Qolci kompleksi — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Qolci (1898) sinir hüceyrələrində görmüşdür. Sonra onun şərəfinə Qolci kompleksi (aparatı) adlandırılmışdır. Qolci kompleksi bütün bitki və heyvan hüceyrələrində olur. Onun ölçüsü və forması müxtəlifdir. O, sinir hüeyrələrində mürəkkəb tor şəklində olur, nüvənin ətrafında yerləşir. Qolci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir. Bu da oraqvarı və ya çubuqvarı formalıdır. Bu heyvan hüceyrələrində formaca bir qədər fərqlənir. Lakin onların quruluşu bütün hüceyrələrdə eynidir. Qolci kompleksinin üç quruluş komponenti var:
- membranlarla hüdudlanan və qruplarla yerləşən boşluqlar
- boşluqlardan çıxan mürəkkəb borucuqlar
- borucuqların ucunda yerləşən iri və xırda qovuqcuqlar
Lakin bunların hər üçü vahid orqanoidi təşkil edir. Qolci kompleksi mühüm bioloji funksiyaları yerinə yetirir. Ona endoplazmatik şəbəkə kanalları ilə hüceyrənin bir sıra sintez məhsulları: zülallar, karbohidratlar və yağlar daşınır. Bu maddələr əvvəlcə Qolci kompleksi elementlərində toplanır, sonra borucuqların uclarında iri və xırda qovuqcuqlara çevrilir, nəhayət, qovuqcuqlar borucuqlardan ayrılaraq sitoplazmaya keçir və hüceyrələrin həyat fəaliyyətində istifadə olunur, yaxud hüceyrələrdən xarici mühitə çıxır. Mədəaltı vəzin sintezolunmuş fermentləri əvvəlcə orqanoidin boşluqlarına toplanır, beləliklə içərisi fermentlə dolu qovuqcuqlar əmələ gəlir. Sonra bu qovuqcuqlar mədəaltı vəzin axarına çıxarılır və bağırsaq boşluğuna tökülür. Qolci kompleksinin membranlarında hüceyrədə istifadə olunan yağlar və karbohidratlar da sintez olunur. Qolci kompleksi, həmçinin, hüceyrə lisozomlarının mənbəyidir. Plazmatik membranın özü də Qolci kompleksinin fəaliyyəti nəticəsində təzələnir.[1]