Yeddişəhər xanlığı — Vikipediya
xanlıq | |||||
Yeddişəhər xanlığı | |||||
---|---|---|---|---|---|
uyğ. يەتتىشەر دۆلەتى | |||||
| |||||
| |||||
Paytaxt | Qaşqar | ||||
Ən böyük şəhər | Urumçi, Yarkənd, Xotan | ||||
Rəsmi dilləri | uyğur | ||||
Dövlət dini | islam | ||||
Ərazisi | 1,4 mln kv. | ||||
Əhalisi | uyğurlar, dunqanlar, qırğızlar | ||||
İdarəetmə forması | monarxiya | ||||
Xan | |||||
• 1865-1777 | Məhəmməd Yaqub bəy Badaulət |
Yettişar — (uyğ. يەتتىشەر دۆلەتى, müxtəlif mənbələrdə fərqli adlarla verilir — Ceti-Şaar, Ceti-şaar, Yettişəhər. Tərcüməsi Yeddişəhər.) — 1860–1870-ci illərdə Şərqi Türkistan (Qaşqar) ərazisində mövcud olmuş türk dövləti (əmirliyi).
Yaranmadan əvvəlki tarix
[redaktə | mənbəni redaktə et]1757-ci ildə Tsin dövləti Çin Cunqar xanlığının varlığına son qoydu. 1759-cu ildə bütün Qaşqar fəth edildi və bu ərazidə Sincan adlı yeni əyalət yaradıldı. Tsin rejiminin əleyhdarları buraya sürgün edilirdi. Burada Qansu vilayətindən Mancur və Çin qoşunları yerləşdirildi. Mancuriyadan solon və dahur dəstələri buraya yerləşdirilməyə başlandı. 1764-cü ildə bir neçə min sibo İli vadisinə köçürüldü.Burada mancur hərbi-əkinçilik qəsəbələri və Çin hərbi yaşayış məskənləri salındı. Həmçinin, buraya Mancur işğallarına müqavimət göstərən sürgün edilmiş uyğurlardan (tarançılar) əkinçilik yaşayış məntəqələri təşkil olundu. Çinlilər və dunqanlar da buraya köçürüldülər.
XIX əsrin əvvəllərində Qaşqarda ictimai-siyasi vəziyyət kəskin şəkildə pisləşdi. Sincan qubernatorunun zəif idarəçiliyindən faydalanaraq, Mancur və Çin rəsmiləri şəxsi zənginləşmələri üçün mövqelərindən istifadə edərək özbaşınalıq edirdilər. Bundan əlavə, Çin tacirləri yerli məhsulları ucuz qiymətə alır, öz mallarını isə xüsusilə də çayı hədsiz baha satmaqla yerli əhalni amansızlıqla talan edirdilər. Bütün bunlar Tsin imperiyasının qonşu Kokand xanlığı ilə mürəkkəb münasibətləri fonunda baş verirdi. Mancur işğalçılarına qarşı çıxış edənlərə sığınacaq verən Kokand xanları onlardan Tsin hökumətinə qarşı təzyiq etmək üçün məharətlə istifadə edirdilər. Onlar bununla bölgədə mürəkkəb bir siyasət aparırdılar.
XIX əsrin əvvəllərində Kokandda yaşayan Qaşqarın keçmiş hökmdarlarının varisləri olan Sarımsak Hocanın oğulları — Cahangir və Yusif-Xoca bölgənin müstəqilliyini bərpa etmək üçün hərəkatın başında dayanmışdılar. 1820-ci ilin yayında Cahangir Kokanddan qırğızların yanına "qaçdı". O, burada bir neçə yüz atlıdan ibarət dəstə yığdı və payızda Tsin səddlərini aşdı. 1820–1827-ci illərin uyğur üsyanının yatırılması və Cahangirlə sonrakı mübarizə Tsin hökumətinə 10 milyon lyana başa gəldi. Bu üsyan Qaşqardakı Tsin hökmranlığının əsasını sarsıtdı və cəza dəstələrinin vəhşilikləri yeni bir müsəlman çıxışlarının başlamasına zəmin yaratdı. 1828-ci ildə Cahangirin tutulub edam olunmasından sonra, bütün ümidlər artıq Yusuf-Hocaya — Cahangirin qardaşına bağlandı. Xüsusilədə Kokand xanı onu intensiv şəkildə buna təhrik edirdi.
1830-cu ilin payızında Yusif dəstəsi ilə sərhədi keçdi və yeli əhali tərəfindən sevinclə qarşılandı. Cahangirin hərəkətlərindən dərslər çıxaran Yusif insanlara səxavətlə vədlər verirdi. O, xalqın böyük dəstəyi ilə Qaşqara daxil oldu. Lakin Yarkənddəki türbəyə edilən hücum uğursuzluqla başa çatdı. Üsyançılar orada böyük bir məğlubiyyətə uğradılar və bu hərəkatda dönüş nöqtəsi oldu. Üsyan tədricən zəifləməyə başladı. Əhali üsyana 1826–1827-ci illərdəkindən daha az dəstək verdi. Yusif Hocanın qoşunlarının soyğunçuluq əməlləri ona qarşı yerli sakinlər qəzəbi ilə nəticələndi. Yerli din xadimləri də Hocanı çox soyuq qarşıladı. Tsin hakimiyyəti iki islam təriqətinin dini düşmənçiliyindən məharətlə istifadə etdi. 1830-cu ilin oktyabrında əyalət hakimi Çanlin üsyançılara qarşı hücum etdi. 1830-cu ilin sonlarında Yusif Hoca bir neçə min tərəfdarı və əsirlər ilə sərhədə qaçdı və Kokand ərazisinə sığındı. Dörd ay davam edən üsyanın yatırılması xəzinəyə 8 milyon lyam hesabına başa gəldi. 1847-ci ildə Cahangirin qardaşı oğlanlarının rəhbərliyi altında yeni bir hərəkat "Yeddi Hocanın üsyanı" olaraq bilinən çıxış oldu. Lakin o, elə həmin ildə yatırıldı. 1857-ci ildə Qaşqarda Vəlixan-tyurya (Cahangirin qardaşı oğlu) rəhbərliyi ilə üsyan başladı. Lakin üsyan 1858-ci ilin avqustunda vəhşicəsinə yatırıldı. Bir çox üsyançı Kokanda qaçmağa müvəffəq oldu.
Xanlığın yaradılması
[redaktə | mənbəni redaktə et]1862-ci ildə Şengan qubernatorluğunda (Şaansi və Qansu əyalətlərinin ərazisində) başlayan dunqanların üsyanı Sincan hakimiyyətinin ölkənin mərkəzi ilə əlaqələrini kəsdi. Bu da onları Şengan xəzinəsindən gələn subsidiyalardan məhrum etdi. Yerli hakimiyyət nümayəndələri bu itkini vergilər və qanunsuz ödənişlərlə doldurmağa çalışdı. Bütün bunlar əhalini ümumi qiyamın astanasına aparırdı.
1864-cü ilin iyun ayında Kuçar qarnizonunun dunqan əsgərləri üsyan qaldırdılar və Rəşidin-Hocanın başçılığı ilə qalan əhali onların arxasınca getdi. Dörd bölgəni — Turfan, Komul (Hami), Aksu və Uşu (Uş-Turfan) azad edərək, burada Kuçar xanlığını yaratmaqla hakimiyyətini qurdu. Elə həmin yay Urumçidə Lotay xanın başçılıq etdiyi Dunqan xanlığı yarandı. O, özünü sultan elan etdi və dövlətini — Urumçi sultanlığı adlandırdı. Oktyabr ayında Rəşidin-Hocanın qoşunları Qaşqarı nəzarət altına almağa çalışdı. Buna qədər isə burada Mancur işğalçılarına qarşı uğurlu üsyan olmuşdu. Xotanda hakimiyyət Xotan xanlığının başçısı olmuş Molla Həbib-ağanın ixtiyarına keçdi. 1864-cü ildə Kokanddan üsyan edən Qaşqara dəstəsi ilə Buzruk-Hoca (Cahangirin oğlu) gəldi. O, əhali tərəfindən böyük sevinclə qarşılandı. Buzruk-Hoca Yarkəndin də daxil olduğu Kaşqar xanlığının başçısı seçildi. Sincanda olan müsəlman xalqlarının demək olar ki, hamısı — uyğurlar, dunqanlar, qırğızlar və taciklər Tsin hakimiyyətinə qarşı üsyana başladılar. Kütlələr islamın bayrağı altında azadlıq mübarizəsinə qalxdılar. Hərəkatın başında mənəvi feodallar (Hocalar) və sadə mollaların dayanırdı. Bu mübarizə təkcə anti-Mançuriya deyil, həm də Çin əleyhinə idi. 1867-ci ildə İli bölgəsinin uyğur əhalisi üsyan etdi. Onlar da İli sultanlığını yaratdılar. Beləliklə, bütün Sincan demək olar ki, 13 il ərzində Mancuriya boyunduruğundan xilas oldu. Keçmiş Tsin imperiyasına daxil olan qubernatorluğun ərazisində beş müsəlman dövləti meydana gəldi.
Yeni Tsin təhdidi qarşısında belə feodal parçalanması dərhal birləşmək zərurəti yaradırdı. Vahid dövlətin yaradılması bu dövlətlərdən ən güclüsü Qaşqar xanlığı ətrafında oldu. Əslində onu görkəmli siyasi xadimə çevrilmiş hərbi başçı Məhəmməd Yaqub-bəy idarə edirdi. Aşağı təbəqəyə mənsub olduğundan onun savadı belə yox idi. Lakin hərbi istedadı və lider bacarığına malik olması, onu xanlığın hakiminə çevirmişdi. Yaqub bəy böyük bir ordu qurdu və onun köməyi ilə bütün Şərqi Türkistanı birləşdirdi. Digər xanlıqlar, sultanlıqlar və əmirliklər Qaşqarın tabeliyinə keçdi və yeni dövlət Yettişar adlandı. Yaqub bəy Badoulet adı ilə Yettişar xanı elan edildi.
Yeddi şəhər
[redaktə | mənbəni redaktə et]İli sultanlığının Yaqub bəy tərəfindən ələ keçirilməsinin və Mərkəzi Asiyada ingilis təsirinin artmasının qarşısını almaq üçün rus qoşunları 1871-ci ildə İli ərazisini işğal etdilər. Ruslar bununla yerli uyğur dövlətinin də mövcudluğuna son qoydular. Yaqub bəyin qoşunları 1870–1872-ci illərdə dunqanların Urumçi sultanlığına qarşı iki dəfə hücum etdilər və onun ərazisini ilhaq etdilər. Şaansidəki dunqan üsyanının liderlərindən biri olan Məhəmməd Əyub Biyanhu Yaqub bəyin tərəfinə keçdi. O və digər dunqan komandirləri 1873-cü ildə Çin qoşunlarının təzyiqi ilə şimal-qərbə çəkilərək Urumçiyə sığınmışdı. Onlarla bərabər Şaansi və Qansu əyalətlərindən gələn qaçqınlar da Yaqub bəyə qoşuldu.
Yaqub bəy bir sıra mütərəqqi islahatlar həyata keçirdi. 45.000 minlik ordusunu modernləşdirdi, bürokratik sistemi sadələşdirdi, idarə aparatını ixtisara saldı, əhalidən yığılan vergini, ödənişləri kəskin dərəcədə azaltdı, daxili rüsumları yığışdırdı, əhalinin mükələfiyyətlərinin ləğv etdi, maliyyələşməni nizamladı. Yeddişar hökmdarı ticarəti təşviq edir, karvansaralar tikdirir, yeni kanallar və digər suvarma sistemləri çəkdirirdi. Lakin buna baxmayaraq, onun yaratdığı rejim şiddətli, bəzən də qəddar idi. Tsin qüvvələri 1873-cü ildə bölgədə hərbi əməliyyatlara başlayanda, Yeddişardakı müsbət təşəbbüslərin bir çoxu, hərbi xərclərin kəskin artması səbəbindən icra edilmədi. Dövlətini möhkəmləndirmək üçün Yaqub bəy Rusiya ilə İngiltərə arasındakı ziddiyyətlərdən istifadə etməyə çalışaraq, hər iki tərəfə xidmətini təklif edirdi. Yeddişar ilə ticarəti inkişaf etdirən Peterburq, onunla diplomatik əlaqələr qurmağa tələsmirdi. İngiltərə Qaşqar xanından Rusiyaya qarşı istifadə etməyə cəhd göstərdi. Bunun üçün ingilislər 1877-ci ilə qədər Hindistan vasitəsi ilə ona silah və hərbi məsləhətçilərlə kömək etdi. Eyni yardım ona Osmanlı imperiyası tərəfindən də göstərildi.
Pekində Qərb yürüşü müzakirələri
[redaktə | mənbəni redaktə et]Taypin üsyanı yatırıldıqdan sonra, Tsin rəhbərliyinin qarşısında Çindən qopmuş ərazilərlə bağlı gələcək siyasətin necə olacağı məsələsi kəskin şəkildə qoyuldu. Bu problemin həlli qızğın müzakirələrə səbəb oldu. Məsələyə münasibətdə iki əks baxış mövcud idi.
Bəzi yüksək rütbəli məmurlar və hərbi rəhbərlər itirilmiş ərazilərin sülh ilə, diplomatik yolla qaytarılması məsələsini dəstəkləyirdilər. Onlar problemin Cunqariya və Şərqi Türkistanın (orada yaradılan dövlətlərin) müstəqilliyini tanımaq yolu ilə həll edilməsini təklif edirdilər. Bu mövqenin tərəfdarlarının gətirdiyi arqumentlərdə Çin dövlətində yaşanan siyasi və iqtisadi çətinliklərə istinad olunurdu. Bu nöqteyi-nəzərin əsas dəstəkçisi və tərəfdarı o, dövrün nüfuzlu siyasətçisi Zenq Qofan idi. O, açıq şəkildə "Zyayuyquan"dan qərbdə olan bütün torpaqlardan imtina etməyi təklif edirdi.
Tsin hökumətində yer alan digər vəzifəli şəxslərin bir hissəsi ən qəti addımların atılmasının tərəfdarı idilər. Onlar dərhal hərbi əməliyyatları başlamağı və üsyanların yatırılmasını tələb edirdi. Bu qrupun lideri "Syanfen" şüarı ilə hökmranlıq edən imperatorun ögey qardaşı "Çunun böyük knyazı" titulunu daşıyan Aysinqero İxyuan idi. İxuyan hətta şəxsən Qərbə yürüşə başçılıq etməyə hazır olduğunu da bildirmişdir.
1874-cü ildə imperator sarayında bu mövzuda müzakirə təşkil etmək təklif edildi. Çindəki bütün məşhur siyasi xadimlərin bu və ya digər şəkildə müzakirədə iştirak edəcəyi güman edilirdi. Paytaxt Çjili əyalətinin qubernatoru Li Xunçjan Sincanın geri qaytarılması üçün pul xərcləməsinə qarşı çıxdı və bu səbəbdən xeyli arqumentlər gətirdi. Onun fikrincə Çin sahillərini Qərb dövlətlərinin mümkün müdaxiləsindən qorumaq üçün güclü bir hərbi-dəniz donanması yaratmağa diqqət yetirmək lazım idi. Lakin 1875-ci il yanvarın 12-də imperator varis təyin etmədən vəfat etdi. Taxtın varislik qaydalarına zidd olaraq, imperatriça Çısi kiçik bacısının və Çunya knyazının dörd yaşında oğlunu taxta çıxardı. Beləliklə, Sincanın Pekinin hakimiyyəti altına qaytarılmasının tərəfdarları əhəmiyyətli dəstək qazandı. Qərb yürüşünün əsas tərəfdarlarından biri Şenqanq qubernatoru Çzo Çzyntanq idi. O, bir müddət əvvəl Dunqan üsyanını qan içində boğmuşdu.
1875-ci il martın 10-da Çzo Çzyntanqın Sincan barədə düşüncələrini öyrənmək üçün ona ayrıca gizli sənəd göndərildi. Çzo Çzyntanqdan Sincanda imperiyanın hakimiyyətini yenidən əlində olan qüvvələr ilə bərpa edə biləcəyi barədə dəqiq cavab verilməsi istənildi. Qeyd olunan sənədin əhəmiyyəti o qədər böyük idi ki, onu Pekindən Lançjouyaa çatdırmaq üçün cəmi 9 gün vaxt verilmişdi. Çzo Çzyntanq sənədi 1875-ci il martın 19-da aldı. O, demək olar ki, bir aydan sonra 1875-ci il aprelin 12-də ətraflı bir hesabatla cavab verdi (19 cüt səhifə). Onun göndərdiyi cavabda deyilirdi ki, Sincan kampaniyası hərbi-dəniz proqramının həyata keçirilməsi vəziyyətindən asılı olmayaraq tam qələbə qazanana qədər aparılmalıdı. Hökumət Çzo Çzyntanqın hesabatını aldıqdan bir qədər sonra, 1875-ci ilin aprelində imperator onu Sincanda hərbi işlər üzrə müvəkkil təyin etdi. Bununlada rəsmi olaraq Sincanda hərbi kampaniyaya start verildi.
Çzo Çzyntanqın Qərbə yürüşü
[redaktə | mənbəni redaktə et]1875-ci ildə Çzo Çzyntanq 70 minlik ordusu ilə Cunqariyanı yenidən tabe etmək üçün səfərə çıxdı. O, məhərətlə Yaqub bəydə rəsmi Pekinin Tsin imperiyası tərkibində Qaşqara muxtariyyət verəcəyinə inam yaratdı. Buna görə də Cunqariya demək olar ki, döyüşsüz ələ keçirildi. Bundan sonra 1877-ci ilin aprel ayının ortalarında qəflətən Yettişara qarşı Lyu Çzuntanın komandanlığı altında yaxşı silahlanmış 180 batalyonu göndərdi. Biyanhunun dəstələrinin və digər dunqan komandirlərinin köməyinə baxmayaraq Yaqub bəyin qoşunları məğlub oldu. 1877-ci ilin mayında Yaqub bəyi zəhərləyərək öldürdülər. Onun ölümündən sonra Yettişar üç düşmən hissəyə parçalandı. Lyu Çzuntanın qoşunları Qaşqarı[1], Yarkəndi və Xotanı tutdu. Çzo Çzyntanq müharibədəki qələbənin əsas şərti kimi Urumçini ələ keçirmək hesab edirdi. O, bu işə böyük əhəmiyyət verirdi. Urumçi şəhəri Çin qoşunları tərəfindən 1876-cı ilin 17 avqusunda tutuldu.
1877-ci ilin dekabrında bütün Şərqi Türkistan işğal edildi. Cəza dəstələri minlərlə müsəlman türklərini edam etdi, on minlərlə insan həbsxanaya atıldı. Biyanhu dunqan dəstələri ilə Rusiya ərazisində sığınacaq tapdı. Tsin sülaləsinin hakimiyyəti Sincan ərazisində quruldu. Sankt-Peterburq müqaviləsindən sonra isə Rusiya İli ərazisini Çinə qaytardı.
Şəkillər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 《上总理各国事务衙门》,《左文襄公全集》书牍,卷一三,页一。
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Кашгария // Большая советская энциклопедия : в 66 т. (65 т. и 1 доп.) / гл. ред. О. Ю. Шмидт. — М. : Советская энциклопедия, 1926–1947.
- О. Е. Непомнин "История Китая: Эпоха Цин. XVII — начало XX века" — Москва, издательская фирма "Восточная литература" РАН, 2005. ISBN 5-02-018400-4
- "История Востока" в 6 томах. Том IV "Восток в новое время (конец XVIII — начало XX в.)". Книга 1 — Москва, издательская фирма "Восточная литература" РАН, 2004. ISBN 5-02-018387-3
- "История Востока" в 6 томах. Том IV "Восток в новое время (конец XVIII — начало XX в.)". Книга 2 — Москва, издательская фирма "Восточная литература" РАН, 2005. ISBN 5-02-018473-X
- "История Китая" п/ред. А. В. Меликсетова — Москва, издательство МГУ, издательство "Высшая школа", 2002. ISBN 5-211-04413-4
- Д. В. Дубровская "Судьба Синьцзяна. Обретение Китаем "Новой границы" в конце XIX в." — Москва, издательская фирма "Восточная литература" РАН, 1998. ISBN 5-89282-081-5
- А. Д. Воскресенский "Китай и Россия в Евразии. Историческая динамика политических взаимовлияний" — Москва, "Муравей", 2004. ISBN 5-89737-204-7
- Уйгуро-дунганское восстание 1864–77 // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
- Дунганское восстание // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- Валиханов Ч. Ч. "О состоянии Алтышара, или шести восточных городов Китайской провинции Нан Лу (Малой Бухарии) (1858–1859)".
- Грум-Гржимайло Г.Е.,. Восточный Туркестан // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- Моисеев В. А.. "Россия и Китай в Центральной Азии (вторая половина XIX в. — 1917 гг.)" Барнаул: АзБука, 2003. — 346 с ISBN 5-93957-025-9
- Дубровская Д. В. "Судьба Синьцзяна. Обретение Китаем 'Новой границы' в конце XIX в." (Российская Академия наук, Институт востоковедения. Москва: ИВ РАН, 1998. ISBN 5-89282-081-5 (В документе используется кодировка Cyrillic/Russian CP 866).