Cənubi Amerika — Vikipediya
Ümumi məlumat | ||
---|---|---|
Sahəsi: | 18 mln. km2 | |
Ölkə sayı: | 13 ölkə | |
Sahəcə ən böyük ölkəsi: | Braziliya 8.5 mln. km2 | |
Dili: | ispan və portuqal | |
Ən uzun çayı: | Amazon çayı uzunluğu 6400 km hövzəsi 7 mln. km2 | |
Ən böyük gölü: | Marakaybo gölü 14.5 min km2 | |
Ən hündür nöqtəsi: | Akonkaqua 6962 m | |
Ən çökək yeri: | Valdez y.adası -60 |
Cənubi Amerika — Amerika qitəsinin cənub hissəsi və s. Olmaqla
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Cənubi Amerika Qərb yarımkürəsində yerləşən iki materikdən biri və Amerika qitəsinin bir hissəsidir. Şimali Amerika ilə onu ensiz Panama bərzəxi birləşdirir, bərzəxin ensiz və alçaq hissəsində çəkilmiş Panama kanalı isə ayırır. Şimali Amerika ilə quru əlaqəsi əvvəllər mövcud olmamışdır. Bu əlaqə yalnız Kordilyer dağlarının yarandığı vaxt litosfer tavalarının sərhəddində qalxma prosesi nəticəsində meydana gəlmişdir. Cənubi Amerika digər materiklərdən xeyli aralı yerləşmişdir. Cənubda Antarktidadan onu Dreyk boğazı ayırır. Onun sahillərində demək olar ki, iri ada, yarımada və körfəzlər yoxdur, yalnız cənub sahillərində onların sayı artır. Cənubda Magellan boğazı Odlu Torpaq adasını materikdən ayırır. Materikdə ən hündür dağ gölü olan Titikaka yerləşir
Cənubi Amerika Amerika qitəsində ABŞ-dən cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir. Region əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid olan ispan (62%), portuqal (34%) və fransız dillərində danışır. Buna görə də region Latın Amerikası adlandırılır. Latın Amerikası ölkələrinin əksəriyyəti XIX əsrdə müstəqillik qazanmışdır.
İqlimi
[redaktə | mənbəni redaktə et]Cənubi Amerikanın iqlimi Şimali Amerikanını iqlimindən kəskin fərqlənir. Materikin şimal hissəsi cənub hissəsinə nisbətən daha geniş ərazi tutur. Bu hissə isti qurşaqda, ekvatorial və subekvatorial qurşaqlarında yerləşdiyi üçün bura yağıntı çox düşür. Buna görə də, Cənubi Amerika dünyanın ən rütubətli materikidir. Ərazinin çox böyük hissəsində illik yağıntıların miqdarı 1000 mm-dən çox olsa da, bəzi yerlərində bu əmsal 250 mm-ə qədər düşür. Ətraf okeanlara nisbətən burada alçaq təzyiq yaranır. Bu səbəbdən şimal və cənub kürələrinin passat küləkləri bura Atlantik okeanından çox rütubət gətirir və tropik qurşaqda iqlim cənub/şərq passatlarının təsiri altında formalaşır. Bu küləklər Braziliya yaylasının külək döyən yamaclarına çoxlu yağıntı gətirir. Materikin şərqində hava kütlələrinin qarşısını kəsən hündür dağlar olmadığından onlar geniş ərazilərə yayılır, bol yağıntı verir. Lakin materikin qərb hissəsində bu soyuq küləklər Peru cərəyanının təsiri ilə daha da soyuyur və yağıntı vermir. Bunun nəticəsində Atakama səhrası yaranmışdır. Materikin ensiz cənub qurtaracağı isə bütün il boyu qərb küləklərinin təsiri altında qalır. Mülayim enliklər dəniz hava kütlələrinin təsirinə məruz qaldığı üçün Cənubi And dağlarının yamaclarına da bol yağıntı düşür. Ancaq şərq sahilboyu ərazilərində isə az yağıntı müşahidə olunur. And dağlarının materikin qərb və şərq hissələrində yağıntıların paylanmasına böyük təsir göstərdiyi üçün onu Cənubi Amerikanın "iqlim ayırıcısı" adlandırırlar.
Coğrafi mövqeyi ilə əlaqədar Cənubi Amerikanın ərazisinə böyük miqdarda günəş radiasiyası düşür. Nəticədə demək olar ki, hündür dağlardan başqa bütün materik ərazisində temperatur müsbətdir. Günəş istisinin ən çox miqdarı yanvar ayında günəşin cənub tropiki üzərində zenitdə olması vaxt müşahidə olunur. Yanvar ayının orta temperatura burada +24 dərəcəyə çatır. Ekvatora yaxınlaşdıqca günəşin düşmə bucağı çoxaldığından materikin şimal rayonlarında iyul ayının orta temperaturu +24 dərəcə, materikin orta hissəsində +16 dərəcə, cənub hissəsində isə +8 dərəcədir. Ümumilikdə isə materikin çox böyük hissəsində orta aylıq temperatur +20, +28 dərəcədir. Lakin cənubdan gələn soyuq hava axınları bəzən də temperaturun düşməsinə səbəb olur. Bu zaman Pataqoniyada bəzən −35 dərəcəyə qədər şaxtalar müşahidə olunur.
Cənubi Amerikada iqlim qurşaqları ekvatordan cənuba doğru bir-birini əvəz edir. Lakin subekvatorial iqlim qurşağı materikin həm ekvatordan şimaldakı həm də cənubi hissəsindəki ərazilərində vardır. Materikin qərb hissəsində dəniz iqlimi, şərq hissəsində isə mülayim kontinental iqlim hakimdir. Bu hissə Antaraktidanın təsirinə məruz qalır. Cənubi Amerikanın iqliminə Atlantik okeanı Sakit okeana nisbətən daha çox təsir göstərir.
Materikdə ekvatorial qurşaq Amazon ovalığının çox hissəsini əhatə edir. İl boyu burada isti və rütubətli hava hakimdir. İlin fəsilləri müşahidə olunmur. Subekvatorial qurşaq ekvatordan şimala və cənuba doğru geniş əraziləri əhatə edir. Yayda ekvatorial hava kütlələrinin hakim olduğu vaxt burada yağışlar başlayır. Qışda isə əraziyə quru küləklər daxil olur. Bu zaman yağıntılar azalır və quraqlıq dövrü başlayır. Tropik qurşaq subekvatorial qurşaqdan cənuba olan əraziləri əhatə edir. Materikin şərq hissəsi Atlantik okeanından gələn hava kütlələrinin təsiri altında olur. İl boyu isti və rütubətli hava şəraiti hakimdir. Bu ərazidə rütubətli tropik iqlim tipi yaranır. Sakit okeanı sahilləri və daxili hissələr üçün tropik səhra iqlim tipi səciyyəvidir. Burada il boyu quraqlıq olur. Peru soyuq cərəyanı üzərində yaranan duman və şeh yeganə rütubət mənbəyidir. Atakama səhrasında illərlə yağış yağmır. Tropik qurşaqda And dağlarının mərkəzi yaylasında iqlim sərtdir. Burada dünyanın ən quru, az məhsuldar yüksək dağlığı yerləşir. Ümumiyyətlə bura dünyanın ən quraq yerlərindən biri hesab olunur. Subtropik qurşağın iqlimi yayda tropik hava kütlələrinin təsiri altında formalaşır. Bu qurşaq üçün quru və isti havalar xarakterikdir. Qışda qərb küləkləri əraziyə okeandan mülayim və rütubətli hava gətirir. Bu səbəbdən də qurşaqda xeyli yağıntılar müşahidə olunur. Materikdə mülayim qurşaq ensiz cənub hissəni əhatə edir. Qərb küləklərinin il boyu gətirdiyi mülayim hava kütlələri bura üçün də xarakterikdir. Bu qurşaqda iki iqlim tipi ayrılır: Sakit okean sahilləri üçün dəniz iqlim tipi (buranı hətta Cənubi Amerikanın nəmişli küncü də adlandırılar); qurşağın şərq hissəsində rütubətin azaldığı mülayim kontinental iqlim tipi. Materikdə yüksək dağ iqliminə də rast gəlinir. And dağları yüksək dağ iqliminin müxtəlifliyi ilə seçilir. Burada dağ iqlimi təkcə dağın ətəyindən zirvəsinə doğru deyil, eyni zamanda şimaldan cənuba doğru da dəyişir.
Təbii zonaları və daxili suları
[redaktə | mənbəni redaktə et]Cənubi Amerika üzvi aləmin zənginliyi və özünəməxsus olması ilə başqa materiklərdən çox seçilir. İqliminin rütubətli olması burada meşələrin geniş, səhra və yarımsəhralarının isə az sahə tutmasına səbəb olmuşdur. Materikdə aşağıdakı təbii zonalar formalaşmışdır:
- Rütubətli ekvatorial meşələr zonası
- Fəsildən asılı olaraq yarpağını tökən meşələr zonası
- Savannalar zonası
- Çöl zonası
- Səhra və yarımsəhra zonası
- Cənubi Pataqoniyada yerləşmiş yarımsəhra zonası.
- Ekvatorial meşələr zonasına materikdə ekvator xəttinin hər iki tərəfində rast gəlinir. Rütubətli ekvatorial meşələr burada selvas adlanır. Selvas yer kürəsinin sahəcə ən böyük meşə massividir. Qırmızı-sarı ferralit torpaqlarda yaranan, keçilməz həmişəyaşıl rütubətli meşələr dünyanın digər guşələrindəki ekvatorial meşələrdən bir qədər fərqlənir. Bu meşələr daha rütubətli və üzvi aləmlə çox zəngindir. Hündürlüyü 80 metrə çatan seyba ağacı, müxtəlif palmalar, heveya, kinə ağacı, kakao ağacı, müxtəlif növ lianalar selvasın xarakterik bitkiləridir. Amazon meşələrini hətta lianalar ölkəsi də adlandırırlar. Ekvatorial meşələrə xas olan heyvanlardan yaquarı, pumanı, tapiri, zirehdaşıyanı, qarışqayeyəni, nəhəng suilanı anakondanı, ərincək və ilməquyruq meymunlarını misal göstərmək olar. Cənubi Amerikanı həmçinin quşlar materiki də adlandırmaq olar. Buna səbəb materikin müxtəlif növ quşlarla zəngin olmasıdır. Burada çoxsaylı tutuquşular, kolibri quşu, qartallar, kəpənəklər, böcək və digər həşaratlar vardır.
- Savanna zonası subekvatorial qurşaqda ekvatordan şimalda və cənubda geniş sahə tutur. Ekvatordan şimalda savannaları – Lyanos, cənubda isə kampos adlandırırlar. Lyanos ispan dilində düzənlik deməkdir, kampos isə portuqal dilində düzənlik deməkdir. Şimal hissəsindəki savannalarda ağaclar çoxdur. Burada hündürboylu otlar arasında palma və akasiyalar bitir. Cənub hissəsindəki savannalarda isə ağac bitkiləri azdır. Mərkəzi hissələrdə uzun müddət isti və quraq iqlim şəraitində tikanlı alçaqboylu ağaclar, kaktuslar bitir. Onların içərisində qabığından aşı maddəsi kimi istifadə edilən Kebraço ağacı daha məşhurdur. Savannaların heyvanat aləmi isə bir qədər kasıbdır. Çöldonuzu-pekar, kiçik maral, quşlardan isə nandu dəvəquşu və s. burada yaşayır.
- Çöl zonası ağac bitkiləri olmayan geniş bir sahəni tutur. Burada çöllər pampa adlanır. Pampa – ispan dilində ağac olmayan yer deməkdir. Rütubətli subtropik iqlim şəraitində məhsuldar qırmızı-sarı ferralit torpaqlarda ağ ot, yabanı darı və s. kimi bitkilər bitir. Cənuba doğru quraqlığın artması otlarında bərk və quraqlığa davamlı olmasına səbəb olur. Çöllərə xarakterik heyvanlardan pampa maralını, pampa pişiyini, nandu dəvəquşunu və s. bura aid etmək olar.
- Səhra və yarımsəhralar zonası Sakit okean sahili boyu, And dağlarının ətəklərində ensiz zolaq şəklində səhra zonası uzanır. Səhra iqlimi yüksək enliliklərdən gələn soyuq hava kütlələrinin və soyuq Peru cərəyanının təsiri ilə yaranır. Dünyanın ən quraq yerlərindən biri olan atakama səhrası burada yerləşir. Cənubda, And dağlarının şərq hissəsində Pataqoniya yaylasında da yarımsəhra zonasına rast gəlinir. Burada yağıntıların azlığından və az məhsuldar boz, boz qonur torpaqların yayıldığı ərazilərdə ot bitkiləri və tikanlı kollar bitir.
Sululuğna görə də planetimizin ən bol sulu materiki Cənubi Amerika materikidir. Buradakı çayların su sərfi dünya çaylarının orta su sərfindən iki dəfə çoxdur. Relyef və yağıntıların paylanması materikdə çay şəbəkəsinin sıxlığına, çayların qidalanmasına, çayların rejiminə və sululuğuna böyük təsir göstərir. And dağları materikin iqlim ayırıcısı olmaqla bərabər həm də suayırıcısı sayılır. Sakit okean hövzəsinə aid olan çayları çox qısa olmaları ilə fərqlənir. Şimal və cənub hissədə daha çox olan bu çaylar gursulu və astanalıdırlar. Gəmiçilik üçün əlverişli olmasa da bu çayların böyük hidroenerji ehtiyatı vardır. Atlantik okeanı hövzəsi çayları isə materikin ərazisinin çox böyük hissəsini tutur. Şərq hissəsində geniş düzənliklərin yerləşməsi və bu əraziyə bol yağıntıların düşməsi iri çay sistemlərinin, Amazon, Orinoko, Parana və s. yaranmasına şərait yaratmışdır.
Amazon dünyanın ən böyük çay sistemidir. And dağlarının mərkəzindən başlayan bu çaya 500-dən artıq çay birləşir. Amazon çayı uzunluğuna görə Nil çayından geri qalsa da, sululuğuna görə dünyada birinci yerdədir. Bununla belə əgər Amazon çayının başlanğıcını Ukayali qolundan hesab edilərsə onda o dünyanın ən uzun çayı da hesab oluna bilər. Amazon çayının çoxlu bol sulu qolları vardır. Onların əksəriyyəti gəmiçilik üçün yararlıdır. Orta axarda Amazon çayının eni 5 km-ə, aşağı axarda isə 80 km-ə çatır. Çayın dərinliyi aşağı axarda 90 metrdir. Amazon çayının deltası yoxdur, səbəbi çayın okeana töküldüyü hissədən okean cərəyanının keçməsi və qabarma və çəkilmədir. Orinoko və Parananın rejimində mövsümilik hiss olunur. Parananın hövzəsində bataqlıqlar çoxdur. Anhel və İquasu şəlalələri bu materikdədir. Anhel şəlaləsi Orinokonun qolu Çurun çayı üzərində 1054 metr hündürlüyündən tökülür. Materikdə elədə böyük göllər yoxdur, ancaq müxtəlif mənşəli kiçik göllərin sayı çoxdur. Titikaka ən hündürdə yerləşən dağ gölüdür. Bu göl dəniz səviyyəsindən 3812 metr yüksəklikdə yerləşir. Dərinliyi 304 metrdir. Suyun temperaturu burada +11, +12 dərəcədən artıq olmur. Şimal hissəsində laqun mənşəli duzlu Marakaybo gölü yerləşir. Göl tektonik çökəklikdə yerləşmişdir. Karib dənizi ilə ensiz axarla birləşir.
Cənubi Amerikada dövlətlər
[redaktə | mənbəni redaktə et]Ölkə adı | Ərazisi (km²) | Əhali | Əhalinin sıxlıqı (nəfər/km²) | Paytaxtı |
---|---|---|---|---|
Braziliya | 8 514 215,3 km² | 186 112 794 | 22/km² | Jair Bolsonaro |
Argentina | 2 766 890 km² | 41 281 631 | 15/km2 | Buenos Ayres |
Çili | 756 096,3 km² | 18 006 407 | 24/km2 | Santiago |
Uruqvay | 176 215 km² | 3 518 552 | 19,8/km2 | Montevideo |
Boliviya | 1 098 581 km² | 10 800 000 | 98/km2 | La-Pas |
Peru | 1 285 216 km² | 33 105 273 | 23/km2 | Lima |
Venesuela | 176 215 km² | 29 335 489 | 32/km2 | Karakas |
Ekvador | 283 560 km² | 15 900 000 | 56/km2 | Kito |
Surinam | 163 821 km² | 558 368 | 2.9/km2 | Paramaribo |
Qayana | 214 970 km² | 750 000 | 35/km2 | Corctaun |
Trinidad və Tobaqo | 5 131 km² | 1 328 019 | 264/km 2 | İspanya Limanı |
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi təqribən 300 milyon nəfərdir. Amerikanın yerli əhalisi monqoloid irqinə mənsub hindilərdən ibarətdir. Amerika avropalılar tərəfindən kəşf olunduqdan sonra bura Avropadan avropoid irqinə mənsub əhali gəldi. Afrikadan isə neqroid irqinə mənsub zəncilər gətirildi. Sonralar bu 3 irqin nümayəndələrinin qaynayıb-qarışması nəticəsində aşağıdakı nəsillər yarandı.
- Avropoid+hindu=metis
- Avropoid+zənci=mulat
- Zənci+hindu=sambo
Metislər materikin qərbində, mulat və sambolar şərqində yaşayır. Cənubi Amerikanın əhalisi And dağlarının mərkəzi yaylalarında və materikin şərqində daha sıx, materikin qərbində və ekvatorial meşələrdə isə seyrəkdir. Cənubi Amerikanın yarıdan çoxunu iki ölkə – Braziliya və Argentina tutur.
Çayları
[redaktə | mənbəni redaktə et]Gölləri
[redaktə | mənbəni redaktə et]- Marakaybo gölü
- Titikaka gölü (3812 m hündürlükdə)
- Poopo gölü
- Salinas-Çikas
Körfəzlər
[redaktə | mənbəni redaktə et]Dənizlər
[redaktə | mənbəni redaktə et]Boğazlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- T. Gərayzadə. Coğrafiya. 9-cu sinif üçün dərslik.
- Школьная энциклопедия. География. Страны, Народы.