Kubizm — Vikipediya

Kubizm (fr. cubisme) — XX əsrin əvvəllərində təsviri incəsənətdə, xüsusilə də rəssamlıqla yaranmış modernist cərəyan. XX əsrin əvvəllərindən Fransada real obyektləri həndəsi fiqurlar kimi təsvir etməsi ilə xarakterizə edilir.

Kubizm cərəyanından təsirlənmiş bina. Praqa.

Kubizm cərəyanı XX əsrin əvvəllərində meydana çıxmışdır. Kubizm termini Birinci Dünya Müharibəsindən əvvəlki illərdə Parisdə təkmilləşən bir cərayanı göstərmək üçün istifadə olunmuşdur. O dövrdə Avropada formalaşmaqda olan çağdaş incəsənətdə işığın keçici təsirlərini təsvir edən impressionizmin nümayəndələrindən məmnun olmayan gənc rəssamlar nəsli yetişirdi. Onlar əsasən Anri Matissin ətrafında toplanan çox rəngli rəsmlər çəkən rəssamların da üslubunu bəyənmirdilər. İmpressionizmə hakim olan görmə hissiyatı əvəzinə, kubizm cərəyanının nümayəndələri ağlın üstünlüyünə əsaslanaraq ağlın gücünü ortaya qoymaq istəyirdilər. Onlar rəsm əsərlərini tutarlı bünövrəyə əsaslandırmaq istəyirdilər və bu baxımdan onlar Pol Sezannın layiqli davamçıları idilər. Kubizm cərəyanından olan rəssamlar Pol Sezannın Provans mənzərələri əsərindən, naturmortlarından təsirlənərək kubizmin əsasını qoymuşdular. Yazdığı manifestdə Gilyom Apolliner kubizmin bir təqlid incəsənəti yox, dizayn incəsənəti olduğunu qeyd etmişdir.

Kubizm sözü Jorj Brakın bir rəsm əsərini görən incəsənət tənqidçisi Lui Vokselin bu rəsm əsəri üçün "kiçik kublar" ifadəsini işlətməsi ilə meydana çıxmışdır. Bir yanlışlıq nəticəsində meydana çıxan bu termin Jorj Brak və Pablo Pikassonun həmin dövrdə bir-birinə çox bənzəyən ilk kubist əsərlərini ifadə etmək üçün işlənmişdir. Hər iki rəssam həcmləri bir-birinə daxil olan portretlər, naturmortlar və mənzərələr çəkirdi. Onlar iki ölçülü olan rəsmdə təbiətdə üç ölçülü olan cismlərin təsvirini çəkməyin yollarını axtarırdılar. Bu yeni bir problem deyildi, amma o dövrə qədər üç ölçülü görüntü perspektiv vasitəsilə yaradılırdı.

Pablo Pikasso və Jorj Brak əvvəlcə bu metoddan imtina etdilər. Onlar təsvirləri rəsmin üzərində pilləvarı şəkildə bir-birinin üzərində sıralayaraq təsvir edirdilər. Dayandığımız mövqeyi dəyişdirmədən cisimlərə baxdıqda onun ancaq bir üzünü görmək mümkündür. Kubistlər isə təsvirlərində cismi bir neçə istiqamətdən (öndən, arxadan, sağdan, soldan) görürmüş kimi təsvir edirlər.

1911-ci il qədər Jorj Brak və Pablo Pikassonun üslubları daha da mürəkkəbləşdi. Belə ki, artıq onların nəyi təsvir etdiyini başa düşmək olduqca çətinləşmişdi. Hər iki rəssam o dövrdə Avropanın fərqli incəsənət mərkəzlərində yaranmaqda olan mücərrəd incəsənətə çox yaxınlaşmışdı.

Kubistlər təsvirlərini təkmilləşdirərkən reallığı tamamilə özünəməxsus şəkildə rəssamlığa daxil etmək məqsədini güdürdülər. Rəssamlığa tamamilə yad olan maddələri (kağız, qəzet parçaları, kibrit çöpləri) rəsmlərinə yapışdırmağa başladılar. Hətta boyalara qum da qarışdırırdılar. Bütün bu yeniliklər çağdaş rəssamlıqda geniş yayılsa da, o dövrə qədər heç görülməmişdi. Kubistlər bunu həm reallıqla əlaqələrini itirmədiklərini göstərmək, həm də rəsmdə imtiyazlı bir maddə olmadığını vurğulamaq, əsərlərin digər maddələrlə də ərsəyə gətirilə biləcəyini göstərmək üçün etmişdilər. Kubistlər üçün əsas olan əsərlərin tutarlı bir kompozisiya təşkil etməsi idi.

Kubistlər cismi formalaşdıran əsas cizgilərin təsvirini azaltdılar və onları kompozisiyalarında ilk görünüşdən bu cisimləri xatırlamağa kömək edəcək formalarla əvəzlədilər. Məsələn bir gitaranı təsvir etmək üçün tellər və əyri, kamança üçün üzərindəki dəliklər, butulka üçün isə sadəcə onun boyun hissəsini təsvir etməklə kifayətlənirdilər.

Kubizmin incəsənət fəlsəfəsi müxtəlif zamanlarda müxtəlif yerlərdə baş verən hadisələri eyni zamanda və yerdə təsəvvür edərək təsvir etməkdən ibarət idi. Necə ki, kubistlərin rəsm əsərlərində qarma-qarışıq görüntülərə və dağınıq sözlərə rast gəlmək mümkündür.

Kubistlər əsərlərində gözün müxtəlif istiqamətlərdə görə biləcəyi təsvirləri həndəsi şəkildə ifadə etməyə çalışırdılar. Bu üslubda çəkilən rəsm əsərlərinə kubik rəsmlər deyilir. Kubizmin bünovrəsini uzaqlıq və cisimlərin həcmi qanunu təşkil edirdi. Bu cərəyana mənsub olanlar rəsmdə əsas olanın, dəyişməyənin ardınca getdikləri düşüncəsini müdafiə edirlər. Onlar belə hesab edir ki, mövzunun təkcə görünən tərəflərini yox, həm də görünməyən tərəflərini təsvir etmək lazımdır.

Bu cərəyana mənsub olan ədəbiyyatçıların məqsədi isə duyğularla hadisələri bir-birinə qarışdırmaq, ayrı-ayrı yerlərdə baş verən hadisələri birlikdə qəbul etməkdi. Bu səbəbdən də kubistlərin əsərləri olduqca qarışıqdır.

Kubistlər əsərlərində rəng oyunlarından imtina edərək, əşyaların həndəsi təsvirlərinə önəm vermişdilər. Bu baxımdan kubizm təbiətin yeni bir baxış bucağı ilə qiymətləndirilməsidir. Kubistlər əsərlərində duyğudan çox düşüncəyə önəm vermişdilər və impressionistlərin əksinə olaraq incəsənətə elmlə çatmaq yerinə incəsənətə incəsənətlə çatmaq yolunu seçmişdilər.

  • Гомбрих Эрнст. История искусства. — М., 1995.
  • Михаил Лифшиц, Эд Рейнгардт. "От кубизма к абстракции"
  • Крючкова В. А. Кубизм. Орфизм. Пуризм. — М.: ОЛМА-Пресс. — 2000.
  • Cottington D. Kubismus. — Hatje Cantz, Ostfildern-Ruit. — 2002. ISBN 3-7757-1151-1
  • Düchting H. Die Kunst und der Kubismus. — Belser, Stuttgart. — 2007. ISBN 978-3-7630-2477-3

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]