Dario Fo — Vikipediya
Dario Fo | |
---|---|
it. Dario Fo | |
Doğum adı | Dario Luigi Angelo Fo |
Doğum tarixi | 24 mart 1926[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 2016[3][1][…] (90 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | tənəffüs yolları xəstəliyi[d] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | teatr rejissoru, teatr aktyoru, ssenarist, bəstəkar, dramaturq, kino aktyoru, illüstrasiyaçı[d], rəssam, şair, səhnə dizayneri, yazıçı, kostyum dizayneri[d], aktyor, vizual incəsənət rəssamı, rejissor, teatr direktoru[d] |
Fəaliyyət illəri | 1950–2016 |
Janr | komediya |
Üzvlüyü | |
Mükafatları | |
dariofo.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Dario Fo (it. Dario Fo; 24 mart 1926[1][2][…], Lecuno, Lombardiya[4] – 13 oktyabr 2016[3][1][…], Milan[5]) — İtaliya dramaturqu, rejissor, səhnə sənəti nəzəriyyəçisi, rəssam, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1997), La Sapientsa Roma Universitetinin fəxri doktoru (2006).
Həyatı
[redaktə | mənbəni redaktə et]İtalyan satirik yazıçısı, dramaturq, rejissor aktyor, bəstəkar və səhnə ifaçısı Dario Fo özünün çoxcəhətli istedadı ilə tanınır. O, İtaliyanın Sancano kommunasında, dəmiryol ustası ailəsində doğulmuşdu. Əqidəcə sosialist olan atası həm də həvəskar artist idi. Anası isə həyatının son illərində istedad nümayiş etdirərək Fo ailəsi haqqında gözəl bir kitab yazmışdı. Amma Darionun sənətçi kimi yetişməsində babasının daha böyük rolu olmuşdu. Babası fermer idi. At arabası ilə kəndləri dolaşıb fermasının məhsullarını satırdı. Həm də bu zaman çox alıcı cəlb etmək üçün əsl aktyorluq məharəti göstərirdi. Əksər hallarda nəvəsini də yanına alırdı və yəqin ki, onun üçün necə canlı bir məktəb olduğunu özü də təsəvvürünə gətirmirdi.
Dario Fo Milandakı Brera İncəsənət Akademiyasına qəbul edilsə də, araya müharibə düşmüşdü. Savaş bitdikdən sonra isə Politexnik institutuna daxil olmuşdu. Lakin son imtahanları vermədiyindən diplom ala bilməmişdi.
Politexnik institutundakı təhsil illərində səhnə dizaynı, bədii tərtibat və teatr dekorasiyaları ilə maraqlanmışdı. 1950-ci ildə məşhur prodüser Franko Parenti onu öz teatr şirkətinə qəbul etmişdi. Növbəti mövsümdə Dario "Balacalar" adlandırdığı yumoristik monoloqlar seriyası ilə səhnədə böyük uğur qazanmışdı. Bu monoloqlar əsasında o, İtaliya milli radiosunda şou aparmağa başlamışdı.
1954-cü ildə Dario Fo italyan aktrisası Franka Rame ilə evlənmişdi. Onlar Fo-Rame adı altında artıq yarım əsrdən çox fəaliyyət göstərən teatr şirkəti yaratmışdılar. Uzun illər Dario Fo şirkətin direktoru və bədii rəhbəri, Franka Rame isə inzibatçısı və əsas aktrisası olmuşdu. Teatr müxtəlif vaxtlarda adını dəyişdirsə də, tamaşalar öz kəskinliyini qoruyub saxlamışdır. Fo-Rome teatr qrupu indiyə qədər dünyanın 70-dən çox ölkəsində qastrol səfərlərində olmuş, tamaşalar göstərmişdir.
Dario Fo 40-a yaxın kiçik pyesin müəllifidir. Onun sketçlərində, pyes və monoloqlarında istər İtaliyada, istərsə də beynəlxalq aləmdə cərəyan edən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilir. Səhnə çıxışlarının sərtliyinə və kəskinliyinə görə indiyə qədər Dario Fo və Franka Rame cütlüyünün başı az ağrılar çəkməmişdir. Fonun mafiyanın qətlə yetirdiyi jurnalist haqqında 1962-ci ildə göstərdiyi şou isə Koza Nostranı əməlli-başlı hiddətləndirmişdi.
Nəticədə mafiya ər-arvad haqqında ölüm hökmü çıxarmışdı. Bundan sonra Fo və Rame daimi polis nəzarəti altında yaşamalı olmuşdular. Con Kennedinin öldürülməsi və Vyetnam müharibəsi haqqındakı sketçlər isə ABŞ prezidenti L.Consonun Dario Foya amerikan vizası verilməsinə qadağa qoyması ilə nəticələnmişdi. 1973-cü ildə polisin cinayətkarlarla işbirliyini ifşa edən şoularına görə Milan karabineriləri Fo və Rameni açıq-aşkar təhdid etməyə başlamışdılar. Həmin ilin mart ayında karabinerilərin təhriki ilə faşist gənclər Franka Rameni oğurlamış, iki ay ərzində gizli sığınacaqda saxlayaraq işgəncə vermiş, zorlamış, təhqir etmişdilər. Bütün bunlara baxmayaraq Franke girovluqdan qurtaran kimi cütlük öz antifaşist çıxışlarını daha da sərtləşdirmişdi.
Yaradıcılığı üçün müəyyən dərəcədə "Satiragit" tipli teatr ənənələrini əsas götürən Dario Fo hər şeydən öncə minlərlə insanın taleyi ilə bağlı hadisələrə vaxtında reaksiya verməsi ilə böyük auditoriya toplayır. Katolik kilsəsinin aborta münasibəti, aparteid siyasəti, mütəşəkkil cinayətkarlıq, korrupsiya və rüşvətxorluq, siyasi təqib və qətllər, Orta Şərq böhranı, Çindəki mədəni inqilab — bu və digər məsələlər onun müxtəlif şou və sketçlərinin mövzusu olmuşdur. Çıxışları zamanı Dario bədahətən mətnə əlavə və dəyişikliklər edir. Onun şouları yerli reallıqlara uyğunlaşdırılaraq indiyə qədər dünyanın onlarla ölkəsində göstərilmişdir.
Dario Fonun Nobel mükafatına namizədliyi ilk dəfə 1975-ci ildə irəli sürülmüşdü. Lakin yalnız aradan 22 il keçəndən sonra İtalyan sənətçisi "orta əsr təlxəklərinin irsinə sahib çıxaraq hakimiyyəti və nüfuzlu şəxsləri tənqid etdiyinə, ədalətsizliyə məruz qalanların haqlarını qoruduğuna görə" ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdü.
Lakin İsveç Akademiyasının bu qərarı ədəbi dairələrdə ciddi narazılıqlar doğurmuşdu. Şou və məzhəkə ifaçısına "ideal bədii ədəbiyyat" üçün nəzərdə tutulan belə bir mükafat verilməsini ilk növbədə Nobelin adına və vəsiyyətinə sayğısızlıq kimi dəyərləndirənlər də tapılmışdı. Aydın məsələdir ki, Dario Fo hər hansı bir ciddi Nobel mühazirəsi ilə çıxış etməmişdi. Onun banketdəki tostu isə növbəti kiçik şoularından biri kimi dəyərləndirilə bilərdi.
2006-cı ildə Dario Fo namizədliyini Milan şəhərinin meri vəzifəsinə irəli sürsə də, seçkilərdə uğur qazana bilməmişdi. Xanımı Franka Rome isə elə həmin il İtaliya Senatının üzvü seçilmişdir.
"Teleqraf" qəzetinin 2007-ci ildə keçirdiyi sorğunun nəticələrinə görə Dario Fo o dövrdə dünyanın həyatda olan yüz dahi şəxsiyyəti sırasına daxil edilmişdir. Həmin siyahıda o, ingilis fiziki Stefan Havkinqlə birlikdə 17-ci yeri bölüşürdü.
Dario Fo 13 oktyabr 2016-cı ildə İtaliyanın Milan şəhərində vəfat etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Dario Fo // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Itaú Cultural Dario Fo // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
- ↑ 1 2 È morto Dario Fo (it.). Torino: Italiana Editrice, 2016. ISSN 1122-1763
- ↑ 1 2 https://theaterencyclopedie.nl/wiki/index.php?curid=4271.
- ↑ 1 2 Catalog of the German National Library (alm.).
- ↑ Find a Grave (ing.). 1996.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.