Səkkizbucaqlı Kiran türbəsi — Vikipediya
Səkkizbucaqlı Kiran türbəsi | |
---|---|
38°54′ şm. e. 46°04′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Ordubad |
Yerləşir | Kiran yaşayış yeri |
Memar | Əcəmi Naxçıvani (?) |
Tikilmə tarixi | XII əsrin 80-ci illəri |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Vəziyyəti | xarabalıqları qalıb |
İstinad nöm. | 52 |
Kateqoriya | kompleks |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Səkkizbucaqlı Kiran türbəsi — Naxçıvan-Marağa memarlıq məktəbinin nailiyyətlərini özündə əks etdirən ən vacib memarlıq abidələrindən biri. Konstruktiv həlli və memarlıq xüsusiyyətlərinə görə türbənin XII əsrin 80-ci illərində inşa edildiyi güman edilir.[1]
Səkkizbucaqlı Kiran türbəsi giriş qapılarının həlli və dizaynı, detalların profilləşdirilməsi və künclərin ornamentasiyası, fasad naxışlarının bloklara bölünməsi və konstruktiv bütövlüyü ilə Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin memarlıq xüsusiyyətlərini təkrarlayır.[1] Bütün bu xüsusiyyətləri nəzərə alan tədqiqatçı B. İbrahimov Səkkizbucaqlı Kiran türbəsinin də Əcəmi Naxçıvaninin əsəri olması ehtimalını irəli sürür.[1] Bu ehtimalın həqiqiliyi qəbul edilərsə, memarın yaradıcılığında Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin inşası arasında keçən 25 illik fasilənin olması məsələsi özünü doğrultmur.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Dövrümüzə xarabalıqları çatmış abidə ərazisində 1980-ci ildən arxeoloji tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Kiran şəhristanının dördüncü məhəlləsinin yerlşdiyi təpənin enişində inşa edilmiş[1] abidəni ilk dəfə S. V. Ter-Avetisyan[3], daha sonra isə V. M. Sısoyev[4] təsvir etmişlər.
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Səkkizguşəli Kiran türbəsi qüllə tipli mərkəzi günbəzli türbələr qrupuna daxildir.[5] Türbə binası iki hissədən ibarətdir: səkkizguşəli olan yerüstü hissə kvadrat formalı (20x20x5 sm) kərpiclərdən tikilmişdir; yeraltı sərdabə hissəsi xaricdən kvadrat, daxildən isə xaçvari formaya malikdir. Türbənin yerüstü hissəsi yalnız cənub-qərb tərəfdə 0.8 metr hündürlükdə saxlanmış (iki sıra bişmiş kərpic hörgüsü və üzlük), qalan yerlərdə isə dağlkaraq ətrafa tökülmüşdür.[5]
Yerüstü hissə
[redaktə | mənbəni redaktə et]Türbənin divarlarının qalınlığı 1.5-0.12 metr, səkkizguşəlinin küncləri 4.72-4.78 metr, üzbəüz künclər arasındakı daxili məsafə isə 9 metrə bərabərdir.[6] Üzlüyün saxlanılmış hissəsi və ətrafda aşkar edilmiş bütöv hörgü bloklarına əsasən, B. İbrahimov türbənin künclərinin dekorativ bişmiş kərpiclərdən haradılmış həndəsi naxışlar xalçası ilə örtüldüyünü qeyd edir.[6]
Türbənin künc hissələrinin naxışları bir-birini təkrarlamır. Bu naxışların əsasında altı, səkkiz, dörd və sair bucaqlardan ibarət həndəsi naxışlar dayanır. Tədqiqatçılar Səkkizguşəli Kiran türbəsinin künc naxışları arasında iki kompozisiya tipi müəyyən etmişlər: birinci tipdə hər blokun naxışları təkrarlanır, ikinci tipdə isə dörd blok simmetrik olaraq düzülür və onlara yalnız birlikdə baxdıqda təsvir yaranır.[6] Bu baxımdan Səkkizguşəli Kiran türbəsinin fasad naxışları Yusif ibn Küseyr türbəsinin fasadındakı naxışları xatırladır.[7] Əsas fiqurlardan başqa bu naxışlarda çoxlu sayda ikinci dərəcəli fiqurlar – ulduz, romb, beşbucaqlı, trapesiya və sair də formalaşır.[6]
Səkkizbucaqlı Kiran türbəsinin cənub-qərb fasadında saxlanmış ornamentlər Yusif ibn Küseyr türbəsinin şimal küncünün ornamentləri ilə tamamilə identikdir.[8] Onlar yalnız blokların ölçüsünə görə fərqlənirlər. Səkkizguşəli Kiran türbəsinin naxış blokları Yusif ibn Küseyr türbəsinin naxış bloklarlndan üç dəfə kiçikdir. Küncün salamat qalmış hissəsi aşağı tərəfdən iki paralel kərpic kəməri ilə bərkidilmişdir. Kəmərlər arasındakı məsafə kvadrat formalı (4.6x4.6x11.5 sm) kiçik kərpiclərlə hörülmüşdür.[6]
Düz türbə səthindən küncə keçid Mömünə Xatun türbəsindəki kimi həll edilmişdir.[6] Yusif ibn Küseyr və Mömünə Xatun türbələrindən fərqli olaraq Səkkizguşəli Kiran türbəsinin küncləri yarımdairəvi sütunlar şəklində həll edilmişdir. Mömünə Xatun türbəsinin sərhədləri kar tağın bəzəkli stalaktitləri ilə tamamlanır və B. İbrahimov eyni şəkildə stalaktitlə tamamlanmanın Səkkizguşəli Kiran türbəsində də təkrarlandığını ehtimal edir.[6]
Türbənin giriş qapısı cənub istiqamətindədir. Girişin hər iki tərəfində künclərdəki sütunların formasını təkrarlayan sütunlar yerləşdirilmişdir. Digər qülləvari türbələrdə olduğu kimi, Səkküzguşəli Kiran türbəsində də yerüstü hissənin daxili həcmi funksional əhəmiyyət daşımamışdır.[6] Plan və tərtibat baxımından Səkkizguşəli Kiran türbəsinin girişi Əcəmi Naxçıvaninin inşa etdiyi iki türbənin girişləri ilə identikdir.[1]
Sərdabəsi
[redaktə | mənbəni redaktə et]Türbənin yerli daşdan inşa edilmiş yarımyeraltı sərdabəsi xaricdən kvadrat, daxildən isə xaçvari plana malikdir. Bir xarici tərəfin uzunluğu 11.5-11.7 metrdir.[1] Türbə qaya üzərində inşa edildiyindən, yuxarı qalxdıqca divarların qalınlığı azalır.[1]
Sərdabənin girişi oxvari tağ formasında həll edilməklə şərq istiqamətində yerləşdirilmişdir. Giriş qapısına dar dəhliz aparır. Dəhlizin eni 1.3-1.4 metrə bərabərdir.[1] Giriş qapısının eni 3, hündürlüyü isə 1.05 metrə (5 sıra daş hörgüsü) bərabərdir.[1]
Arxeoloji tədqiqatlar zamanı sərdabənin giriş qapısı üzərində, səkkizguşəli gövdənin daha bir qapı yeri aşkara çıxarılmışdır. B. İbrahimov qeyd edir ki, həmin qapı türbənin XIII əsrdə təmiri zamanı hörülərək qapadılmışdır.[1]
Türbənin xaricdən dördguşəli olan sərdabəsi kürsü rolunu oynayan daha bir dördguşəlinin içərisində inşa edilmişdir. Kürsünün tərəflər cənubdan 18.3 metr, şimaldan 17.3 metr, şərq və qərbdən isə 17.5 metrə bərabərdir. Kürsü və sərdabənin divarları arasındakı ərazidə yerüstü hissəsi olmayan bir neçə müsəlman qəbri aşkar edilmişdir.[1] Türbənin cənub girişi qarşısında daşlardan hörülmüş pilləli yerüstü hissəyə malik, həndəsi ornamentlər və ərəb əlifbası ilə yazılmış kitabələrlə bəzədilmiş daha bir qəbir yerləşir.[1]
Türbənin sərdabəsi daxildən 20x20x5 sm ölçüyə malik kvadrat formalı kərpiclərdən tikilmişdir. Kərpiclər fiqurlu hörgü ilə düzülmüşdür.[1]
Tədqiqi
[redaktə | mənbəni redaktə et]Səkkizbucaqlı Kiran sərdabəsi memarlıq quruluşuna görə, Şərqi Anadolunun Kəmax qəsəbəsindəki Sultan Məlik türbəsinin (XII əsrin əvvəli) alt qatı ilə demək olar ki, eynidir. Hətta hər iki türbənin sərdabələrinin ölçüləri, həcmi və hündürlüyü də bir-birinə olduqca yaxındır. Ancaq nisbətlərin ağırlığı, memarlıq elementlərində və hörgü işlərində aydın görünən sayalıq onu Türkiyədəki abidədən bir qədər fərqləndirir. Professor Cəfər Qiyasi qeyd edir ki, Kəmaxdakı türbənin də Naxçıvan-Marağa memarlıq məktəbinin nümayəndəsi olan bir memar tərəfindən inşa edilməsini ehtimal edilir. Belə ki, həmin illərdəMengücəklərin əsas tikililərini iki azərbaycanlı memar yerinə yetirirdi: Onlardan biri memar 'Əhməd Əbubəkr oğlu Mərəndinin Sivasda ucaltdığı İzzəddin Keykavus türbəsi görünüşcə Kiran və Kəmax türbələrinə bənzəyir.[9]
Mərkəzi dayaqlı sərdabələrin Naxçıvan-Marağa memarlıq məktəbi zonası üçün səciyyəvi olduğunu başqa bir fakt da sübut edir. XX əsrin əvvəllərində bir səyyah Naxçıvanda Nuh Türbəsi adlanan abidəni belə təsvir etmişdi: "...içərisində pillələrlə enilən məbədin daxili tağları ortadakı daş sütuna söykənən dairəvi mağaraya bənzəyir." Bu məlumatda da bəhs edilən sərdabələrə bənzər bir sərdabədən söhbət gedir.[9]
Maraqlıdır ki, mərkəzi dayaqlı sərdabələrə Azərbaycanın başqa memarlıq məktəblərində rast gəlinmir. Ancaq Naxçıvan-Marağa zonası üçün səciyyəvi olan bu sərdabə tipinin təkamülünü qısaca belə izah etmək olar. Başlanğıcda örtüyün möhkəmliyini təmin etmək üçün onun ortasında göbələkvari sütun qoyulurdu. Sonralar sütunun uclarını sərdabənin uyğun künclərinə tağlarla birləşdirməklə memarlar bütöv dayaq sistemi yaradırdılar. Bu sistem əsasında tikilən sərdabələr təkcə qeyri-adi möhkəmliyi ilə deyil, həm də biçiminin plastikası, interyerinin ahəngdar gözəlliyi ilə seçilir.[9]
Səkkizbucaqlı Kiran türbəsinin sərdabəsində türbənin tikilmə tarixini bildirən kitabə qalmamışdır. Ancaq yuxarıda göstərilən xüsusiyyətləri, bir də uçuqlar içində qalan memarlıq bəzəyi fraqmentləri abidənin tikilmə dövrünü aydınlaşdırmağa imkan verir. Səkkizbucaqlı Kiran türbəsinin bəzək ünsürləri və materialları (bişmiş və firuzəyi rəngli şirəli kərpiclərdən yığılmış həndəsi naxışlar və kufi xəttli yazı parçaları, gəc üzərində oyma naxışlar) XII əsrdə Mərkəzi Azərbaycan şəhərlərində tikilmiş bürcvari türbələrin memarlıq bəzəyi və materialları ilə uyğundur. Səkkizbucaqlı Kiran türbəsi də həmin yüzilin Marağa və Naxçıvan türbələrinin çoxu kimi alt kürsüsü daşdan, üst qatı kərpicdən tikilən, memarlıq dekorunda şirəli kərpiclər işlədilən monumental abidə imiş. Bütün bu xüsusiyyətləri nəzərə alan mütəxəssislər türbəni XII yüzilin sonlarında inşa edildiyini söyləyirlər.[9]
Səkkizbucaqlı Kiran türbəsinin kəşfi Azərbaycan memarlıq tarixini maraqlı bir əsərlə zənginləşdirmişdir. Bu abidə, hər şeydən öncə, dünya memarlığında ən bitkin və bənzərsiz konstruktiv sistemləri olan Möminə Xatun türbəsi sərdabəsinin örnəyini – prototipini aydınlaşdırmağa, onun tarixi təkamül prosesini izləməyə yardım edir. Səkkizbucaqlı Kiran türbəsi eyni zamanda bu növ memarlıq – mühəndis quruluşlarının Mərkəzi Azərbaycanda yerli ənənələr üzərində yaranıb təkmilləşdiyini daha inandırıcı şəkildə sübut edir. Həmin sənət əsəri Naxçıvan-Marağa memarlıq məktəbinin təsir və yayım dairəsinin dəqiqləşdirilməsi baxımından da dəyərlidir.[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Ибрагимов, 2000. səh. 44
- ↑ Архитектура Азербайджана. Эпоха Низами. (Сборник статей). Баку. 1947. 239.
- ↑ Тер-Аветисян, С.В. К археологическому обследованию Хараба-Гилана (Известия КИАИ. Т. 6). Тбилиси. 1927. 173.
- ↑ Сысоев, В.М. Нахичевань на Араксе и древности Нахичеванской АССР (Известия АЗКОМСТАРИС Вып. 4. Тетрадь 2). 1929. 207.
- ↑ 1 2 Ибрагимов, 2000. səh. 42
- ↑ 1 2 3 4 5 6 7 8 Ибрагимов, 2000. səh. 43
- ↑ Архитектура Азербайджана. Эпоха Низами. (Сборник статей). Баку. 1947. 232.
- ↑ Мамедзаде, К.М. Строительное искусство Азербайджана IV-ХVI вв. Баку. 1978. 80.
- ↑ 1 2 3 4 5 Qiyasi, C. Nizami dövrünün memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. 90.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.