Mehmed Səid Paşa — Vikipediya
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Mehmed Səid Paşa | |
---|---|
Əvvəlki | Əhməd Arifi paşa |
Sonrakı | Mehmed Kadri Paşa |
12 sentyabr 1880 – 2 may 1882 | |
Əvvəlki | Mehmed Kadri Paşa |
Sonrakı | Əbdürrəhman Nurəddin Paşa |
12 iyul 1882 – 30 noyabr 1882 | |
Əvvəlki | Əbdürrəhman Nurəddin Paşa |
Sonrakı | Əhməd Vəfik paşa |
3 dekabr 1882 – 24 sentyabr 1885 | |
Əvvəlki | Əhməd Vəfik paşa |
Sonrakı | Mehmed Kamil Paşa |
9 iyun 1895 – 3 oktyabr 1895 | |
Əvvəlki | Əhməd Cavad Paşa |
Sonrakı | Mehmed Kamil Paşa |
13 noyabr 1901 – 15 yanvar 1903 | |
Əvvəlki | Xəlil Rüfət Paşa (sədrəzəm) |
Sonrakı | Mehmed Fərid Paşa |
22 iyul 1908 – 6 avqust 1908 | |
Əvvəlki | Mehmed Fərid Paşa |
Sonrakı | Mehmed Fərid Paşa |
30 sentyabr 1911 – 22 iyul 1912 | |
Əvvəlki | İbrahim Haqqı Paşa |
Sonrakı | Əhməd Muxtar Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərzurum, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Əyyub Sultan məscidi |
Fəaliyyəti | siyasətçi |
Uşağı | Əli Namiq bəy |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmed Səid Paşa (d. 1838 - ö. 1 mart 1914) — II Əbdülhəmid və V Mehmed Rəşadın səltənətlərində 8 dəfə - ümumilikdə 9 il sədrəzəm olmuş Osmanlı dövlət adamı. Osmanlı tarixinin ən çox sədarətə gətirilən paşasıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]1838-ci ildə Ərzurumda dünyaya gəlmişdir. Ankaralı Səbazadələr ailəsinə mənsubdur. Əsl adı Mehmed Səid olsa da, çağdaşı olan digər Mehmed Səid Paşalardn fərqləndirilməsi üçün boyunun qısa olması səbəbilə Kiçik Mehmed Paşa olaraq anılır. Atası üləmaya mənsub Həsən Əfəndinin oğlu Əli Namiq bəydir. İlk təhsilini Ərzurumda aldı və daha sonra İbrahim Paşa mədrəsəsində təhsilini davam etdirdi. Atasının ölümünün ardından (1853) ailəni saxlamaq məqsədilə Ərzurum Rabitə idarəsində çalışmağa başlamış, bu səbəblə təhsilini yarım buraxmışdır. 1856-cı ildə isə vəzifəsi dəyişdirildi və Anadolu ordusu Rabitə idarəsinə yüksəldi. 2 il sonra orduyla birlikdə İstanbula getdi və Maliyyə Nazirliyində kiçik bir vəzifəyə gətirildi. 1858-ci ilin dekabrında müxtəlif dövlət məmurluğunda xidmət etmişdir. Bu əsnada Ərzurumdakı ailəsini İstanbula gətirtmişdir. Digər yandan isə təhsilini davam etdirmiş, ərəbcə və farsca ilə yanaşı, fransızca da öyrənmişdir. Ayasofya məscidində dərs almağa başaldı. Vəzifəsi səbəbilə tez-tez xarici ölkələrə səfərə çıxdığı üçün bu təhsili 7-8 il davam etdi.
İlk rəsmi vəzifələrində Anadolu və Rumelinin müxtəlif bölgələrində xidmət etdi. Mehmed Fuad Paşanın birinci sədarətində qurulan Adalar bələdiyyəsində vəzifələndirildi. 1864-cü ildə Yanya əyalətinə göndərilmək istənsə də, istehfa verərək İstanbulda qalmışdır. 1866-cı ildə Saloniki vilayətinin rabitə rəhbəri oldu ancaq maaşının artırılmaması səbəbilə bu vəzifəsindən istehfa etdi. Məqsədi isə İstanbulda qalaraq bürokratiyanın bütün pillərlərini keçərək yüksəlmək idi. Bu səbəblə bölgələrdəki məmuriyyətlərdən həmişə imtina etdi. Onu İstanbulda saxlayan digər məsələ isə yeni-yeni inkişaf etməkdə olan Osmanlı mətbuatı idi. Bir müddət Cəridəyi Havadis qəzetində redaktor olaraq çalışır. 1864-cü ilin avqustundan etibarən bu qəzetdə imzasız məqalələr dərc etdirməyə başladı.
Mətbuatla yaxınlığı səbəbilə Mehmed Əsad Saffət Paşanın Maarif Nazirliyi illərində 1867-ci ildə Mətbəə Amirə müdürlüyünə gətirildi. Bundan sonra isə digər hökumət kabinetlərində də müxtəlif məmuriyyətlərə təyin olundu. Sədrəzəm Hüseyn Avni Paşanın istəyilə sədarət məktubçusu oldu və 1875-ci ilin oktyabrına qədər bu vəzifədə 3 sədrəzəmlə çalışdı. 3 ay fasilənin ardından sədrəzəmin qarşı çıxmasına baxmayaraq Ticarət naziri Mahmud Cəlaləddin Paşanın təklifi ilə yeni qurulan hökumət kabinetində yer aldı.
31 avqust 1876-cı ildə Sultan Əbdülhəmidin taxta çıxmasının ardından mabeyn baş katibi təyin edildi. Ancaq Mithat Paşa və tərəfdarları isə Mabeyn baş katibliyinə Ziya Paşa, Namiq Kamal və ya Sadullah Paşalardan birini gətirmək istəyirdi. Belə gərgin vəziyyətdə Mithat Paşanın istəyinə zidd olaraq bu vəzifəyə gətirilməsi nəticəsində bütün gözləri üzərində topladı. Bu səbəblə çox sayda müxalif qazanmasına baxmayaraq Sultan Əbdülhəmidin itirmək istəmədiyi yaxın adamlarından biri oldu. 8 noyabr 1876-cı ildə isə bu vəzifəsinə əlavə olaraq xas xəzinə nazirliyinə gətirildi. 1 il 4 ay 20 gün davam edən baş katiblik vəzifəsi əsnasında Osmanlı konstitusiyasının hazırlanmasında yaxından iştirak etdi. 11 yanvar 1878-ci ildə qurulan Əhməd Həmdi Paşa kabinetində daxili işlər naziri olsa da, bu hökumət kabineti yalnız 23 gün fəaliyyət göstərə bildi. Sədarətə gətirilən Əhməd Vəfik Paşa isə yalnız Səid Paşanın uzaqlaşdırılması şərtilə yeni hökumət kabinetini quracağını bildirmış, bu səbəblə 2 Osmanlı paşası arasında illərcə davam edəcək bir mübarizə başlamışdır. Əhməd Vəfik Paşanın istəyilə nazirlikdən alınan Səid Paşanı əlindən buraxmamaq üçün Sultan Əbdülhəmid onu 14 fevral 1878-ci ildə ikinci dəfə xas xəzinə nazirliyinə təyin etdi. Ancaq bu vəzifəsi də çox çəkmədi və 18 apreldə əyan məclisi rəhbərliyinə gətirildi. Çırağan hadisəsindən sonra mərkəzdən uzaqlaşdırılan dövlət məmurları sırasına daxil edildi. Belə ki, 5 iyun 1878-ci ildə Ankara valiliyinə təyin olundu. Buna qarşı çıxsa da, yalnız vəzifə yerini Bursayla dəyişə bildi. Onun mərkəzdən uzaqlaşdırılmasında sədrəzəm Əhməd Vəfik Paşanın rolu böyük oldu. Səid Paşa Bursada 6 ay qaldı. Berlin sülhünə görə, Anadoluda islahat hazırlığı ilə məşğul olan Sultan Əbdülhəmidə bir layihə hazırlayaraq göndərdi və nəticədə özünü xatırlatdı. Belə ki, paytaxta gəlməsinə icazə verildi və 28 noyabrda üçüncü dəfə xas xəzinə naziri oldu.
Sultan Əbdülhəmid, Xeyrəddin Paşanı 4 dekabr 1878-ci ildə sədarətə gətirdi və Səid Paşanın da yeni qurulacaq hökumət kabinetində Ədliyə naziri olmasını istədi. Çünki Berlin sülhündəki islahat işlərinin çoxu ədliyyə sahəsinə aid idi və Səid Paşanın hazırladığı layihəni bəyənmişdi. Belə ki, 24 dekabr 1878-ci ildə 17 maddədən ibarət olan və bu gün də qüvvədə olan Ədliyyə Təşkilatı nizamnaməsini hazırlayıb hökumətə təhvil verdi.
Səid Paşa 18 oktyabr 1879-cu ildə Əhməd Arifi Paşanın vəzifədən alınmasının ardından baş vəkil ünvanı ilə sədrəzəmliyə gətirildi. İlk sədarəti 9 iyun 1880-ci ilədək davam etdi. Bu dövrdə maliyyə sahəsində önəmli xidmətlər gördü. Vəzifədən alınmasının səbəbi isə o illərdə Sultan Əbdülhəmidin yeritdiyi mərkəzi hakimiyyət siyasətinin bir hissəsi olmuşdur. Bunun önəmli sübutu isə, vəzifədən alınmasından qısa müddət sonra sultanın ondan yeni bir layihə hazırlamasını istəməsi oldu. Çox keçmədən sədrəzəm Mehmed Kadri Paşanın yetərsizliyi səbəbilə 12 sentyabr 1880-ci ildə yenidən sədarətə gətirildi.
Səid Paşa 1 il 7 ay 20 gün davam edən ikinci sədarətində Qaradağ məsələsi, Düyun-i Ümumiyyə idarəsinin qurulması, Tütün və monopoliya idarəsinin təşkili, Rusiyaya müharibə təzminatının ödənilməsi və Tunis məsələsi kimi əsas problemlərlə məşğul oldu. Yaranan xarici müdaxilələrdən bezib sədarətdən istehfa vermək istəsə də, sultan tərəfindən qəbul edilməmişdir. Ancaq bu hadisədən 3 ay sonra 12 aprel 1881-ci ildə Misirdə baş verən iğtişaşlarda Sultan Əbdülhəmidin əmrlərini yerinə yetirmədiyi üçün vəzifədən alındı (2 may 1882). Yerinə gətirilən Əbdürrəhman Paşa bu hadisələrin qarşısını ala bilmədiyi üçün vəzifədən alındı və Səid Paşa üçüncü dəfə sədarətə gətirildi (12 iyul 1882). Bu dəfə yalnız Misir məsələsinin həlli üçün bu vəzifəyə gətirilmişdi. Belə ki, 4 ay davam edən bu vəzifəsi əsnasında Misirdə baş verən iğtişaşları bəhanə edərək bölgədə güclənən ingilislərlə mübarizə apardı. Bu əsnada Osmanlı konstitusiyasında dəyişiklik aparmaqla vəzifələndirilən komitədəki fəaliyyəti səbəbilə Sultan Əbdülhəmidlə münasibətləri pisləşdi. Bu səbəblə vəzifəsindən istehfa versə də, sultan bu istehfanı qəbul etmədi. Ancaq çox keçmədən 1 dekabr 1882-ci il gecə yarısı paşanı Yıldız sarayına çağıraraq sədarət möhürünü təslim almışdır. Onun yerinə əzəli rəqibi olan Əhməd Vəfik Paşa sədrəzəm oldu. Ancaq 48 saat sonra sultan hər iki paşanı yanına çağıraraq üzləşdirdi və Səid paşanı yenidən sədarətə gətirdi. Paşanın ən uzun sədarət dönəmi olan dördüncü sədarəti 2 il 23 gün davam etdi. Baş verən siyasi hadisələr səbəbilə hər zaman olduğu kimi 27 mart 1884-cü ildə istehfa etsə də, bu təşəbbüsü alınmadı. 1885-ci ilin sentyabrında Rumelidə baş verən ayaqlanmanı sərt şəkildə yatırmaq istəməsi nəticəsində sultanla yenidən zidd düşdü. Bu səbəblə 25 sentyabrda vəzifədən alındı və yerinə Kamil Paşa sədarətə gətirildi.
Kiçik Səid Paşa bu tarixdən etibarən 10 il boyunca dövlət məsələlərindən uzaq durdu. Bu müddət ərzində köşkündə münzəvi bir həyat yaşadı. Vəzifədən uzaq qalmasına baxmayaraq tez-tez dövlət məsələlərində onun məsləhətləri alınırdı. 1895-ci ilin ortalarında böyük dövlətlərin müdaxilələrini artırması qarşısında sədrəzəm Cavad Paşanın acizliyi səbəbilə 8 iyunda beşinci dəfə sədarətə gətirildi. Ancaq ermənilərin çıxardığı iğtişaşları qabaqcadan bilməsinə baxmayaraq qarşısını ala bilməməsi nəticəsində 1 oktyabrda vəzifədən alındı. Sədarətdən ayrıldıqdan bir ay sonra saraya dəvət edilmiş, bundan qorxduğu üçün kiçik oğluyla birlikdə 4 dekabr 1895-ci ildə ingilis səfirliyinə sığınmışdır. Bu gözlənilməyən hadisədən sonra uzun müzakirələrlə 8 dekabrda Səid Paşa təslim edildi və evinə qayıtdı. Ardından 6 il boyunca bütün dövlət vəzifələrindən uzaqlaşdırılan Səid Paşa, ona təklif edilən sədarətdən imtina etdi. Ancaq sədrəzəm Xəlil Rüfət Paşanın ölümündən sonra 18 noyabr 1901-ci ildə altıncı dəfə sədarətə gətirildi. Bu əsnada ölkə maliyyə böhranı keçirirdi. Bundan başqa Rumelidə iğtişaşlar başlamışdı. Bu vəziyyəti fürsət bilən Avropa dövlətləri Anadolu islahatları ilə yanaşı, Albaniya və Makedoniya torpaqlarında da islahat tələb etdilər. Bütün bu problemlərlə mübarizə apararkən öz hökumət kabinetindən başda sərdar Rza Paşa olmaqla ona qarşı müxalifətə başladılar. Bu halda fəaliyyətinin davam də bilməyəcəyini bildirən Səid Paşa istehfa verdi. İstehfası ilk öncə qəbul edilməsə də, məsələnin uzadılması nəticəsində 14 yanvar 1903-cü ildə vəzifədən alındı. Bundan sonrakı həyatını İstanbulda, hətta əgər mümkündürsə, daha uzaq bir əyalətdə sakit yaşamaq istəsə də, Sultan Əbdülhəmidin əmriylə İstanbulda nəzarət altında yaşamağa başladı.
İttihad və Tərəqqi cəmiyyətinin Rumelidə səbəb olduğu iğtişaşlar və məşrutiyyətin yenidən elan edilməsi yönündəki təzyiqlərin artması şəraitində Səid Paşa yeddinci dəfə sədarətə gətirildi (22 iyul 1908) və ikinci məşrutiyyətin ilk sədrəzəmi oldu. Ancaq İttihadçılarla müxalifətə düşdü və çox keçmədən 4 avqustda istefa verdi. Bu əsnada Əyan məclisi yenidən açıldı və Səid Paşa 19 dekabrda bu məclisin sədri seçildi. 31 mart hadisəsi əsnasında bu vəzifəsini davam etdirirdi və 30 ildir ki, xidmət etdiyi Sultan Əbdülhəmidin taxtdan endirilməsinə qərar verən məşvərət məclisinin də sədri oldu. Bu isə onun vəfasızlığı olaraq şərh edildi.
İtaliya Bab-ı Əliyə ultimatom göndərərək Trablusqərbə ordu göndərəcəyini bildirdi və bu şəraitdə sədrəzəm İbrahim Haqqı Paşa istefa verdi və yeni kabineti qurma vəzifəsi 30 sentyabr 1911-ci ildə Səid Paşaya verildi. Səid Paşa mükəmməl bir hökumət kabineti qursa da, Trablusqərb məsələsini həll edə bilmədi. Ancaq İttihadçıların bu dəfə də məclisi ləğv etmək istəməsi nəticəsində Səid Paşa 30 dekabrda istefa ərizəsini yazdı. Ancaq bir gün sonra yenidən sədarətə gətirildiyi üçün bu istefası qəbul edilmədi. İttihadçıların sərt siyasətindən bezən Səid Paşa 16 iyul 1912-ci ildə istehfa verdi və siyasi həyatı başa çatdı. 31 yanvar 1913-cü ildə dövlət şurası rəisliyinə, 12 iyun 1913-cü ildə əyan məclisi sədrliyinə gətirilsə də, önəmli bir fəaliyyəti olmamışdır. 29 fevral 1914-cü ildə vəfat etdi və Əyyub Sultan məscidindəki məzarlığa dəfn olundu.
31 mart 1909-cu ildə oğlu Əli Namiq bəylə Sultan Əbdülhəmidin qızlarından Şadiyə Sultan nişanlansa da, 2 həftə sonra Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgün edildi və nişan pozuldu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Özcan, Azmi, "Said Paşa (Küçük)" "Hüseyin Paşa (Ağa)",(1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.2 s.491-492 ISBN 975-08-0072-9
- İbnülemin Mahmut Kemal İnal, Son Sadrazamlar, sf II.991
- Çevik, Zeki (2009), "Portrait of a period bureaucrats Abdulhamit: Sadrazam (Small) Mehmet Pasa and reforms" Journal of Turkish Studies C.4 No. 8 say. 838-865
- BA, Sicill-i Ahvâl Defteri, nr. 1/572;
- “Sadr-ı Sâbık Said Paşa’nın Dün Akşam Matbaamıza Gönderdiği Mektuptur”, Tanin, İstanbul 30 Temmuz 1324;
- Kâmil Paşa, Kâmil Paşa’nın Âyan Reisi Said Paşa’ya Cevapları, İstanbul 1328, tür.yer.;
- Mehmed Memduh [Paşa], Esvât-i Sudûr, İzmir 1328, s. 71-72, 90, 100;
- Ahmed Sâib, Abdülhamid’in Evâil-i Saltanatı, İstanbul 1927, s. 19-20;
- Tahsin Paşa, Yıldız Hatıraları ve Abdülhamid, İstanbul 1935, tür.yer.;
- İbnülemin, Son Sadrıazamlar, s. 989-1280;
- Mehmet Zeki Pakalın, Son Sadrazamlar ve Başvekiller, İstanbul 1948, V, tür.yer.;
- Ali Fuad Türkgeldi, Görüp İşittiklerim, Ankara 1949, s. 63;
- Danişmend, Kronoloji2, IV, tür.yer.;
- C. V. Findley, Bureaucratic Reform in the Ottoman Empire, Princenton 1980, s. 225;
- Zekeriya Kurşun, Küçük Mehmed Said Paşa (Siyasî Hayatı, İcraatı ve Fikirleri) 1838-1914 (doktora tezi, 1991), MÜ Sosyal Bilimler Enstitüsü;
- a.mlf., “Said Paşa’nın Kitâbet-i Resmiyye Hakkında Bazı Mülâhazaları”, Osmanlı-Türk Diplomatiği Semineri (30-31
- Mayıs 1994): Bildiriler, İstanbul 1995, s. 9-30;
- a.mlf., “Sadrazam Küçük Said Paşa’nın Askerî Bazı Fikirleri ve Rumeli Erzak Müteahhidleriyle Mücadelesi”, Askerî Tarih Bülteni, XVIII/34, Ankara 1993, s. 97-104;
- a.mlf., “Küçük Said Paşa”, Tarih ve Medeniyet, sy. 44, İstanbul 1997, s. 33-37;
- Takvîm-i Vekāyi‘, sy. 68, İstanbul 1 Cemâziyelevvel 1249;
- Rûznâme-i Cerîde-i Havâdis, sy. 23, İstanbul 14 Cemâziyelâhir 1281;
- Sabah, sy. 6811, İstanbul 14 Şâban 1326;
- Ebüzziyâ, “Said Paşa’ya Açık Mektup”, Asker, sy. 1, İstanbul 1924, s. 30-31;
- Ali Fuad, “Said ve Kâmil Paşalar”, SF, sy. 1578 (1927);
- İsmail Hakkı Uzunçarşılı, “Said Paşa’ya Dair Bazı Vesikalar”, TD, VIII/11-12 (1955-56), s. 105-135;
- Ercüment Kuran, “Bugünkü Türkiye’nin Kurucularından Küçük Said Paşa”, TK, V/56 (1967), s. 570-573;
- a.mlf., “Bir Türk Islahatçısı Olarak Küçük Said Paşa (1840-1914)”, Töre, sy. 91, Ankara 1978, s. 17-24;
- Soyalp Tamçelik, “Sait Paşa’nın Anayasa Taslağı Üzerine Bir Deneme”, TK, XXXIV/402 (1996), s. 610-620