Varşava Müqaviləsi Təşkilatı — Vikipediya

Varşava Müqaviləsi Təşkilatı
ОВД, WTO, 华约, 華約, ОВД, АВД, OTV, VMT, ՎՊԿ
rus. Договор о дружбе, сотрудничестве и взаимной помощи
Loqonun şəkli
Növü Hərbi-siyasi ittifaq
Yaranma tarixi 14 may 1955
Ləğvolma tarixi 1 iyul 1991
Rəsmi dili rus, alman, polyak, macar, çex, rumın, bolqar
Mərkəzi Moskva, SSRİ
Üzvləri 7 üzv (əvvəl 8), 2 müşahidəçi ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Varşava Müqaviləsi Təşkilatı (VMT) — 14 may 1955-ci ildə SSRİAvropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında yaranan hərbi ittifaq. Bu müqavilə NATO-nun yaradılmasına SSRİ-nin cavabı idi. Müqavilənin şərtlərinə görə müqaviləyə qoşulan ölkələr beynəlxalq münasibətlərdə güc nümayiş etdirmək və tətbiq etməkdən çəkinmək və müqaviləyə qoşulan ölkələrdən hər hansı birinə hərbi hücum olacağı təqdirdə ona bütün mümkün vasitələrlə, o cümlədən hərbi qüvvə ilə dərhal yardım etmək öhdəliyini götürürdülər.

Müqavilə Albaniya, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Polşa, RumıniyaSSRİ arasında imzalanmış və 5 iyun 1955-ci ildə qüvvəyə minmişdir. Bu sənəd Varşava Müqaviləsi Təşkilatının nizamnamə aktı idi. Əslində Varşava Müqaviləsi əvvəllər SSRİ ilə Çexoslovakiya (1943), Polşa (1945), Bolqarıstan, Macarıstan ve Rumıniya (1948) arasında imzalanmış ikitərəfli müqavilələri tamamlayırdı. Almaniya Demokratik Respublikası Paktın hərbi qoluna 1956-cı ildə qoşuldu. 1962-ci ildə Albaniya SSRİ ilə siyasi ixtilaflarına görə təşkilatdakı fəaliyyətini dondurdu və 1968-ci ildə təşkilatın qoşunlarının Çexoslovakiyaya yeridilməsindən sonra onu tərk etdi.

Təşkilatın əsas məqsədi NATO-ya qarşı durmaq və iştirakçı dövlətlərdə anti-kommunist çıxışlarının yatırılması idi. Bu qurum AFR-in 9 may 1955-ci ildə ABŞ-nin təklifi ilə Avropada Sovet nüfuzunun artmasından narahat olan 12 ölkənin 1949-cu ildə qurduğu Şimali Atlantika Alyansı NATO-ya qoşulmasına cavab kimi yaradılıb. VMT kollektiv sistemi çərçivəsində ölkələrarası təlimlər və manevrlər, təcrübə mübadiləsi və 1956-cı ildə Macarıstanda və 1968-ci ildə Çexoslovakiyada antikommunist çıxışların yatırılması kimi birgə hərbi əməliyyatlar həyata keçirilmişdir. Varşava Müqaviləsinin məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün siyasi və hərbi orqanların yaradılması nəzərdə tutulurdu. VMT dövlətlərinin Birləşmiş Silahlı Qüvvələrinin ilk komandanı Marşal İvan Konev idi. Sonralar bu vəzifəni, eləcə də qərargah rəisi vəzifəsini ancaq ordu generalından aşağı rütbədə olmayan Sovet hərbçiləri tuturdular. Təşkilatın mənzil-qərargahı Moskvada idi. 1970-ci illərdə xarici KİV-lər qərargahın Lvova köçürülməsi barədə yazırdı.

Maraqlıdır ki, hələ VMT yaranmazdan əvvəl SSRİ bir neçə dəfə NATO-ya daxil olmağa çalışıb. Həlledici cəhd 31 mart 1954-cü ildə olmuşdur. Moskva hesab edirdi ki, onu NATO-ya qəbul etməklə Qərb gücləri NATO-nun SSRİ-yə qarşı yox, dinc məqsədli olduğunu nümayiş etdirərdilər. Qərb ölkələri Sovet təşəbbüsünü qəti şəkildə rədd edir. Onlar hesab edir ki, Moskva Alyansı yalnız daxildən sarsıtmaq üçün üzvlüyə nail olmaq istəyir. Amma çox güman ki, Kreml öz ideoloji opponentlərindən onu kluba qəbul edəcəyinə ciddi ümid etmirdi. Üzvlüyün rədd edilməsi SSRİ-yə NATO-nun sülh məqsədli olmadığını inandırdı və öz hərbi blokunu təsis etməsinə əsas verdi. VMT-nin elan edilməsi beynəlxalq münasibətlərdə ikiqütblülük yaratdı. Lakin təşkilat ilk strateji məğlubiyyətini elə yarandığı ildə aldı. Sovet İttifaqı öz təşkilatına Yuqoslaviyanı üzv edə bilmədi. Onun prezidenti İosip Broz Tito sözdə Sosialist baxışlara sadiq qalsa da öz oyununu oynayırdı. İosif Stalinin ölümündən sonra SSRİ ilə dövlət münasibətlərinin bərpasına baxmayaraq, Tito və onun silahdaşlarında hələ 1948-ci ildə münasibətlərin pozulmasından sonra yaranmış qarşılıqlı nifrət atmosferi barədə xatirələri qalmışdı.

Təşkilatın yaradılması barədə sənəd 25 may 1955-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən ratifikasiya edilmiş, iyunun 4-də isə qüvvəyə minmişdir. Onun fəaliyyət müddəti 20 il idi, üzvlüyü vaxtından əvvəl ləğv etməyən dövlətlər üçün üzvlük sonrakı 10 il üçün avtomatik yenilənirdi. 1956-cı ildə Macarıstan üzvlük öhdəliklərdən azad olmağa çalışdı. Albaniya vaxtından əvvəl müqavilədən çıxdı. Albaniya 1962-ci ildən VMT orqanlarının işində iştirak etməyib, 13 sentyabr 1968-ci ildən isə birtərəfli qaydada üzvlüyün ləğvini elan edib. Rəsmi versiyaya görə, Albaniyanın təşkilatdan çıxması Çexoslovakiyaya VMT qoşunlarının yeridilməsinə reaksiya idi. Əsl səbəb Albaniya lideri Ənvər Xoca tərəfindən Stalinin şəxsiyyətinə pərəstişin ifşa olunması nəticəsində Balkan ölkəsi ilə SSRİ arasında münasibətlərin pisləşməsi idi. Elə həmin ildə Çexoslovakiya hadisələri fonunda SSRİ öz xarici siyasət istiqamətini dəyişdi. Bundan sonra Moskva SSRİ-nin kursundan kənara çıxan sosialist ölkələrinin işlərinə qarışmaq səlahiyyətini öz üzərinə götürmüşdü. Qərbdə SSRİ-nin bu yeni doktrinasını "Brejnev doktrinası" adlandırırdılar.[1]

1990-cı ildə AFR ilə birləşməsi ilə əlaqədar ADR NATO əleyhinə təşkilatda iştirak etməyi dayandırdı. SSRİ-də, MərkəziŞərqi Avropa ölkələrində baş verən sistem dəyişiklikləri səbəbindən 1991-ci ilin fevralında VMT üzvləri təşkilatın hərbi strukturlarının ləğv edilməsi barədə qərar qəbul etdilər. 1 iyul 1991-ci ildə isə Varşava Müqaviləsinin qüvvədən düşməsi barədə Protokol qəbul olundu, bununla da Varşava Müqaviləsi Təşkilatı öz fəaliyyətini dayandırdı.

Varşava Müqaviləsi preambula və 11 maddədən ibarət idi. Üzv ölkələr bir-birinin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyi, bir-birlərinin daxili işlərinə qarışmamağı öhdələrinə götürürlər. VMT-nin sırf müdafiə xarakteri daşıdığını bəyan edilib. İştirakçı dövlətlər BMT-nin Nizamnaməsinə uyğun olaraq beynəlxalq münasibətlərdə hərbi güc tətbiq etmək təhlükəsindən çəkinməli, mübahisələri dinc vasitələrlə həll etməli, ümumi maraqlara toxunan bütün vacib məsələlər üzrə məsləhətləşməli idilər. Mətndə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində bütün beynəlxalq fəaliyyətlərdə iştirak etməyə, silahların azaldılması və kütləvi qırğın silahlarının qadağan edilməsi üçün səmərəli tədbirlərin görülməsinə nail olmağa hazır olduğu da vurğulanıb. Avropada bir və ya bir neçə VMT üzvünə silahlı hücum olduğu halda ordu da daxil olmaqla, bütün vasitələrlə dərhal yardım göstərilməsi nəzərdə tutulurdu. Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə rus, polyak, çex və alman dillərində bir nüsxədə tərtib edilmişdi.