Azərbaycan relyefi — Vikipediya

Azərbaycan Respublikasının relyef xəritəsi

Azərbaycan relyefi — Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400–500 m (Orta və Aşağı Araz çökəkliklərində 800–1000 m), bəzi yerlərdə 100–120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0–50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Böyük Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 657 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Şəki rayonunda dağ mənzərəsi

Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Böyük Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Böyük Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir. Böyük Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü 4466 m, Tufandağ 4191 m, Bazaryurd 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Böyük Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getidkcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir. Böyük Qafqaz silsiləsindən şimalda yerləşən və ona paralel uzanan Yan silsilənin Azərbaycan Respublikasındakı hissəsi Şahdağdan (4243 m) başlayaraq cənub-şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m) qurtarır. Yan silsilə Böyük Qafqaz silsiləsindən başlayan çayların (Qusar, Qudyal və s.) dərələri ilə kəsilərək ayrı-ayrı massivlərə — platolara (Şahdağ, Qızılqaya, Buduq və s.) bölünmüşdür. Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsi (hündürlüyü qərbdə 1000–1100 m, cənub-şərqdə 150–200 m) uzanır. Silsilələr və tirələr bir-birindən dərələr, dağarası çökəkliklər (Şahnabad, Xınalıq, Yerfi, Qonaqkənd, Xaltan, Gilgilçay, Tığçay, Rustov, Pirəbədil və s.) vasitəsilə ayrılır. Böyük Qafqaz silsiləsinin cənub yamacı çox yerdə ona paralel uzanan Alazan-Əyriçay çökəkliyinə (bəzi ədəbiyyatlarda Alazan-Həftəran vadisi) enir (bəzi ədəbiyyatlarda Alazan-Əyriçay çökəkliyi Kür çökəkliyinin bir hissəsi kimi verilir). Gürcüstan Respublikası ərazisindən başlanan həmin çökəkliyin Azərbaycan Respublikası ərazisində uzunluğu 210 km, eni 30 km-ə qədərdir. Cənub-şərqdə Böyük Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsi (hündürlüyü 2100 m-dək) uzanır.[1]

Samur-Dəvəçi ovalığı Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayına dək uzanır. Ataçayla Sumqayıt çayı arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200–250 m hündürlükdə) nisbi hündürlüyü 10–25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.[1]

Xınalıqda dərə

Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilə — Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik yayla (Qarabağ yaylasının çox hissəsi), çökəklik (Başkənd-Dəstəfur çökəkliyi və s.) ilə təmsil olunmuşdur (bəzi ədəbiyyatlarda Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir). Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi (Gamışdağ 3724 m), uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz dağı (3030 m). Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır. Qafqazın şimal yamacının silsilələri şimala doğru alçalaraq Orta Kür çökəkliyində dik yamacla Gəncə-Qazax düzənliyinə keçir. Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) gölü hövzələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti dağıdır (3437 m). Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafiq olaraq cənub-qərb və cənub yamacları Azərbaycan Respublikası (Naxçıvan MR) ərazisindədir. Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır.[1]

Bu silsilə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta hündürlüyü təqribən 3200 m-dir. Ən hündür zirvələri (Qapıçıqdağ 3906 m, Qazangöldağ 3814 m və s.) silsilənin cənub hissəsindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində çoxlu köndələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş ekstruzivlər və lakkolitlər (İspandağ 2410 m, Xanağa 1910 m, Əlincə 1810 m və s.) səciyyəvidir.[1]

Zəngəzur silsiləsindən qərbdə Araz çayı dərəsinə tərəf alçalan Dərələyəz silsiləsi (Küküdağ 3210 m, Keçəldağ 3115 m) yerləşir. Silsilədən cənubda, ön dağlıqda tirə və platolar (Qıvraq, Duzdağ və s.) əsas yer tutur. Əsasən, Zəngəzur və Qarabağ silsilələri arasında yerləşən, dalğavarı səth üzərində iri sönmüş vulkan konusları (Qızılboğaz 3581 m, Böyük İşıqlı 3552 m, Ala Göllər 3175 m və s.) olan Qarabağ yaylası nisbətən geniş yer tutur. Burada orta hündürlük 2000–2500 m-dir. Yayla şimaldan cənuba daralaraq alçalır. Bazarçay və Həkəri çaylarının birləşdiyi yerdə qurtarır.[1]

Talış dağ sistemi Aşağı Araz çökəkliyindən cənub-şərqdə yerləşir (bəzi tədqiqatçılar Talış dağlarını Əlburz dağ sisteminin şimal-qərb davamı hesab edirlər). Əsasən, şimal-qərbdən cənub-şərqə təqribən paralel uzanan Talış, Peştəsər və Buravar silsilələrindən ibarətdir. Bunlardan ən uzunu (təqr. 100 km) və hündürü (2500 m-dək) İranla dövlət sərhədi boyu uzanan Talış silsiləsidir. Silsilələr bəzi yerlərdə bir-birilə köndələn qollarla birləşərək qapalı çökəkliklər (Yardımlı, Lerik və s.) əmələ gətirmişdir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır.[1] Kür çökəkliyi Azərbaycan Respublikası ərazisinin mərkəzi hissəsini tutur. Relyefi əsasən, geniş düzənlik və ön dağlıqlardan ibarətdir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən bu çökəkliyin əsas oroqrafiya vahidi cənubi Qafqazın ən böyük düzənliyi olan Kür-Araz ovalığıdır. Ovalıq Kür və Araz çayları vasitəsilə Mil-Qarabağ, Şirvan, Muğan-Salyan düzlərinə bölünür. Ovalığın şərq və mərkəzi hissələri okean səviyyəsindən 28 m-dək aşağıdadır. Dağətəyi sahələrdə hündürlüyü 100–250 m, bəzi yerlərdə 400–500 m-ə çatır. Kür-Araz ovalığından şimal-qərbdə Kür çayının sağ sahili boyunca Gəncə-Qazax, cənub-qərbdə isə Araz çayının sol sahili boyunca Aşağı Arazboyu maili düzənlikləri uzanır. Gəncə-Qazax düzənliyi və Kür-Araz ovalığından şimalda Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt ön dağlıqları yerləşir. Bunlardan ən böyüyü Alazan-Əyriçay çökəkliyinin cənub kənarları boyunca uzanan Acınohur ön dağlığıdır (hündürlüyü 1100 m-dək). Bir neçə silsilə, tirə və onları bir-birindən ayıran çökəklik və dərələrdən ibarətdir.[1]

Kür çökəkliyi Azərbaycanın ən böyük oroqrafik elementlərindən biridir.Kür çökəkliyi Azərbaycan Respublikası ərazisinin mərkəzi hissəsini tutur. Relyefi əsasən, geniş düzənlik və ön dağlıqlardan ibarətdir. Çökəklik daxilində bir sıra oroqrafik vahidlər ayrılır. Bunlara Qanıx-Həftəran vadisi, Ceyrançöl-Acınohur alçaqdağlığı, Kiçik Qafqaz ətəyi maili düzənliklər və Kür-Araz ovalğl aiddir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən bu çökəkliyin əsas oroqrafiya vahidi cənubi Qafqazın ən böyük düzənliyi olan Kür-Araz ovalığıdır. Ovalıq Kür və Araz çayları vasitəsilə Mil-Qarabağ, Şirvan, Muğan-Salyan düzlərinə bölünür. Ovalığın şərq və mərkəzi hissələri okean səviyyəsindən 28 m-dək aşağıdadır. Dağətəyi sahələrdə hündürlüyü 100–250 m, bəzi yerlərdə 400–500 m-ə çatır. Kür-Araz ovalığından şimal-qərbdə Kür çayının sağ sahili boyunca Gəncə-Qazax, cənub-qərbdə isə Araz çayının sol sahili boyunca Aşağı Arazboyu maili düzənlikləri uzanır. Gəncə-Qazax düzənliyi və Kür-Araz ovalığından şimalda Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt ön dağlıqları yerləşir. Bunlardan ən böyüyü Alazan-Əyriçay çökəkliyinin cənub kənarları boyunca uzanan Acınohur ön dağlığıdır (hündürlüyü 1100 m-dək). Bir neçə silsilə, tirə və onları bir-birindən ayıran çökəklik və dərələrdən ibarətdir.[1]

Yüksəklik qurşaqları

[redaktə | mənbəni redaktə et]
Quba rayonunda dağlıq ərazi

Azərbaycan Respublikasının ərazisində relyefin mürəkkəbliyi burada yüksək dağlıq, orta dağlıq, alçaq dağlıq və düzənlik-ovalıq şaquli qurşaqları ayırmağa imkan verir.[1]

Yüksək dağlıq qurşağı 2500 m-dən yüksək yerləri əhatə edir. Bura Böyük Qafqazda Böyük Qafqaz silsiləsinin və Yan silsilənin, Kiçik Qafqazda, əsasən, Zəngəzur, Murovdağ və Şahdağ silsilələrinin yan hissələri daxildir. Çox yerdə dar zona təşkil edir. Bu qurşaq torpaq və bitki örtüyünün çox zəif inkişaf etməsi, sıldırım və daşlı qayalıqların geniş yer tutması və s. ilə səciyyələnir. Burada itiuclu və daraqvarı zirvələr çoxdur. Qədim buzlaq relyefi formaları (troq) qalmışdır. Kiçik müasir buzlaqlar var. Dağ yamaclarının ətəkləri qalın qırıntı materiallarla örtülüdür. Orta dağlıq qurşağı dağ sistemlərinin çox hissəsini əhatə edir: əsasən, 1000 m-dən 2500 m-dək hündürlükdədir. Dərin çay dərələri ilə kəsilmişdir. Yamaclara pilləvarı görkəm verən düzəlmə səthlər geniş yayılmışdır. Dərələrin genişləndiyi yerlərdə, xüsusilə dağarası çökəkliklərdə terraslar inkişaf etmişdir. Bəzi dağ yamaclarında sürüşmə və uçqun sahələri var.[1]

Alçaq dağlıq qurşağı hündürlüyü təqribən 200 m-dən (Qobustan və Acınohur) ön dağlığında 50–100 m-dən olan sahələri əhatə edir. Bu qurşaqda dağ yamacları maili, suayrıcılar hamardır. Bəzi sahələrdə (Qobustan, Ceyrançöl və Acınohur ön dağlığı, Naxçıvan MR-da ön dağlıq rütubət çatışmazlığı arid-denudasiya proseslərinin inkişafına və burada yararsız torpaqların (bedlend), gil karstının və s. relyef formalarının inkişafına şərait yaratmışdır.[1]

Düzənlik-ovalıq qurşağı hündürlüyü 100–200 m və bəzi yerlərdə 400–500 m-dək (Naxçıvan MR-da 800–1000 m-dək) olan sahələri tutur. Bura Kür çökəkliyinin və Samur-Dəvəçi ovalığının çox hissəsi, Alazan-Əyriçay çökəkliyi, Arazboyu düzənliklər və s. daxildir. Bu qurşaqda akkumulyativ relyef formaları geniş inkişaf etmişdir. Dağətəyi sahələrdə gətirmə konusları, Xəzər dənizi sahillərində dünlar əsas relyef formalarıdır.[1]

Azərbaycanın relyefi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda ən möhtəşəm və fəal morfostruktur Böyük Qafqaz meqantiklinorium dağ sistemidir. Bu dağlar Alp-Himalay orogen qurşağının Avropa və Ön Asiya-Qafqaz seqmentlərinin böyük, yüksəkdağlıq morfostrukturlarından biridir.

Böyük Qafqazın Azərbaycana daxil olan cənub-şərq yüksəkdağlıq hissəsi böyük məsafədə Tufan antiklinoriumuna uyğun gəlir. Tufan antiklinorium və sinklinoriumlardan ibarətdir. Tufan antiklinoriumunu Qusar-Qonaqkənd antiklinoriumu, Xınalıq sinklinoriumu və Bazardüzü antiklinoriumu təşkil edir. Tufan antiklinoriumunun cənub struktur zonası suayrıcı silsilə boyu uzanan Baş Qafqaz tektonik qırılması üzrə cənuba aşaraq, tektonik üstəgəlmə əmələ gətirir. Neotektonik mərhələdə Tufan antiklinoriumunun qalan struktur zonalara nisbətən daha intensiv qalxması onun yüksəkdağlıq Suayrıcı silsiləyə çevrilməsinə səbəb olmuşdur. Hər yerdə Baş Suayrıcı silsilə Tufan antiklinoriumuna uyğun gəlmir. Denudasiya proseslərinin təsiri altında Baş Suayrıcı silsilə zaman keçdikcə şimala miqrasiya etmiş və cənub yamac şimal yamac hesabına bir qədər genişlənmişdir. Bazardüzü, Tufandağ dağları sahəsində bu antiklinorium uca zirvələr və suayrıcı zona əmələ gətirdiyi halda, qərb istiqamətində antiklinorium cənub yamacı da əhatə edir, şərq istiqamətində isə suayrıcı silsilənin şimal yamacına keçir və gömülür.

Tufan antiklinoriumunun ən şimalda yerləşən struktur elementi Quruş-Qonaqkənd antiklinoriumudur. Quruş-Qonaqkənd antiklinoriumu nisbətən sadə quruluşa malikdir. Bu antiklinoriumun qərb hissəsi inversion morfostruktura tipik misaldır. Antiklinoriumunun yerində dibi ətraf dağlardan 1500–1700 m alçaqda yerləşən Şahdüzü çökəkliyi, ondan şərqdə isə Qudyalçayın sol qollarının dərinləşdirdiyi erozion dərələr yerləşir. Qaytar-Qoca antiklinorium silsiləsi Suayrıcı silsiləyə çox sıxıldığından çox yerdə ondan kontrastlı mənfi morfostruktur elementlə ayrılmır və xüsusi görkəmə malik kontrastlı relyef forması yaratmır.

Horst-antiklinorium silsilələrə Böyük Qafqaz dağlarının cənub yamacında Göyçay və Ağsuçay dərələri arasında yerləşən ortadağlıq Nialdağ silsiləsi tipik misaldır. Yura və təbaşir dövrü çöküntülərindən təşkil olunmuş morfostruktur cənubdan və şimaldan uzununa tektonik qırılmalarla əhatələnir və onun hər iki yamacında laylar dik yatır. Silsilənin səthi son neotektonik fəallaşmadan əvvəl uzun müddət denudasiya proseslərinə məruz qalmış və burada dik yatımlı kəsən düzəlmə səthi əmələ gəlmişdir.

Antiklinorium və antiklinal silsilələr

[redaktə | mənbəni redaktə et]

Antiklinorium və antiklinal silsilələr Böyük Qafqaz morfostrukturunun ayrı-ayrı sahələrində inkişaf etmişdir. Böyük morfostrukturun şimal zonasında və cənub-şərq gömülmə vilayətində daha çox rast gəlmək mümkündür. Antiklinorium silsilələrə ən tipik misal Təngi-Beşbarmaq antiklinorium silsiləsidir. Antiklinoriumu təşkil edən şimal və cənub antiklinal zonalar, həmçinin onların arasında yerləşən ensiz sinklinal kompakt yerləşdiklərinə görə sanki bir struktur element və ona uyğun gələn müsbət relyef forması – düz morfostruktur əmələ gətirir. Böyük Qafqaz cənub-şərq batımı vilayətində relyefin müsbət elementləri əksər hallarda antiklinal zona və strukturlara uyğun gəlir. Bunlara Vərəftə, Gədi-Kürkəçidağ, Sarıdaş, Aladaş, Meysəri, Ləngəbiz, Ələt, Böyük Hərəmi, Şubanı, Fatmayı və s. antiklinal tirələr və uvallar daxildir.

Sinklinorium silsilələri

[redaktə | mənbəni redaktə et]

Sinklinorium silsilələri Böyük Qafqaz morfostrukturu daxilində Şahdağ-Xızı sinklinoriumu tərkibində yerləşən bir sıra yüksək və ortadağlıq massiv və silsilələrdir. Şahdağ, Qızılqaya massivləri Yan silsilənin ən görkəmli formalarıdır. Bu massivlər qalın və denudasiya proseslərinə çox davamlı yura və təbaşir əhəngdaşı qatlarından qurulmuşdur. Onların şimal yamaclarının dik və sıldırımlı olması Qazma — Qırız qırılması, cənub yamacların dik olması isə bir tərəfdən Quruş antiklinoriumunun tağ hissəsinin çox dərin erozion dərələrlə kəsilməsi, digər tərəfdən qalın əhəngdaşı örtüyünün cənub kənarı sıldırımına uyğun gəlməsi ilə izah edilir. Şərq istiqamətində sinklinorium silsilə alçalaraq ortadağlıq silsilələrə keçir. Qusarçay, Qudyalçay, Qaraçay morfostrukturu dərin yarma dərələrlə ayrı-ayrı massivlərə bölünür. Böyük Qafqazın cənub-şərq gömülmə regionunda Dübrar sinklinoriumu Şahdağ və Qızılqaya massivlərindən sonra inversion morfostrukturlara misaldır. Dübrar sinklinal morfostrukturu Gilgilçay və Ataçay hövzələrini Çigilçay hövzəsindən ayırır.

Zaqatala-Qovdağ sinklinoriumu Böyük Qafqaz morfostrukturunun cənub yamacını təşkil edir. Şərqdə sinklinoriumun şimal qanadı strukturları Baş Suayrıcının şimal yamacına keçir.

Böyük Qafqazın cənub-şərq gömülmə vilayətinin qərb hissəsində Zaqatala-Qovdağ sinklinoriumunun davamı Altıağac antiklinoriumundan cənubda yerləşən geniş Qızmeydan yaylasına keçir. Qızmeydan yaylası və onun ətrafları üfüqi hərəkətlər nəticəsində əmələ gəlmiş böyük bir tektonik örtükdür. Qozluçay, Gilgilçay, Pirsaatçay yaylada qutuvarı dərələr əmələ gətirmişlər.

Böyük Qafqazın cənub-şərq gömülmə sahəsində köndələn morfostruktur zonalar pilləli şəkildə yerləşir. Altıağac qəsəbəsindən cənub-şərqdə morfotektonik pillələrin sərhədləri Sitalçay, Veqverçay, Sumqayıtçay dərələri üzrə keçir. Böyük Qafqazın cənub-şərq yamacı Qırışıqlı-denudasion Şamaxı yaylası aid edilir.

Şamaxı yaylası paleogen-neogenin qırışıqlığa yığılmış gil qatlarından, qum və əhəngdaşı laylalarından əmələ gəlmişdir. Sulutçay hövzəsində Şamaxı yaylasının şimal-şərq hissəsi Basqal tektonik örtüyü qalıqları saxlamaqla Nialdağ silsiləsinə söykənir, şərqdə isə Qobustan qırışıqlığı morfostrukturuna keçir.

Böyük Qafqazın cənub-şərq gömülmə vilayətində Qobustan-Abşeron qırışıqlığı və düzənlikləri geniş bir ərazi tutur. Qobustan-Abşeron qırışıqlı alçaqdağlığı şimalda təbaşir və paleogenin, mərkəz və cənub hissədə isə miosen və pliosenin gil, qumdaşı və əhəngdaşı laylarından qurulmuşdur. Qobustan-Abşeron sahəsi üçün ən geniş yayılmış morfostruktur tipləri antiklinal və monoklinal tirələr, sinklinal dərələr, muldalar və platolardır. Antiklinal tirələrə Ələt tirəsi, Böyük Hərəmi, Nardaran, Keçiqaya, Dəvəlidağ, Atyal, Zığırdağ, Şubanı, İlxıdağ, Şaxandağ və b. misaldır. Monoklinal tirələr Qayıblar, Şayıblar, Böyük Siyəki, Boyanata və b. asimmetrik quruluşlu tirələrdən ibarətdir. Sinklinal platolara Qərbi Qobustanda Gicvəki, Donquzluq, Şimali Qobustanda Böyük Siyəki, Abşeronda və Cənub-Şərqi Qobustanda Güzdək, Qızıldaş, Çapılmış, Böyükdaş, Kiçikdaş və s. platolar daxildir. Qobustanda inversion Yasamal dərəsinə, Körgöz-Şonqar dərəsinə rast gəlmək mümkündür.

Qobustan-Abşeron qırışıqlığı alçaqdağlığı və düzənliklərində palçıq vulkanları xüsusi morfostruktur tipi kimi ayrılır. Palçıq vulkanlarının hamısı aydın görünən relyef forması əmələ gətirmir.

Yan silsilədən şimal-şərqdə Quba-Qusar əyilməsi zonası yerləşir. Bu zona neotektonik mərhələdə əyilməyə məruz qalmış və onun cənub kənarı boyu intensiv qalxmaqda olan dağlardan çayların gətirdiyi terrigen çöküntülərlə dolmuşdur. Dördüncü dövrdə bu əyilmə zonasının qərb hissəsi Yan silsilənin qalxmasına cəlb olmuş və onu təşkil edən Pliosen və Dördüncü dövr çöküntü qatlarında, geniş monoklinal struktur yaranmış, və bu prosesin nəticəsində Qusar maili düzənliyi əmələ gəlmişdir. Samur-Dəvəçi ovalığının enli daxili zonası allüvial-prolüvial, sahil zonası isə dəniz-akkumulyativ düzənliklərdir.[2]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Azərbaycan – Relyef Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine Azerbaijan.az
  2. Azərbaycan respublikasının coğrafiyası. III cild "Regional coğrafiya". Oroqrafiya (müəlliflər: Əlizadə E.K., Tarixazər S.Ə.). Baki, 2015, s.45