Bidermayer — Vikipediya
Bidermayer (alm. Biedermaier, Biedermeier ) — təqribən 1815-ci ildən 1848–49-cu illər burjua inqilabına qədərki dövrdə almandilli ölkələrin incəsənət və ədəbiyyatında üslub təmayüllərinin məcmusu.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]“Bidermayer ” adı 1850-ci illərdə L. Ayxrodt və A. Kusmaul tərəfindən uydurulmuş personajın – dardüşüncəli və özündənrazı şair-filister, “şvab məktəb müəllimi Qotlib Bidermayerin” soyadındandır. 1900-cı ildə “Bidermayer ” anlayışı rahat və əlverişli mebel, həmçinin dəb, memarlıq, tətbiqi sənət, sonralar isə 1815–1848-ci illər rəngkarlıq əsərləri üslubunu bildirmək üçün işlədilmişdir; 1920-ci illərin ikinci yarısında termin ədəbiyyata (alman alimi P. Kluk - xon və b. tərəfindən), 1970-ci illərdə isə (“Bidermayer epoxası” haqqında F. Zenqlenin əsərlərində) bütövlükdə həmin dövrün bütün mədəniyyətinə şamil olunurdu Siyasi irtica və durğunluq, sosial dəyişikliklərlə bağlı ümidlərin puça çıxması və bunlarla əlaqədar olan, Napoleon əleyhinə azadlıq müharibələri dövründəki emosional yüksəlişi əvəzləyən məyusluq, melanxoliya, “dünya kədəri” Bidermayer əsərinin incəsənət və ədəbiyyatının əsas xüsusiyyətlərini müəyyən edirdi: məhdud özəl dairədə (ailə və ən yaxın dostlar) qalmaqla müasir ictimai problemlərdən təcrid olma, şəxsi hisslər dünyasına qapılma. Romantizmə xas yüksək amallar burada adi məişət səviyyəsinə enmişdi.[1]
İncəsənəti
[redaktə | mənbəni redaktə et]Bidermayer incəsənətinin vəzifəsi insanın ətraf aləmlə münasibətlərini ahəngləşdirmək olmuşdur; onun ən parlaq əlaməti idillizm idi. Bidermayer təsviri sənətində (F.G. Valdmüller, F. Krüger, L. Rixter və b.) idillik məişət səhnələri üstünlük təşkil edirdi; digər süjetlər (məs., tarixi) çox vaxt kamera- məişət səpkisində işlənirdi. Tətbiqi sənət əsərləri (məs., Avstriyada Danhauzer ailəsinə mənsub sənətkarların düzəltdiyi mebel) sadə gözəllik idealını təcəssüm etdirdi; bu mənada müxtəlif dekorativ aksessuarlar və xırda fiqurlu şəkillərlə bəzədilmiş qonaq otaqlarında nümunə rolunu oynayırdı. Zaman keçdikcə belə düzgün harmoniya idealı universallaşmış, təkcə bürger evləri üçün deyil, həmçinin sarayların yaşayış otaqları üçün də səciyyəvi olmuşdur.[1]
Ədəbiyyatı
[redaktə | mənbəni redaktə et]Bidermayer ədəbiyyatı üslub müxtəlifliyi ilə seçilirdi. Son romantizm elementləri klassisizm formaları ilə, yenicə yaranan realizm Maarifçilik dövrünün üslubları ilə səsləşir. Poeziya sadəliyə, folklor ənənələrinə, idillik motivlərə (E. Mörik), silsiləliyə (V. Müllerin lirik silsilələri) meyil edirdi. Nəsr novella, nağıl, tarixi və sosial-məişət romanları (A. Ştifter, V. Aleksis) ilə, dramaturgiya tarixi dram (F. Qrilparser) və xalq komediyası ilə (F. Ray mund, Y.N. Nestroy) təmsil olunurdu. Ailəvi qiraət üçün məcmuə, almanax və jurnalların səhifələrini dolduran bayağı Bidermayer – sadəlövh filister belletristikası və poeziyası dövrün səciyyəvi hadisəsinə çevrilmişdi. 19-cu əsrin 1-ci yarısı – ortalarına aid bir sıra Almaniya və Avstriya bəstəkarının (A. Lorsinq, F. fon Flotov və b.) yaradıcılığını da bəzən Bidermayerə aid edirlər. 1980-ci illərdə almandilli ölkələrdən kənarda da bəzi bədii əsərlərə “Bidermayer ” anlayışını şamil etmək meyli yaranmışdır.[1]
Qalereya
[redaktə | mənbəni redaktə et]- Zimmerbild
- Ev üslubu
- Bidermayer rəsmi
- Emilie Feustell
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 24–25. ISBN 978-9952-441-03-1.