Dəmirçi nekropolu — Vikipediya
Dəmirçi nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şərur |
Yerləşir | Dəmirçi (Şərur) kəndi |
Tikilmə tarixi | e.ə. II – I miniliklər |
Üslubu | arxeoloji abidə |
Dəmirçi nekropolu — Şərur rayonunun Dəmirçi kəndinin şimalında, Sarıdaş yaxınlığındakı yüksəkliklərdən birində yerləşən arxeoloji abidə. Naxçıvan-Sədərək şossesi nekropolu Dəmirçi kəndindən ayırır.
Tədqiqi tarixindən
[redaktə | mənbəni redaktə et]Nekropol 1967-ci ildə aşkar edilmişdir. İlkin araşdırmalar zamanı abidənin təxminən 6 ha-lıq sahəni əhatə etdiyi müəyyənləşdirilmişdir. Buradan şərq qərb, şimal-cənub istiqamətində salınmış daş qutu tipli qəbirlər aşkar edilmişdir. 1998, 2001-ci illərdə nekropoldan müxtəlif ölçülü sal daşlar, boz rəngli keramika nümunələri aşkar edilmişdir [1]. Müxtəlif vaxtlarda bu ərazidə tikinti daşları çıxarılarkən tapılan maddi-mədəniyyət nümunələri kənd sakinləri T.Novruzov və H. Ələkbərov tərəfindən toplanaraq mühafizə edilmişdir. Həmin materiallar 5 tunc iynə, 2 sırğa, 1 bilərzik, 47 ədəd muncuq və keramika məmulatı ilə təmsil olunur. Abidədən toplanan yerüstü materialların bir qismi sonralar AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafi ya və Arxeologiya İnstitutunun muzeyinə təhvil verilmişdir.[2]
Aşkarlanmış maddi mədəniyyət nümunələri
[redaktə | mənbəni redaktə et]Buradan yığılan keramika məmulatı əsasən boz-qara rəngdə olan küpə, kasa, çölmək, xeyrə qədəh və onların fraqmentlərindən ibarətdir. Küpələr 3 nümunə ilə təmsil olunur. Bunlardan biri bütöv qalıb, ikisi isə qabların boğaz hissəsindən ibarətdir. Birinci küpə boz rəngli, geniş ağızlıdır. Ağzı xaricə doğru çıxıntılı olan qabın gövdəsinin boğaza yaxın hissəsində üfüqi istiqamətdə şüaşəkilli naxışlar salınmış, bir qədər yuxarıda isə şaquli istiqamətdə şumer işarələrinə bənzər 7 ədəd bucaq şəkilli stamp salınmışdır. İkinci küpə silindrik boğazlı olub, ağzının kənarları xaricə doğru qatlanmışdır. Sarı-boz rəng çalarına malik olan bu qabın çiyni üzərində Xocalı-Gədəbəy mədəniyyətinə xas olan göbələkşəkilli çıxıntı yerləşir. Gövdəsində bir cərgə ilana bənzər naxış salınmış, yuxarı hissədə 2 cərgə sünbül şəkilli ornament, onların arasında isə 4 cərgə basma xətt qabı dövrələmişdir. Silindrik boğazlı Dəmirçi keramikasının AMEA Naxçıvan Bölməsinin muzeyində saxlanılan digər nümunəsi şarşəkilli gövdəli, interyerində gövdəyə qədər uzanan xəfif cızma naxışları və lüləkli quruluşu ilə fərqlənir. Naxçıvanın digər abidələrində bu tipli keramikaya rast gəlinmir. Üçüncü qrupa aid olan küpə darboğazlı və digərlərindən fərqli olaraq naxışsızdır. Bu qabın AMEA NB–nin muzeyində saxlanılan nümunəsi zərif kannelyur ornamentlə naxışlı olub, Naxçıvanın Dəmir dövrünə aid digər abidələrinin materialları ilə analogiya yaradır. Çölməklər 3 nümunə ilə təmsil olunmuşdur. Onlardan biri boğazsız və şarşəkilli gövdəyə malik olması ilə fərqlənir. İnteryerə doğru yığlmış ağzına yaxın yerdə salınmış iki qulaqcıqşəkilli çıxıntı şaquli istiqamətdə deşilmişdir. Boz rəngdə olan bu küpənin çiynində qulplarla paralel olaraq 3 cərgə dövrələmə batıq dalğavari naxış salınmışdır.
Çölməklərdən biri bikonik formaya malik olub, oturacağı kiçik ölçüdə və dəyirmi formada deşilmişdir, interyeri sar-çəhrayı astarlı, xarici boz rəngdədir. Qabın gövdəsində kiçik ölçülü nöqtələrdən ibarət olan və bir-birinə ziqzaq şəklində birləşən iki cərgə şüaşəkilli ornament çəkilmişdir. Xeyrələr iki ədədddir. Dayaz formalı və kənarlarına getdikcə tədricən interyerə doğru yığılan bu qablardan biri xaricdən kannelyur naxışla bəzədilmiş, oturacağına çərxi fələk işarəsi salınmışdır. Qabın interyerində ağız kənarında iki cərgə basma xəttin arasına ziqzaq və dalğanın sintezinə bənzər ornamentlər salınmışdır və iki yerdən bir-birinə paralel, kiçik ölçüdə deşilmişdir. Digər xeyrə formasına görə birincini xatırlarsa da, bir qədər kobud formada hazırlanmış və naxışsızdır. Kasaların hər iki tipi Zeyvə, Qarabulaq abidələrinin Şərur Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan eksponatları (ИТДМ. Inv.№991), həmçinin Mingəçevir kurqanı və digər həmdövr abidələrin materialları ilə analogiya yaradır.
Dəmirçi nekropolunun materialları içərisində cəmi bir nümunə ilə təmsil edilən qədəhin gövdədən aşağı hissəsi salamat qalmışdır. Halqadabanlı olan qabın oturacaq hissəsi içəriyə doğru batıqdır və naxışsızdır. Bu tip oturacaqlı qabların bənzərinə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları içərisində də rast gəlinir (inv.№268; 429). Dəmirçi nekropolun keramika məmulatı Naxçıvanın Erkən Dəmir dövrünə aid olan abidələrinin, daha çox Qızılburun, Kolanı, Sarıdərə, Qarabulaq, Zeyvə nekropollarının, Azərbaycanın digər bölgələrinin Xocalı-Gədəbəy tipli abidələrinin materialları ilə harmoniya yaradır, Lakin qonşu regionlarla qaşılıqlı əlaqənin sintezinin fonunda lokal xüsusiyyətlərini əks etdirən fərqli impulsları ilə də fərqlənir. Eyni xüsusiyyətlər qabların ornamentasiyasında da özünü büruzə verir. İlanvari tək və qoşa naxışlar, sünbülşəkilli, dalğavari və düz xətlərlə salınan basma naxışlar, həmçinin çərxifələk işarəsi və kannelyur ornamentlər keramikanın naxışlanmasının sevilən formalarından olub və geniş formada tətbiq edilmişdir.[3]
Nekropolun materialları içərisində bəzək əşyaları da müxtəlif çeşidli olmaları ilə diqqəti cəlb edir. Buradan tapılan müxtəlif funksiyalı aksesuarlar dulusçuluqla yanaşı zərgərlik sənətinin də inkişaf etməsinin bariz nümunəsidir. Muncuqlardan biri ağ rəngdə silindrik formalı olub, üzəri şüa şəklində naxışlanmışdır, digəri trapes şəklindədir, qalanları qəhvəyi rənglidir. Ağ rəngli muncuq və sırğanın kənarları ziqzaq şəklində naxışlanmışdır. Sırğalardan biri qoşa spiral formasındadır. Bəzək əşyalarının bənzərləri Şahbuzuun Sarıdərə, Kolanı nekropollarının, həmçinin, Ordubadın Muncuqlutəpə nekropolunun bəzək nümunələri ilə analogiya yaradır.
Abidədən tapılan arxeoloji materialların təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir: Dəmirçi nekropolunun yerüstü materialları Erkən Dəmir dövrünü əks etdir və bunu sarı-çəhrayı, boz-qara rənglərin çulğalaşması, həmçinin çərtmə, basma, kannelyur, çərxifələk, dalğavari formada cızma, ornamentlərin üstünlük təşkil etdiyi, əsasən konik, silindrik-konik, bəzən də ovalvari keramika nümunələrində büruzə verir. Materialların təhlili eyni zamanda burada bütün Naxçıvan abidələri (Qızılburun, Qarabulaq, Dizə, Kolanı, Zeyvə və s.) üçün xarakterik olan lokal bir mədəniyyətin mövcudluğundan xəbər verir. Ornamentlərdə rastlanan cənub üslubu (lüləkli qab, şüaşəkilli naxışlar), Anadolu oxşarlığı (çərtmə, basma naxışlar), Azərbaycanın Son Tunc və İlk Dəmir çağını əks etdirən Xocalı-Gədəbəy elementi (göbələkvari çıxıntılar) Naxçıvan-Urmiya gölü-Şərqi Anadolu üçbucağında yaşayan qədim tayfaların mədəni-iqtisadi əlaqələrinə aid yeni faktların üzə çıxarılması baxımından Dəmirçi nekropolunun xüsusi əhəmiyyətə malik olduğunu göstərir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Naxçıvan abidələri Ensiklopediyası. Naxçıvan: Əcəmi, 2008, ,s. 522
- ↑ Quliyeva Z. Z.Quliyeva. Naxçıvanda Dəmirçi nekropolunun arxeoloji materialları.Qarapapaqlar, 2014, Октйабр, №10 (86)), s. 22-29.
- ↑ Quliyeva Z. Z.Quliyeva. Naxçıvanda Dəmirçi nekropolunun arxeoloji materialları.Qarapapaqlar, 2014, Октйабр, №10 (86)).
Mənbə
[redaktə | mənbəni redaktə et]- Naxçıvan abidələri Ensiklopediyası. Naxçıvan: Əcəmi, 2008, 522 s.
- Quliyeva Z. Z.Quliyeva. Naxçıvanda Dəmirçi nekropolunun arxeoloji materialları.Qarapapaqlar, 2014, Октйабр, №10 (86)), s. 22-29.
- Quliyeva Z. Dəmirçi nekropolunun erkən dəmir dövrü keramikası. Azərbaycan arxeologiyası, 2015,Vol: 18, Nöm.1. s. 61-67.