Dizə nekropolu — Vikipediya

Dizə nekropolu
Ölkə  Azərbaycan
Yerləşir Naxçıvan Muxtar Respublikası
Aidiyyatı Şərur rayonu
Üslubu Arxeoloji abidələr
KateqoriyaQədim yaşayış məskəni
ƏhəmiyyətiRegion əhəmiyyətli
Dizə nekropolu (Azərbaycan)
Dizə nekropolu

Dizə nekropoluŞərur rayonunda eyniadlı kəndin qərbində ilk tunc dövrünə aid arxeoloji abidə.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Nekropol Dizə kəndindən qərbdə, Ovçular təpəsi yaşayış yerinin şimalında yerləşir. Abidə erkən tunc dövrünə aiddir. Yerüstü əlaməti olmadığından nekropolun sahəsini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Abidə Ovçular təpəsinin Arpaçaya enən yamacında yerləşir. Nekropol qərb tərəfdən Arpaçayla məhdudlaşır.

Abidə 1969-cu ildə təsərrüfat işləri görülərkən təsadüfən aşkar olunmuşdur. Burada dağıdılmış iki qəbirin materialları R.B.Göyüşov və V.H.Əliyev tərəfindən nəşr edilmişdir. Birinci qəbirin kamerasının bir hissəsi salamat qalmışdı. Onun divarları çay daşlarından palçıqla hörülmüşdür. Qəbir kamerası şərq-qərb istiqamətində olub, tağşəkilli örtüklə tamamlanmışdır. Qəbir kamerasının döşəməsi palçıqla suvanmışdı. Saxlanmış sümük qalıqlarına əsasən demək olar ki, burada iki dəfn aparılmışdır. Bükülü vəziyyətdə olan skeletlərin başı cənub tərəfə yönəldilmişdir. Bu qəbirdən parç və banka tipli qablar tapılmışdır. Onların gilinə narın qum qatılaraq yaxşı bişirilmiş, xarici səthi cilalanmışdır. Bəzi qabların gövdəsinin yuxarı hissəsində yarımşar formalı qulpu var.

Aşkar olunmuş materialların təhlilinə əsasən demək olar ki, Dizə nekropolu Kür-Araz mədəniyyətinin ilk və orta mərhələsini əhatə edir. Nekropolu[ing.] e.ə. IV minilliyin sonu III minilliyin əvvəllərinə aid etmək olar.

  1. Seyidov A.Q, Baxşəliyev V.B, Məmmədov S.M, Aşurov S.H. Qədim Şərur. Bakı: Elm və təhsil, 2012, 466 s.
  2. Baxşəliyev V.B. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, 301 s.
  3. Seyidov A.Q. Naxçıvan e.ə. VII-II minilliklərdə. Bakı: Elm, 2003, 339 s.
  4. Əliyev V.H, Göyüşov R.B. Arpaçay vadisində ilk tunc dövrünə aid qəbr abidəsi. AMM, Bakı: Elm, 1993, XI cild, s. 14-19.
  5. Quliyeva Z.K. Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri. Bakı: Elm və Təhsil, 2014, 192 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]