İslam bəy Qəbulzadə — Vikipediya
İslam bəy Qəbulzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 may 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Vəfat səbəbi | güllələnmə |
İslam bəy Qəbulzadə (3 may 1879, Qax, Zaqatala dairəsi – 1920, Bakı) — Azərbaycanın ən qabaqcıl maarif işçilərindən və ictimai-siyasi xadimlərindən biri.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]İslam bəy 3 may 1879-da Zaqatala Dairəsinin Qax kəndində doğulub. 1897-ci ildə Zaqatala 4-sinifli şəhər məktəbini bitirib . İbtidai məktəb müəllimi və türk dili müəllimi adı almaqçün Bakı şəhər birinci gimnaziyasında imtahan verib. Hacı Mirzə Səlim Axundzadənin (1872–1930) bildirdiyinə görə, o, "İstanbulda Rüşdiyyə məktəbində türk dili oxuyub" (ancaq Rusiyada həmin təhsil nəzərə alınmadığına görə sənədlərində bunu göstərməyib). 10 avqust 1905-də Qax normal məktəbinə türk dili müəllimi təyin edilib. 27 sentyabr 1910-da Bakı şəhər 5 saylı rus-türk məktəbinə müəllim əvəzi, 1 aprel 1911-də isə müəllim təyin edilib. İslam bəy 25 avqust 1913-də yaxın qohumu Firuzə xanım Qəbulova (d. 15.10.1896) ilə ailə qurub. Firuzə xanım 1916-da hamiləykən ağır xəstələnib. Onun sonrakı taleyi bizə bəlli deyil, ancaq bilirik ki, İslam bəy sonra Qəntin xanım Qəbulova ilə evlənib və ondan Rüfət adlı yeganə övladı doğulub.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]İslam bəy XX yüzilin başlanğıcındakı ən fəal milli aydınlarımızdandır. O, Azərbaycanda qabaqcıl maarifçi kimi tanınmışdı. Onun "Qəvaidi-lisani-türki" (1902) adlı dərsliyindən Azərbaycan məktəblərində türk dili müəllimləri, "Rəhbəri-hesab" (1910) dərsliyindən isə riyaziyyat müəllimləri uzun illər yararlanıb. Hələ Qaxda dərs deyərkən mətbuatda çoxlu dəyərli yazılarla çıxış edib. Bakıya gəldikdən sonrasa fəaliyyəti daha da genişlənib. 1914-də "Səfa" cəmiyyətinin katibi seçilib. 1917-nin fevralında çarizm devrildikdən sonra Qafqaz qaynar qazana çevrilib. Bu ağır dönəmdə İslam bəy Bakı 5-ci rus-türk məktəbini tərk edərək ata yurduna gəlib və 1917-də müvəqqəti Zaqafqaziya hökuməti (Zaqafqaziya Komissarlığı) onu Zaqatala Dairəsinin komissarı təyin edib. Xatırladım ki, o zaman "komissar" ərazini idarə edən qurumun başçısı deməkdi. Gürcüstan Tarix Arxivindən üzə çıxardığımız bir çox sənədlər İslam bəyin komissar kimi fəaliyyətini, hədsiz mürəkkəb bir dönəmdə Zaqatala bölgəsi əhalisinin mənafeyini bacarıqla qorumasını əks etdirir. 1918-in başlanğıcında Tiflisdə Zaqafqaziya parlamenti – Seym yaradılarkən o, Zaqatala Dairəsindən bir müsavatçı kimi buraya deputat seçilib (28 fevral 1918). Seym öz üzvlərindən onu və Hacı Mirzə Səlim Axundzadə’ni Şəki-Zaqatala bölgəsindəki milli münaqişələri öyrənməyə göndərib. Bu zaman gürcü quldurları onu tutaraq işgəncə veriblər. Bundan sonra İslam bəy bir daha Tiflisə dönməyərək Seym üzvlüyündən çıxıb (8 aprel 1918) və yenə Qaxda müəllimlik edib. Azərbaycan müstəqil olduqdan sonra isə Bakıya gələrək istiqlalımızı möhkəmlətmək yolunda çarpışıb. Maarif Nazirliyi xəttiylə çoxlu faydalı işlər görüb. 2 dekabr 1919-cu ildə Müsavat partiyasının 2-ci qurultayı keçirilərkən o, qurultayın katibi seçilib. Bu qurultayda Zaqatala müsavatçılarının nümayəndəsi kimi təbrik çıxışı söylərkən deyib ki, partiyanın 1-ci qurultayının materialları ermənilər "İsmailiyyə"ni yandıran zaman məhv olsa da o, katib kimi qərarın mətnini qoruyub saxlayıb. Bu məlumatı qurultay alqışlarla qarşılayıb. Cümhuriyyətimiz rus süngüləriylə devrildikdən sonra azadlığımızı qorumaq üçün sinəsini qalxan edən İslam bəyi kommunistlər məhv etdilər. Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında "istiqlal şəhidləri" adlandırdığı adamlar içərisində onun da adını ayrıca çəkib[2].
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ədalət Tahirzadə, Qəbulzadə Abdulla əfəndi İbrahim (Hacıbaba) əfəndi oğlu (1853, Qax-1943, Qax), 525-ci qəzet
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi". 2018-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- ↑ Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 80. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.