Kələnov — Vikipediya
Kələnov | |
---|---|
41°13′ şm. e. 48°45′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 369 (2009) nəfər |
Kələnov — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava inzibati ərazi dairəsində kənd.Hazırda kənddə əsas təsərrüfat sahələri bitkiçilik və heyvandarlıqdır. Kənddə tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərir.Ölkə regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, kəndə 2018-ci ildə asfalt örtüklü avtomobil yolu çəkilmişdir.
Kəndin 2 yetirməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuşdur. Firuz Mustafayev və Eyvaz Babayev Qarabağ ətrafında gedən döyüşlərdə Vətən yolunda canlarından keçmişlər.Kələnov kənd tam orta məktəbinə şəhid Firuz Mustafayevin adı verilmişdir.Hüquq elmləri üzrə fəlsəfə doktoru Əli Eyvazovun 2010-cu ildə nəşr edilmiş "Bir batalyonun tarixi" sənədli povestində F.Mustafayevin döyüş yolu barədə bəhs edilib.Şəhidlərdən başqa,Kələnovun yeirmələri sırasında 10 nəfər Qarabağ müharibəsi veteranı vardır. Adı çəkilən povestdə cəbhə zonasına Quba rayonundan ən çox köməklik göstərmiş təşkilatların və müəssisələrin sırasında "Kalinin" adına (sonradan "İstiqlal" adlanan)sovxozun da adı qeyd edilmişdir.Məlumat üçün bildirmək lazımdır ki,ön cəbhəyə mümkün olan köməkliyi göstərən və arxa cəbhədə isə döyüşçülərin ailələrinə zəruri yardımlar etməyi üzərinə götürən həmin sovxozun rəhbəri Səfər Bayramov da Kələnovun yetirməsidir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kəndin ərazisi təsərrüfat məşğuliyyəti üçün əlverişli olduğuna görə keçmişdə Zərqava kəndindən bir sıra ailələr əvvəlcə bu məkandan qışlaq kimi istıfadə üçün buraya gəlmiş və 17-ci əsrin sonu və 18-ci əsrin əvvəllərindən (Milli arxivin kameral siyahiyaalmalar kitablarında müəyyən məlumatlar var) isə indiki ərazidə həmişəlik məskunlaşmışlar. Həm ilk zamanlarda,həm də sonrakı dövrlərdə əsasən taxılçılıqla, maldarlıqla, arıçılıqla, bağçılıqla məşğul olmuşlar. Yerli əhali arasında indiyədək işlədilən "Dadaş bağı", "Salman bağı", "Hacı bağçası" (tatca: "Bağça Həci"), "Murad bağı", "Məmmədağa qoruğu", "Axundun arıçılıq sahəsi" (tatca: "Əngəlu Axund"), "Talıbın arıçılıq sahəsi" (tatca: "Əngəlu Talıb") və sair yer adları o dövrlərdə yaranıb və ərazidə məskunlaşmış insanların məşğuliyyətini göstərir.
Kəndin böyük biçənək sahələri olan "Güləvaxt" adlanan ərazisində isə ilk zamanlarda ot biçini ilə məşğul olublar. Həmin məkan geniş əraziyə malik düzənlikdən ibarət olub. Düzənliyin əhatə etdiyi sahələr əvvəlcə tam boş idi, orada hələ yaşayış da yox idi. Oradakı biçənək sahələri hər ilin bahar aylarında gül-çiçəyə bürünürdü. Sahələri biçən insanlar isə uzaqda yaşadıqlarına görə biçənəklərin olduğu ərazidə görüləcək yeganə təsərrüfat işini-otların biçilməsi işini məhz düzənliyin gül-çiçək vaxtında yerinə yetirirdilər. Bu səbəbdən həmin düzənliyə “Güləvaxt” adı verilmiş və “gül-çiçək vaxtında işlər görülən yer (ərazi)” mənasında işlədilmişdir. (Sonralar bu söz tat dilində müəyyən dəyişikliklərə uğrayaraq yerli əhali arasında əvvəlcə "Güləvəxt", hal-hazırda isə əsasən "Kuləvəxt" kimi işlədilir). 17-ci əsrin sonu və 18-ci əsrin əvvəllərindən insanlar düzənliyin bir hissəsində daimi məskünlaşmış və "Güləvaxt" düzənliyi ilə eyni ad daşıyan yeni oba yaranmışdır.
Sovetlər dönəmində kolxoz quruculuğunun elə ilk illərində Kələnov kəndinin əhatə etdiyi ərazilərdə Kalinin adına kolxoz təşkil olunmuşdur.Saf əqidəli,nurani və mömin bir insan olan Məmmədağa kişi kolxozun ilk sədri seçilmişdir. O zamanlar mürəkkəb,ziddiyyətli proseslər getdiyinə, müəyyən qadağaların qoyulduğuna baxmayaraq, uşaqlıqdan ibadətlə məşğul olan Məmmədağa kişi ən çətin dövrlərdə də namaz qılmaqda, islamın buyurduğu bütün işləri görməkdə davam etmişdir. Sonrakı dövrlərdə kolxoz sədri vəzifəsini Şəmsəddin Seyidov, Seyfulla Həlimov, Qədiməli Əmirov və başqaları icra etmişlər.
Şahidlərin söylədiklərinə görə Kalinin kolxozu rayonda nümunəvi təsərrüfat sayılırdı, orada insanlar arasında mehribanlıq, səmimiyyət var idi, nizam-intizam var idi, ümumiyyətlə isə digərlərindən fərqli olaraq, Kələnovda, o cümlədən onun kolxozunda həmişə çörək, xeyir-bərəkət və insanlara qayğı çox olmuşdur. Hətta ağır dönəmlərdə - aclıq, müharibə, dağıntı illərində yaxın və uzaq yaşayış məntəqələrindən xeyli sayda insan, xüsusən uşaqlar, qocalar, qadınlar buraya pənah gətirmiş və onlar burada ayrı-ayrı ailələrin himayəsinə götürülərək həm kolxozdan, həm də kəndin xeyirxah insanlarından aldıqları lazımi köməklik sayəsində yaşaya bilmişlər. Kolxoz indiki Vəlvələ İƏD-nin ərazisini də əhatə edirdi. Müharibədən sonra 60-cı illərin ortalarınadək orada taxıl, çəltik, qargıdalı, bostan bitkiləri əkilib becərilirdı. Maldarlıq da əsas təsərrüfat sahələrindən sayılırdı. Sovxozun bir neçə yerdə maldarlıq fermaları, qoyunçuluq təsərrüfatları, anbarları var idi. 50-60-cı illərdə həmin ərazinin geniş sahələrində Kalinin sovxozunun fəhlələri tərəfindən böyük bağ sahələri salınmışdır. Sonradan isə Sovxoz bölündüyünə görə bu bağlar Səməd Vurğun sovxozu üçün qalmışdır. Nəticədə həmin bağları salmış insanlar Zərqava sovetliyinin ərazisində yenidən bağ sahələri yaratmalı olmuşlar.
Ölkə miqyasında kolxozların iriləşdirilməsi zamanı Zərqava sovetliyi ərazisində yaradılmış vahid kolxoza Kalinin adına kolxozun adı verilmişdir. Ayrı-ayrı illərdə Camal Cəfərov, Həmdulla Şükürov, Teymur Zamanov, Niftalı Sultanov, Dünə Əliyeva, Sabir Qazıyev bu kolxozun sədri olmuşlar. Həmin kolxoz 1964-cü ildə eyni adlı sovxoza çevrilmişdir. Zərqava sovetliyi ilə yanaşı, sonralar yaradılmış Vəlvələ sovetliyinin də əhatə etdiyi ərazilər Kalinin adına sovxozun təsərrüfatçılığında olduğuna və belə böyük təsərrüfatın idarə edilməsində çətinliklər yarandığına görə Gədik Sirti adlanan yüksəklikdən Zərqava kəndinə qədər olan ərazidə sovxozun 2 nömrəli şöbəsi yaradılmışdır. Bu şöbənin müdiri vəzifəsini Ələkbər Bayramov yerinə yetirmişdir. Sovxozun həmin şöbəsi 4 ilə yaxın fəaliyyət göstərmişdir.
1968-ci ildə ərazinin yerli idarəetmə sistemində dəyişiklik baş vermişdir. Zərqava sovetliyi ərazisinin bir hissəsində yeni inzibati ərazi vahidinin - Vəlvələ sovetliyinin yaradılması ilə əlaqədar sovxoz 2 yerə bölünmüşdür. Bölünmüş Zərqava sovetliyinin ərazisi əvvəlki kimi Kalinin adına sovxoz olaraq qalmış və yeni yaradılmış Vəlvələ sovetliyinin ərazisində isə ayrıca bir təsərrüfat - Səməd Vurğun adına sovxoz yaradılmışdır. S.Vurğun adına sovxozün ilk direktoru Sabir Qazıyev olmuşdur (onun ardınca bu sovxoza 1996-cı il islahatlarına qədər olan dövrdə Ədilşah Cümşüdov, Əhəd Məmmədov, Tofiq Mirzəyev, Firdovsi Məmmədov, Aslan Tahirov, Səfər Bayramov rəhbərlik etmişdir). Dəyişiklikdən sonra Kalinin adına sovxozda direktor vəzifəsini əvvəlcə Nizaməddin Ağayev, sonrakı müddətlərdə isə Seyidbaba Qasımov, Tofiq Xəlilov, Şıxəli Hacıbabayev, Həsən Günəşli, Səfər Bayramov və Hüseyn Kərimov icra etmişlər. 90-cı illərin 1-ci yarısında Kalinin sovxozu “İstiqlal” sovxozu adlandırırlmışdır. 1996-cı ildə aqrar islahatların həyata keçirilməsi ilə əlaqədar sovxoz ləğv olunmuş və onun torpaqları, əmlakı ərazidə yaşayan insanlar arasında bölüşdürülmüşdür.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kələnov oyk, mür. Quba r-nunun Zərqova i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Ehtimal olunur ki, Oykonim kələ (tat dilində "kələ", "kələhə" sözündən olmaqla, "böyük", "əsas", "çox" ) və nov ("su mənbəyi, su olan yer", "nohur", "gölməçə") sözlərindən düzəlməsindən əmələ gəlmişdir, "böyük nohur, böyük gölməçə, çox su yığılan yer" mənasındadır. Vaxtilə bir-birinə yaxın olan bulaqların suyu eyni yerə axıb toplanmaqla böyük nov-böyük nohur, böyük gölməçə, su mənbəyi (su yığılan yer) əmələ gəlməsi ehtimal edilir. "Kələnov" adının yaranması da məhz bu faktla bağlıdır. Lakin Ərazinin relyefi dağətəyi maili olduğu üçün ərazidə nöhurun yaranması və kəndin adın ondan formalaşması ehtimalı azaldır. Daha bir ehtimal vardır ki, o da həqiqətə daha yaxındır, "kəl"(camışın erkəyi) və "nov" (böyük ağac materialından içi yonulmaqla hazırlanmış çoxlu heyvanın eyni anda su içə biləcəyi enli uzun su qabı) sözlərindən əmələ gəlməsidir. Ərazi qışlaq yeri olduğundan burada camışçılıq təsərrüfatı olmuş və kənd təsərrufatında kəllərdən daha geniş istifadə olunmuşdur, hətta Böyük vətən müharibəsi dövründən qabaq və ondan sonrakı dövrlərdə əkinçiliklə məşğul olan əhali kolxoz təsərrüfatı dövründə yer şumlanmasında kəllərdən istifadə etmişdilər, yəni "kəllərin su içdiyi nov" kimi tərcümə edilə bilər. Həqiqətən də son illərə qədər yaxın ətrafda ən çox camış saxlanılan kənd olmuşdur. Daimi su mənbəyinin olması və əlverişli şəraitin mövcudluğu sayəsində bu ərazi bir neçə əsr öncə bağ-bostan, maldarlıq və digər təsərrüfat növləri ilə məşğul olmaqdan ötrü insanların diqqətini cəlb etmiş və onlar burada əvvəlcə mövsümi, sonra isə daimi məskən salmışlar. "Kələnov" sözünün meydana gəlməsində əsas olmuş böyük novun və su yığılan yerin qidalandığı O vaxtkı bulaqlar indi də var. Əvvəlki dövrdən fərq yalnız bundadır ki, hazırda həmin bulaqların suyu böyük novlara deyil, yerli sakinlərin rahatlığı üçün su boruları vasitəsilə onların şəxsi həyətlərinə axır. Toponim kəndin salındığı ərazini relyef cəhətdən təsvir edir.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 369 nəfər əhali yaşayır.[2] Əhali tatlardan ibarətdir. Yerli əhali arasında keçən əsrdə müəyyən səbəblərə görə miqrasiya prosesləri getmişdir. Əhalinin müəyyən hissəsi ötən əsrdə kənddən köçmüşdür. Bundan savayı, Kələnova aid edilən ərazilərdə 19-cü əsrin 2-ci yarısından 20-ci əsrin 60-cı illərinədək 3 yaşayış məntəqəsi – Güləvaxt, Əliqulu və Həsəngeri adlı kiçik kəndlər mövcud idi və əvvəlki əsrin ayı-ayrı dövrlərində oradan da xeyli sayda əhali həmişəlik getmişdir.
Prosesin ilk böyük dalğası 20-ci əsrin 40-cı illərinədək olan müddət ərzində məhz həmin zamanlarda cərəyan etmiş təlatümlərlə, mürəkkəb hadisələrlə bağlı olmuşdur.Nəticədə müəyyən sayda ailələr bu yerlərdən köçüblər. İkinci dünya müharibəsi zamanında isə böyük sayda cavanlar müharibəyə gedərək qayıtmayıblar. Həm müharibə dövrünün, həm də ondan sonrakı dövrün ciddi çətinlikləri ilə əlaqədar daha bir qrup əhali həmin yaşayış məntəqələrini tərk etmişdir. 50-ci illərdə və 60-cı illərin əvvəllərində isə bu kəndlərdə əhali axınının yeni dalğası baş vermişdir. Kəndlər perspektivsiz hesab edildiyindən və köçmək zərurəti ortaya atıldığından Güləvaxt və Əliqulu kəndləri əhalisinin hamısı, Həsəngeridəki əhalinin isə bir hissəsi miqrasiya etmək zorunda qalıblar. Əslində adı çəkilən kəndlər gözəl yerlər sayılırdı, təsərrüfat fəaliyyəti üçün əlverişli idi.
Güləvaxt obası hündür ərazidəki düzənlikdə yerləşirdi, çox mənzərəli yer idi.Oradan ətrafa açılan xoş mənzərə indinin özündə də ruh yüksəkliyi yaradır, insana müsbət enerji verməklə yaşamaq,qurub yaratmaq meylini artırır. Oranın sakinləri bağçılıq və taxılçılıqla məşğul olurdular, geniş otlaq sahələri movcud olduğuna görə obadan böyük mal-qara qoyun sürüləri çıxırdı. Lakin son axın zamanı ailələrin çox hissəsi Çayqışlaq, Bərqov, Zərqava kəndlərinə, az hissəsi isə Kələnovun özünə köçdüyü üçün bu oba tam boşalmışdır.
Əliqulu obası da (tat dilində obanın adı “Əliqulu”lu və ən çox isə qısaca “Əlqullu” kimi işlədilir) səfalı yerlərdən idi. Təbiət öz gözəlliklərini bu yerdən əsirgəməmişdi. Hər tərəfdən bağlarla və yaşıllıqlarla haşiyələnmişdi.Əhalisi təsərrüfat işləri ilə çox fəal məşğul olurdu. Perspektivsiz kəndlər məsələsi Əliqulu sakinlərinin də miqrasiyasını labüd etmişdir. Onların yalnız bir qismi Kələnova əksəriyyəti isə Qubanın, Xaçmazın, Abşeronun ayrı-ayrı yaşayış məntəqələrinə köçüblər. Nəticədə Əliquludakı (tatca Əlqullu adlanan) yurd yeri birdəfəlik yox olub getmişdir.
Əhalisinin müəyyən hissəsi miqrasiya edən Həsəngeri obasından və təbiətin bu dilbər guşəsindən nisbətən geniş bəhs etmək lazımdır. Həsəngeri gözəl təbiətə malik yer olub və indiyədək qalmaqdadır, çoğrafi yerləşməsi baxımından sehirli nağıllar aləmini xatırladır, iri sal daşın içərisindən süzülüb gələn buz kimi soyuq suyu olan bulağı vardır və yaxın ərazilərin əhalisi hətta ən sərin suları içərkən soyuqluğuna görə onları Həsəngeri bulağının suyuna bənzədərək müqayisə edirlər. O vaxtlarda Həsəngeri kənd təsərrüfatı üçün əlverişli məkan olduğundan burada arıçılıq, bağçılıq, heyvandarlıqla məşğul olan çoxlu sayda ailə təsərrüfatları cəmləşmişdi. Lakin 50-60-cı illərdə hökm sürən perspektivsiz kəndlərlə bağlı ədalətsiz yanaşma Həsəngeri obasından da yan keçmədi. Əhalinin müəyyən hissəsi yaxın və uzaq yaşayış məntəqələrinə köçməli oldu. Yerli sakinlər arasında güclü,kəsərli söz sahibləri sayılan Abdal kişinin və Nəcmulla kişinin yalnız qətiyyəti, məntiqli əsaslandırmaları, aidiyyətli təşkilatların nümayəndələrini inandıra bilmək bacarıqları sayəsində Həsəngeri yaşayış məskəni tam boşalmaq təhlükəsindən xilas oldu.Nəticədə əhalinin bir hissəsi burada qaldı və yaşayış məntəqəsi də öz movcudluğunu indiyədək qoruyub saxladı.
Beləliklə xeyli əhalinin yaşadığı 2 oba bütünlüklə yox olub getmiş,onların adları yalnız yaşlı nəsil tərəfindən xatırlanır. Həsəngeri isə qismən qalmışdır. Adları sadalanan hər 3 obadakı yurd yerləri vaxtilə buralardan köçmüş insanların yaddaşlarında əbədi və şirin bir xatirəyə çevrilmiş və həmin xatirələr zaman-zaman yeni nəsillərə ötürülməkdədir. Ümumiyyətlə isə baş vermiş proseslər Kələnov əhalisinin sonrakı sayına da öz təsirini göstərmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |