Oruc bəy Bayat — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Oruc bəy Bayat | |
---|---|
Oruc bəy Sultanəli bəy oğlu Bayat | |
| |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | İspaniya |
Fəaliyyəti | yazıçı, diplomat |
Oruc bəy Sultanəli bəy oğlu Bayat (1560, Səfəvilər – 1604, İspaniya) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, diplomat. 1599–1602-ci illərdə ispan kralı sarayında Səfəvi səfiri olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Bəzi tədqiqatçıların fikrincə, Oruc bəyin 1560-cı ildə doğulduğu ehtimal olunur. Onun atası türk-qızılbaş tayfalarından olan məşhur Bayat soyunun nümayəndəsi Sultanəli bəy Səfəvi şahı Məhəmməd Xudabəndənin (1578–1587) və onun oğlu Həmzə Mirzənin yaxın adamlarından olub.
Xudabəndənin hakimiyyəti illərində az qala bütün Azərbaycan Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu və səfəvi hakimlərinin bütün cəhdləri ilk növbədə Təbrizin azad olunmasına yönəldilmişdi. Gənc Oruc bəy atası ilə birlikdə Təbriz uğrunda döyüşlərdə iştirak edir. 1585-ci ildəki belə döyüşlərdən birində atası Sultanəli bəy Bayat həlak olur və onun öz hesabına topladığı 300 nəfərlik dəstənin komandanlığı Oruc bəyə tapşırılır. Bundan sonra Oruc bəy Həmzə Mirzənin apardığı bir sıra əməliyyatlarda iştirak edir.
İspaniyaya səfəri
[redaktə | mənbəni redaktə et]Səfəvi taxtına I Şah Abbasın (1587–1629) əyləşməsindən sonra Oruc bəy onun bir çox hərbi yürüşlərində iştirak edir və 1589-cu ildə Herat şəhəri alındıqdan sonra özünün də qeyd etdiyi kimi, yüksək hərbi vəzifəyə irəli sürülür. Artıq bir hərbi sərkərdə və siyasi xadim kimi Oruc bəyin nüfuzu o qədər yüksək idi ki, şah Abbas Avropada osmanlılara qarşı işləyəcək səfarətin tərkibini müəyyənləşdirəndə onun namizədliyi ilk növbədə yada düşür.
Hüseynəli bəyin başçılıq etdiyi səfirlik ölkəni 1599-cu ildə tərk edir. Bu diplomatik missiyaya dörd katib və on beş nəfər qulluqçu daxil idi. Diplomatik missiyanın başçısı Hüseynəli bəy Bayat, səfirliyin birinci katibi isə Oruc bəy olur. Həmin səfarətə şəxsən I Şah Abbas tərəfindən tapşırılmışdı ki, Rusiyadan başqa 8 Avropa ölkəsinə – Almaniya, Roma, İspaniya, Fransa, Polşa, Venesiya, İngiltərə və Şotlandiyaya da səfər etsinlər. Missiyada ingilis səfirlər də vardı.
Səfarət İsfahandan, Qum və Qəzvini keçərək, Gilana gəlir, oradan isə gəmi ilə Həştərxana yola düşürlər. Avqust və sentyabr ayları boyu şimal küləyi onların önündə əngəl olur və gəminin batmasının qarşısı son anda alınır. Buradan onların səfəri Volqa çayı boyunca Kazana qədər uzanır 2 ay sonra Kazana çatırlar. Nijni Novqorod və Vladimirdən keçərək, Moskvaya gəlirlər. Noyabrda səfarət Moskvada böyük cah-cəlalla qarşılanır və çar Boris Qodunov tərəfindən təntənəli surətdə qəbul olunur. Oruc bəyin yazdığına görə, fasiləsiz yağan qar və yağış ara vermədiyindən onlar düz beş ay Moskvada qalırlar. 1600-cü ilin əvvəllərində çardan qiymətli hədiyyələr alan səfarət Qərbə doğru öz yoluna davam edir. Oruc bəy Volqa çayını "Batəm" adlandırır.
Gəmi ilə Arxangelskdən yola çıxan missiya Norveç sahillərindən keçərək, Elba çayının mənsəbinə çatan səfarət su yolu ilə Emdenə qədər irəliləyərək, səkkiz karetada Almaniyanın içərilərinə doğru hərəkət edir. Onları ilk qarşılayan Oldenburq qrafı Anton Günter (1583–1667) olur. Daha sonra isə Kasselə keçirlər. Hesse-Kassel landqrafı Morits von Hessen-Kassel onları Saksoniyaya yola salır, lakin hersoq II Kristian ovda olduğu üçün onunla görüşə bilmirlər. Kassel, Veymar, Halle və Leypziqdən keçən səfarəti Bohemiyanın Praqa şəhərinə qədər yol boyu keçdikləri torpaqların hakimləri böyük dəbdəbə ilə qarşılayıb yola salırlar.
1600-cü ilin payızında, Praqada onlar I Ferdinandın nəvəsi imperator II Rudolf (1576 −1612) tərəfindən təntənə ilə qəbul edilirlər. Onlara Bavariyanın taxtdan əl çəkmiş hersoqu II Vilhelm saray barədə məlumat verir. Üç ay imperator sarayının qonağı olan səfirlər 1601-ci ilin baharında Almaniyanın Nürnberq, Münhen kimi şəhərlərindən keçərək, İtaliyaya yola düşürlər.
Mantuada məşhur hersoq Vinsentzo Qonzaqa onları öz sarayında qəbul edir. Səfirlik Venesiyaya getmək istəsə də doj onları qəbul edə bilməyəcəyini deyir. Sonra Oruc bəy səfirliyin digər işçiləri ilə birlikdə Verona və Ferraradan keçməklə Florensiyaya gəlir. Burada onlar Toskananın böyük knyazı I Ferdinandın sarayında iki həftə dincəlirlər. Knyaz özü, həyat yoldaşı Lotaringiyalı Kristina, şahzadə Yekaterina Mediçi ilə birlikdə onları Pizada on gün qonaq saxlayır. Oruc bəyin yazdıqlarına görə burda 5000 qul istifadə olunurdu. Missiya buradan da Romaya, papanın hüzuruna gedir. Şəhər darvazaları ağzında onları mindən artıq ekipaj, dörd min süvari və saysız-hesabsız piyada əhali qarşılayır. Səfarət şəhərə daxil olarkən qaladakı toplardan yaylım atəşləri açılır, papanın muşketyorları isə atəşfəşanlıq edirlər. Onlar Romada iki ay qalır və papa tərəfindən qəbul olunurlar. Oruc bəy burada ingilis səfiri Entoni Şörli ilə mübahisə edir və onu hədiyyələri oğurlamaqla günahlandırır. Bundan sonra Entoni qəzəblənərək Venesiyaya gedir. Romada olarkən Hüseynəli bəyin aşbazı və iki katib artıq xristian dinini qəbul etmişdi.
Xristianlığı qəbul etməsi
[redaktə | mənbəni redaktə et]Hüseynəli bəy səfarətinin qalan üzvləri ilə birlikdə Romadan torpaqla Genuyaya, oradan daqaleralarla Fransaya yola düşür və atlarla Avinyon, Monpelye, Perpinyan kimi şəhərlərdən keçərək, Barselonaya çatır və oradan da qısa dayanacaqlarla İspan Krallığının paytaxtı Valyadolid şəhərinə gəlir. Onu kral Filippə Lerma hersoqu Fransisko Qomez de Sandoval təqdim edir. Burada I Şah Abbasın naməsini İspaniya kralı III Filippə təqdim etməklə Hüseynəli bəyin diplomatik missiyası öz vəzifəsini başa çatdırır və vətənə dönmək üçün Lissabon limanına gəlir. Bu vaxtı bir problem yaranır. Belə ki, səfarətin üzvlərindən biri — Əlfəqul adlanan bir molla bir ispan tərəfindən bıçaqlanaraq öldürülür. Bu vəziyyəti Filippin Portuqaliyadakı canişininə xəbər verən və məhkəməyə müraciət edən Hüseynəli bəy, Oruc bəyi Valyadolidə krala xəbər verməyə göndərir. Və nəhayət 1602-ci ildə səfarət yola düşür. Yola düşmədən əvvəl Hüseynəli bəy bir xəbər daha alır, bu da səfirliyin üç üzvünün xristian olması ilə bağlı xəbər olur. Səfirin qardaşı oğlu Əliqulu bəy Bayat, Bünyad bəy, və Oruc bəy xristian olmaq qərarına gəlir.
Səfirin yaxın qohumu Əliqulu bəyin xaç atası kral III Filippin özü olur. Ona "İranlı Don Filipp" adı verilir. Bünyad bəy xaç suyuna ikinci çəkilir və dönüb "İranlı Don Dieqo" olur. Nəhayət, üçüncü Oruc bəy olur ki, onu da yeni dini qəbul etdikdən sonra "İranlı Don Xuan" adlandırırlar. Onun xaç anası isə İspaniya kraliçası Avstriyalı Marqarita olur.
Xristianlığı qəbul etməsinin səbəbi
[redaktə | mənbəni redaktə et]Oruc bəy Valyadoliddə olarkən Alfonso Remon adlı dostlaşdığı bir ispan ona kral sarayı üzvlərindən biri olan Don Alvaro de Karavaxalın dini bir kitabını gətirir və bu kitabı oxuduqdan sonra Oruc bəy xristian olur. Alfonso Remon daha sonra onun kitabını ispan dilinə tərcümə etmişdir.
İspaniyadakı həyatı
[redaktə | mənbəni redaktə et]Don Juanın İspaniyada sonrakı həyatı barədə heç nə məlum deyil. Bircə o məlumdur ki, 1605-ci ilin 15 mayında Səfəvi səfiri ilə mübahisə etmiş və qılınc döyüşündə onu öldürmüşdür. Oruc bəyin təsvir etdiyi tarixi hadisələr, onun yol qeydləri bu maraqlı şəxsiyyətin diqqətcil və ümumiləşdirmələrə meyilli bir adam olmasından xəbər verir. Misal üçün Səfəvi İranı haqqında bəhs edərkən o deyir: "İndi bizdə bütün Fars elində nəcabətli sayılan 32 ailə sülaləsi var ki, ölkədə böyük nüfuz sahibidir." Sonra isə həmin soyları bir-bir sadalayır: "Ustaclı — ən əsas ailədir, Şamlı — bu ailənin üzvləri həmişə vəzifədə olur, Əfşarlar — bu ailədən olan üzvlər adətən ədliyyədə çalışır, Türkmanlar — bu ailədən sərkərdələr və əsgərlər çıxır, Bayatlar — ailələrin ən əsilidir, İspaniyadakı hersoqlar kimidir, Təkəlilər — bu ailə də elədir, Xırmandalı — markizlər kimidir, Zülqədərli — hersoqlar kimidir və döyüşçü ailədir, Qacarlar, Qaramanlı — bu ailələr də hersoqlar kimidir, Bayburtlu, İspirli, Oryatlar — bu ailələr qraflar kimidir, Çavuşlu — hersoqlar kimi, Asayişli, Çəmiş-Kəzəkli, Sarızolaqlı, Qarabacaqlı, Baharlı, Kuyniorulu, Kırklı, Boşalı, Hacı Fəqihli, Həmzəli, Zolaqlı, Mahmudlu, Qaraçomaqlı, Qaraqoyunlu — qraflar kimidir, Gözi-Bayızlı, Peykli, İnazlı və Kuhgiluyəli — hersoqlar kimidir. Beləliklə, Oruc bəyin əsərindən məlum olur ki, hətta qızılbaş əyanlarının nüfuzunu zəiflətmək siyasəti yeridən Şah Abbasın hakimiyyəti dövründə də İran idarəçiliyi tamamilə türk tayfalarının əlində idi.
Oruc bəy görkəmli bir şəxsiyyət olmuşdur. Onun şah senzurasından kənar yazılan əsəri isə Azərbaycan, İran, Qafqaz və qonşuluqda yerləşən digər ölkə və xalqların, hətta Rusiya və bir sıra Avropa dövlətlərinin tarix, coğrafiya, etnoqrafiya və mədəniyyətini öyrənmək üçün dəyərli mənbədir. Oruc bəy öz səyahətini Marko Polo və Fernan Magellanın səyahətləri ilə müqayisə etmişdir.
Kitabı
[redaktə | mənbəni redaktə et]1604-cü ildə İspaniya Krallığının paytaxtı Valyadolid şəhərində ispan dilində "Persiyalı Xuan" (isp. Juan de Persia) kitabı çıxır.[1] Kitabın müəllifi Azərbaycanın türk qızılbaş tayfalarından olan Bayat boyuna mənsub Oruc bəy, Səfəvi səfirliyinin katibi kimi İspaniyaya gəlmiş və həmişəlik burada qalmaq niyyətinə düşmüşdü, tərcüməni isə Alfonso Remon etmişdi. Bu hadisə öz-özlüyündə bir sıra səbəblərə görə, əlamətdar idi. Bu, azərbaycanlı müəllifin Avropada çap olunmuş ilk kitabıdır. Bu, eyni zamanda azərbaycanlı müəllifin qələminə məxsus əsərin Avropa dillərindən birinə ilk tərcüməsi, eyni zamanda mətbəə metodu ilə çap olunmuş ilk Azərbaycan kitabıdır. İspan sarayında Oruc bəyin şəninə yazılmış sonetlərdə onun yüksək kübarlığı, rəssamlığa sevgisi tərənnüm edilir, kral ailəsi üzvlərinin onunla ünsiyyət yaratmağa can atmaları göstərilirdi:
Əhsən o igid, gözəl və cüssəli şəxsə ki,
Artıq İspaniyaya doğmalaşıb.
Əyan görünüşü olsa da, döyüş meydanında
Sıravi əskər kimi vuruşurdu.
Bu döyüşkən və cəsur şəxs
Fırça ilə incə rəsmlər çəkirdi.
Kamil sənətkar kimi işləyirdi,
Odur ki, böyük şöhrət qazanıb.
O, döyüş meydanında olanların
Rəsmini gələcək nəsillər üçün çəkib.
Uzun zaman unudulmuş bu kitab 1926-cı ildə ingiliscəyə çevrilərək, Londonda nəşr edilir[2], 1959-cu ildə fars dilinə tərcümə olunur. Bu kitab rus dilinə Bakıda orta əsrlər tarixi üzrə tanınmış alim Oqtay Əfəndiyev və Akif Fərzəliyev tərəfindən geniş giriş və şərhlərlə çevrilmiş və nəşr olunmuşdur[3]. Oruc bəyin həyatına dair faktlar onun öz kitabından götürülmüşdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Relaciones de Don Iuan de Persia Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine. Valladolid: por Iuan de Bostillo, 1604, [12] 175 [13] p.
- ↑ Don Juan of Persia: A Shi`ah Catholic, 1560–1604 Arxivləşdirilib 2021-07-05 at the Wayback Machine. Translated and edited with an introduction by Guy Le Strange. New York and London: Harper & Brothers, 1926, XVI+355 p.
- ↑ Россия и Европа глазами Орудж–бека Баята — Дон Жуана Персидского Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine. Перевод с английского, введение, комментарии и указатели О. Эфендиева и А. Фарзалиева. Санкт-Петербург: "Филологический факультет СПбГУ; Издательство Санкт-Петербургского университета", 2007, 211 с. ISBN 5846504051, ISBN 5288041393
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Tarixi Portalı :Каджар Чингиз. Выдающиеся сыны древнего и средневекового Азербайджана. — Баку, издательство "Азербайджан" — 370146, Метбуат проспекти, 520-й квартал., издательство "Эргюн", 1995. — 392 с. (rus.)
- E. Zinovyeva "İran motivləri" (rus.)
- Don Juan of Persia, a Shiàh Catholic, 1560–1604 By Juan (de Persia), Guy Le Strange [ölü keçid] (ing.)
- Relaciones de Don Juan de Persia sobre las cosas notables de Persia (1604)
- W. E. D. Alden "Notes on Don Juan of Persia's account of Georgia", 1930, School of Oriental and African studies (ing.)
- Azcongress.ru (pdf) [ölü keçid]