Gülüstan məlikliyi — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Gülüstan məlikliyi və ya Talış məlikliyi — XVIII–XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur.
Tarix
[redaktə | mənbəni redaktə et]Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonralar isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiya imperiyası ilhaq olundu.[1] Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir.[2]
Qarabağın tarixə adlarını "Xəmsə məlikləri" kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur.. Müsəlman türklər arasında "Qara Yüzbaşı", xristian türklər, yəni albanlar arasında isə "Qara Abov" adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
Qara Yüzbaşı, və ya başqa sözlə, Qara Abov XVII əsrin əvvəllərində cəmi yeddi udin ailəsi ilə birlikdə, müflis vəziyyətdə hansısa naməlum səbəbdən Qarabağa köçməli olur. Gələrkən yanlarında sadəcə bir neçə baş heyvan olduğu söylənilir. İlk dövrlərdə yaşamağa belə yeri olmayan, Tərtər çayı sahilində, hazırkı Talış kəndi yaxınlığında çadır qurub yaşamağa məhkum olan bu yeddi udin ailələsi əl – ələ verərək, bir müddət səfil həyat tərzi sürdükdən sonra heyvanlarının sayını artırmağı bacarırlar. Lakin günlərin birində necə olursa, bir quldur dəstəsi hücum edib, onların sürüsünü oğurlayır. Vəziyyəti belə görən Qara Yüzbaşı və yanındak gənclər heyvanları qaytarmaq məqsədilə quldurları təqib etməyə başlayırlar və onlara çatıb, nəinki heyvanları qaytarırlar, üstəlik quldurları da əsir tuturlar.
Əsir götürülən quldurlar ətraf kəndlərə çox böyük ziyan vurduğundan Qarabağ bəylərbəyisinin adamları tərəfindən çoxdan idi ki, axtarışda idilər və bəylərbəyi onların zərərsizləşdirilməsi üçün böyük mükafat təyin etmişdi. Odur ki, xəbər Bərdəyə, Qarabağ bəylərbəyisinə çatar-çatmaz, o, Qara Yüzbaşını yanına çağırtdırır və Talış kəndini yaxınlıqdakı Örük vəngi (monastrı) ilə birlikdə əbədi olaraq, ona və soyuna hədiyyə edir. Beləcə, Qara Yüzbaşı mülkədara çevrilir. Qarabağ bəylərbəyisinə minnətdarlıq əlaməti olaraq, yenicə doğulan oğlunun adını onun şərəfinə Bəylər qoyur.
Etnonim
[redaktə | mənbəni redaktə et]Böyük ehtimalla, bu ərazilərdə o zamanlar talışların sakin olmasıdır ki, yerli əhali tərəfindən kəndin adı talış adlanmışdır. Bunu isbat edən yeganə dəlil Gülüstani-İrəm əsəridir.
O, hicri 945-ci (=1538) ildə, öz qardaşı Əlqas mirzəni, Məntəşa sultan, bir dəstə Qacar əmirləri, Qarabağ talışlarından mürəkkəb 20 000 nəfərlik bir qüvvə ilə Qorçibaşı Padarla birlikdə Şirvanı almağa göndərdi. Onlar Şirvana gəldilər. Şirvanlılar onlara boyun əyməyib, qalaları təcrübəli adamlarla möhkəmləndirib, müdafiəyə başladılar.[3]
Gülüstan məlikləri
[redaktə | mənbəni redaktə et]№ | Adı | Hakimiyyət illəri |
---|---|---|
1 | Qara Yüzbaşı | 1632 |
2 | I Məlik Bəylər | 1632 |
3 | II Məlik Abov | 1728 |
4 | Məlik Təmraz | 1728–1760 |
5 | I Yusif | 1728–1775 |
6 | Bəylər Ağa Yusif | 1775–1776 |
7 | Abov III Ağa | 1776–1808 |
8 | Bəylər II | 1808–1808 |
9 | Mines Bəy, fill d'Abov III | 1808–1808 |
10 | Yusif III, fill de Pridon | 1808–1826 |
1632-ci ildə Qara Yüzbaşı öldükdən sonra bütün mülkü miras olaraq oğluna, yəni Bəylərə keçir. Gülüstan Məlikliyinin əsasını qoyan da, əslində o olub və Məlikbəylər kimi tanınan Gülüstan məliklərinin soyadı onun adı ilə bağlıdır. Məlik tituluna ilk qəbul edən o olub, bu üzdən də rəsmən məlikliyin qurucusu o hesab edilir. Məhz onun dövründə Məlikbəylər nəsli sayılıb-seçilən feodal nəsillərindən birinə çevrilmişdir.
Məlik Bəylər çox cəsur adam idi və soyunun başına keçər-keçməz, hələ atasının sağlığnda onlarla düşmənçilik edən və ətraf alban kəndlərinin və Gülüstan qalasının sahibi olan Gavur İbrahimə qarşı döyüşə girir, onu öldürərək, Erkəc və Gülüstan başda olmaqla, bütün kəndlərini, eləcə də Gülüstan qalasını öz mülkünə çevirir. Bu həmin Gülüstan qalası idi ki, Azərbaycanın parçalanmasının əsasını qoyan məşhur Gülüstan Sülh Müqaviləsi burada imzalanmışdır. Həzırda onun yalnız xarabalıqları qalmaqdadır.
Məlik Bəylərin iki oğlu vardı. Böyüyünün adını atasının şərəfinə Abov qoymuşdu. İkincisinin adı isə Təmraz idi. Bəylərdən sonra onun yerini böyük oğlu Abov (II Abov) tutur. O, döyüşlərin birində ayağından güllə yarası aldığından axsayırdı, bu üzdən də ona Axsaq Abov deyirdilər. Əsas peşəsi ətraf kəndlərə hücum edib, qarətçiliklə məşğul olmaq idi. Bir gün o, qarət məqsədilə Gəncə ətrafındakı kəndlərə basqın edir. Duluslu kəndində qarətçiliklə məşğul olarkən təsadüfən həmin vaxt orada olan Məhəmməd xanın qızı Qəmər Soltanı görür. Qıza elə vurulur ki, onu qaçırmaq qərarına gəlir. Görünür qızın da buna könlü olubmuş, çünki könlü olmasa idi, Abovla ailə həyatı qurmaq naminə İslamdan üz döndərərək xristianlığı qbul etməzdi. Hər halda, Qəmər Soltanın xristianlığı qəbul etdiyi faktdır və bu faktı tarixi qaynaqlar da təsdiq edir.
Bu hadisə Məhəmməd xanla Axsaq Abov arasında düşmənçiliyə səbəb olur. Məhəmməd xan bir neçə dəfə onun üstünə qoşun çəksə də, bir şeyə nail ola bilmir. Sonda qədəri ilə barışmalı olur. Onun oğlu yox idi. Qəmər Soltan onun yeganə övladı idi. Odur ki, əlində olan bütün kəndləri cehiz qismində yeganə varisi olan qızına bağışlayır. Beləcə, Abov arvadının sayəsində bölgənin ən böyük feodallarından birinə çevrildi.
Məlik Abov 1701-ci ildə Rusiya çarı I Pyotra məktub göndərərək, Azərbaycanın müsəlman hökmdarlarından şikayət edən və ondan kömək istəyən alban məliklərindən biri olmuşdur. Məlumat üçün bildirək ki, xristian albanların, təbii ki, həm də alban məliklərinin Azərbaycanın müsəlman əhalisinə, o cümlədən İslamı qəbul etmiş albanlara münasibəti bu gün "erməni" adı ilə tandığımız haylarınkindən qətiyyən fərqlənməmiş, onlar bu məsələdə həmdinləri və həmməzhəbləri (monofizit-qriqotyan) olan haylarla eyni platformadan çıxış etmişlər. Münasibətlərdəki bu eyniliyi Rusiyaya münasibətdə də görməkdəyik. Həmin dövrdə "erməni" kəlməsi "monofizit-xristian" anlamında işlənirdi və müsəlmanlar bu adı həm haylara, həm də albanlara şamil edirdilər. Yəni azərbaycanlılarla qaynayıb-qarışan, Azərbaycan xalqının ernogenezində əsas rollardan birini oynayan müsəlman albanlardan fərqli olaraq, xristian albanlar üçün məzhəb etnik mənsubiyyətdən daha irəli idi və onlar Osmanlı sınırı içərisində yaşayan və hələ Qafqaza ayaq açmayan haylarla ümumi "ermənilik" (monofizitlik) platformasında birləşirdilər. Elə bu səbəbdən də onlar XIX əsrin əvvəllərindən başlayaraq ruslar tərəfindən Qafqaza, o cümlədən Qarabağa köçürülməyə başlayan haylarla qaynayıb-qarışdılar və asanlıqla assimilyasiyaya uğradılar. Bu işdə ruslar tərəfindən alban katalikosluğunun ləğv edilməsi də az rol oynamamışdır.
Maraqlıdır ki, Məlik Abovun I Pyotra göndərdiyi məktubda o, mənsub olduğu xalqı "biz-udin millətindən olan albanlar" deyə təqdim edir və belə etməklə də özünü qıpçaqdilli, yəni əsil albanlardan fərqləndirməyə çalışır.
1728-ci ildə, II Abovun ölümündən sonra Məlikliyə Təmraz başçılıq etməyə başlayır. Qardaşından fərqli olaraq qəddarlığı və rəhmsizliyi ilə fərqlənən Məlik Təmraz qardaşı oğlu Yusufu özünə rəqib görürdü. Odur ki, öncə onu öldürmək qərarına gəlir, lakin sonra qohum-əqrabann qınağına tuş gələ biləcəyindən qorxaraq, onun bütün varidatını əlindən almaqla yetinir. Anası ilə birlikdə güzəranını birtəhər təmin edə bilməsi üçün yalnız Gülüstan qalasına toxunmur. Beləcə, Yusuf Qəmər Soltanla birlikdə Gülüstan qalasında kasıb bir vəziyyətdə yaşamağa başlayır. Lakin bu uzun sürmür, günlərin birində Dərbənddən Gəncəyə gələn Azərbaycan hökmdarı Sultan Hüseynin vəziri Mizə Tahir oradan da Qarabağa təşrif gətirir.
Vəzirin bu səfərində məqsəd Azərbaycan səltənətinin bütün vilayətlərindəki maliyyə-təsərrüfat işlərini yoxlayıb, qaydaya salmaq idi. Qarabağa da bu məqsədlə gəlmişdi. Qrabağda o, Məlik Təmrazın qonağı olur. Məlik Təmraz üzərinə düşən verginin hesabını ödədikdən sonra vəzirin gözündə şirin olmaq üçün ona qardaşından qalan və qundağı qızıl və gümüşlə işlənmiş tüfəngi hədiyyə edir. Bunu üçün o, Yusufu aldarmalı olur.
Yusuf eşidəndə ki, ondan icazəsiz atasının yadigarı olan tüfəng vəzirə hədiyyə edilib, bərk qəzəblənir, dərhal dostlarını da başına toplayıb, vəziri və adamlarını təqib etməyə başlayır, Onları Tərtər yaxınlığındakı dar bir keçiddə yaxalayır. Gözlənilmədən üsrlərinə hücum edib, hamısını qırır, Dərbənddən, Gəncəyə, Gəncədən Qarabağa qədər bütün əyalət və vilayətlərdən toplanmış vergini də qarət edib, Gülüstan qalasına çəkilir. Onun bu əməli cəzasız qalır. Çünki təqribən elə həmin vaxtlarda əfqanlar Səfəvi sarayının yerləşdiyi İsfahanı ələ keçirirlər və şah Sultan Hüseyn taxt-tacından məhrum olur.
Beləcə, Yusuf gözlənilmədən böyük var-dövlət sahibinə çevrilir. Dərhal da əmisi ilə düşmən olan Çerəbürd məliyi Məlik Hətəmlə birləşib, ona hücuma keçir, əmisini məğlub edib, atasının bütün mirasını geri qaytarır. Əmisini dar ağacından asdırdırır, özü isə hüquqən ona çatmalı olan Gülüstan məliyi titulunu qəbul edir. Məlik Təmrazın oğlu Sərxanı öz qoşununa başçı təyin edir.
Məlik Yusuf da atasının yolunu davam etdirərərək, Rusiya ilə əlaqələr qurmaq, rus qoşunlarının Qafqaza dəvət etmək, bu yolla müsəlmanların hökmranlığından qurtulmaq və "öz dövlətlərini (Arran // Albaniya) bərpa etməkdə" ruslara arxalanmaq xəttini davam etdirmişdir. Əslində, bu xətt Qarabağın, eləcə də Qafan, Loru və Şirvanın bütün alban məliklərinin izlədikləri ortaq xətt idi və sözügedən siyasi kursa bilavasitə alban katalikosları Əsən Cəlal Esayi və Nerses başçılıq etmişlər. Maraqlıdır ki, erməni-hay tarixçiləri həmin hadisələri "Qarabağın erməni əhalisinin perslərə qarşı milli azadlıq hərəkatı" kimi qələmə verməyə çalışırlar. Fakt isə budur ki, vaxtı ilə Qarabağda yaşayan xristian əhalinin I Pyotra yazdıqları məktub ortadadır və həmin məktubun sahibləri özlərini "erməni-hay" yox, məhz "alban" adlandırırlar.
1753-cü ildə Qəmər Soltan vəfat etdi. Məlik Yusuf onu Örük vənginin (monastırının həyətində dəfn etdirir. Qəmər Soltanın qəbrin üzərindəki xaç daşı bu yaxın zamanlara qədər durmaqda idi. Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən məhv edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine səh. 44, Vaqif Piriyev
- ↑ "Qarabağ xanlığı". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
- ↑ Abbasqolu Ağa Bakıxanov "Gülüstani-İrəm" Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı (Bakı — 1951)