Birinci Qarabağ müharibəsi şəhidləri (S) — Vikipediya

S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
1.
Salmanov Nizami Arif oğlu (Nizami Aydın)
əsgər
Gəncədə doğulmuşdu, orada H. B. Zərdabi adına Pedaqoji institutu bitirmişdi Nizami Aydın. Təyinat üzrə Qubada, Ruk, Zıxır kəndlərində müəllim işləmişdi. Sonra qayıtmışdı Gəncəyə. 1992-ci ilin iyunun 15-də tank komandiri Nizami Aydın (Nizami Arif oğlu Salmanov) Sırxavənd döyüşlərində böyük hünər göstərmiş, mühasirəyə düşən piyada bölməsini xilas etmək üçün, idarə etdiyi tankı birbaşa düşmən səngərinə sürüb mühasirəni yarmış, əsgərləri xilas etmişdi: özü isə yanan tankın içində qalmışdı. "Tərlan" adını verdiyi tankında yanıb kül olmaq bahasına olsa da, 40-a yaxın əsgəri düşmən əsirliyindən xilas edib. Publisist Qərib Mehdi Nizami Aydının 50 illik yubileyi ilə əlaqədar "Nizami Aydın şəhidliyi adlı kitab-poemanı çap etdirib.[1] Gəncə şəhəri 18 nömrəli tam orta məktəb Nizami Aydın adını daşıyır.[2]
2.
Suvarov Vəfalı Gülhəsən oğlu
çavuş
2 mart 1959-cu ildə Rusiyanın Yaroslavl vilayətində çox uşaqlı ailədə anadan olmuşdur.[3] Uşaqlığı və gəncliyi Azərbaycan Respublikasının Astara rayonunun Bala ŞahağacKakalos kəndlərində keçmişdir. 14 yaşı olanda atası Gülhəsən Suvarov vəfat edib. Vəfalı Suvarov doğma kəndində məktəbi bitirmiş, Almaniyada hərbi xidmət keçmişdir. 1981-ci ildə ailə həyatı qurduqdan sonra Bakı şəhərinə Pirallahı qəsəbəsinə köçmüşdür. Müharibə başlayanda Vəfalı Suvarov AR Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin keçmiş "H. Z. Tağıyev adına" Neft və Qaz Çıxarma idarəsində traktorçu peşəsində işləyirdi.[4] 1993-cü ilin noyabr ayında könüllü olaraq cəbhəyə yollandı. Ağdam rayonunun azad olunması uğrunda döyüşmüşdür. Vəfalı Suvarov sıravi döyüşçü kimi döyüşə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin köməkçisi vəzifəsinə qədər yüksəlmişdi. Hərbi hissə komandanlığının verdiyi əmrlərə uyğun olaraq, kəşfiyyat və digər çoxsaylı döyüş tapşırıqlarını yerinə yetirmişdir. Ermənistan Silahlı Qüvvələrinin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv etmişdir. Vəfalı Suvarovun son döyüşü 1994-cü ilin aprel ayının sonlarında Ağdam rayonunun Güllücəİlxıçılar kəndləri ətrafında oldu. İri miqyaslı hərbi təxribatlara başlayan Ermənistan Silahlı Qüvvələrinin məqsədi Ağdam rayonunun tam işğal olunması, əlverişli döyüş mövqelərinin tutulmasından ibarət olmuşdur. Bu məqsədlə ermənilər Ağdam rayonu istiqamətinə seçilmiş dəstələrini cəlb edərək hərbi təxribata başlamışdır. 1994-cü ilin aprel ayının əvvələrindən 12 may tarixinədək Ağdam rayonu uğrunda döyüşlər davam etdi. Vəfalı Suvarov son döyüşündə döyüş yoldaşlarının mühasirədən təkbaşına çıxarılmasına nail olmasına baxmayaraq özü döyüşdən çıxa bilmədi. İrəliləyən Ermənistan Silahlı Qüvvələri tərəfindən vurularaq şəhid oldu, nəşi səngərdə qaldı. Vəfalı Suvarovun dəfn olunduğu yer haqqında bu günədək heç bir məlumat yoxdur. Birinci Qarabağ müharibəsində 4000-ə yaxın itkin düşənlər siyahısında Vəfalı Suvarovun da adı var. Yaşadığı Bakının Pirallahı rayonunun mərkəzində şəhidlərin adını əbədiləşdirilməsi üçün "Vətən uğrunda" abidə kompleksi inşa edilmişdir. Vəfalı Suvarovda daxil olmaqla 44 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunub.[5][6] Yaşadığı Bakının Pirallahı rayonunda şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub. Ailəli idi, Emin və Elçin adlı oğlu və Vüsalə adlı qızı var.
3.
Süleymanov Fərhad Əlihüseyn oğlu
əsgər
15 sentyabr 1973-cü ildə Azərbaycanın Hacıqabul rayonunda anadan olmuşdur. Hacıqabul şəhər 3 saylı tam orta məktəbin 8-ci sinfini bitirib. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olan Fərhad atasını ərkən yaşlarda itirmişdi. Sonra Fərhad Omsk şəhəri Ali Məktəbinə qəbul olundu, amma Fərhad vətəninin ağır günlərində təhsilini yarımçıq qoyub könüllü sürətdə cəbhəyə yollandı. Fərhad Süleymanov 1992-ci ildə könüllü sürətdə cəbhəyə yollandı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Fərhad ilk olaraq Murovdağda ən çətin və ən təhlükəli döyüş əməliyyatlarında iştirak etdi. Qorxu bilmədən dəfələrlə mühasirədən çıxdı. Nəticədə Fərhadı taqım komandiri qoydular. Fərhadın tabeliyində olan 30 nəfər döyüşçü ilə birlikdə cəsarətlə vuruşurdu. 1993-cü ilin may ayında ağır döyüş zamanı ermənilər Fərhadı və ondan başqa 7 nəfər döyüşçünü əsir götürmüşdür. 1993-cü ilin may ayının əvvəllərində çox işgəncədən sonra onları Ermənistanın paytaxtı İrəvan şəhərinə gətirdilər. Ermənilər mayın 16-dan 30-na kimi onlara dəhşətli işgəncələr verdilər. 1995-ci ilin yanvar ayının 29-da Fərhadı insanlığa sığmayan işgəncələrlə şəhadətə yetirdilər. Subay idi.
4.
Süleymanov Fərman Salman oğlu
əsgər
18 noyabr 1980-ci ildə anadan olmuşdur. Fərman Süleymanov 4 yanvar 1999-cu ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Fərman Süleymanov 2000-ci ilin 7 may tarixində Tərtər rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul şəhərində dəfn olunmuşdur. Subay idi.
5.
Süleymanov Nüsrət Muradəli oğlu
əsgər
1971-ci ildə Oğuz rayonunun Yaqublu kəndində anadan olmuşdu. Onun qismətinə az, lakin mənalı və şərəfli bir ömür payı düşdü. Orta təhsilini 1978–1988-ci illərdə Yaqublu kənd orta məktəbində alıb. Məktəbi bitirəndən sonra bir müddət Üzümün İlkin Emalı zavodunda işləmişdi. 1989–1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdu. Hərbi xidmətini keçmiş Almaniya Demokratik Respublikasında keçirmişdi. 1991-ci ildə hərbi xidmətdən qayıdan Nüsrət "Azərbaycan" kolxozunda sürücü işləyirdi. Lakin hər gün eşitdiyi qara xəbərlər onun da sakit həyatını əlindən almışdı. Minlərlə digər idid oğlanlarımız kimi Nüsrət də düşmənə qarşı intiqam hissi ilə yaşayırdı. N. Süleymanov 1992-ci ilin sentyabr ayında cəbhəyə yollandı. Bir müddət Tərtər və Laçın rayonlarının müxtəlif bölgələrində döyüşən N. Süleymanov əsil döyüşçü kimi püxtələşmişdi. O, döyüşçü dostlarının və komandanlığın rəğbətini qazanmışdı. N. Süleymanov 1992-ci il oktyabr ayının 9-da Laçın rayonunun Xınalılar kəndi yaxınlığındakı Sarıbaba dağı ətrafında gedən ağır döyüşdə həlak oldu. Şəhidlik zirvəsinə ucaldı, tək bir ananın yox, minlərlə ananın övladı oldu. Oğuz rayonunun Yaqublu kəndində dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 215 saylı qərarı ilə onun adı qonşu Zərrab kənd orta məktəbinə verilmişdir.[7][8]
6.
Süleymanov Rəsul Həmzət oğlu
polis
1973-cü ildə Balakən,Qaysa anadan olmuşdur.[9] 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur.[10] Sıravi Rəsul Süleymanov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.[11]
  1. "Arxivlənmiş surət". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.
  2. "Arxivlənmiş surət". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-15.
  3. "Arxivlənmiş surət". 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.
  4. ""Azneft" İB". socar.az. İstifadə tarixi: 2024-10-23.
  5. ""Vətən uğrunda" abidə-kompleksi". pirallahi-ih.gov.az. 2023-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-20.
  6. "Şəhidlərimiz". pirallahi-ih.gov.az. 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-20.
  7. Verdiyev İ.:"Yaqublu və Yaqublular", Sumqayıt-2003, səh:78
  8. Gülxani P.; "Oğuz şəhidləri və itkinləri", "Mütərcim", Bakı-1999, səh: 187–189
  9. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
  10. "Arxivlənmiş surət". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
  11. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.