Rəşid Nəsiboğlu — Vikipediya
Rəşid Nəsiboğlu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Musiqi aləti | fortepiano |
Rəşid Nəsib oğlu Əfəndiyev – (22 may 1941 – 30 dekabr 1993) – Azərbaycan və sovet bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azərbaycanda ilk yaradılan "İRS" qədim Azərbaycan musiqi teatrının banisi və bədii rəhbəri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rəşid Nəsiboğlu Azərbaycan Dövlət Konservatoriyasında (Azərbaycanın xalq artisti, professor Cövdət Hacıyevin sinfində) bəstəkarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində xaricə yayım musiqi redaksiyasında işləməyə başlayıb. Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında "Sevgilim" vokal-instrumental ansamblının bədii rəhbəri olub.
1981-ci ildə Rəşid Nəsiboğlunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq "İRS" qədim Azərbaycan musiqisi teatrı yaradılıb. Azərbaycanın ən qədim musiqilərini bərpa edən, bu musiqinin yalnız şərq mədəniyyəti ilə deyil, bütövlükdə dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələrini üzə çıxaran bu qeyri-adi kollektivin çıxışları dərhal ölkənin mədəni ictimaiyyətinin diqqətini çəkir və o zaman üçün görünməz populyarlıq qazanır.
Teatrın təqdim etdiyi proqram həm ölkə daxilində, həm də Azərbaycanın hüdudlarından kənarda çoxsaylı mükafatlara layiq görülür. "İRS" teatrı Birinci Zaqafqaziya xalq musiqisi festivalının əsas ödülünü – Böyük mükafatı qazanır. Daha sonra Neapolda (İtaliya) San-Karlo teatrının Qızıl medalına, İran İslam Respublikasında keçirilən "Fəcr" beynəlxalq musiqi festivalının mükafatına layiq görülür. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinində ekspozisiyalardan biri "İRS" teatrına həsr olunur. Qısa zamanda teatrın fəaliyyəti sovet və xarici mətbuat səhifələrində işıqlandırılır. "İRS"in hazırladığı proqram respublika və mərkəzi televiziyada, həmçinin xarini telekanallarda nümayiş olunur.
Bəstəkar Rəşid Nəsiboğlu (Əfəndiyev) müxtəlif janrlarda, o cümlədən simfonik janrda olan bir çox musiqi əsərlərinin, bir sıra televiziya filmlərinə, eləcə də "Qız qalası" cizgi filminə yazılmış musiqinin müəllifidir. Amma bəstəkara daha çox populyarlıq gətirən mahnı janrında yazdığı əsərlər olub. "Limanlar", "Şirin xəyal" ("Gecə yaman uzundur"), "Bəlkə də", "Odlar diyarı","Bəyaz gecələr", "Zarafat", "Görəsən", "Təbrizə yenə də yağışlar yağır", "Gecə durnalar uçar" kimi mahnılar günü bu gün də sevilə-sevilə dinlənilir.
Rəşid Nəsiboğlu (Əfəndiyev) yazıçı Nəsib Əfəndiyevin oğlu, türkoloq alim Vasif Nəsiboğlu və yazıçı Firuzə Əfəndiyevanın qardaşıdır.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Günəş ardınca, sağlamlıq ardınca (film, 1971)
- Xınalıq etüdləri (film, 1974)
- İliç buxtası (film, 1974)
- İlk traktorçu haqqında hekayə (film, 1973)
- Qız qalası (film, 1984)
- Muğan qəhrəmanı (film, 1973)
- Mücrü (film, 1973)
- Ötən ömrün notları (film, 2003)
- Payız melodiyaları (film, 1974)
- Səhhət (film, 1976)
- Şamama (film, 1973)