Gölkənd (Qaraqoyunlu) — Vikipediya

Gölkənd
40°41′03″ şm. e. 45°10′23″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Qaraqoyunlu dərəsi
Rayon Çəmbərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.416 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 911 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Gölkənd xəritədə
Gölkənd
Gölkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölkənd kəndiQaraqoyunlu elinin (dərəsinin) kəndlərindən biri.

Gölkənd kəndi Qaraqoyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in Mixaylovka – Çəmbərək (Krasnoselo-Qırmızıkənd) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə, Tərsəçay sahilində meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənddir. Kəndin azərbaycanlı əhalisi 1831-ci ildə 357, 1886-cı ildə 2157, 1914-cü ildə 1866, 1922-ci ildə 1015, 1931-ci ildə 1279, 1959-cu ildə 1123, 1979-cu ildə 2022 nəfər olub. Gölkənd kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ayqut" olaraq dəyişdirilmişdir. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir.

Gölkənd Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olub. Adından da məlum olduğu kimi, bu kənd öz adını burada olan təbii göllərdən almışdır. Gölkənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı dörd göl var idi.

Qərbi Azərbaycanda "Kiçik akademiya" adını almış orta məktəb məhz Gölkənd orta məktəbi olmuşdur. Gölkənd orta məktəbinin məzunlarından iyirmidən çox elmlər doktoru, yüzdən çox elmlər namizədi fəxri ada layiq görülənlər var.

Gölkənd kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda Sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselo), Şəmşəddil, Dilican rayonları yaradıldı.

Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olmuşdur. 1951–1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdi.

Qaraqoyunlu dərəsində ən böyük kənd Gölkənd olmuşdur.

23 fevral 1988-ci ildə ermənilər Dilicanda Gölkənddən olan bir neçə nəfər azərbaycanlını döyüb və yaraladılar.[2]