Con Stüart Mill — Vikipediya
Con Stüart Mill | |
---|---|
ing. John Stuart Mill | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 may 1806[1][2][…] |
Vəfat tarixi | 8 may 1873[1][2][…] (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Qızıl yel xəstəliyi |
Təhsili | |
Fəaliyyəti | filosof, iqtisadçı, siyasətçi, avtobioqraf[d], yazıçı, Eqalitarizm, kargüzar[d], sufrajist |
Atası | Ceyms Mill[4] |
Dini | ateizm |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Mill Con Stüart (ing. John Stuart Mill; 20 may 1806[1][2][…] – 8 may 1873[1][2][…], Avinyon[3]) — ingilis mütəfəkkiri və iqtisadçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ceyms Millin oğlu. O, atasının rəhbərliyi ilə əla təhsil almışdır. Üç yaşında ikən qədim yunan dilini öyrənməyə başlamış Mill altı yaşında ikən tarixə aid müstəqil işlər yazır, on iki yaşı tamam olanda ali riyaziyyatı, məntiqi və siyasi iqtisadı öyrənməyə başlayır. On dörd yaşında təhsilini başa vurmuş Mill 1838–1858-ci illərdə Ost-Hind şirkətində xidmət etmiş, Hindistanın ingilislər tərəfindən idarə edilməsi ilə əlaqədar məsələlərin həllində iştirak etmişdir. 1865–1868-ci illərdə İngiltərə parlamentinin icmalar palatasının üzvü olmuş, burada mülkədar torpaqlarının kəndlilərə verilməsi və ya uzunmüddətli icarə şərtləri daxilində həmin torpaqların kəndlilərə təhkim edilməsinin tərəfdarı kimi çıxış etmişdir. 1843-cü ildə "Məntiqin sistemi" adlı əsərini çap etdirmişdir. Özünün ən məşhur iqtisadi əsəri olan "Siyasi iqtisadın əsasları" kitabını il yarım ərzində yazaraq 1848-ci ildə nəşr etdirmişdir (ruscaya tərcümə, C.1–2, 1865). Bu işdə müəllif Rikardonun ideyalarını son dərəcə inandırıcı və aydın şəkildə təbliğ etmiş, onun təlimini geniş oxucu kütləsi üçün daha anlaşıqlı və sadə dildə şərh etmişdir. Millin 1859-cu ildə çapdan çıxmış "Azadlıq haqqında" kitabının məzmunu dövlət və şəxsiyyətin qarşılıqlı münasibətlərinin hüdudları məsələsinin hərtərəfli müzakirəsinə həsr olunmuşdur. "Nümayəndəli" burjua demokratiyası şəraitində şəxsiyyətin hüquqlarının və ən müxtəlif azlıqların hüquqlarının müdafiəsinin bütün aspektlərinin hərtərəfli nəzərdən keçirilməsi bu kitabın onilliklər boyu təsirli olmasını təmin etmişdir. 1861-ci ildə Mill "Utilitarizm" kitabı üzərində işi başa çatdırmışdır. Mill fəlsəfənin, siyasətin, iqtisadiyyatın və ədəbiyyatın ən müxtəlif məsələlərinə həsr edilmiş çoxsaylı jurnal məqalələrinin müəllifidir. Mill bir iqtisadçı olmaqla D. Rikardonun şagirdi və davamçısıdır. O, Rikardonun ən mühüm nəzəriyyələrinin hamısını — onun dəyər və əmək haqqı barədə təlimini qəbul edir və bunula yanaşı, T. Maltusa görə əhalinin sayının qeyri-məhdud artmasının təhlükəli olmasını qəbul edir. Mill siyasi iqtisad qanunlarını iki növə bölür: insanların iradəsindən asılı olmayıb fiziki səbəblərin təsirindən (məsələn, torpağın məhsuldarlığını müəyyən edən bioloji xassələrdən) asılı olan istehsal qanunları; psixoloji səbəblərin təsiri — insanların fikir və arzuları ilə müəyyən edilən və sosial mühitin xüsusiyyətlərindən asılı olaraq dəyişən bölgü qanunları. Bunun nəticəsində bölgü qanunları birinci kateqoriyaya aid qanunlar üçün səciyyəvi olan zərurilik xarakterinə malik deyildir. İqtisadi qanunların obyektiv, "təbii" xarakterini qəbul edən Mill bildirirdi ki, bölgü qanunları əsasən insanın özü tərəfidən formalaşır və buna görə də həmin qanunlar subyektivdir. Bununla əlaqədar o, sosial dəyişiklikləri əsasən gəlirlərin təkrar bölgüsü sahəsində həyata keçirilən tədbirlərdən ibarət hesab edirdi. Sosializmə gəldikdə, Mill onun uzaq gələcəkdə, insanın mənəvi təbiəti daha kamil olacağı dövrdə həyata keçirilə biləcəyini qəbul edir, lakin yaxın gələcəkdə ayrı-ayrı şəxslərin fəaliyyət sərbəstliyinin məhdudlaşdırılmasını və şəxsi təşəbbüsün aradan qaldırılmasını mümkün və arzu edilən hal saymırdı. Millin əsərləri rus iqtisadi təfəkkürünə çox güclü təsir göstərmişdir. İnqilabdan əvvəlki dövrdə ümumi siyasi iqtisad kurslarının əksəriyyəti şərhin ümumi planını, eləcə də bir sıra xüsusi məqamları ondan əxz etmişdir. Millin metodoloji baxışları da rus iqtisadçılarının əksəriyyəti tərəfindən qəbul edilmişdir. N. Q. Çernışevski 1850-ci illərdə Millin əsərlərini tərcümə etməyə başlamış, onun "Siyasi iqtisadın əsasları" kitabını tərcümə etmişdir. Mill haqqında ilk məqalə 1867-ci ildə çap edilmişdir. Bu, N. Bunqenin "St. Mill iqtisadçı kimi" məqaləsi idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 John Stuart Mill // Babelio (fr.). 2007.
- ↑ 1 2 Милль Джон Стюарт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.