Kəngərli eli — Vikipediya

Kəngərli eli və ya Kəngərli tayfasıAzərbaycan türklərinin etnogenezində iştirak etmiş türk mənşəli tayfalardan biri. Kəngərlilərin varislərinin bir qismi hal-hazırda Azərbaycan Respublikasında və İranın müxtəlif regionlarında yaşamaqdadırlar. Onlar Səfəvi imperiyası dövründə əsas Qızılbaş tayfalarından biri olan Ustaclıların bir tirəsini təşkil etmişdirlər.

Pierre Oberlingə görə, bu tayfanın digər adı KungurluKəngərlü formasında keçməkdədir. O, Rasonyiyə[1] istinad edərək Kəngər adının Peçeneqlərin bir qolunun adı olduğunu yazsa da, Zəki Vəlidi Toğanın bu ikisi arasında hər hansısa əlaqənin görünmədiyini bildirdiyini də qeyd etmişdir.[2] Kəngərlilər Səfəvi imperiyası zamanı Qızılbaş tayfa konfederasiyasını təşkil edən Ustaclı tayfasının ən böyük tirələrindən biri olmuşdurlar.[3][4]

Rus etnoqrafı Şopen hesab edirdi ki, genişərlilər Naxçıvana Şimaldan gəlmiş peçeneqlərin və ya Kumanların nəslindəndirlər ki, bu da onların şimal tipi ilə təsdiqlənir. Bu ideyanı dəstəkləyən bir material salnamədə də keçməkdədir. Salnaməyə görə, berendeylər, qarabörklülər, torklar və digər kanqlılar qışı Biçinakda keçirirmişlət, tatarlar da geniş sahələri biçənək adlandırdığı üçün onları da peçeneqlər və ya polovtsilər adlandırırmışlar. Burada adıkeçən kanqlılar da kəngərlilər olması güman edilir. Bu tayfaya mənsub olan ziyalılar bu ididaları, yəni tayfanın Azərbaycana şimaldan gəlmə ehtimalını rədd edirlər. Onlar əcdadlarının Azərbaycana İran vasitəsiylə Türküstandan gəldiklərinə inanırlar.[5] Smirnovun bir başqa iddiasına görə, kəngərlilər və bir digər türk tayfası olan sabirlərin adı Strbon və plini kimi müəlliflərin əsərlərində də keçməkdədir. Bu müəlliflər e.ə. I əsrdə yaşamışdırlar. Həmçinin Kəngərli adına Dədə Qorqud dastanında da rast gəlinməkdədir. Dastanda tayfanın adı kanqlı deyə keçməkdədir. O, bir nəzəriyyəyə görə, IV əsrdə Muğan düzünün cənubunda yaşayan hunlar arasında kəngərlilərin də əhəmiyyətli yer tutduğunu bildirir. Smirnov, həmçinin Naxçıvan bölgəsinin əsl yerli əhalisinin kəngərlilərdən olduğunu da yazmaqdadır.[6]

Bizans tarixçisi Konstantin verdiyi məlumatda bildirir: "948–952-ci illərdə Yavdiertim, Kuvarçicur, Kabukşinyula adlı üç vilayət peçeneqlərin digər peçenəqlərlə müqayisədə daha mərd və nəcabətli olmalarına görə xəngər ləqəbi daşıyırdı."[7]

Səfəvi dövründə

[redaktə | mənbəni redaktə et]

Səfəvi dövrünün bir çox məşhur sərkərdəsi Kəngərli tayfasına məxsus olmuşdur. İlya Petruşevski qeyd edir: "Zəngin Naxçıvan ölkəsi qızılbaş ustaclı tayfasının bir qolu olan kəngərli tayfasının irsi ölkəsi idi."[8] Şəhrivarın və Vəraminin 1526-1527-ci illərdə hakimi olmuş Əhməd Soltan Kəngərli də bu tayfaya məxsus idi. 1530-1540-cı illərdə Astrabadın hakimi olmuş Sədrəddin xan Kəngərli da bu tayfanın mənsubu idi və iki özbək hücumunun dəf edilməsində aktiv iştirak etmişdi. Özbəklərə qarşı döyüşmüş bir digər Kəngərli sərkərdəsi 1590-cı illərdə Tun və Tabasın hakimi olmuş Mustafa bəy Kəngərlidir. O, özünün azsaylı Ustaclı qüvvələri ilə birlikdə özbəklərin çoxsaylı qüvvələrinə qarşı cəsur bir müqavimət təşkil etmiş, nəhayət 1594-cü ildə məğlub olduqdan sonra edam edilmişdir. İsgəndər bəy Türkman Şah I Abbas dövrünün məşhur sərkərdələri siyahısına. Maqsud Soltan Kəngərlini də daxil etməkdədir. 1604-cü ilin iyun ayında qızılbaşların Naxçıvanı ələ keçirməsindən qısa müddət sonra o, I Abbas tərəfindən buranın hakimi təyin edilmişdi. növbəti il böyük Osmanlı hücumu başladığı zaman I Abbas Maqsud Soltana əyalətin əhalisini tez bir zamanda Arazın cənubuna köçürməyi əmr etmişdi.[4]

Ənvər Çingizoğlu Kəngərlilərin bir qolunun Astarabad bölgəsində yaşadıqlarını təstiqləməkdədir. O, Kəngərlilərin məşhur əmirləri arasında I Təhmasibə xidmət etmiş Xəlil ağa, Murad bəy (şahdan əvvəlcə soltan, daha sonra da xan titulu almışdır) ilə Cəfər bəyin adını çəkir. Cəfər bəy 1562-ci ildə Osmanlı sarayına göndərilmiş elçilik heyətində iştirak etmişdir. Cəfər Soltanın Bəylərverdi bəy və Allahqulu bəy adlı övladları olmuş, Bəylərverdi Şah Məhəmməd Xudabəndə dövründə xəlifə titulu almış, Allahqulu bəy I Abbas dövründə də şahın xidmətində olmuş və ondan soltan titulu almışdır. Kəngərli əmirlərindən biri də Mahmud Soltan idi. Onun oğlu Nadir bəy Şah Səfinin dövründə Naxçıvanın hakimi olmuşdu. Muradxan bəy Kəngərli 1668-ci ildə Naxçıvanın hakimi olmuş, onun oğlu Əliqulu bəy II Abbasın dövründə həyata keçirilən Gürcüstan yürüşlərinə qatılmışdır. Öncə soltan, daha sonra xan titulu alaraq atasından sonra Naxçıan hakimi təyin edilmişdir. Kəngərli oymağının tanınmış əmirlərindən biri də Murtuzaqulu xandır. Murtuzaqulu xan Astrabad vilayətinin hakimi olmuşdu. Murtuzaqulu xanın Səfiqulu xan, Vəliqulu xan, Heydərqulu xan, Abbasqulu xan oğulları, Şahşərəf xanım, Fəxri xanım, Nəşidə xanım, Sitarə xanım, Xurşidbanu xanım və Soltan xanım adlı qızları vardı. Murtuzaqulu xanın oğlu Səfiqulu xan Şah Sultan Hüseyn dövründə Naxçıvan hakimi təyin edilmişdir. Kəngərli bəylərindən olan Əliməhəmməd bəyin oğlu Məhəmmədkərim bəy II Abbas dövründə Kəngərli oymağının rəhbəri təyin edilmişdi. Onun soyu sonralar Kərimsultanlı adlandı. Kəngərli oymağının səsli oğullarından biri də Məhəmmədrza bəydir. Məhəmmədrza bəy öncə sultan, sonra xan ünvanı almışdı. 1678-ci ildən 1691-ci ilədək Naxçıvanın hakimi olmuşdu. Əqidəli insan kimi tanındığına görə Şah Sultan Hüseynin dövründə xəlifətülxülafə vəzifəsinə təyin edilmişdir. Səfəvilərin hakimiyyətinin sonuna doğru Kəngərlilər Ustaclı tayfasının tirəsi olmaqdan çıxaraq ayrıca tayafaya çevrildilər. Ənvər Çingizoğlu bu tayfaya daxil olan oymaqlar kimi bunlaı göstərir: bəydili, qaracadağlı, yurdçu, qaradolaq, sarvanlar, xalxal, pirhəsənli, qızıllı, ağabəyli, salahlı, həmən, qaraxanbəyli, hacılar, cəmşidli, bilici, qızılqışlaq, cağatay, qaracallı, kəlfirli, ərəfsəli, əlixanlı, qarabulaqlı, qarahəsənli, rəiyyətli, tatarlı, bulaqarlı, didvarlı, ələkbərli, kərəmpa, kürdmahmudlu və başqa oymaqları vardı. Kəngərli eli Səfəvi imperiyasının dağılmasından sonra Naxçıvanda müstəqil xanlıq qurmuşdu.[9]

Müasir dövrdə

[redaktə | mənbəni redaktə et]

XX əsrin ortalarında Qaradağ tayfalarından olan Hacıəlililərin Kəngərli adında tirəsi mövcud olmuşdur. 1960-cı ildə onların sayı təxminən 25 ailə idi. Kəngərli adında kənd Meşkinşəhrin 24 km şimalında yerləşməkdədir. Oberling, bu kəndin sakinlərin gümanki 1604-cü ildə Qaradağa köçürülmüş və orada qalmış kəngərlilərin varisləri olduğunu güman edir.[4] Kəngərlilərin bəziləri Cənubi Azərbaycanın qərb bölgələrində yerləşmişdirlər. Məftun Dünbüli və Vəliyev-Baharlı onlardan bir qrupunun adını çəkmişdir. Xoy və Salmasda yaşayan bu kəngərlilərin eyni adda kəndləri hələ də qalmaqdadır. Bir digər qrup isə Təbriz-Miyana yolunda, Bostanabadın şərqində yaşamaqdadır və yenə də kəndin adı Kəngərli adlanmaqdadır. Hər iki qrupun indi yaşadıqları yerə nə zaman gəlmələri bəlli deyil.[4]

İranın mərkəzindəki Qum-Vəramin bölgəsində də kəngərlilərin bir qrupu yaşamaqdadır.[4] Jouanninə görə, 1809-cu ildə onların sayı 1000 nəfər olmuşdur.[10] 1849-cu ildə M. L. Sheil yazır ki, Kəngərli qrupu Dəmavənd ərəbləri və Qaraçorluların bir qrupu ilə birlikdə 1000 ədədlik çadır və evlərdə yaşamaqda idi.[11] lakin S. I. Bruk 1950-ci illərin sonlarında hesab edirdi ki, kəngərlilərin İrandakı ümumi sayı 30.000 nəfərdir.[12] Bu rəqəm Oberlingə şişirdilmiş gəlməkdədir. Bu kəngərlilərin həmin bölgədə 1520-ci illərdən, yəni kəngərlilədən olan Əhməd Soltanın buranın hakimi olduğu zamandan məskunlaşdığı güman edilir.[4]

Şimali Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

Oberling bir çox kəngərlinin Arazın şimalında 1500-cü ildən sonra məskunlaşdığını güman edir. Çünki bu zaman Ustaclılar müasir Azərbaycan Respublikası ərazisinə doğru hərəkət etmişdirlər. XIX əsrin əvvəllərində J.M. Jouannin kəngərliləri indiki Arazın şimalında məskunlaşan kiçik tayfalardan biri kimi təsvir etmişdir. O, onların sayının 4-5 min nəfər olduğunu yazmışdır.[13] 1921-ci ildə Məhəmmədhəsən bəy Vəliyev-Baharlı yazırdı ki, Göyçay, CavanşirŞuşa ətrafında kəngərlilər yaşamaqdadır. Oberling onların I Abbas dövründə Arazın cənubuna keçməyə məcbur edilmiş, lakin II Abbasın dövründə sərhəd bölgələrinin yenidən əhali ilə məskunlaşdırılması siyasətinin izlənilməsindən sonra köhnə yerlərinə qayıdan kəngərlilərin varisləri hesab edir.[4] Hal-hazərda Şimali Azərbaycanda və ya Azərbaycan Respublikasının ərazisində bir çox yer adları kəngərlilərlə bağlıdır. Bunlara misal olaraq Naxçıvanda Kəngərli rayonunu, Ağdam rayonunun Salahlı Kəngərli və Qızıl Kəngərli kəndlərini, TərtərAğdam rayonlarındakı Kəngərli kəndlərini, KürdəmirTərtər rayonlarındakı Bala Kəngərli kəndlərini, Kürdəmirdəki Böyük Kəngərli və s. göstərmək olar.

Naxçıvan xanlığı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Naxçıvan xanlığı
border=none Əsas məqalə: Naxçıvanskilər
Əhməd xan Naxçıvani polkovnik ikən.

Nadir şah imperiyasının parçalanmasından sonra Şimali Azərbaycanda əsası qoyulan xanlıqlardan biri də Naxçıvan xanlığıdır. Xanlığın əsası Kəngərli tayfası tərəfindən qoyulmuşdur. Xanlığın əsasını qoyan Heydərqulu xan Kəngərli bu tayfaya məxsus idi. Xanlıq sonradan Rusiya imperiyası tərəfindən işğal edilmiş, xan ailəsinə məxsus olan şəxslər Rusiya imperiyası ordusunda yüksək rütbəli zabitlər kimi xidmət etməyə başlamışdırlar. Kəngərlilərin ən tanınmış nümayəndəsi Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli Xan Kəngərli, onun oğlanları: Şeyxəli xan KəngərıiEhsan Xan Kəngərli, onların da oğul və nəvələri - KəlbəlixanovlarNaxçıvanskilər olmuşlar. Bu ailədən çox yüksək rütbələrə qədər çıxa bilmiş və göstərdiyi rəşadətə görə xeyli məşhurlaşmış generallar çıxmışdırlar. Bunların sırasına sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu tam süvari generalı Kəlbəli xan Naxçıvanskini, onun oğlu tam süvari qoşunu generalı, Rus İmperator Ordusunda ilk və yeganə müsəlman general-adyutant Hüseyn xan Naxçıvanskini, qardaşı tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskini, Cəmşid Naxçıvanskini, Ehsan xan Naxçıvanskini və s. göstərmək olar.[14][15][16][17][18][19][20]

Kəngərli tayfasından olan Əhməd xan Naxçıvani Pəhləvi İranında yüksək rütbəli hərbçi vəzifəsinə yüksəlmiş və 1941-ci ilin avqustunda İran Sovet İttifaqı-Böyük Britaniya tərəfindən işğal edilənə qədər ölkənin müdafiə naziri olmuşdur. Əhməd xan Naxçıvani Təbrizdə doğulsa da, əslən Naxçıvan xanları ailəsindən idi. Onun atası Əli xan Naxçıvani də general kimi Qacar sülaləsinə xidmət etmişdi.[21]

Kəlbəli xan Kəngərli
 
 
Ehsan xan Kəngərli
(1789—1846)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

İsmayıl xan
Naxçıvanski

(1819—1909)

Kəlbəli xan
Naxçıvanski

(1824—1883)

Qönçəbəyim
(1827—?)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ehsan xan
Naxçıvanski

(1855 — 1894)
 

Cəfərqulu xan
Naxçıvanski

(1859—1929)

Hüseyn xan
Naxçıvanski

(1858-1919)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Kəlbəli xan
Naxçıvanski

(1891—1931)
 

Cəmşid
Naxçıvanski

(1895—1938)
Davud xan
Naxçıvanski

(?—1934)


Kəngərli süvariləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Kəngərli süvariləri

Kəngərli süvariləri — 1828-1856-cı illərdə rus ordusunda kəngərlilərdən və ya azərbaycanlılardan[22] ibarət ordu birliyidir. Naxçıvanlı Ehsan xanın başçılığı altında Rusiya-Osmanlı müharibəsində iştirak etmişdilər. 1829-cu il döyüşlərində fərqləndiklərinə görə bütün Zaqafqaziya müsəlman süvari alayları, o cümlədən Kəngərli süvariləri 1830-cu il oktyabrın 26-da xatirə bayraqları ilə təltif olundular. I Nikolayın əmrinə əsasən, Kəngərli süvarilərinə göstərdikləri şücaətə görə fəxri bayraq verilmiş, onun yaşıl parçasında Dövlət Gerbi və I Nikolayın monoqramı təsvir edilmişdir. 1854-cü ilin iyununda Krım müharibəsi zamanı Çınqıl yüksəkliyi uğrunda gedən döyüşlərdə II Kalbalı Kəngərli igidlik nümunələri göstərmiş, buna görə IV dərəcəli Georgi ordeni ilə təltif edilmişdir. Həmin il imperator I Nikolay Kalbəli xana döyüş bayrağı göndərdi. Ölçüsü 145x120 sm olan bu dördbucaqlı pankart göy rəngdə, ipək parçadan tikilmiş, üz və arxa tərəflərində təsvirlər və yazılar vardır. Hərbi fəaliyyətin bitməsi ilə, 1856-cı ilin 30 avqustunda Kəngərli süvariləri birliyi ləğv edildi.[23][22]

Elin oymaqları

[redaktə | mənbəni redaktə et]

Kəngərli eli bir çox qollara bölünmüşdü. Oymaq, tayfa və tirələrin ayrıntısı.

  1. Rásonyi, 1971. səh. 131
  2. Togan, 1970. səh. 100
  3. Reid, 1983. səh. 114-21, 196-97
  4. 1 2 3 4 5 6 7 Oberling, 2010. səh. 495
  5. Смирнов, 1934
  6. Смирнов, 1934. səh. 2
  7. Nəzirli, 1999. səh. 6
  8. Петрушевский, Илья. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-начале XIX вв (PDF). Баку: Изд-во Ленинградского Государственного Ордена Ленина Университета им. А. А. Жданова. 1949. səh. 136. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-31.
  9. Ənvər Çingizoğlu. "Qaradağlılar/Kəngərli oymağı". www.ensiklopediya.az. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2023.
  10. Dupre, 2010. səh. 460
  11. Sheil, 1856. səh. 397
  12. Bruk, 1960. səh. 32
  13. Dupre, 2010. səh. 459
  14. "Kəngərli sülaləsinin sonuncu generalı". www.yeniazerbaycan.com. 23 avqust 2023. 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2023.
  15. "Kəngərlilər-hərbçilər nəsli - Naxçivanski soyadlı generallar haqqında bir neçə söz". ovqat.com. 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2023.
  16. "General-mayor I Ehsan xan Naxçıvanski (Kəngərli) ilə general-feldmarşal İvan Paskeviç necə yaxınlaşdılar". xalqqazeti.com. 2012. 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2023.
  17. Musa Quliyev. "General-mayor Ehsan xan Naxçıvanski ilə bağlı yeni aşkarlanan sənədlər". 525-ci qəzet. 30 iyun 2016. 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2023.
  18. Musa Quliyev. "Bir fotonun taleyi, yaxud İsmayıl ağa Kəngərlinin ömür yolu haqqında qeydlər". 525.az. 2016. 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2023.
  19. Иванов, 2006
  20. Нагдалиев, 2006. səh. 84-85
  21. Ənvər Çingizoğlu. "Əhməd xan Naxçıvanski kimdir?". reyting.az. 2020. 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2023.
  22. 1 2 Исмаилов, 2005. səh. 95
  23. Гулиев, 2015. səh. 95