Məlik Yeqan — Vikipediya
Məlik Yeqan | |
---|---|
1737 – 1744 | |
Sonrakı | Məlik Aram |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1744 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Qukas Loris Məlikyan |
Uşaqları | Aram, İsay, Bahtam, Yusif, Bağır, Arakеl, Səfər, Bağum, Vеrt |
Dini | Erməni Həvari kilsəsi |
Məlik Yeqan (Tuğ – 1744, Tuğ) — dövlət xadimi, Dizaq mahalının məliki, Məlikyeqanovların, Məlik-Aslanovların və Məlikabbasovların ulu babası.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Məlik Yeqan Luka oğlu Qarabağ bəylərbəyliyinin Loru qəzasının Artu kəndində anadan olmuşdu. Bəzi tarixçilərə, xronistlərə görə Məlik Yeqanın doğum yeri fərqlidir. Bir çox tarixçilərin tanıqlığına görə Məlik Yeqan Dizaq mahalına Gəncə-Qarabağ bəylərbəyliyinin Loru nahiyəsindən gəlmişdir. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği yazır: "Bu mahalların biri—Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O, Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır".[2]
Məlik Yeqan 1717-ci ildə Tuğ kəndinə köçmüşdü.
Tarixçi Mirzə Yusif Qarabaği isə Məlik Yeqanın Rumdan gəldiyini qeyd edir.[3]
Məlik Yeqan öncə Tuğ kəndinin kovxası olmuşdu.
Rusiya çarı I Pyotr Məlik Yeqana general-mayor rütbəsi vermişdi.[4].
Məlik Yeqan Loru mahalından gələndən sonra kənd icmasının yığıncağı ilə kovxa vəzifəsinə seçilmişdi. Bu barədə bir bilgi var. Həmin bilgini yazımıza köçürürük.
Tuğ kəndində Məlik Yeqanın sarayında bir daş kitabə var. Kitabədə yazılır: "Mən vardapet Qukasın oğlu, adım Məlik Yeqan, xalqın toplantısı ilə başçı seçildim. Bundan sonra xalq sakitləşdi. Sonra (şah) Sultan Hüseyn Avşar oğlunu Qatmışa basqın etmək üçün 3 dəstə ilə göndərdi. O, məni tapdı: - Yeqan sənsənmi? Və məni məlik təyin etdi. Sonra Osmanlı gəldi, Ağvanı tutdu. O da basqın etmək üçün dəstə göndərdi. Mən Ağvanı əsirlikdən qurtardım... Aclıq yoğun ağaya böyük zərbə vurdu. Qüdrətli Nadir şah hökmdar oldu. Bu ölkəni Osmanlıların əlindən güc işlədib qurtardı. Yenə də basqın üçün dəstə göndərdi. Talış, Çalaberd, Xaçın, Vərəndə, Köçəz və Dizaqda olan xristian xalqı mənə bağışladı, bəylərbəyinin əvəzinə hakimiyyəti mənə verdi..." [5]
Siyasətçi və bacarıqlı bir şəxs olan Məlik Yeqan Nadir şah Qırxlı-Avşarın qəlbini ovlayıb, tovlamışdı. Nadir şah Dizaq məliyinin xətrini çox istəyirdi və ona "babalıq" deyə müraciət edirdi. Tarixçi Mirzə Yusif Qarabaği Nadir şahla Məlik Yeqanın arasında keçən bir çox əhvalatları adı keçən əsərinə köçürmüşdür. Biz də onun yazılarına dirsəklənib gülləmə eləyirik.
...Qış fəslində Nadir şahın ordusu Muğanda idi. Bir gün Nadir şah Məlik Yeqanı yanına çağırıb imtahan üçün ondan göbələk istədi. O da "Baş üstə" deyib şahın yanından getdi. Əyanlar və kəndxudalar ona dedilər ki, nə üçün şahın bu çətin tələbini qəbul etdin. Məgər ilin bu vaxtında göbələk tapılarmı? Məlik Yeqan isə cavabında dedi: "Bu sizin işiniz deyil, necə cavab verəcəyimi özüm bilirəm". Beləliklə o, bir neçə gündən sonra şahın qulluğuna gedib dedi: - Sizin əmrinizə görə mən dağlara adam göndərdim, lakin göbələk bitən yerləri indi qar basdığından göbələk tapmaq mümkün olmamışdır.
Nadir şah Məlik Yeqanın belə itaətkar olduğunu görüb çox xoşu gəldi və dedi: "Babamsan, babam. Mən də bilirdim ki, bu mövsümdə göbələk olmaz, ancaq sizin nə dərəcədə ağıllı və itaətkar olmağınızı yoxlayırdım..."[3]
Nadir şah Qarabağın bəylərbəyi Uğurlu xanı gözdən salandan sonra beş alban-xristiyan məlikliyi, Xəmsə üçün onların böyükləri arasından bir zabit seçdi. Bu zabit Məlik Yeqan idi. Məlik Yeqan Qarabağ bəylərbəyliyinə deyil, Təbriz bəylərbəyinə haqq-hesab verirdi.
Məlik Yeqanı erməni tarixçiləri Məlik Avan, Avan xan adlandırırlar.
Məlik Yeqan 1744-cü ildə vəfat etdi.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Məlik Yeqan Xanımağa xanımla və Gözəl xanımla yaşam qurmuşdu. Aram, İsay, Bahtam, Yusif, Bağır, Arakel, Səfər, Bağum, Vert adlı oğulları vardı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məlik-Aslanovların soyağacı haqqında, N.A. Cavanşir Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh: 23-25 ISBN 5-86871-204-4
- ↑ Qarabağnamələr. I kitab. Bakı: Yazıçı, 1989.
- ↑ 1 2 Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1991.
- ↑ "Раффи «Меликства Хамсы» ч. VIII стр 40". 2017-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-28.
- ↑ Епископ Макар Бархударянц, Арцах, 1895.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Məlik Yeqan və onun törəmələri. "Soy" elmi-kütləvi dərgi, 2011, №3, səh.23-34.