Beynəlxalq Kosmik Stansiya — Vikipediya
Beynəlxalq Kosmik Stansiya (BKS) (ing. International Space Station, ISS) — çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyadır. BKS 23 ölkənin iştirak etdiyi birgə beynəlxalq layihədir. Bunlar Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Lyuksemburq, Niderland, Norveç, Portuqaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiyadır. Bu orbital stansiyanın dəyəri 150 milyard dollar olmaqla tarixdəki ən bahalı layihədir. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılmışdır.