Reinkarnasiya — Vikipediya
Reinkarnasiya — (lat. reincarnatio) və ya metempsixoz (yun. μετ-εμψύχωσις) — ruhun təkrar qayıdışı və bədənlənməsi. Ruhun bir bədəndən digərinə keçməsi.
Bu gün reinkarnasiyanın dəqiq yaşını və yarandığı yeri müəyyən etmək mümkün deyil. Bəziləri onun yarandığı yer olaraq Misiri, bəziləri də Hindistanı qeyd etsələr də ayrı-ayrılıqda kelt və Skandinaviya xalqlarında, Mayya və Astek qəbilələrində də hələ qədimdən belə bir inancın olduğu ortaya çıxmışdır, lakin bir çox faktlara əsaslanaraq alimlər, hətta ibtidai insanlarda da reinkarnasiya inancının olduğu nəticəsinə gəlmişlər. Daha yaxşı anlamaq üçün tarixi seyr içində bu inancın gedişatına nəzər salsaq yəqin ki, pis olmaz. Bu gedişatda günümüzə qədər gəlib çatan ən qədim məlumat eramızdan 60–10 min il əvvəl yaşamış olan Kro-Maqnon insanıdır. Bilindiyi kimi, onlar yaşadıqları mağaranın divarlarına ovladıqları heyvanın şəklini çəkər (bu şəkillər günümüzə qədər gəlib çıxmaqdadır), sonra isə onun qarşısında rəqs edərək heyvanın ruhundan üzr istəyirdilər. Buradan isə anlaşılır ki, onlar heyvanda da ruhun olduğuna inanırmışlar . Onlardan bir qədər sonra, yəni eramızdan 4 min il əvvəl Amerika qızıldərilərindən Dokato, Mohave və Navotez tayfalarında reinkarnasiyanın izi görünməkdədir. Belə ki, onlar öldükdən sonra ruhun "xoşbəxt ov sahəsi"nə gedəcəyinə inanırdılar. Buna oxşar inanışlar Skandinaviya xalqlarında, keltlərdə, Qrenlandiya eskimoslarında da var idi. Eskimoslar insanın üçlükdən – vücud, ruh və addan ibarət olduğuna inanırdılar. Onlara görə insan öldükdən sonra vücud çürüyüb getsə də, ruh başqa bədənlə yenidən dünyaya qayıda bilər. Həmin insanın adını yeni doğulan körpəyə qoyduqda isə onun adı dirilmiş olur.
Misirə gəldikdə isə buranı reinkarnasiyaya inam baxımından Xanədanlardan əvvəl (e.ə. 3500-cü ilə qədər) və Xanədanlar dövrü (e.ə. 3500-cü ildən eramızın 640-cı ilinə qədər) deyə iki şəkildə ələ almaq lazımdır. Xanədanlardan əvvəl Misirdə aborigenlər ölüləri basdırarkən üzlərini bir səmtə çevirirdilər. Sonra isə ruhun yenidən dünyaya gələcəyinə inandıqları üçün, cəsəddən bir parça kəsərdilər ki, ruh yeni bədəndə məhz öz yurduna qayıtsın. Xanədanlar dövründə isə ölən insanın ruhunun başqa aləmdə yaxşı qarşılanaraq yenidən dünyaya qaytarılması üçün xüsusi mərasimlər keçirilirdi. Onlara görə ruhların yenidən dünyaya qayıtması işinə Osiris rəhbərlik edirdi. Bu inancların günümüzə qədər gəlib çıxmayan "Misirin Ölülər Kitabı"nda da təsvir edildiyini söyləyirlər.
Yaranması
[redaktə | mənbəni redaktə et]Fikrimizcə bütün dünyaya Qərbdən yayılan reinkarnasiya inancının Qərbə Hindistan yarımadasından gəldiyini söyləsək yanılmarıq. Şəhristani də "tənasüh əhli" bəhsində reinkarnasiyaya ən çox inananların hindlilər olduğunu yazır . Reinkarnasiya inancı burada hinduizm dininin yaranması ilə ortaya çıxmışdır. Hinduizm Hindistan yarımadasında yaşamaqda olan xalqın əksəriyyətinin dini inanc və ənənələrini ifadə edən bir kəlmədir. Bu kəlmə, "Hind çayınının ətrafında yaşayan" mənasına gələn farsca bir kəlmə olub, qərblilər tərəfindən bu bölgə əhalisinin dinini ifadə etmək üçün işlədilmişdir. Hindular isə öz dinlərini "Sanatana Dharma" (əzəli-əbədi din) adlandırırlar. Təxminən e.ə. 15-ci əsrdə Şərqi Avropadan köçüb gəlmiş arilər Hindistanı istila etmişlərdir. Onların dini inancları və adət-ənənələri ilə yerli xalqınkı bir-birinə qarışmışdır. Əsrlər boyunca bir inkişaf keçən bu qarışımdan Hinduizm ortaya çıxmışdır.
Bəzi alimlər reinkarnasiyanın Hinduizmdə yaranaraq, Buddizm, Taoizm, Caynizm və Sihizmə keçdiyini, sonra isə Tibet, Çin, Koreya və Yaponiyaya yayıldığını hesab edirlər. Hinduizmin ən qədim yazılı qaynağı olan Vedalarda keçən bəzi cümlələrin reinkarnasiya inancını dəstəkləyəcək cümlələr olduğunu hesab edirlər. Orada deyilir ki, hər varlıq insan bədəninə gəlib düşənə qədər səkkiz milyon dörd yüz min müxtəlif həyat formalarından keçir. Düzdür, burada reenkarnasiya inancına işarələr hər nə qədər açıq olmasa da, Hinduizmin başqa bir yazılı qaynağı olan Upanişadlarda bu inanc öz əksini kifayət qədər açıq şəkildə tapmışdır. E.ə. 7–6-cı əsrlərə aid olan bu mətnlərdə deyilir ki, hər ruh kamilləşənə qədər dəfələrlə bu dünyaya gəlib gedir.
Hinduizm dini Hindistana yeni sosial təbəqələşmə prinsipini gətirmişdir. Buna görə də hindlilər müxtəlif siniflərə ayrılırlar. Buna kasta sistemi deyilir. Kasta, eyni işlə məşğul olan; atadan miras qalan haqqları, vəzifələri və adətləriylə bir-birinə sıx şəkildə bağlanan şəxslər qrupudur. Kasta seçilmir, insan onun içində dünyaya gəlir. Bu sistem dörd sinifdən ibarətdir: 1) Brahmanlar (rahiblər, din adamları), 2) Kşatrilər (hökmdar sülaləsi və döyüşçülər), 3) Vaişilər (tacirlər, sənətkarlar və əkinçilər), 4) Sudra (fəhlələr). Bundan başqa kasta sisteminə girməyən, kastadan xaricdə tutulan qruplar da vardır. Bunlara "toxunulmazlar" deyirlər. Kasta sistemi hind inanclarına əsaslanır. Bu inanclara görə kastalar, yaradıcı tanrı Brahmanın insan şəklində təsəvvür edilən vücudunun müxtəlif yerlərindən yaradılmışdır. Bu səbəblə, cəmiyyət həyatında görünən fərqlər, bu yaradılış hadisəsinə əsaslandırılır. Buna görə Brahmanlar, Brahmanın ağzından, Kşatrilər qollarından, Vaişilər mə`dəsindən, Sudralar da ayaqlarından yaranmışlardır . Anladığınız kimi, hinduizmdə reenkarnasiya inancının yaranmasının əsas səbəbi kasta sistemi olmuşdur. Bu inanca görə hindli kastaya daxil olmaq və ya yuxarı kastaya keçmək üçün mövcud vəziyyəti ilə barışmalı, yuxarıdakılara itaət etməli, yaxşı əməllər işləməlidir. Yuxarıdakılar isə onları yaxşı əməllər işləyib itaət edərlərsə sonrakı həyatlarında daha yuxarı kastalara mənsub olacaqlarına inandırmağa çalışırdılar. Beləliklə tənasüh inancı Hindistanda, mülkədarlar üçün rəiyyəti itaət altında saxlamaq üçün bir vasitə, rəiyyət üçün isə əzab-əziyyətli həyatlarında bir təsəlli olmuşdur.
Bütün bunlar hinduizmin əsasını təşkil edən karma anlayışında öz əksini tapır. Karma, bir səbəb-nəticə qanunudur. Yə`ni insan, keçmişdə nə etmişsə, gələcəkdə onu görəcəkdir. İnsanın keçmişi, bu gün onunla qarşı-qarşıyadır. Bu günün meyvələri isə sabah görüləcəkdir. Buna görə hər hərəkət, əvvəl-axır öz meyvəsini verəcəkdir. Yaxşıdan yaxşı, pisdən də pis çıxacaqdır. Bu termin, qədim Vedalar dövründə görünmür, Upanişadlarda ortaya çıxır.
Karma, fiziki aləmdə olduğu kimi, əxlaqi və zehni aləmdə də insanın tə`qib etməli olduğu bir qanunun olduğunu ifadə edir.
Əxlaqi bir kainat nizamı olan karma qanununa görə, bu həyatda işlənən əməllər, canlının taleyinə tə`sir edir və onun təkrar bədənlənməsində rol oynayır. Bunun nəticəsi olaraq bütün canlılar, öz mövqelərini, vəziyyətlərini öz əməlləriylə qazanırlar. Yaxşı bir canlının vəziyyəti pisləşməyə doğru gedirsə, əvvəlki həyatında işlədiyi pis əməllərin; əgər yaxşılığa doğru gedirsə əvvəlki həyatında işlədiyi yaxşı əməllərin qarşılığıdır. Bu, daha əvvəlki həyat şəklinin cəza və mükafat olaraq özünü göstərməsidir. İnsan, keçmişdə nə əkmişsə, gələcəkdə onu görəcəkdir. Karma, həm də, mükafat gözləmədən hərəkət etmək mə`nasına da gəlməkdədir. Beləcə, nəticə gözləmək arzusu öldürülməkdədir. Bhaqavad-Qitada Rəbb Krişna, belə deməkdədir: "Siz, yalnız vəzifənizi yerinə yetirməklə məs`ulsunuz. Əgər bir səmərə hasil olarsa, o mənlikdir .
Beləliklə, karma qanunuyla əlaqədar olaraq tənasüh, yə`ni ruhun bir bədəndən başqasına keçməsi inancı ortaya çıxdı. Hinduizmə görə, insan, sonu olmayan bir tənasüh zənciri içərisində gedib gəlməkdədir. Buna görə ölüm, bir qorxu səbəbi və bir yoxluq deyil, bir haldan digərinə keçiddir. Hindlilərə görə, karma qanunu, insanın arzularını həqiqi mə`nada ölümsüzlüyə çatdırır. Bu səbəblə, hər hindli, təkrar dünyaya gəlişdə, yaxşı əməllərlə gələcəkdəki həyatını zəmanət altına almağa çalışır. İşlədiyi günahlar səbəbiylə bitki və ya heyvan olaraq dünyaya gəlməkdən çəkinir. Onlara görə, hətta içində doğulduqları kasta da işlədikləri əməllərin bir nəticəsidir. Beləcə, ölümdən sonra var olma, ruhun bədəndən ayrı olduğu fikri formalaşdı. Bu inanca görə, ruh öz dərəcəsi içində yüksək və ya alçaq olaraq doğulur. İnsan, etdiklərinə görə heyvan, bitki, insan və ya tanrı şəklində doğulur. Bu doğuş, bir səbəb-nəticə əlaqəsi içində gerçəkləşir. Mə`nəvi və əxlaqi qarşılıq, yə`ni edilənlərin nəticəsi ruhun nəticəsi ilə mümkün olur. Sonrakı həyatda xoşbəxt olmaq, doğru hərəkətdən asılıdır. Hər şəxs, öz işlərindən məs`uldur. Ölümdən qorxmağa ehtiyac yoxdur. Müntəzəm yenidən doğuşlarla insan, arzularına çatar, sonsuz bir zövq əldə edər, tanrı Brahmada yaşayar. Bu inancın hindlini güclü bir xeyirxahlığa təhrik etdiyi irəli sürülməkdədir.
Hinduizmdə tənasüh inancı ilə paralel şəkildə hülul inancı da inkişaf etmişdir. Hülul, tanrı Vişnunun insan şəklində cisimləşməsi inancıdır. Hindlilər bu inanca "avatara" deyirlər ki, bu da sanskrit dilində "enən" deməkdir. Hinduizm, tanrının tək təzahürü olduğu fikrinə qarşıdır. Hindlilər, tanrının özünü tarixin hər dövründə müxtəlif şəxsiyyətlərə bürünərək insanlara göstərdiyinə inanırlar. Beləcə, tanrı, pisliyi ortadan qaldıracaq və insanlara ehtiyac hiss etdikləri vəzifələri və qanunları bildirəcəkdir. Vişnunun müxtəlif hülulları vardır. Bunlardan ən məşhuru Rama və Krişnadır. "Mahabharata" dastanının bir hissəsi olan "Bhaqavad-Qita"da ("Qita", Krişnanın nəğməsi deməkdir) Krişnadan bəhs edilir və Arjuna ilə Krişnanın dialoqu verilir.
Ümumiyyətlə, Hinduizmdə Krişnadan əvvəl açıq şəkildə tənasüh inancı gözə dəyməməkdədir. Bu tədricən yaranmışdır. Brahmanların ilkin inancı belə idi:
"Allahdan yaranan kainat dayanmadan yüksəlmə, kamilləşmə ilə təkrar Allaha qayıdacaqdır. Ruh bədəndən ayrılanda maddəni bütünlüklə itirmir. Əks təqdirdə böyük kainat içində yox olar. Bədəndən ayrılan ruhun atəşdən bir cismi olur. İlahi atəşin qığılcımı və ya işığı olan insan ölümdən sonra lətif cismiylə qalır. Bir müddət sonra vaxtı gələndə yeni bir bədənlə birləşib görünür".
Deməli, ruh bədəndən ayrıldıqdan sonra bir müddət lətif cismiylə qalır ki, biz ruhun bu aləminə Bərzəx Aləmi deyirik. Bir müddət sonra gözlə görünən bir cismə girməsi də İslamdakı bə`s (öldükdən sonra ruhların bədənlərə üfürülməsiylə dirilmə) kimidir. Onlar insanın öldükdən sonra əzabdan xilas olması üçün səbir, yamanlığa yaxışlıq, qənaət, düz yolla getmə, təmizlik, pis hissləri öldürmək, müqəddəs kitabları tanımaq, Allahı tanımaq, dürüstlük, hirslənməmək şəklində 10 prinsip təbliğ edirdilər. Ruhun kamilləşməsi isə başqa yolla olurdu:
"Kamil olmaq istəyən, ən yüksək hikmət olan vəhdət elmini qazanmalı, yə`ni hər birimizdə mövcud olan nəfsin (fərdi ruhların) üstündəki varlığa yüksəlməlidir. Sənin içində bilmədiyin ilahi bir dost var. Ona görə ki, Allah hər kəsin içindədir, amma çox az insan onu tapa bilər. Arzularını, işlərini, bütün kainatın qaynağı olan Əzəli Varlığa fəda edən insan kamilləşər. Zira, özündə Onun səadətini, sevincini və nurunu tapan kəs Allah ilə birləşmişdir. Allahı tapan ruh doğulmaqdan, ölməkdən, qocalmaqdan, əzab-əziyyətdən xilas olur, əbədilik suyunu içmiş olur".
Hinduizmdə tənasühü açıqca ortaya qoyan, eramızdan 4800 il əvvəl zühur edən Krişnadır. Ona görə, ruhun sığındığı cəsəd fani, çəkisiz ruh isə baqidir. Əvvəli və axırı yoxdur. Krişna, şagirdlərini yanına salaraq mahal-mahal gəzir və öz nəzəriyyəsini təbliğ edirdi. O deyirdi:
"Mən və siz, bir neçə dəfə doğulmuşuq. Mənim əvvəlki həyatlarımı mən bilirəm, amma sizin öz həyatlarınızdan heç xəbəriniz də yoxdur. Düzdür, əslində xüsusiyyətlərim e`tibarilə doğulmaq və ölməklə məs`ul olmasam da, nə vaxt yer özündə bəşəriyyət təhlükəyə düşsə, haqsızlıq baş alıb getsə mən dərhal ortaya çıxacaq və beləcə əsrlər boyu haqqın qorunub, nahaqqın cəzalandırılması və bəşəriyyətin xilası üçün özümü göstərəcəyəm" .
Belə görünür ki, Krişnadan əvvəl tənasüh fikri yoxdur. Ölümdən sonra ruhun, şəffaf bir cismi olacağına və gözlə görünən bir cismə girənə qədər qalacağına inanırdılar, amma bədəndən bədənə keçəcəyini demirdilər. "Allah hər kəsin içindədir" inancı da "O, göylərdə və yerdə Allahdır", "Harada olsanız, O, sizinlə bir yerdədir", "Biz ona, şah damarından daha yaxınıq" ayələrində də vardır. Deməli, bu din də bünövrəsində ruhun qiyamət gününə qədər əzab və ya nemət görəcəyini, qiyamətdə gözlə görünən bir cismə salınacağını söyləyən İslam dininə bənzəyir, amma Krişna tənasüh inancını gətirmişdir. Beləliklə, reenkarnasiya hinduizmin təməl inanc əsaslarından olmuş və bu günü qədər də bu şəkildə davam etməkdədir.
Reinkarnasiya tarixinin növbəti mərhələsi Buddizm dini ilə əlaqədardır. Burada mövzu ilə əlaqədar olaraq Buddizm haqqında da qısa mə`lumat vermək yəqin ki, yerində olacaqdır. Təxminən dörd min illik bir keçmişə sahib olduğu qəbul edilən, Vedaları əsas alan, ağırlıq mərkəzini Brahmanlar təşkil edən və kasta sisteminə əsaslanan Hinduizmdən sonra, e.ə. 6-cı əsrdə Buddizm və Caynizm; eramızın 16-cı əsrində isə Sihizm ortaya çıxmışdır. Hinduizmdəki kasta sisteminə və Brahman sinfinin hegemonluğuna qarşı bir reaksiya olaraq ortaya çıxan bu dinlərdən Caynizm və Sihizm milli, Buddizm isə beynəlxalq bir xarakterə malikdir. Buddizm kasta sisteminə qarşı çıxsa da, karma və tənasüh inancını qoruyub saxlamış və daha da inkişaf etdirmişdir. Brahmanların tanrını bəşəri xarakterlər içərisində, elədiyinə peşman olan, aldadıla bilən, çatışmazlıqları olan, sehri sevən, insanların əlində aciz qala bilən bir varlıq şəklindəki açıqlamaları qarşısında Budda sükut etmişdir. Onun bu açıqlamalarla razılaşmadığı mə`lumdur. Ancaq tanrını inkar edən bir ifadəsi də yoxdur.
Buddistlərə görə bu qədər uzun müddət var olan aləmin necə yaradıldığını qavramaq insan zəkası xaricindədir. İnsanın vəzifəsi, mə`nəvi inkişaf, əxlaqi pisliklərdən uzaqlaşmaq, iztirabların səbəbi olan ehtiraslardan, tənasüh çəmbərindən xilas olmaqdır. Göründüyü kimi, hind dinlərində ortaq karma və tənasüh inancları Buddizmdə də vardır. Buddadan əvvəl karma, şəxsin, aid olduğu kastaya görə dəyişməyən vəzifəsi, bir növ məcburi qəzavu-qədər anlayışı idi. Budda isə iradi davranışa işarət etmişdir. Karma, Buddizmdə çətin başa düşülən cismani bir güc olaraq görülməkdədir. Karmanın çıxmasıyla həyat cövhəri əzəli bilgisini yenidən qazanacaq və orada hərəkətsiz qalaraq aləmin zirvəsinə yüksələcəkdir. Məhz bu həyat gücü, insanın hisslərini, ümidlərini, sevib-sevmədiklərini və ömrü boyu etdiklərini daşıyaraq, yeni bir varlığa köçürtməkdə lazım olan imkana sahibdir. Qısaca desək, karma şəxsin, öz iradəsiylə etdiyi şeyi və bunun nəticəsini əhatə edir. Hər kəs belə bir karmanı miras alır, amma bu bir determinizm deyil, çünki, öz karması içində hər kəs yaxşı və ya pis iş görməkdə azaddır. İnsanın öz karması onu məcbur etməməkdədir. Buddist görüşə görə yeni karma üçün vacib olan davranış deyil, iradədir. Karmanın bəhrələrini fail ya bu həyatda, ya yeni doğumda, ya da daha sonrakı doğumlarda görəcəkdir. Buddist görüşə görə hirs, kin və hiylənin aldatdığı kimsənin karması pis, əksi də yaxşıdır. Tənasüh qurtarmaq bilməyən bir yenidən doğuş silsiləsidir və içində bir əzab-əziyyət yumağı daşıyır. Tənasüh yalnız insan şəklində deyil, ən kiçik milçəkdən insana qədər bütün canlı kateqoriyalarını içinə alan bir yenidən həyata dönüşdür. Ancaq yalnız insan olaraq gəldikdə tənasühdən xilas olub Nirvananı qazanmaq mümkün ola bilər. "Nirvana" sözü sanskritcə "nibbati" sözündən gəlir ki, bu da "üfürərək sərinlətmək" deməkdir. Qərbdə bunu "yox olma" kimi başa düşsələr də, əslində bu kəlmə, "sərinləmiş", yə`ni arzu və ehtirasların, pisliklirin atəşindən xilas olmuş, sakitləşmiş, ideal insan olmağı ifadə edir. Belə bir insan aydınlığa qovuşmuş, Nirvanaya çatmış hesab edilir. Buddizm beləcə yeni bir insan tipi gətirmiş oldu. Bu insan, ‘klesa’ deyilən və sayı məzhəblər arasında 10, 16, 26, 30 olaraq dəyişən mənəvi kirlərdən təmizlənmiş, amma ömrünün qalan hissəsini tamamlayan bir kimsədir. Bu kimsə, "klesanirvana"ya çatmış, ömrü bitib cismani həyatla vidalaşdıqdan sonra da Nirvana tamamlandığından "pari-nirvana"ya çatmış sayılır .
Hinduizm və Buddizmin timsalında reenkarnasiyanın Hindistanda hansı şəkildə olduğunu gördükdən sonra Avropada bu cərəyanın necə getdiyini görək. E.ə. 6-cı əsrdə Yunanıstanda ortaya çıxmış Orfik dinində bu inanc çox geniş yayılmışdı. Böyük filosoflardan Platon və Pifaqor da bu inancı qəbul etmişdilər. E.ə. 427–346-cı illərdə yaşamış Platon bunu ilk dəfə özünün "İdeal şəkillər" fəlsəfəsində ortaya qoymuşdur. Bununla o, "fiziki cisimlər, dəyişməz fikirlərdən ibarət olan dəyişkən timsallardır" deyərək yeganə həqiqi biliyin fikirlər olduğunu iddia etdi. E.ə. 400-cü ildə yazdığı "Foedo" əsərində isə deyirdi ki, əgər yenidən doğuş olmasaydı, həyat qısa zamanda kainatdan silinərdi. "Dövlət" adlı kitabın son bölümündə isə, yenidən doğuşu bütünlüklə qəbul edirdi. Yunanıstanda bir çox fəlsəfə məktəbləri, həmçinin Neoplatonistlər və Qnostiklər də bu iddianı dəstəkləyirdilər. Onun tələbəsi olan Aristotel isə bu inanca qarşı çıxmış, ruhu vücudun bir parçası olaraq görmüşdür. Bu şəkildə davam edən reenkarnasiya inancı Hz İsanın dünyaya gəlişi ilə yenidən körükləndi. Belə ki, bə`ziləri onda keçmiş peyğəmbərlərin ruhunun dünyaya gəldiyini söyləyirdilər. Bunlar öz əksini İncildə də tapmışdır. Orada deyilənə görə İsa həvarilərdən soruşur ki, mənim haqqımda nə danışırlar. Həvarilər bu suala müxtəlif cavablar verirlər. Kimi İlyas, kimisi Yeremya, kimisi də Yəhya deyir. Buradan anlaşılır ki, insanlar o zamanlar İsanın əvvəlki peyğəmbərlərin yenidən doğuş halı olduğuna inanırdılar. Eramızın ilk əsrlərində yenidən doğuş inancı yəhudilikdə 3 mərhələ şəklində özünü göstərdi. Əvvəl insanın öldükdən sonra Şeol`da var olduğu haqqında qarma-qarışıq fikirlər ortaya çıxdı. Sonra Esxayologiyanın məhşərdəki dirilmə və son mühakimə haqqındakı tə`sirləri get-gedə artdı. Üçüncü mərhələdə isə ölümsüzlük fikri, yenidən doğuş ilə uzlaşdırıldı. Buradan orta əsrlər boyu yaşayan Yəhudilik nəzəriyyəsi ortaya çıxdı. 186 −253-cü illərdə yaşamış olan Origen isə Origenizmi quraraq iddia edirdi ki, Bibliyanın bə`zi yerləri yenidən doğuş görüşü olmadan açıqlana bilməz. 340 −420-ci illərdə yaşamış Santa Jeremi də, xristianlığın ilk zamanlarında yenidən doğuşun bir şəklinin təməl əsaslar arasında olduğunu söylədi. Nəhayət 553-cü ildə İmperator Yustinian tərəfindən İkinci Konstantinopol Sinodu çağırıldı. Həmin məclisə papa gəlməmişdi. Məclis, yenidən doğuş cərəyanını lənətlədi. Orada qəbul olunan qərarda belə deyilirdi: "Əgər hər hansı bir kimsə ruhların lap əvvəldən var olduğu əfsanəsini ifadə edər və bundan çıxan görüşə tərəfdar olarsa, onu boykot edin." Beləcə buna rəsmi bir lənət yönəldilib, mövzuyla əlaqədar olan və ya ona işarə edən bütün cümlələr Bibliyadan çıxarıldı. Origenizm və əvvəldən var olmağa inanma, bundan sonra inancsızlıq sayıldı, bunu təbliğ edənlər isə kilsə tərəfindən tə`qiblərə məruz qaldı, lakin bütün bunlara baxmayaraq peenkarnasiya inancı Avropada öz mövcudiyyətini gizli də olsa davam etdirdi, 19-cu əsrdə psixologiya elminin ortaya çıxması ilə isə yenidən aktuallıq qazandı. Hal-hazırda Avropada reenkarnasiyaya inananların sayı gündən-günə artmaqdadır. Belə ki, keçən il, Fransanın məşhur "La Nouvel Observatuer" jurnalının keçirtdiyi anketin nəticələrinə görə Avropada hər beş nəfərdən biri yenidən doğulduğuna və ya doğulacağına inanır.
İslam
[redaktə | mənbəni redaktə et]Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız[1]. |
Ənənəvi İslam bunun əleyhinədir. Hesab edilir ki, reinkarnasiya məsələsi məhşər gününə, insanların bir yerə toplaşıb Allah qarşısında əməllərə görə hesabat verməyə aid inanışa çox böyük zərbə vurur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Reinkarnasiya Arxivləşdirilib 2008-06-16 at the Wayback Machine