "mələklərə tapnınan, eynı zamanda qibləyə doğru dönüb namaz qılan və Zəbur oxuyan bir qövm" kimi tərif edirdilər[20].
Bundan başqa, Quranda sehrin Babil şəhərində yaranmasından bəhs edilir (2: 102).
Müsəlman ənənəsində də Babilin insanların dillərinin qarışdığı yer olması haqqında rəvayətlər vardır. Bəlkə də onlar yəhudi ənənəsindən alınmışdır. Kurtubinin təfsirində deyilir ki, Babil "yer üzündə olan bir bölgənin adıdır. İraq və çevrəsi olduğu söylənmişdir". "Nəmrudun taxtı yıxılınca orada dillərin dağılmasından (təbəlbül) dolayı bu ismin verildiyi söyləndiyi kimi; səbəbinin uca Allah, Adəm oğullarının dilləri arasında fərqlilik olmasını murad edince bir rüzgar göndərdi ve bu rüzgar dəyişik yerlərdən onları Babilde topladı və Allah orada onların dillərini dağıtdı, sonra da bu rüzgar onları dünyanın dörd tərəfinə dağıtdı. Əslində bu adı almasına səbəbin bu olduğu söylənmiştir. Bəlbələ… "dağıtmaq" deməkdir".[21]
Məşhur müsəlman tarixçisi Təbəri isə "Tarix" kitabında Babildə Nəmrud tərəfindən inşa edilən bir qüllə haqqında yazmışdır. Ancaq Allah onu yıxıb, o zamana qədər eyni dildə danışan insanların dilini 72-yə ayırır.
Quranda daha bir qüllə haqqında məlumat verilir. Ancaq burada hadisələr Babildə deyil, Misirdə inkişaf etmişdir. Peyğəmbər Musa ilə razılaşmayan Firon özünü tanrı hesab edərək deyir: "Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu həqiqətən yalançı sayıram! (28: 38).
Göründüyü kimi uca tapınaqların və başqa dini tikililərin, məqbərələrin inşası təkcə Babildə deyil, həm də başqa yerlərdə də aparılırdı. Misirdə də uca tikililər (piramidalar) bu günə qədər qalmaqdadır. Onlar da əslində qüllə növləridir. Misirlə Babilin mədəni, iqtisadi, ticari əlaqələri olmuşdur. Bu səbəbdən mədəniyyətlərin və üslubların bənzərliyi təbii haldır. Bu cür hündur tikililər hər iki ölkədə inşa edilirdi. Qüllə sahibi bununla özünü tanrılaşdırır, yüksəklərə qalxaraq özünü tanrıların əhatəsində olduğunu zənn edirdi. Mesopotamiyada da zikkuratların zirvə nöqtələrində tanrıların olduqları düşünülürdü və oralar tapınma yeri olmuşdur.
Mesopotamiyada bütlərə, ulduz və planetlərə tapınmağın adi hal olduğu peyğəmbər İbrahimlə bağlı hədislərdə əks olunmuşdur. O zülmkar çar Nəmrudun hakimiyyəti zamanı Mesopotamiyadada doğulmuşdur[22].
Quranda Allah axtarışında olan İbrahim, öncə ulduza, sonra aya, daha sonra günəşə müraciət etmişdir. Ancaq düşünərək, onlara tapınmanı rədd etmiş və Allahın birliyinə iman etmişdir (Quran, 6: 76–79). Bu düşuncələr zamanı başqa obyektləri rədd edən İbrahim, Allaha iman gətirmiş və qövmünün tapındığı bütləri dağıtmışdır. Bu əməlinə görə çar Nəmrud onu diri-diri oda atmış, lakin Allah İbrahimi qorumuş və o oddan sağ çıxmışdır.
Çar Nəmrud haqqında Əhdi Ətiqdə (Yaradılış, 10:8–12) də rəvayətlər vardır. Mikeya peyğəmbərin Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabında (5: 6) isə Assur Nəmrud ölkəsi adlanır. Lakin yəhudi dini ədəbiyyatında o bütpərəst kimi təqdim edilir. O, Babil qülləsinin inşasını təşkil etmiş və İbrahim peyğəmbəri Allaha ibadət etdiyinə görə oda atmış, lakin o oradan diri çıxmışdır[23]. Yəni bu yəhudi mətnlərinin məzmunu Quranla üst-üstə düşür.
Abidələri
[redaktə | mənbəni redaktə et]Qalereya
[redaktə | mənbəni redaktə et]- Babil divarları və qapısı (fraqment)
- Babil qülləsi və Semiramidanın asma bağları
- Babil (şəhərin planı)
- Babil şəhərinin (arxa planda) və Səddam Hüseynin keçmiş yay iqamətgahının (ön planda) xarabalıqları
- Makedoniyalı İsgəndərin Babilə daxil olması (Charles Le Brun)
- Babil qala divarları
- Babil qalasının divarı (fraqment)
- Babil
- Babil şəhərinin qalıqları
- Babilistanda Qəsr esh Şema Qapısı (1830-cu ildəki görünüşü)
- İştar qapısının qərb tərəfdən müasir görünüşü
- İraqın Əl-Hillə şəhərində İştar qapısı tarixən yerləşdiyi yerin yaxınlığında yeni materiallardan düzəldilmiş surəti.
- İştar Qapısının qalıqları
- Semiramidanın asma bağları (rekonstruksiya)
- Babil şəhəri və Babil Qülləsi (qravür)
- Babil Qülləsi (rəsm)
- Babil Qülləsi (rəsm)
- Babil Qülləsi (rəsm)
- Babil Qülləsinin qalıqları
- Babil qülləsi ("De Toren van Babel", Pieter Bruegel de Oude, 1565)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Аккад // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 200.
- ↑ André-Salvini, B. Les premières mentions historiques et la légende des origines. // Babylone 2008, p. 28–29.
- ↑ İngilis dilinə tərcüməsi. Hammurabi's Code of Laws Translated by L. W. King Arxivləşdirilib 2008-05-09 at the Wayback Machine; Rus dilinə tərcüməsi Законы Хаммурапи Arxivləşdirilib 2021-11-20 at the Wayback Machine // Хрестоматия по истории древнего Востока. М., 1980, с.152–177. Перевод Якобсона.
- ↑ Bradford, Alfred S. (2001). With Arrow, Sword, and Spear: A History of Warfare in the Ancient World, pp. 47–48.
- ↑ Saggs, H.W.F. (2000). Babylonians, p. 165. University of California Press.
- ↑ Diodorus Siculus II.10–1–10
- ↑ Strabo, Geography XVI.1.5, translation adapted from HL Jones, Loeb edn (1961)
- ↑ Stephanie Dalley, (2013) The Mystery of the Hanging Garden of Babylon: an elusive World Wonder traced, OUP
- ↑ Babylonian numerals Babylonian index. History Topics Index Arxivləşdirilib 2017-05-20 at the Wayback Machine. Article by: J J O'Connor and E F Robertson
- ↑ Horowitz W. The Babylonian Map of the World // Iraq. — London: British Institute for the Study of Iraq, 1988. — В. 50. — С. 147–165.
- ↑ История философии в кратком изложении (Пер. с чеш. И.И. Богута). М.: Мысль, 1991, s. 9.
- ↑ Dossin, Georges. "Lettre du divin Asqudun au roi Zimrilim au sujet d'une éclipse de lune." Compte-rendu de la seconde rencontre assyriologique internationale par le Group Françoise Thureau- Dangin. Paris: Imprimerie Nationale, 1951, pp. 46–48.
- ↑ Langdon S. Fosheringham. The Venus Tablets of Ammizaduga. Oxvord, 1928.
- ↑ Ван дер Варден. Пробуждающаяся наука II. Рождение астрономии. / Перевод с англ. Г.Е.Куртика, Под ред. А.А.Гурштейна, Москва: Наука, 1991, с. 58.
- ↑ "Enūma Anu Enlil Tablets 1–13". 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-18.
- ↑ Токарев С. А. Мифы народов мира(том 2). — М.: Советская Энциклопедия, 1988, с. 36.
- ↑ Lionlu İrineus. "Hereslə qarşı", 5; 30; 13.
- ↑ "Kurtubi tefsiri". 2012-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-20.
- ↑ "Təbəri təfsiri". 2012-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-20.
- ↑ "Kurtubi təfsiri". 2012-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-20.
- ↑ Əhdi Ətiqə görə İbrahim (Abraham) peyğəmbərin vətəni Mesopotamiyanın Ur şəhəridir (Yaradılış, 11: 31).
- ↑ "P. Моше Вейсман. Мидраш рассказывает. Недельная глава Ноах (часть 2)". 2008-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-20.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Qədim Babil: tarix, mədəniyyət, elm və astrologiya // Dövlət və Din ictimai fikir toplusu. — 2009. — N 3 — S. 85–98 Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine (1. "Tarix", 2. "Babilin özəllikləri", 3. "Babil elmi" fəsillərinin mənbəyi).
- Aydın Əlizadə. Qədim Babil dini Arxivləşdirilib 2015-03-31 at the Wayback Machine // Dövlət və Din ictimai fikir toplusu. — 2009. — N 9/10. — S. 185–190 — (4. "Babil dini" fəslinin mənbəyi).
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Oates J. Babil. Ankara ,2004.
- Friedell E. Mısır Ve Antik Yakın Doğunun Kültür Tarihi. Ankara, 2006.
- I.L. Finkel, M.J. Seymour, Babylon, Oxford University Press, 2009 ISBN 0-19-538540-3
- Joan Oates, Babylon, Thames and Hudson, 1986. ISBN 0-500-02095-7 (hardback) ISBN 0-500-27384-7 (paperback)
- The Ancient Middle Eastern Capital City — Reflection and Navel of the World by Stefan Maul ("Die altorientalische Hauptstadt — Abbild und Nabel der Welt," in Die Orientalische Stadt: Kontinuität. Wandel. Bruch. 1 Internationales Kolloquium der Deutschen Orient-Gesellschaft. 9.–1 0. Mai 1996 in Halle/Saale, Saarbrücker Druckerei und Verlag (1997), p. 109–124.
- Chisholm, Hugh, ed. (1911). "Babylon". Encyclopædia Britannica 3 (11th ed.). Cambridge University Press. pp. 98–99.
- "UNESCO: Iraq invasion harmed historic Babylon" . Associated Press. July 10, 2009.
- George, A. R. Babylonian Topographical Texts . — Louvain: Peeters, 1992. — 504 p. — (Orientalia Lovaniensia Analecta, 40). — ISBN 978-90-6831-410-6.
- Klengel-Brandt, E. Babylon (англ.) // E. M. Meyers. The Oxford Encyclopedia of Archaeology in the Near East. — Oxford University Press, 1997. — Vol. 1 (ABBA-CHUE). — P. 251–256. — ISBN 978-019-50-6512-1.
- Stronk, J. P. Ctesias' Persian History. Part I: Introduction, Text, and Translation . — Düsseldorf: Wellem Verlag, 2010. — 438 p. — ISBN 978-3-941820-01-2.
- В. А. Белявский. Вавилон легендарный и Вавилон исторический
- Геродот. История в девяти книгах / Пер. и прим. Г. А. Стратановского. Под общ. ред. С. Л. Утченко. Ред. перевода Н. А. Мещерский. Ответственный редактор С. Л. Утченко. — Л.,: Наука, 1972. — 600 с. — (Памятники исторической мысли). — 50 000 экз.
- История Древнего Востока. Зарождение древнейших классовых обществ и первые очаги рабовладельческой цивилизации. Ч. 1. Месопотамия / Под ред. И. М. Дьяконова. — М.,: Наука, 1983. — 534 с. — 25 050 экз.