Azərbaycan nağılları — Vikipediya
Azərbaycan nağılları — Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar:
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Epik növün ən geniş yayılmış janrlarından olan nağıllar süjet tərkibinin zənginliyinə, dinləyici auditoriyasının genişliyinə görə Azərbaycan folklorunda digər janrlardan seçilir. Dastan auditoriyası, əsasən, orta və yaşlı nəslin nümayəndələrindən ibarət olursa, nağıllarda belə məhdudiyyət yoxdur. Nağıllar kiçikdən tutmuş böyüyə qədər istənilən yaş qrupuna məxsus insanların zövqünü, marağını oxşayır. Nağıllar insanların asudə vaxtlarını maraqlı keçirməsinə xidmət etməklə yanaşı, həm də ibrətamiz, əxlaqi məzmun kəsb edir. Bunun nəticəsidir ki, İslam dinindən gələn bir çox fikirlər nağıllar vasitəsilə xalq arasında təbliğ olunmuş, insanlara milli-mənəvi dəyərlərdən gələn əxlaqi görüşlər aşılanmış, bir çox hökmdarlar nağılların təsir gücündən istifadə edərək özlərinin ədalətli hökmdar təsəvvürünü yaratmağa çalışmışlar. Azərbaycanda yazıya alınmış nağılların sayı minlərlə ifadə olunsa da, nağıl süjetlərinin sayı bundan xeyli azdır. Azərbaycan nağıl süjetlərinin sistemli kataloqunda Azərbaycanda 692 nağıl süjetinin mövcud olduğu qeyd edilir. Təbii ki, bu rəqəm nağıl repertuarını tam əks etdirmir, çünki şifahi ənənədə hələ də toplanmamış süjetlər qalmaqdadır. Təkcə onu qeyd etmək kifayətdir ki, AMEA Folklor İnstitutunda bölgə folklorunun toplanması istiqamətində görülən işlər nəticəsində son illər Qarabağ sakinlərindən 400-dən artıq, Saatlı və Tovuz rayonlarının hər birindən 100-ə yaxın nağıl yazıya alınmışdı. Son illər yazıya alınan nağıllar hesab alındığı təqdirdə nağıl süjetlərinin sayı artacaq, amma ümumi mənzərə dəyişməz qalır. Belə ki, Azərbaycan nağıl repertuarının 60 faizi (390 süjet) beynəlxalq, 40 faizi (302 süjet) milli süjetlərdən təşkil olunmuşdu. Beynəlxalq süjetlərə ən çox sehrli və heyvanlar haqqında nağıllar qrupunda rast gəlinir. Bu qrupların süjet tərkibinin yarıdan çoxu beynəlxalq süjetlərdən ibarətdir. Milli süjetlərin böyük əksəriyyəti isə dini və novellistik nağıllar qrupunun payına düşür. Azərbaycan nağıl repertuarının yarıdan çoxunun beynəlmiləl səciyyə daşımasına baxmayaraq, hər bir xalqın nağılı onun çoxəsrlik tarixini, adət-ənənəsini, etnoqrafiyasını, yaşamını, mübarizəsini, istək və arzularını əks etdirir, ona görə də millidir.
Nağıl qrupları
[redaktə | mənbəni redaktə et]Azərbaycan nağılları poetik xüsusiyyətləri, qəhrəman tipi nəzərə alınmaqla yeddi qrupa ayrılır: Heyvanlar haqqında nağıllar, sehrli nağıllar, dini nağıllar, novellistik (məişət) nağıllar, qaravəllilər, kumilyativ nağıllar, bahadırlıq nağılları. Heyvanlar haqqında nağıllar, sehrli nağıllar və novellistik nağıllar Azərbaycan folklorşünaslığında hələ Sovet dövründən müstəqil qrup kimi qəbul olunmuşdur, digər qruplardan isə yalnız son illər aparılan araşdırmalarda müstəqil qrup kimi danışılır. Dini nağılların əsas iştirakçıları peyğəmbərlər və dini şəxsiyyətlərdir və belə nağıllar daha çox İslam dinindən gələn fikirlərin xalq içində, kütlə arasında təbliğinə xidmət edir. Kumilyativ nağıllar sabit strukturu ilə seçilir və eyni fəaliyyətin təkrarı üzərində qurulur. Bahadırlıq nağılları isə qəhrəmanın doğuluşunun epik genişlik qazanması, adla obraz arasında bağlılığın olması, qəhrəmanın qarşıya qoyulan məqsədə fiziki gücü hesabına çatması və s. bu kimi xüsusiyyətlərə görə digər qruplardan fərqlənir.
Sehirli nağıllar
[redaktə | mənbəni redaktə et]Azərbaycan sehrli nağılları süjet tərkibinin zənginliyinə, bədii xüsusiyyətlərinə görə digər nağıllardan seçilir. Ən kamil və ən yaxşı nağıl nümunələri məhz bu qrupun payına düşür. Söyləyicilərin ustalıq və peşəkarlığı, sənətkarlığı, müxtəlif süjetləri birləşdirməklə ənənəvi variantlardan fərqli tamamilə yeni nağıl yaratmaq kimi bir çox yaradıcılıq xüsusiyyətləri, əsasən, bu nağıllarda özünü göstərir. Sehrli nağıllar digər nağıl qruplarından sabit struktura malik olmasına, özünəməxsus obrazlar sisteminə və qəhrəman tipinə görə fərqlənir. İlk növbədə, qeyd etmək lazımdır ki, sehrli nağıl qəhrəmanı passiv qəhrəmandır. Köməkçi əldə etdikdən sonra qəhrəman passivləşir, sehrli əşya və köməkçi onun əvəzindən fəaliyyət göstərir. Başqa sözlə, sehrli nağıl qəhrəmanı qarşıya qoyduğu məqsədə sehrli əşya və köməkçilər sayəsində çatır. Sehrli nağıllarda köməkçi rolunda o dünya varlıqları, əsasən, dərya atı, div, Simurq quşu, göyərçin cildinə girmiş pəri qızlar, sehrli əşya kimi isə o dünya varlıqlarına məxsus predmetlər – onların sehrli üzüyü, papağı, qılıncı, yaxud da həmin varlıqların yaşadığı məkana məxsus əşyalar – orada bitən ağacın meyvəsi, çubuğu və sair çıxış edir. Bir qayda olaraq, qəhrəman müəyyən sınaqlardan keçdikdən sonra bu köməkçi vasitələrə yiyələnir. Sehrli nağılların digər bir əlaməti onların ikiqütblü olmasıdır. Bir tərəfdə ideallaşdırılan nağıl qəhrəmanı, digər tərəfdə isə antaqonist və ya yalançı qəhrəman, bir tərəfdə idealizə edilən işıqlı dünya, digər tərəfdə qaranlıq, yeraltı dünya, bu dünyaların arasında isə marginal zonalar yerləşir ki, hər iki dünyanın sərhədində olduğu üçün mediator (vasitəçi, əlaqələndirici) funksiyasını yerinə yetirirlər. Azərbaycan sehrli nağıllarının süjet tərkibinin formalaşmasında Şərqin bir çox mədəni abidələrinin rolu danılmazdır. Bir çox sehrli nağıllar məhz ərəb mədəniyyətinin ən möhtəşəm abidəsi olan “Min bir gecə”dən alınmışdı. Təbii ki, kitabdan şifahi ənənəyə qayıdan həmin nümunələr şifahi mətnin qanunlarına uyğun inkişaf etmişdi: variantlaşmış, özünün bir çox motivlərini itirmiş, yerinə yeniləri cəlb olunmuşdu. Nə qədər variantlaşmaya məruz qalsa da, həmin nağıllar orijinala məxsus cizgilərini tam itirməmişdi. Əksər motivlər bir-biri ilə səsləşir, personajlara verilən adlar belə orijinaldan yalnız fonetik cəhətdən fərqlənir. Sehrli nağılların süjet tərkibi, əsasən, beynəlxalq süjetlərdən təşkil olunur. Digər nağıl qrupları ilə müqayisədə beynəlxalq süjetlərin ən yüksək göstəricisi – 71 faizlə məhz bu qrupun payına düşür. Bu süjetlərin başqa xalqlarda qarşılığının olması, onların eyniliyi anlamına gəlmir. Müxtəlif xalqların sehrli nağılları eyni süjetlər əsasında qurulsa da, hər bir xalqın mədəni müxtəlifliyindən, inam və etiqadından asılı olaraq dəyişilmiş, nəticədə beynəlxalq süjetlərin hər bir xalqa məxsus yerli variantları formalaşmışdı. Ona görə də, başqa xalqlarda variantlarının olmasına baxmayaraq, “Məlikməmməd” (TR 301), “Cantiq” (TR 318), “Cəlayi-vətən” (TR 590B*) kimi sehrli nağıllar məhz Azərbaycan üçün xarakterik variantlardır. Sehrli nağıllar vaxtilə insanların mənəvi həyatının bir parçasına çevrilmişdi: folklor məclislərini, qış aylarında təşkil olunan nağıl gecələrini, iməcilikləri, aşıq məclislərini və s. onlarsız təsəvvür etmək mümkün deyil. Müasir dövrdə ənənəvi folklor məclislərinin məişətdən çıxması sehrli nağılların auditoriyasının daralmasına, onların tədricən şifahi dövriyyədən çıxmasına səbəb olmuşdu. Son illər bölgələrdən toplanmış folklor materiallarının təhlili göstərir ki, sehrli nağılların auditoriyası, demək olar ki, çox daralmış, yaddaqalan nümunələr isə çox az hallarda ifa olunur.
Dini nağıllar
[redaktə | mənbəni redaktə et]Azərbaycan folklorunda qədim janr kimi çox geniş yayılmış dini nağıllar beynəlxalq aləmdə “religious tales”, Şərqi slavyan xalqlarında isə “əfsanəvi nağıllar” adı ilə tanınır. Dini nağıllar çox vaxt məxsus olduğu xalqın nağıl repertuarı ilə bağlı olur. Azərbaycanda təsbit olunmuş 115 dini nağıl süjetindən ancaq 45-nin başqa xalqlarda qarşılığı vardır. Digər nağıl qrupları ilə müqayisədə dini nağıllarda milli süjetlərin sayının çoxluğu onların məxsus olduğu xalqın əxlaqi və dini görüşlərini əks etdirmələri ilə əlaqədardır. Folklorşünaslıqda bu nağıllara münasibət müxtəlifdir. Bir qrup tədqiqatçı nağıllara məxsus xüsusiyyətlər daşıdığı üçün onları nağıllara, digərləri isə söyləyicinin mətnin gerçəkliyinə inanmasını əsas gətirərək əfsanələrə aid etmişdi. Bu mətnlərə diqqət yetirdikdə, doğrudan da, söyləyicinin onları əfsanə, rəvayət və ya hədis adı ilə təqdim etməsi və tez-tez də “rəvayətdə belə şeylər çoxdur”, “belə bir rəvayət eşitmişəm”, “bununla da rəvayət qurtardı” kimi kəlmələr işlətdiyinin şahidi oluruq. Sadalanan bu xüsusiyyətlər, həmçinin bəzi süjetlərin etioloji məzmun kəsb etməsi dini nağılları əfsanələrə yaxınlaşdırsa da, onları fərqləndirən ciddi xüsusiyyətlər də vardır. Azərbaycan dini nağılları əfsanələrdən fərqli olaraq didaktiv, ibrətamiz funksiya daşıyır və poetik cəhətdən zəngin mətnlərdir. Bu tip mətnlərin formalaşmasında nağıllara məxsus üslub elementlərindən – hadisələrin inkişafını ləngitmək məqsədilə fəaliyyət və ya gedişlərin üçlənməsindən, nağıllara məxsus epik formullardan geniş istifadə olunur. Məsələn, söyləyici yolun uzunluğunu təsvir etmək üçün “az gedib, çox gedib”, təhkiyə həddən artıq uzandığı zaman isə “nə başınızı ağrıdım” formulundan istifadə edir. Nağıllara məxsus üslub elementlərdən istifadə olunması bu mətnlərin əfsanə olması haqqında söylənən fikirlərin yanlışlığını göstərir. Azərbaycan dini nağılları İslam dini ilə bağlı olub, İslam ideologiyasının, bu dindən gələn fikir və müddəaların xalq arasında, kütlə içərisində təbliğinə xidmət edir. Bu tip nağıllarda insanlara xeyirxahlıq, dürüstlük, əliaçıqlıq, qonaqpərvərlik, böyük sözünü dinləmək, naşükür olmamaq, tamah, riya, yalan kimi nöqsanlardan uzaq olmaq və s. belə yüksək mənəvi keyfiyyətlər aşılanır. Ona görə bu nağıllar ibrətamiz, əxlaqi məzmun kəsb edir, əsasən də yaşlı auditoriyaya istiqamətlənmiş mətnlərdir. Bu mətnlərin əsas daşıyıcıları xalqın arasında yetişmiş din adamları – mollalar, mərsiyəxanlar, ağıçılardır və yas yerlərində, məhərrəmlik axşamlarında bu mətnlər bu gün də söylənməkdədir. Dini nağılların əsas iştirakçıları peyğəmbərlər və dini şəxsiyyətlərdir. Bu nağıllarda Süleyman peyğəmbər, İbrahimxəlil peyğəmbər, Musa peyğəmbər, Məhəmməd peyğəmbər, Həzrət Əli kimi dini şəxsiyyətlərin fəaliyyətindən, onların möcüzələrindən bəhs olunur. Sehrli nağıllarda köməkçi rolunda sehrli əşya və köməkçilər çıxış edirsə, dini nağıllarda həmin funksiyanı peyğəmbərlər və dini şəxsiyyətlər yerinə yetirir. Qəhrəman çətin vəziyyətə düşdükdə peyğəmbərə üz tutur, ondan aldığı məsləhətə uyğun hərəkət edir. Dini məzmun kəsb etməsi nağılların poetik strukturuna da təsir göstərmişdi. Bu nağıllarda ziddiyyətlər islam-kafir, abid-lotu, abid-pozğun qadın, abid-şeytan qarşıdurması şəklində verilir. Antoqonist personajlar isə qeyri-islam dinini təmsil edən, öz əməlləri ilə İslam dininin ehkamına, qanun-qaydalarına qarşı çıxan, onu pozan şəxslər olurlar. Əsas iştirakçılarının dini şəxsiyyətlər olması, dindən gələn fikirlərin təbliğinə yönəlmiş olması ilk baxışdan bu nağılların kitab mənşəli olması təəssüratı yaradır. Folklorşünaslıqda da bir çox tədqiqatçılar bu zahiri bənzəyişə söykənərək dini nağılların kitab mənşəli olduğu fikrini irəli sürmüşlər. Dini nağılların formalaşmasında kitabların müəyyən təsiri duyulsa da, bu süjetlərin böyük əksəriyyəti şifahi ənənədən gəlir, sadəcə xalq həmin süjetlərin əsas iştirakçılarını dini şəxsiyyətlərlə əvəzləməklə onları İslam dininə uyğunlaşdırmışdı.
Məişət nağılları
[redaktə | mənbəni redaktə et]Məişət nağılları sehrli və heyvanlar haqqında nağıllarla müqayisədə, əsasən, ictimai və məişət problemlərinə daha yaxındır. Başqa nağıl qruplarından fərqli olaraq burada uydurma təsəvvür olunan hadisələrin adi düşüncə normalarına uyğun gəlməsi əsasdır. Fantastik uydurma bu halda da bütün təhkiyənin əsasını təşkil edir. Öz məzmununa görə məişət nağılları müxtəlifdir. Bu nağıllar tapmacanın, çətin sualın müdrik cavabı, rəhmsiz və ağılsız padşahın, ağanın, mollanın, tənbəlin ələ salınması və sair barədə süjetləri birləşdirir. Məişət nağıllarının mövzusu kimi mənşəyi də müxtəlifdir. Müdrik cavab, məsləhət haqqında süjetlər qədim mərasim, toy qaydalarından doğur, yelbeyin, fərsiz barədə, quldur və oğrulardan bəhs edən süjetlərin mənbəyi məişətlə bağlıdır. Bir sıra nağıllar isə təbəqələr arasındakı ictimai ziddiyyətlərdən törəyir. Məişət nağıllarının öz süjet dövrəsi, obrazları, spesifik bədii təsvir vasitələri var. Sehrli nağıllardan fərqli olaraq, onlar tamamilə başqa ideya və zəmin əsasında qurulur. Xalqın əxlaqi görüşləri, ədalətli hökmdar haqqında təsəvvürləri bu nağılların məzmununu müəyyənləşdirir. Məişət nağıllarının qəhrəmanı həqiqi dünyada yaşayır, öz zirəkliyi, ağlı ilə istəyinə çatır. Sehrli nağıllarda qəhrəman qarşıya qoyduğu məqsədə sehrli əşya və köməkçilərin köməyi ilə çatırsa, məişət nağıllarında ağlın, zəkanın, hazırcavablığın köməyi ilə nail olur. Ona görə də Azərbaycan məişət nağıllarında baş rolun iştirakçıları hazırcavab çobanlar, ağıllı qardaşlar, zirək və hazırcavab qızlar, müdrik və ədalətli şahlar, qazılardır. Padşahın verdiyi çətin suala naxırçının ağıllı qızı və ya adi çoban cavab tapır, qardaşlar yerdəki izə görə itmiş dəvənin əlamətlərini müəyyənləşdirirlər, düşmən ölkəni müharibə ilə hədələdikdə padşah ağıllı, hazırcavab insanların sayəsində ölkəni xilas etməyə nail olur. Bir sözlə, bu nağıllar insan ağlının, zəkasının bir təntənəsinə çevrilir. Məişət nağıllarında da köməkçi iştirak edir, amma sehrli nağıllardan fərqli olaraq bu funksiyanı fantastik predmetlər və ya varlıqlar deyil, mürdik qocalar, ağıllı insanlar yerinə yetirir. Qəhrəman məhz onlardan aldığı məsləhət sayəsində məqsədinə çatır. Ona görə də məişət nağılları digər nağıl qrupları ilə müqayisədə reallığa, həyat həqiqətlərinə daha yaxındır. Məişət nağıllarının bədii məkanını səciyyələndirsək, fantastiklikdən deyil, şərtilikdən danışmalıyıq. Bu şərtilik nağılçının təqdim etdiyi tipikləşdirmə vasitəsidir. Eyni cəhəti məişət nağıllarının zamanı haqqında da demək olar. Təsadüfi deyil ki, nağılçı nağıldakı hadisələrin məkan və zamanını xəbər verərkən bəzən bir kəndin, şəhərin adını çəkir. Dinləyiciləri yaxın bir kəndə, şəhərə aparır, özünü hadisələrin iştirakçısı kimi təqdim edir. Burada bir cəhəti də yada salmalıyıq. Bütün bunlar o demək deyil ki, məişət nağılları sehrli nağıllarla müqayisədə son dövrlərin məhsuludur. Belə bir fikir yanlış olardı. Çünki bu tip nağıllarda da arxaik elementlər, zəif hiss olunsa da, vardır. Məişət nağıllarında konflikt məişət çərçivəsində inkişaf edir. Bu tip nağıllarda məişət motivləri nağılların əsasını təşkil edir. Məişət nağıllarının qəhrəmanı fəal olur, o, əsasən, möcüzəli köməkçilərsiz hərəkət edir. Sehrli nağıllarla müqayisədə məişət nağılları üçün ənənəvi formullar, epitetlər, çoxsaylı təkrarlar səciyyəvi deyil. Məişət nağıllarında həyatın təsviri, hadisə iştirakçıları (kəndli, tacir, muzdur, molla, qazı və b.) sehrli nağılların təmtəraqlı üslubunu qəbul etmir. Məişət nağıllarında daha çox ümumdəyər səciyyəli epitetlərdən istifadə olunur. Məişət nağılları özünəməxsus sonluqla bitir. Sonluqda nağıl boyu təsvir olunan hadisələrin nəticəsi ifadə edilir. Bəzən isə nağılın nəticəsi aforizm şəklində atalar sözü və məsəllə ifadə olunur, həm də bu, mücərrəd formada deyil, məzmunla sıx bağlı olur. Məsələn, “Yaxşı deyiblər, su axar, çuxurunu tapar”, “Əsl qazanc zəhmət, bacarıq, ağıl nəticəsində əldə edilir” və s.
Bahadırlıq nağıllları
[redaktə | mənbəni redaktə et]Azərbaycan folklorunda geniş yayılmış bahadırlıq nağılları, məşhur rus araşdırıcısı V.M.Jirmunskinin də ifadə etdiyi kimi, “türk xalqları və onunla bağlı olan Cənubi Sibirin, eləcə də Mərkəzi Asiyanın monqol xalqlarının ən qədim epik janrlarından biridir. Bir çox xalqlarda qarşılığı olmayan bu nağıllar özünəməxsus kompozisiya xüsusiyyətlərinə, qəhrəman tipinə görə digər qruplardan fərqlənir. Sehrli nağıllarda qəhrəmanın uşaqlıq dövrü elə bir əhəmiyyət kəsb etmədiyi üçün onun ayla, günlə böyüdüyü qeyd olunaraq bu mərhələnin üstündən keçilir. Bahadırlıq nağıllarında isə qəhrəmanın uşaqlıq dövrü epik vüsət qazanır, onu təşkil edən mövzu və motivlərin rəngarəngliyinə görə digər qruplardan seçilir. Bu mərhələ qeyri-adi mayalanma, qeyri-adi doğuluş, erkən yaşlarından dil açıb yerimə, ad qoyma və erkən qəhrəmanlıq motivlərini ehtiva edir. Azərbaycan bahadırlıq nağılları mövzusuna görə üç qrupa ayrılır: 1. Bahadırcasına evlənmə; 2. Bahadırlıq sərgüzəştləri; 3. Qan qisası. “Bahadırcasına evlənmə” mövzulu nağıllarda qəhrəmanın nişanlısının arxasınca getməsi, nikah tapşırıqlarını yerinə yetirməsindən bəhs olunur. Nikah tapşırıqları digər nağıl qruplarında da iştirak edir, amma buradakı nikah tapşırıqları xarakterinə görə onlardan seçilir. Bahadırlıq nağıllarında qəhrəmana verilən tapşırıqlar – ox atmaq, at çapmaq, güləşmək onun fiziki gücünü yoxlamağa xidmət edir. “Bahadırlıq sərgüzəştləri” qrupuna məxsus nağıllarda isə qəhrəmanın demonik varlıqlarla, yadelli düşmənlə mübarizəsindən bəhs olunur. Bu qrupa “Siman”, “Qaraqaş” və digər nağıllar aiddir. Qan qisası mövzusu bahadırlıq nağıllarında o qədər də geniş yayılmamış, cəmi iki nağılda – “Şirzad” və “Qara vəzir” nağıllarında rast gəlinir. Bahadırlıq nağıllarında qəhrəman demonik varlıqlarla birbaşa təmasdan və ya onlara məxsus müəyyən əşyaların qəbulundan doğulur. Məsələn, Tapdıq Gün xanımla Tufan divin izdivacından, Ceyran o dünyaya məxsus ceyranın ətindən, Qaraqaş dərvişin tüpürcəyindən, Kəl Həsən quş yumurtasından dünyaya gəlir. O dünya varlıqlarından törədiyi üçün qəhrəman həm də onlara məxsus xüsusiyyətlərlə – assimmetrik əlamətlərlə doğulur. Məsələn, Qaraqaş bir cüt qara qaş şəklində, Ceyran yarı insan, yarı ceyran şəklində dünyaya gəlir. Belə əlamətlərlə doğulan uşaqlar qüsurlu hesab olunduğuna görə onlar çox vaxt valideynləri tərəfindən qəbul olunmurlar. Yalnız hadisələrin sonrakı inkişafı zamanı həmin əlamətlər aradan qaldırılır, bundan sonra onlar epik sosium daxilində yaşamaq hüququ əldə etmiş olurlar. Azərbaycan bahadırlıq nağıllarında fiziki güc qəhrəmana, adətən, onun demonik mənşəyindən keçir. Belə bir mənşədən məhrum bahadırlar isə sonradan həmin varlıqların himayəsi altında böyüməklə qeyri-adi gücə yiyələnirlər. Məsələn, Siman Simurq quşunun, “Ağ quş” nağılında isə qəhrəman şirin himayəsində böyüməklə qeyri-adi gücə yiyələnir. Azərbaycan bahadırlıq nağıllarında baş rolun ifaçısı, hətta antoqonist personajlar belə xüsusi inisiala sahib fərdi obrazlardır. Söyləyici sehrli nağıllarda istənilən qəhrəmanı Məlikməmməd adı ilə təqdim edə bilirsə, bahadırlıq nağıllarında bu, mümkün deyil. Bunun səbəbi bahadırın daşıdığı adla onun xarakteri, nağılın məzmunu və poetik strukturu arasında bağlılığın olmasıdır. Daha dəqiq desək, ad hansısa bir əlamətinə görə – ya doğulma vəziyyətinə, ya şəxsi keyfiyyətinə, ya da sosial vəziyyətinə görə obraza verilir. Məsələn, Tapdıq yoldan tapıldığına görə, Qaraqaş bir cüt qara qaş şəklində doğulduğuna görə, "Ağ quş" nağılında isə qəhrəmana şirin himayəsində böyüdüyünə görə ad verilir. Adla obraz arasındakı bu bağlılıq obrazı fərdiləşdirir, onu fərdi bir personaja çevirir.[1]== İstinadlar ==
- ↑ İlkin Rüstəmzadə. Azərbaycan nağıllarının süjet göstəricisi. Bakı: Elm və təhsil. 2013. səh. 368.
Qaravəllilər
[redaktə | mənbəni redaktə et]Qaravəllilər auditoriyanı güldürməyə xidmət edən, yumoristik məzmunlu nağıllardır. Bu nağıllar, əsasən, bir epizoddan və ya epizodlar silsiləsindən təşkil olunur. Bu qrupa məxsus müəyyən süjetlərdə fantastik varlıqlar iştirak edir, amma sehrli nağıllardan fərqli olaraq, qəhrəman fantastik varlıqlar üzərində sehrli əşya və köməkçilərin köməyi ilə deyil, bicliklə qələbə çalır. Məsələn, “Qorxaq Əhməd” nağılında qəhrəman daş əvəzinə yumurtanı sıxıb suyunu çıxarır, qoltuğunda gizlətdiyi yumurtanı vəz kimi qələmə verir, nəticədə div qəhrəmanı özündən güclü hesab edib ondan qorxur. Belə nağıllarda baş rolun iştirakçısı şahzadə, əsilzadə ailədən çıxmış adamlar deyil, aşağı sosial zümrəyə məxsus, yoxsul ailədən çıxmış şəxslərdir. Bu nağıllarda təkcə qəhrəmanların deyil, demonik varlıqların da səciyyəsi dəyişir, onlar axmaq, sadəlövh varlıqlar kimi təsvir olunur. Fantastik varlıqların özündən qat-qat zəif qəhrəman tərəfindən aldadılması onları axmaq, gülünc vəziyyətə salır ki, bu da nağıla yumoristik çalar verir.[1] Əsas personajların real insanlar olması onları məişət nağıllarına yaxınlaşdırır, amma hadisələrin yumoristik şəkildə təqdimi, bir epizod və ya eyni epizodun təkrarından ibarət sadə struktura malik olması onları qeyd olunan qrupdan fərqləndirir. Qaravəllilərdən fərqli olaraq, məişət nağılları daha mürəkkəb struktura malikdir, hadisələr ciddi tonda təqdim olunur. Qaravəllilərin yumoristik mahiyyəti onların söylənildiyi kontekstdən də bəlli olur. Ədəbiyyatşünas Ə.Mirəhmədov “Ədəbiyyatşünaslıq terminləri lüğəti”ndə qaravəllidən bəhs edərkən yazır: “Adətən nağıl, dastan söyləyən aşıqlar və nağılçılar həcmi böyük hadisələri, mürəkkəb əsərləri (nağıl, dastan) ifaya başlayanda əvvəlcə bir qaravəlli deyir, yaxud dinləyiciləri yormamaq üçün, onların diqqətini özünə cəlb etmək məqsədilə söhbətin ortasında qaravəlli danışır, sonra yenə əsas mətləbə keçirlər. Odur ki, qismən intermediya səciyyəsi daşıyan belə əsərlər məzmunca şən, ürəkaçan, əyləndirici olur.[2]== İstinadlar ==
Kumulyativ nağıllar
[redaktə | mənbəni redaktə et]Azərbaycan şifahi ənənəsində bu gün də yaşadılan zəncirvari nağıllar beynəlxalq aləmdə kumulyativ nağıllar, ingilislərdə “formula tales”, almanlarda “kettenmarchen”, fransızlarda "randounes" kimi müxtəlif terminlərlə ifadə olunmasına baxmayaraq bir-birinə yaxın mənanı ifadə edir. Tədqiqatçılar bu qrupu adlandırarkən çox vaxt onun struktur xüsusiyyətlərindən çıxış edirlər. Zəncirvari nağılların strukturu müəyyən fəaliyyətin təkrarı üzərində qurulur. Bu nağıllar olduqca sadə bir kompozisiyaya malikdir. Nağılların ekspozisiya hissəsi əhəmiyyətsiz və yaxud adi həyat hadisəsi üzərində qurulur. Birə damdan yıxılıb ölür, sərçə koldan kola atlanan zaman ayağına tikan batır, milçəyin qarnı kola ilişib cırılır və s. Daha sonra zəncirləmələr hissəsi gəlir. Zəncirləmələri yaradan səbəblər müxtəlifdir. Bunlardan biri əşyaların dəyişdirilməsidir. Dəyişmə ya azalan, ya da artan istiqamətdə aparılır. Artan istiqamətdə aparılan dəyişmə zamanı hər dəfə əldə edilən əşyanın dəyəri bir qədər artır. Məsələn, “Cik-cik xanım” (TR 2021*) nağılında sərçənin ayağına tikan batır. Sərçə tikanı qarıya verib çörək alır, çörəyi çobana verib qoyun alır, qoyunu toy yiyəsinə verib gəlin alır, gəlini aşığa verib saz alır. “Dəyişmə” (TR 2008*) nağılında isə zəncirləmə azalan istiqamətdə gedir və hər yeni həlqə qoşulduqda əldə edilən əşyanın dəyəri bir qədər azalır. Kəndli bazara satmağa inək aparır. İnəyi keçiyə, keçini qaza, qazı arpaya dəyişir və axırda evə bir torba turşu ilə qayıdır. Bəzi nağıllarda isə zəncirləmə şikayət üzərində qurulur. “Milçək” (TR 2021C*) nağılında milçəyin qarnı qaratikan koluna ilişib cırılır. O, koldan inəyə, inəkdən qurda, qurddan ovçuya, ovçudan qarıya şikayət edir. Qarının onun xahişini yerinə yetirməsi ilə zəncirləmə bu dəfə əks istiqamətdə inkişaf edir və nağıl zəncirləməni yaradan səbəbin aradan qaldırılması ilə, yəni kolun milçəyin qarnını tikməsi ilə tamamlanır. Zəncirvari nağıllarda süjet, bir qayda olaraq, şən qəza ilə bitir. Məsələn, “Cik-cik xanım” nağılı sərçənin qoz ağacının altında oturub saz çalarkən başına qoz düşməsi ilə, “Küpənin nağılı” küpənin daşa çırpılıb parçalanması və oğurladığı qozların dördbir tərəfə dağılması ilə tamamlanır. Zəncirvari nağıllar formasına, ifa tərzinə görə iki qrupa ayrılır: 1. Formulvari zəncirləmələr. 2. Epik zəncirləmələr. Formulavari nağıllarda zəncirləməni təşkil edən həlqələr eyni sintaktik qəliblər üzərində qurulur. Sadəcə, hər yeni həlqə qoşulduqda sintaktik qəliblər bir qədər genişləndirilməklə yenidən təkrarlanır. Bura “Bit və birə”, “Doğulmamış uşağın taleyi üçün ağlama” kimi nağıllar daxildir. Epik zəncirləmələrdə isə zəncirləmə eyni epik həlqələr əsasında qurulur, amma bu həlqələrin sintaktik ifadəsi bir-birindən fərqlənir. Bu nağıllar, digər nağıl qrupunda olduğu kimi, sakit təhkiyə ilə söylənir. Bura “Dəyişmə”, “Tıq-tıq xanım” və digər nağıllar daxildir. Zəncirvari nağıllar ilk dəfə V.Y.Proppun “Kumulyativ nağıllar” adlı məqaləsində müstəqil qrup kimi araşdırmaya cəlb olunmuş, daha sonra E.A.Kostyuxin heyvanlar haqqında nağılların tip və formalarından bəhs edərkən zəncirvari nağıllara toxunmuş, onların kompozisiya xüsusiyyətlərindən bəhs etmişdi. Hər iki araşdırıcı məhz struktur xüsusiyyətlərindən çıxış edərək bu qrupu digər nağıllardan fərqləndirməyə çalışmışdı. E.A.Kostyuxinə görə, zəncirvari nağıllar heyvanlar haqqında nağılların sadələşdirilməsi və uşaq auditoriyasına uyğunlaşdırılması nəticəsində yaranmışdı. Süjetlərin təfsilatdan uzaqlaşması, təhkiyə hissəsinin mümkün qədər qısaldılması, statik elementlərin kənarlaşdırılması nağıla dinamiklik gətirmiş və onu dialoqlara çevirmişdi.[1]== İstinadlar ==
- ↑ İlkin Rüstəmzadə. Azərbaycan nağıllarının süjet göstəricisi. Bakı: Elm və təhsil. 2013. səh. 368.
5. Ədəbiyyatşünaslıq terminləri lüğəti * Heyvanlar haqqında olan nağıllar: M.Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda ("Göyçək Fatma", "Fatmanın inəyi", "Ovçu Pirim") totem heyvanlara rast gəlmək olar.[1] Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir ("Şəngilim, Şüngülüm, Məngülüm" və s.).
- Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır ("Sehirli üzük", "Şəms və Qəmər", "Məlikməmməd" və s.).
- Tarixi nağıllar – Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır ("İsgəndər və fağır", "Saleh və Valeh", "Üç bacı" və s.).
- Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar ("Hacının köpəyi", "Yeddi qardaş bir bacı", "Dərzi şagirdi Əhməd" və s.).
- Novellistik nağıllar — sehrli və heyvanlar haqqında nağıllarla müqayisədə, əsasən, icitmai və məişət problemlərinə daha yaxındır. Bu nağıllar tapmacanın, çətin sualın müdrik cavabı, rəhmsiz və ağılsız padşahın, ağanın, mollanın, tənbəlin ələ salınması və sair barədə süjetləri birləşdirir. Azərbaycan novellistik nağıllarında baş rolun iştirakçıları hazırcavab çobanlar, ağıllı qardaşlar, zirək və hazırcavab qızlar, müdrik və ədalətli şahlar, qazılardır. Padşahın verdiyi çətin suala naxırçının ağıllı qızı və ya adi çoban cavab tapır, qardaşlar yerə düşən izə görə itmiş dəvənin əlamətlərini müəyyənləşdirirlər, düşmən ölkəni müharibə ilə hədəlikdə padşah ağıllı, hazırcavab insanların sayəsində ölkəni xilas etməyə nail olur. Bir sözlə, bu nağıllar insan ağlının, zəkasının bir təntənəsinə çevrilir.
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk xalq nağılları e.ə. 6-7-ci əsrlərdə yaranmışdır. Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir coğrafi məkanda yerləşməsi nəticəsində yaranan özünəməxsus xüsusiyyət özünü xalq nağıllarında daha aydın surətdə əks etdirir. Azərbaycan nağıllarında həm şərq, həm də yunan-ellin və ərəb mədəniyyətlərinin izlərinə rast gəlmək mümkündür.
Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülmüş və yalnız 20-ci əsrin əvvəlllərində yazılı şəkildə qeydə alınmışdır. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin nağıllara da rast gəlmək mümkündür.
Nağıllarda hər zaman Azərbaycan xalqının gündəlik məişət həyatı əks olunur.[2]
Şəkillər
[redaktə | mənbəni redaktə et]- Cırtdanın nağılı (2010-cu ilin poçt markası)
- (2010-cu ilin poçt markası)
- Yalançı çobanın nağılı (2010-cu ilin poçt markası)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010, səh. 474.
- ↑ Azərbaycanın ədəbi ənənəsi, Azərbaycan xalq nağılları[ölü keçid]