Daues planı — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Daues planı — Alman məsələsində konstruktiv dialoqa dönüş Rur böhranının sona çatması və ABŞ iqtisadçısı general Çarls Dauesin rəhbərliyi ilə beynəlxalq komissiyanın yaradılması oldu. Komissiya təzminat məsələsində 2 ekspert komitəsi yaratmaq haqqında qərar qəbul etdi:
- Birinci komitə alman markasının sabitləşdirilməsi və büdcənin sağlamlaşdırılması ilə məşğul olmalı idi.
- İkinci komitə Almaniyadan xaricə çıxarılan kapitalı geri qaytarmaq üçün mümkün olan vasitələri araşdırmalı idi.
Ekspertlər komitəsinin iclasları 1924-cü ilin yanvarın 14-dən aprelin 9-a qədər London şəhərində keçirildi. Birinci ekspertlər komitəsinin sədri Daues seçildi. Komitənin başlıca vəzifəsi təzminatla bağlı məsələyə dair tövsiyələr vermək idi. Müzakirələr nəticəsində belə bir qənaətə gəldilər ki, Almaniyanın təzminat ödəmək qabiliyyətinin bərpası üçün işğal edilmiş ərazilər iqtisadi və maliyyə cəhətdən yenidən ölkəyə birləşdirilməli və Almaniyaya beynəlxalq istiqrazlar verilməlidir. Burada təqdim olunan ekspertlərin məruzəsi "Daues planı" adlandırıldı. Bu plan 3 hissədən ibarət idi:
1. Ekspertlərin nəticələri və komitənin mövqeləri. Ekspertlərin əsas məqsədi Almaniyaya qarşı cəza tədbirləri tətbiq etmək deyil, borc vermək üçün yollar axtarmaq idi.
2. Almaniyanın ümumi iqtisadi və maliyyə siyasəti.
3. Əvvəlki hissələrə dair əlavələr.
Daues planı ilk növbədə Almaniyanın təsərrüfatını bərpa etməklə təzminatın alınmasını irəli sürürdü. Planda Almaniya büdcəsini və markasını sabitləşdirmək üçün Almaniyaya 800 milyon qızıl marka beynəlxalq istiqraz verilməsi nəzərdə tutulurdu. Almaniyanın bütün təsərrüfatı nəzarətə götürülürdü.
Daues planı bir tərəfdən Almaniyanın iqtisadiyyatını bərpa etmək, digər tərəfdən isə onun iqtisadisadiyyatını nəzarətə götürməklə təhlükəli rəqibə çevrilməsinin qarşısını almaq məqsədi güdürdü. Bu plan Avropada sabitləşməyə yönəlmişdi. Bu plan vasitəsilə ABŞ və İngiltərə Fransanın Avropada hegemonluq etmək iddialarının qarşısını almış oldu.
1924-cü il iyulun 16-dan avqustun 16-dək təzminat məsələsinə dair London konfransı keçirildi. Konfransın məqsədi Almaniyanın iqtisadi və maliyyə bütövlüyünü bərpa etmək və ona istiqrazlar verən dövlətlər üçün təminat yaratmaq idi. Konfransın sədri Böyük Britaniyanın baş naziri R. Makdonald idi. Konfransın qərarı ilə Almaniya öz öhdəliklərini yerinə yetirmədikdə ona qarşı qəbul olunan sanksiyalar ancaq Millətlər Cəmiyyətinin razılığı ilə tətbiq edilə bilərdi. Konfrans Rur ərazisindən hərbi hissələrin ən geci 1 il müddətində çıxarılmasını qərara aldı. 1924-cü ilin avqustunda London konfransı öz işini sona çatdıraraq ekspertlər məruzəsini təsdiq etdi.