Sitoplazma — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sitoplazma — hüceyrə qılafının daxilində yerləşən şəffaf, yarımmaye qatı və özlü kolloid məhluldur. Xarici mühitdən plazmatik membranla ayrılır. Sitoplazmanın mərkəzində nüvə yerləşir. Digər orqanoidlər: mitoxondrilər, endoplazmatik şəbəkə, ribosomlar, Holci kompleksi və s. sitoplazmada səpələnmiş formadadır. Sitoplazmada həmçinin hüceyrənin həyat fəaliyyətinin məhsulları: zülallar, yağlar, lipidlər, hüceyrənin skletini təşkil edən kiçik borucuklar və saplar da vardır. Sitoplazma maddələr mübadiləsinin əsas mərkəzidir. O, nüvə və digər bütün orqanoidləri özündə birləşdirir, onların qarşılıqlı əlaqəsini təmin edir, membranla orqanoidlər arasında fiziki-kimyəvi və fermentativ əlaqəni təmin edir. Beləliklə, hüceyrənin vahid və canlı sistemini yaradır.[1]
Sitoplazma, protoplazmanın əsas hissəsini təşkil edir. Bunun içərisində protoplazmanın digər komponentləri yerləşir. O, eləcə də, əsasən erqast maddə kütləsinin yerləşdiyi hüceyrə şirəsini də əhatə edir.
Sitoplazmanın içərisində protoplazmanın canlı komponentləri və onda toplanan maddələr yerləşir. Cavan hüceyrənin daxili tamamilə sitoplazmadan ibarətdir.
Sitoplazmanın içərisində hüceyrə şirəsinin əhatə etdiyi yer vakuol adlanır. Vakuollar çoxalıb iriləşdikcə, sitoplazmanı qılafa doğru sıxışdırır. Sitoplazma 3 hissəyə ayrılır. Onun ən xarici və ən daxili hissələrini təşkil edən molekullar kipləşir və onu hüceyrənin qovuşduğu digər hissələrdən ayırır. Buna müvafiq olaraq sitoplazmanın qılafla birləşən hissəsi plazmolemma adlanır. Onun ən daxili qatı mezoplazma adlanır. Sitoplazmanın xarici və daxili qatları yarımkeçirici olub, seçicilik qabiliyyətinə malikdir. Onlar müəyyən maddələri çox asanlıqla, bəzilərini isə çox çətinliklə daxilə buraxır, yaxud tamamilə buraxmır. Sitoplazmanın əsasını zülallar və lipidlər təşkil edir. Yaşayış prosesində onun içərisində suda həll olan və həll olmayan çox müxtəlif maddələr toplanır. Sitoplazmanın tərkibində 85–90% su vardır. Çox mürəkkəb kimyəvi tərkibə malik sitoplazma arası kəsilmədən dəyişir. Hüceyrə sitoplazmasında kolloidal vəziyyət pozulduqda pıxtalaşma hadisəsi nəticəsində hüceyrə ölur. Bir çox bitki mənşəli məhsulları 600 C-dən yuxarı temperaturda qızdırdıqda sitoplazma koaqulyasiya edir və zülallar pambığaoxşar çürüntü şəklində çökür. Sitoplazmada suyun miqdarı həddindən artıq azaldıqda isə, bunlar pıxtalaşma nəticəsində məhv olurlar.
Hər hüceyrə maksimal qüvvə ilə suyu özünə sorur, nəticədə hüceyrənin möhtəviyyatı qılafa təzyiq göstərir. Hüceyrə qılafı elastiki olduğu üçün bu təzyiqin təsirindən enliləşir, qılaf eyni zamanda gərginlik xassəsi daşıdığından, həm də sıxılmağa başlayır, sıxılma nəticəsində qılaf hüceyrənin daxili möhtəviyyatına təzyiq göstərir. Sıxılma nəticəsində enliləşmiş qılafın hüceyrə möhtəviyyatına göstərdiyi təzyiq turqor təzyiqi adlanır. Turqor təzyiqi nəticəsində hüceyrə gərgin vəziyyət alır. Hüceyrənin belə bir gərgin vəziyyəti turqor vəziyyəti adlanır. Hüceyrələrin və bütün orqanizmin turqor vəziyyəti normal vəziyyətdir. Hüceyrə su ehtiyatını itirdikdə gərginlik azalır, turqor vəziyyəti pozulur. Artıq daxildən qılaflara təzyiq edilmir, onlar boşalır, bəzən də qırışır. Beləliklə, bitki ölüşkəyir. Hüceyrədə turqor vəziyyətinin pozulmasına plazmoliz deyilir. Plazmoliz zamanı protoplazma hüceyrənin divarından aralanır və komacıq şəklində hüceyrənin içərisinə çəkilir. Bitkilər yenə də su sorduqda, normal vəziyyət alır, yəni hüceyrələrdə turqor vəziyyəti bərpa olunur. Belə plazmolizə qayıdan plazmoliz və ya deplazmoliz deyilir. Məhz buna görə xiyarı duza qoymazdan əvvəl 2–6 saat soyuq suda saxlayırlar.[2]
Sitoplazma rəngsiz, qatı, şəffaf məhluldur. Sitoplazma sudan, mineral maddələrdən və üzvi maddələrin xüsusilə zülalların iri hissəciklərindən (molekulardan) ibarətdir. Bu maddələrin hissəcikləri su ilə əhatə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2018-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-01.
- ↑ Ə-C. İ. Əhmədov, N. T. Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.