Yeddi gözəl (balet) — Vikipediya
Yeddi Gözəl | |
---|---|
| |
Tipi | klassik balet |
Bəstəkar | Qara Qarayev |
Librettist | İsmayıl Hidayətzadə Yuri Slonimski Sabit Rəhman |
Xoreoqraf | P. A. Qusev |
Yaradılıb | Nizami Gəncəvi – Yeddi Gözəl məsnəvisi |
Premyera |
|
Balet şirkəti | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı |
Vikianbarda əlaqəli mediafayllar |
"Yeddi gözəl" — Qara Qarayev tərəfindən 1949–1952-ci illərdə bəstələnmiş balet. Dörd pərdəli baletin librettosu XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında İsmayıl Hidayətzadə, Yuri Slonimski və Sabit Rəhman tərəfindən yazılmışdı. İlk səhnələşdirmənin xoreoqrafı Pyotr Qusevdir. Baletin premyerası 6 noyabr 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir.
1959-cu ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü ərəfəsində baletin yeni musiqi-səhnə redaksiyası işlənmişdir. Əvvəlki dörd pərdəlik kompozisiya, librettoda bəzi süjet dəyişikləri, musiqinin ixtisarı hesabına üç pərdəyə endirilmişdi. Lakin əsərin mərkəzində qoyulan ideya, əsas dramatik xəttlər qorunub saxlanmışdı. 1964-cü ildə balet yenidən redaksiya edilmişdi. Əsərin fabulasında və musiqi dramaturgiyasında əhəmiyyətli bir dəyişikliyə yol verilməsə də, bu redaksiya xarakterlərin daha aydın və qabarıq verilməsinə imkan vermişdi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yeddi gözəl poeması
[redaktə | mənbəni redaktə et]"Yeddi gözəl" poeması, öz yaradıcılığı ilə şeirə yeni ruh verib, onu sarayların məngənəsindən qurtararaq, ümumxalq sərvətinə çevirmiş dahi şair Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan beş poemadan (məsnəvidən) dördüncüsüdür. Şair poemanı 31 iyul 1197-ci il də tamamlamış və Marağa hakimi Əlaəddin Körpə Aslana (1174–1208) ithaf etmişdi.[1] Poemanın mövzusu Sasani hökmdarı V Bəhramın həyatı ilə bağılıdır. Ancaq şair onun həyatını əks etdirmək adı altında, öz dövrü haqqında kəskin tənqidi fikirlər, romantik düşüncələrlə dolu bir əsər yaratmışdır. "Yeddi gözəl" həyat və insan, tarix və müasir dövr, hökmdar və cəmiyyət və sair mövzular ətrafında şairin zəngin, rəngarəng düşüncə, baxış və qənaətləri xəzinəsidir.
Nizaminin məqsədi Bəhram haqqındakı əfsanə və rəvayətləri, tarixi mənbələrdə onun haqqında verilən məlumatları toplayıb nəzmə çəkmək olmamışdır. Şair, Sasani hökmdarının simasında yeni insan idealını əks etdirmək, zaman və insan anlayışı ətrafındakı dərin düşüncələrini ifadə etmək istəmişdi. Lakin "Yeddi gözəl" poeması yalnız ədalətli hökmdar surəti yaratmaq, ideal şah arzularını əks etdirmək üçün yaradılmış bir əsər də deyil. Bu poema insana yeni – İntibah dövrünün münasibətlərini əks etdirən bir əsərdir. Şairin əsas poetik qayəsi insan necədir və necə olmalıdır fikrini geniş planda əks etdirmək olmuşdur.[1]
"Yeddi gözəl" poeması obrazların təqdimi baxımından Nizami yaradıcılığında fərqli mövqeyə malikdir.[2] Bu əsərində şair, surətlərə ancaq müəyyən ideyanı, fikri təcəssüm etdirən, hadisələri bir-birinə bağlayan müxaniki, zahiri vasitə kimi baxmır, onlar hər şeydən əvvəl hər hansı cəhətdən bir-birinə bənzəməyən, müəyyən vərdişləri, qayğıları, keyfiyyətləri olan canlı, səciyyəvi adamlar kimi təqdim olunurlar. "Yeddi gözəl"də bütün surətlər eyni dərəcədə geniş və çoxplanlı şəkildə təsvir edilməmiş, əsas diqqət isə Bəhram Gur surəti üzərində cəmlənmişdir.[2]
Düzənlənmə tarixi
[redaktə | mənbəni redaktə et]Q. Qarayevin ən vacib mövzulara, kəskin həyati konfliktlərə həsr olunmuş, yüksək idealları, insan mənəviyyatının zənginliyini və gözəlliyini, hisslərin poeziyasını tərənnüm edən baletləri insanpərvərlik ruhu ilə doludur.[3] İncə, lirik hisslərlə yazıb-yaradan sənətkar heyranedici ustalıqla öz qəhrəmanlarının daxili aləminə nüfuz edir. Onun ilhamla dolu, fövqəladə dərəcədə təsirli musiqi əsərlərində lirik-psixoloji konfliktlər, ifadə tərzi ictimai, tarixi hadisələrlə, konfliktlərlə dərindən bağlanmışdır. Libretto müəllifləri İsmayıl Hidayətzadə, Yuri Slonimski və Sabit Rəhmanla yaradıcılıq əməkdaşlığı şəraitində meydana çıxmış "Yeddi gözəl" baleti uzun müddət davam edən yaradıcılıq axtarışlarının məhsuludur.[3]
Bu baleti yaratmaq fikrini Q. Qarayevə Azərbaycanın görkəmli teatr xadimi, istedadlı rejissor İsmayıl Hidayətzadə məsləhət görmüşdü.[4] İ. Hidayətzadə dramaturq S. Rəhmanla birgə baletin librettosunun ilk variantını yazıb hazırlamışlar. 1951-ci ildə isə libretto yazan və balet sənəti nəzəriyyəçisi Y. Slonimski librettonu yaratmaq işinə cəlb olunmuşdu.[3]
Libretto müəllifləri də, bəstəkar da, baletin xareoqrafiya kompozisiyasının müəllifi, baletmeyster P. Qusev də təkcə "Yeddi gözəl" poemasının süjet xəttini qısaca izah etməklə kifayətlənməmişlər. Onlar eyni zamanda Nizami Gəncəvinin yaradıcılığında ümumi ideya istiqamətini qoruyub saxlamağa və "Yeddi gözəl"in məzmununu onunla bağlamağa çalışmışlar.[5]
Yuri Slonimski "Yeddi gözəl" haqqında qeydlərində yazmışdı: "Nizami yaradıcılığının əsas mövzusu yaşadığı dövrdə Azərbaycan xalqının taleyi haqqında, orta əsrlərdəki zülm və əsarətə qarşı, xalqın kölə halına salınmasına qarşı həqiqi mənada mübarizə edən insan haqqında şairin düşüncələri əsas götürülmüşdür. İnsan taleyi – xalqın taleyi – bu düstur əsərdə cərəyan edən səhnə hadisələrində əsas götürülmüşdür. Bu fikirlər təkcə ssenaridə deyildir. Bu fikirlər baletin musiqisində də, tamaşada da ifadə edilmişdir."[4]
Baletdə Nizaminin "Yeddi gözəl" poemasının süjeti nağıl və əfsanə kimi deyil, ictimai dram kimi izah olunur.[6] Librettonun müəllifləri bir tərəfdən poemanın süjet xəttini yığcamlaşdırmış, ondan bir qədər kənara çıxmağa meyil etmiş, digər tərəfdən isə "Xəmsə"dəki başqa poemaların hesabına baletin süjetini genişləndirmiş, şairin başqa əsərlərindəki süjet motivlərinin xarakter xüsusiyyətlərindən istifadə etmişlər.[3]
Səhnələşdirilmə tarixi
[redaktə | mənbəni redaktə et]Premyera
[redaktə | mənbəni redaktə et]Baletin ilk tamaşası 6 noyabr 1952-ci ildə M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında keçirilmişdir. Bu tamaşada baletin xareoqrafı RSFSR-in əməkdar artisti, tanınmış xoreoqraf, baltemeyster və pedaqoq Pyotr Qusev olmuşdur. Azərbaycanın Xalq Artisti, prima-balerina Qəmər Almaszadə baletin səhnələşdirilməsində ümumi məsləhətçi kimi çalışmış və bir sıra rəqslərə səhnə quruluşu vermişdir.[5]
Tamaşa zamanı orkestra rəhbərliyi K. Abdullayev etmişdi. Tamaşa ölkənin musiqi həyatında böyük hadisə kimi dəyərləndirilmiş və ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Baletin premyerası eyni zamanda böyük beynəlxalq maraq doğurmuşdu. Premyera münasibətilə SSRİ-nin Xalq Artisti, məşhur bəstəkar Dmitri Şostakoviç yazdığı məqalədə qeyd edir ki, "…Yeni baletin ən güclü tərəfi onun musiqisidir. Q. Qarayev bu əsərində musiqi vergisini əvvəlki əsərlərindən daha qabarıq şəkildə büruzə vermişdir."[7] "Sovetskaya muzıka" qeyd edir: "Yeddi gözəl"in partiturası monumental simfonik təsvirdir. Xalq musiqi-rəqs ənənələrinə əsaslanan balet böyük tamaşa kimi təşəkkül tapmışdır. Xalqın, Aişənin, Bəhramın, Mənzərin və Vəzirin xarakteristikaları ümumi hadisələr fonunda təqdim edilərək, hadisələrin inkişafına təkan verir."[8]
Premyerada aktyorların ifası da xüsusi diqqət çəkmişdir. Aişə rolunu Azərbaycanın Xalq Artisti, prima-balerina Leyla Vəkilova oynamışdı. Onun ifasında Aişə obrazı təkcə qəhrəmanlıq, dramatizm və sosial məsuliyyət hissi ilə deyil, eyni zamanda daxili gözəlliklərin büruzə verilməsi ilə də diqqəti cəlb eliyir. L. Vəkilovadan sonra Aişə rolunu Azərbaycanın Xalq Artisti, prima-balerina Qəmər Almaszadə canlandırmışdır. Q. Almaszadənin ifasında Aişə obrazının daha çox lirik xüsusiyyətləri nəzərə çarpdırılmışdır. Mürəkkəb psixoloji xüsusiyyətlərə malik Bəhram obrazını Y. Kuznetsov canlandırmışdır. Qəhrəman Mənzər obrazını Azərbaycanın əməkdar artisti Konstantin Bataşov, Vəzir rolunu isə A. Urantsev canlandırmışdır.[4]
Digər səhnələşdirmələr
[redaktə | mənbəni redaktə et]- 1953-cü ildə Bakıdakı uğurdan sonra balet Leninqrad Dövlət Kiçik Opera və Balet Teatrında səhnələşdirilmişdi. Mükəmməl balet musiqisi, və P. Qusevin peşəkar səhnə düzənləməsi balet tamaşasının uğurlu alınmasını şərtləndirmişdi.[9] "Zvezda" jurnalı isə baletin S. Prokofiyevin baletləri ilə bir pillədə durduğunu bildirmişdi.[10]
- 1954-cü ildə balet Saratov Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdi.
- 1955-ci ildə balet Lvov Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdi.
- 1955-ci ildə balet Daşkənd Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdi.
- 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü çərçivəsində balet Dövlət Akademik Böyük Teatrında səhnələşdirilmişdi. Bu tamaşa üçün Q. Qarayev baletin yeni redaksiyasını işləyib hazırlayır. Əvvəlki dörd pərdəlik kompozisiya, librettoda bəzi süjet dəyişikləri, musiqinin ixtisarı hesabına üç pərdəyə endirilmişdi. Yeni səhnələşdirmə zamanı orkestrə drijorluğu Niyazi etmişdir.
- 1970-ci ildə balet VII Beynəlxalq Rəqs və Balet Teatrları Festivalı çərçivəsində Parisdə səhnələşdirilmişdi.
- 2002-ci ildə baletmeysterlər Rafiq Axundov və Maqsud Məmmədovun səhnə quruluşu əsasında müxtəlif ölkələrdən olan rəqqasların ifasıında balet İsveçin Stokholm və Göteborq şəhərlərində səhnələşdirilmişdi. "Les Ballets Persans" şirkəti tərəfindən həyata keçirilən səhnələşdirmə zamanı baletin İran musiqi əsəri kimi təqdim edilməsinə cəhd edilmişdi.[11]
- 2008-ci ildə Q. Qarayevin 90 illik yubiley tədbirləri çərçivəsində balet Vasili Medvedyevin yeni səhnə quruluşunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmişdi.[12]
- 2011-ci ilin fevralında Vasili Medvedyevin səhnə quruluşu və Yana Temizin librettosu əsasında balet yenidən Moskva Dövlət Akademik Böyük Teatrında səhnələşdirilmişdir. Bu səhnələşdirmədə geyim üzrə rəssam Tahir Tahirov kostyumların hazırlanmasında çoxlu sayda məşhur Svarovski daşlarından istifadə etmişdir.[13]
- 2011-ci ilin 8 iyun tarixində "Yeddi gözəl" baletinin Başqırdıstan Dövlət Opera Teatrında xoreoqraf Rinat Abuşahmanovun quruluşunda dirijor Rauşan Yakupovun rəhbərliyi ilə səhnə premyerası keçirilmişdir. Bu quruluş keçmiş 3 pərdəli variantda ifa edilmişdir. Baş rollarda İldar Manyapov -Bəhram, Guzel Suleymanova- Aişə, Andrey Brıntsev- Vəzir olmuşlar.[14]
- 2012-ci ildə Belarusda Azərbaycan mədəniyyəti günləri çərçivəsində balet Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında səhnələşdirilmişdir.[15]
- 2014-cü ildə Kaliforniyada balet San-Diyeqo Teatrında Grossmont simfonik orkestrinin müşayəti ilə səhnələşdirilmişdir.[16]
Rolların ilk ifaçıları
Rol | Bakı 1952 | Sankt-Peterburq 1953 | Daşkənd 1955 | Bakı 2008 | Moskva 2011 |
---|---|---|---|---|---|
Aişə | L. Vəkilova | M. Mazun | L. Bəşirova | R. İsgəndərova | K. Hüseynova |
Mənzər | K. Bataşov | Y. Litvinenko | A. Nəzrullayev | İ. İslamov | |
Bəhram şah | Y. Kuznetsov | Y. Malaxov | V. Ryabuxin | G. Mirzəyev | M. Lobuxin |
Vəzir | A. Urantsev | N. Filippovski | V. Sobo |
Baletin musiqisi
[redaktə | mənbəni redaktə et]Qara Qarayevin baletləri |
---|
Yeddi gözəl (1952) |
Nizaminin eyniadlı poemasında olduğu kimi Qara Qarayev də əsərin əsas fikrini məhəbbət naminə insanın əxlaqi kamilləşməsi, xalqın səadəti naminə mənəvi fədakarlığının gücünü ardıcıl olaraq açır.[4] Nizami öz poemalarında dəfələrlə azadlıqsevən zəhmətkeş xalq haqqında humanist fikirlər söyləmişdi.
Q. Qarayev də öz baletində məhz bu mövzunu xüsusi olaraq nəzərə çarpdırır və əsərin ideyasına elə təfsir verir ki, orada xalq əsas qəhrəman kimi çıxış edir və beləliklə baletin ictimai motivləri də kəskinləşir. Bəstəkar və baletmeyster əsərdə Nizami poemalarının fabulasından çox, şairin yaradıcılığının ümumi ideya istiqamətini, bütün "Xəmsə"nin başlıca mövzusunu saxlamağa çalışmışlar.[4] Şairin xalqın həyatı ilə bağlı düşüncələri baletin yaradıcılığına istiqamət vermişdi. Buna görə də "Yeddi gözəl" in qəhrəmanı olan xalq və onun obrazı baletdə ardıcıl inkişafda göstərilmişdi, xalq içərisindən çıxan qızın – Aişənin, onun qardaşı Mənzərin taleyi xalqın taleyi ilə əlaqələndirilmişdi.[5]
"Yeddi gözəl" baletinin rəqs süitaları bir çox baletlərdən fərqli olaraq əyləndirici – divertisment xarakteri daşımır. Onlar hadisələrlə zəngindir, ümumi dramatik inkişafda mühüm rol oynayır. Əsərdə əsas dramatik süjet xəttindən kənara çıxan bir nömrə də yoxdur.[4]"Yeddi gözəl" baletinin əsas ideya inkişafının simfonik prinsipi bu əsərdə ifadə vasitələrinin fərdiləşdirilməsi ilə, çox gərgin və ziddiyyətli üsullarla, leytmotivlərin inkişaf sistemi ilə xarakterizə edilir.
D. Jitomirski[18]
Xalqın və onun nümayəndələrinin obrazlarını açıb göstərmək üçün bəstəkar, rəvan milli ahəngdən, aydın rəqs ritmlərindən, musiqi alətlərinin ahəngdar səs xüsusiyyətlərinə uyğun gələn melodiyalardan istifadə edir. Əsərdə mənfi obrazlar, o cümlədən Bəhram, Vəzir və onların əlaltıları kəskin melodika, iti ritmlərlə, əks təsir bağışlayan harmoniya ilə xarakterizə edilir.[19]
Yeddi gözəl mövzusu Bəhramı ölkəni idarə etməkdən çəkindirən və uzaqlaşdıran yüngül şəhvət və ehtiras hissinin ifadəsi kimi baletə daxil edilmişdi.[5] Musiqinin melodiya cəhətdən incəliyi, harmonik və orkestr boyalarının xüsusilə zəngin olması, xarakterlərin aydınlığı gözəllərin xəyali, əfsanəvi aləmini bir – birindən fərqləndirir.
Balet Aişə ilə bağlı iki mövzulu prelüdlə başlayır.[5] Onlardan biri Aişənin qəmli taleyi haqqında hekayətdir, ikincisi isə onun daxili aləmi ilə əlaqədardır. Səhnədə isə qədim bir qəsrin xarabalıqları və ova çıxarkən azaraq həmin xarabalığa gəlmiş Bəhram şah görünür. Qəsrin divarlarına uzaq ölkələrdən olan yeddi şahzadə qızın (yeddi gözəlin) surətləri görünür. Birdən portretlər canlanaraq şahı əhatə edir və onu həyacanladırır, sonra isə yox olurlar.
"Yeddi gözəl" süitası
[redaktə | mənbəni redaktə et]Gözəllərin yox olmasından sonra Q. Qarayevin sənətkarlığı üçün xarakterik olan "Yeddi portret" süitasi səslənir.[4] Bir birinin ardınca xarakter, melodika və ritmika etibarilə kəskin təzad təşkil edən yeddi rəqs – yeddi gözəlin musiqi xarakteristikası səslənir. Hər bir rəqs milli özünəməxsusluğun incə ştrixləri ilə seçilir. Bəstəkar hər bir portret, hər bir gözəl üçün bu gözəlin mənsub olduğu xalqın musiqi dilinə xas spesifik melodik ifadələr, intonasiyalar, ritm tapmışdır. Bəzən bəstəkar xalq mahnılarının həqiqi mövzularından, xalq rəqsləri ritmlərindən də istifadə edir.
Hind gözəli işıqla kölgənin oyununu xatırladan eyniadlı major və minorun müqayisəsi üzərində qurulmuş xumar, nəvaziş dolu melodiya və qəribə harmoniya səciyyələndirir, Q. Qarayev burada benqal mahnılarının[5] başlanğıc ifadələrindən istifadə etmişdir. "Hind gözəli"nin obrazı ilə bağlı melodiya lirik xarakterli və inkişaflıdır. Əsas mövzu əvvəlcə fleytanın ifasında səslənir. Daha sonra isə mövzu pilləvari enən istiqamətdə orkestr alətlərində yer alır. Qoboy və faqotun birlikdə səslənməsi klarnetlə əvəz olunur. Əsas melodiya, o cümlədən, qısa şəkildə trubadan keçir və dəyişilərək , yeni, möhtəşəm xarakter kəsb edərək, violonçellərdə səslənir. Bəstəkar həcminə görə kiçik olan musiqi parçasında simfonik orkestrın rəngarəng, zəngin imkanlarından ustalıqla istifadə edir.[20] Bununla da tembrlərin fərdi cəhətləri qabarıq surətdə üzə çıxarılmış olur. Məhz bu zaman orkestrın ifası parlaq mozaikanı xatırladır. Belə ki, şəffaf fleyta səslənməsi tədricən müxtəlif səsaltı ifadələrlə dolğunlaşır, dəyişir və onların hər birinin intonasiyaları melodik hərəkətin zənginləşməsinə səbəb olur. Ən aşağı registrdə mövzunun səslənməsi isə yekunlaşdırıcı xarakter daşıyır. Bütün musiqi nömrəsi boyu tamburionun repetisiyalı səslənməsi lirik səpkili melodiya üçün zərif fon əmələ gətirir.[20]
Bizans gözəli coşğun musiqi ilə səciyyələndirilmişdir. Melodiyanın sürətli uçuşu, bu uçuşu nəzərə çatdıran formaların kəskinliyi, yunan[5] musiqisinə xas sürətli temp, elastik ritm — bütün bu vasitələr gözəlin parlaq, ehtiraslı portretini yaratmağa kömək edir. "Bizans gözəli"ndə ekzotik obraz təcəssüm olunmuşdur. Simlilərin ifasında keçən ifadəli xromatik gedişlər diqqəti cəlb edir ki, bu da xarakterin açılmasında mühüm rol oynayır.[20] Parlaq xarakterli əsas mövzu qoboyların partiyasında səslənir, simlilər və trubaların fanfarası çox sıx fon yaradır. Burada artıq əvvəlkindən fərqli dramaturji xətt özünü göstərir: coşğun, enerjili başlanğıca malik musiqi sakit sonluqla bitir. Artıq ilk xanələrdən trubaların fanfarlı səslənməsi və simli alətlərin sürətli uçuşu qeyd olunmalıdır. Cingiltili səsli zəng, üçbucaq kimi alətlərə xüsusi yer verilmişdir.[20]
Xarəzm gözəli incə, zərif, şux rəqslə təsvir olunur. Portretdəki milli xarakter özbək[5] xalq çalğı alətlərini xatırladan təqlidi səslənmələrlə nəzərə çarpdırılır. "Xarəzm gözəli" xüsusi temperamentli ifa tələb edən nömrədir. Mövzunun zərif-oynaq melodiyası fleyta və qoboyların yüksək registrində simli alətlərin pizzikatosu fonunda səslənir.[20] Arabir melodiya mis nəfəsli alətlərdə — valtorna və trubalarda təkrarlanaraq, politembr səslənməsi kəsb edir. "Xarəzm gözəli" nömrəsinin kuliminasiya anında əsas melodiya skripkaların ifasında pp səslənir. Bu zaman, sanki simfonik orkestrin digər tərkib hissələri arxa plana keçir, bu da melodiyanın daha dəqiq və ifadəli səslənməsinə şərait yaradır.[20]
Slavyan gözəlinin rəqsi intonasiya və harmoniya dili etibarilə rus[5] xalq mahnı – rəqslərini xatırladır, ondan sonr gələn Məğrib gözəlinin rəqsi ilə tam təzad təşkil edir. "Slavyan gözəli" geniş oxunaqlı melodiyaya malikdir. Bu nömrə soprano-ostinato variasiya formasında bəstələnmişdir; bəstəkar burada orijinal orkestrləşdirmə üsullarından istifadə etmişdir. Əsas mövzu əvvəlcə simli alətlərdə, valtornaların harmoniyası fonunda səslənir. Melodiyanın daha çox axıcılığında ritmik xəttin hamarlanması mühüm rol oynayır.[20] Eyni zamanda, simli alətlərin incə səs dalğaları ilə plaqal dönmələrin qabarıq verilməsi melodiyanın milli köklərini aydın təcəssüm etdirir.[20]
Əsas mövzunun mis nəfəsli alətlərdə səslənməsi partiturada parlaq təzad yaradır. Bu zaman taxta nəfəsli və simli alətlərin virtuoz passajları müşayiət fonu əmələ gətirir. Bu, rəqsin təntənəli kuliminasiyasını əks etdirir.[20]
Məğrib gözəlinin rəqsi atəşin ehtirasla ifadə edilmişdir.[4] Musiqinin emosional dolğunluğu ilə özünəməxsus tərzdə nəzərə çarpdırılan ritm və melizmatik bəzəklər rəqsin qızğın, odlu ispan[5] rəqsləri ilə yaxınlığını göstərir. "Məğrib gözəli" nömrəsi ifaçılıq baxımından çox mürəkkəb xüsusiyyətə malikdir.[20] Xüsusiylə simli alətlər qrupunun partiyası ritmik baxımdan çətinliyi ilə seçilir. Çünki burada xanənin birinci hissəsi çox xırdalanır, buna görə sinkopalı səslənmə dərinləşir.[4] Rəqsin ehtiraslı-patetik xarakterinin açıqlanmasında mis nəfəsli və zərb alətlərinin rolu böyükdür. Arfa, fortepiano, fleyta və qoboyun yüksələn melodik xətti fonunda mis nəfəsli alətlərin fandaralı səslənməsi xüsusi effekt yaradır.[20]
Çin gözləlinin portreti öz incəliyi ilə fərqlənir Onun rəqsi Çin musiqisində geniş yayılmış lad – pentatonika əsasında səslənir. "Çin gözəli"nin rəqsində orkestr qeyri-adi zərif və yüngül səslənmə kəsb edir.[5] Partituranın şəffaflığına nail olmaq üçün bəstəkar ayrı – ayrı partiyaları vahid tembr – dramaturji xəttdə birləşdirir.[20] Məsələn, iki skripkanın sürətlə çalğısı bir alət kimi səslənir. Fleyta və qoboyun partiyaları da bir-birini tamamlayaraq, bir alətin çalğısını xatırladır. Rəqsin milli xüsusiyyətlərindən irəli gələrək, bəstəkar tamburo, kampanelli, arfa kimi alətlərə xüsusi diqqət yetirir.[20]
Gözəllər gözəlinin rəqsi əvvəlcə qoboyda, sonra skripkalarda səslənən cazibədar melodiya olmaqla süitanı bitirir. Tədricən inkişaf edən rəqs melodiyası dolğun harmoniyaların müşayəti ilə sanki dinləyiciyə ülvi, ay üzlü İran[5] gözəlini təqdim edir. "Gözəllər gözəli"nin rəqsi Q. Qarayev musiqisinin ilhamlı, lirik səhifələrinə aiddir.[20] Burada klarnet və arfalarda yeddi gözəlin mövzusu səslənir. Onun fonunda isə solo qoboyda geniş nəfəsli əsas melodiya təcəssüm olunur. Burada yeddi gözəlin leytmotivi tamam başqa səpkidə şərh olunur. "Yeddi portret" nömrəsində o, pıçıltını xatırladırsa, "Gözəllər gözəli"nin rəqsində ifadəli kontrapunkt təbəqəsi əmələ gətirir və onun üzərində qoboyun lirik hekayəti səslənir. Bunun nəticəsində orijinal instrumental duet əmələ gəlir.[20]
Partiturada fleytanın ifasında səslənən melizmatik bəzəklər xüsusi diqqət şəkir. Bu, lirik obrazın dərindən açılmasına xidmət edən bir üsuldur.[4] Bu rəqsin əsas orkestr tapıntısı melodiyanın mis nəfəsli alətlərdə səslənməsidir.[20] Simlilərin güclə səslənən titrək fonunda mis nəfəsli alətlər təntənəli səslənmə kəsb edir. Burada piatti alətinin zərbələri də mis nəfəsli alətlərin obrazlı ifadəliyini gücləndirir. "Gözəllər gözəli"nin rəqsi əsas melodiyanın sakit səslənməsi ilə bitir.[20]
Gözəllər gözəlinin rəqsini ritmik vals əvəz edir. Vals parlaq konsert formalı pyesdir. Valsın birinci mövzusu parlaq və yaddaqalandır. Burada ənənəvi vals metroritmi Azərbaycan xalq rəqslərinə xas olan intonasiyalarla qovuşdurulmuşdur.
Rəvan hərəkətli müşayiətin fonunda keçən taxta və mis nəfəsli alətlərin ifasında akkordlar rəngarəng orkestr koloriti yaradır.[21] Bu hissədə orkestrın tam, dolğun səslənməsindən istifadə edilmişdir. Burada dinamik kontrastların geniş — pp – dan ff – ya kimi — amplitudası diqqəti cəlb edir. Lakin buna baxmayaraq, musiqidə f səslənməsi daha qabarıq əks olunur ki, bu da vahid bir obrazın, vahid emosional atmosferin yaradılmasına xidmət edir.[21]
Valsın orta bölməsində isə partitura şəffaflaşır. Orta bölmənin mövzusu mahnıvaridir.[4] O, əvvəlcə zərif müşayiət fonunda iki valtornanın ifasında səslənir. Burada valtornaların partiyasını simli alətlər qrupu və klarnetin axıcı hərəkətli ibarələri müşayiət edir. Tədricən klarnetin partiyası da aradan götürülərək, səslənmə daha şəffaf xarakter kəsb edir ki, bu da solo alətin qabarıq göstərilməsinə şərait yaradır. Sonra isə bu mövzu növbə ilə orkestrın müxtəlif qruplarına keçir.[22] Getdikcə onun səslənməsi daha hərarətli, dolğun olur. İnkişafın yüksək zirvəsində isə o, fleyta, klarnet və qoboyun passajlarında bölünməyə məruz qalır. Bütün səhnə valsın ritmikası ilə ənənəvi xalq ritmlərinin bir – birinə qovuşmasından ibarət olan pyeslə bitir.[22]
Birinci pərdə
[redaktə | mənbəni redaktə et]Birinci pərdədə dan yeri sökülərkən Bəhram şah bacısı Aişə ilə birgə yaşayan igid Mənzərin evinə gəlir. Ev sahibləri qonağın gəlişinə şad olur, qədd qamətli şah Aişəni məftun edir, şahla Aişə arasında qarşılıqlı məhəbbət baş qaldırır. Bəhram şah Mənzərin səmimiliyinə və xeyirxahlığına heyran qalır. Bu səhnədə Bəhramın leytmotivi, sonra isə Aişənin xarakteristikası üçün vacib olan "Buynuzla rəqs", "Bəhramla Mənzərin güləş rəqsi" səslənir.[5]
Birinci pərdədə Bəhramla Aişənin C-dur adajiosu əsas yer tutur.[4] Bu musiqi qəhrəmanların coşğun məhəbbətini təsvir edir. Adajioda böyük psixoloji ustalıqla Aişə və Bəhramın hissləri ifadə olunur. Adajionun lirik mövzusu ifadəli — həyəcanlıdırməlahətlidir, baletin ən yaxşı musiqi mövzularındandır. Valtornanın vüsətli axınla sərbəst surətdə səslənən melodiyası coşğun, şən hisslərin sürətli inkişafını ifadə edir.[5]
Bu Adajio Aişə obrazının açılmasında xüsusilə böyük rol oynayır.[23] Baletin əvvəlki nömrələri (Aişənin variasiyası, Aişə və Mənzərin oyun rəqsi) dinləyicilər qarşısında qayğısız, dəcəl qızın obrazını açırsa, bu adajio qəhrəman qızın dərin və zəngin hisslər aləmini bütün dolğunluğu ilə əks etdirir. Adajioda Aişəni finaldakı ölüm səhnəsinədək bütün balet ərzində səciyyələndirən əsas intonasiyalar dairəsi, melodik ifadələr verilmişdir ki, bu da bütün baletin musiqi dramaturgiyasında həmin nömrənin əsas rol oynadığını deməyə imkan vermişdi.[23]
Adajio forma baxımından maraqlı xüsusiyyətə malikdir. Belə ki, sadə, üçhissəli formada yazılmış "Adajio"da vahid tematik materialı sərbəst inkişaflı axını əhval-ruhiyyənin dəişilmələrini çox gözəl ifadə edir.[4] Bəstəkar belə bir fasiləsiz inkişafı harmonik vasitələrin rəngarəngliyi, musiqi fakturasının polifonikləşdirilməsi və orkestr palitrasının zənginliyi sayəsində əldə edir.[23]
Psixoloji emosiyaların dərinliyi, obrazın açılması prosesinin inandırıcı xüsusiyyətləri, əsl simfonik inkişaf ruhu, kompozisiya və üslubun dinamikliyi və bədii tamlığı "Adajio"nu xarakterizə edən keyfiyyətlərdir. Bu "Adajio" Q. Qarayev lirikasının ən gözəl nümunələrindən biridir.[23]
Bu pərdədə "Aişənin variasiyası", "Mənzərin variasiyası", "Bəhramın döyüşçülərinin rəqsi" (Yallı) nömrələri də keçir.[4] Bundan sonra Vəzir Rast Rövşən başda olmaqla şahın məiyyəti gələrək xəzərlərin ölkəyə basqını haqqında xəbər verir və Bəhram şah və Mənzər yola düşürlər. Aişə tək qalır və bu zaman "Aişə təkdir" epizodunun kədərli musiqisi səslənir.[5]
İkinci pərdə
[redaktə | mənbəni redaktə et]İkinci pərdədə Bəhram şah xəzərlərə qarşı səfərə çıxaraq ölkənin idarəsini qəddar vəzirə tapşırır. Vəzir isə hakimiyyəti ələ keçirmək məqsədiylə Bəhram şahı öldürmək üçün muzdlu qatillər göndərir. Acgöz vəzir xəzinəyə gələrək şahın qızıl-gümüşünə baxır. Bu səhnənin musiqisində artırılmış və əksildilmiş lad ünsürləri, soyuq tembrlər qortesk tərzində səslənir. Bu vəzirin qəzəbli – təntənəli rəqsidir.[4]
Vəzirin planı baş tutmur və şah yenidən saraya qayıdır. Xalq şahın ədalətinə güvəndiyi üçün onu qarşılamaq üçün sarayın qabağındakı sənətkarlar meydanına toplanıb. Vəzir şah üçün təntənəli qəbul təşkil etməyə məcbur olur. Bu zaman "Sənətkarların rəqsi" səslənir.[5]
Sənətkarların rəqsi xalqı təsvir edən böyük rəqs süitasıdır. Bu süitada müəllifin Azərbaycan xalq musiqisindən götürdüyü çoxlu ünsürlər vardır.[24] Kütləvi rəqslər, məişət səhnələri, fəal, həyatsevər, zəhmətkeş xalqın obrazını təsvir edir. Bayram əhval-ruhiyyəsi və şənlik elə ilk mövzu ilə, onun elastiki, çox cəld ritmi ilə, güclü akkordların və orkestrin dolğun səslənməsi ilə yaradılır. Sənətkarların rəqsi dinamik kütləvi səhnədir və bu səhnədə ritm hakimdir. Dəfələrlə dəyişən aydın ritmlər əmək prosesinin müxtəlifliyini əks etdirir. Səhnənin musiqi quruluşu iki köməkçi mövzulu sonata formasındadır.
"Sənətkarların rəqsi"ndən sonra "Təntənəli yürüş" səhnəsi gəlir. Təntənəli yürüş xalqa düşmən olan qüvvələrin özünəməxsus xarakteristikasıdır. Təntənəli yürüşün əsasında marş və fanfar xarakterli iki mövzu durur.[5] Onlar variasiya tərzində inkişaf edir, hər bir varisiya saray adamlarının yeni dəstəsinin çıxışını təsvir edir.[5] Tembrlərin daim dəyişməsi, yeni-yeni çalğı alətlərinin daxil edilməsi, eləcə də tonallıqların rəngarəng müqayisəsi nəticəsində dinləyici bütün variasiyalar silsiləsini şiddətli gərginlik dalğası kimi, koloritli, güclü və əzəmətli səhnə kimi qavrayır.[4]
Vəzir yaltaqlıq və hiyləgərliklə yenidən şahın rəğbətini qazana bilir. Mənzər və yeddi sənətkar vəzirin ədalətsizliyini və zülmünü görməsi üçün şahın gözünü açmağa çalışırlar. Lakin Bəhram şahın əmri ilə onlar zindana salınırlar.
Üçüncü pərdə
[redaktə | mənbəni redaktə et]Bu pərdə şahın sarayının təsviri ilə açılır. Bəhram şah vaxtını ziyafətlərdə, rəqs məclislərində keçirir. Bu səhnədə "Təlxəklərin rəqsi" səslənir. İntonasiya cəhətdən əsl xalq mövzusuna əsaslanan[24] "Təlxəklərin rəqsi" baletin nadir nömrələrindən biridir. Digər səhnədə isə Aişə təsvir edilir. Bu səhnədə "Aişənin rəqs hərəkəti" səslənir. "Aişənin rəqs hərəkəti" geniş dramatik səhnədir. Bu rəqsdə Aişə, Bəhram, Mənzər və bütün səhnədəkilər iştirak edirlər. Bu səhnə ayrılıqdan sonra Bəhram şah və Aişənin ilk görüşüdür. Həmin səhnənin musiqisi onları bürüyən hissləri açır.[4] Bəhramın təntənəli leytmotivi lirik əhval-ruhiyyəli incəlik kəsb edir, onun fonunda öz intonasiyaları ilə birinci pərdədən Adajionun melodiyasını xatırladan ifadəli mövzu meydana çıxır.
Hərəkətdə olan səhnəyə xalq mövzusu əlavə olunur. "Aişənin yalvarışları" "Mənzərin variasiyası"nın mərdanə səslənməsi və Bəhramın qəzəbli replikaları ilə əvəz olunur. Yenidən "Aişənin yalvarışları" böyük emosional qüvvə ilə səslənir. Sevgilisi ilə qardaşını barışdırmağa çalışan igid qızın ruhi yaşantıları xarakter və ifadəlilik etibarilə romans və ya ariozo dilinə yaxınlaşan həyəcanlı – titrək mövzu ilə verilmişdir. Mövzunun bu cür vokallılığı həm ağacdan qayırılma nəfəsli çalğı alətlərin incə tembrləri ilə, həm də get-gedə ah-nalə, inilti ifadə edən şikayət intonasiyalarının axını ilə nəzərə çarpdırılır. Mənzər, Bəhram, Vəzir və xalq mövzuları öz aralarında qarşılaşdırılırvə konfliktin inkişafında yüksək gərginlik dərəcəsinə, kuliminasiya nöqtəsinə çatır.[5]
Dustaqların sərbəst davranışı və itaətsizliyi şahı acıqlandırır və o, Aişənin yalvarışlarına fikir vermir. Yalnız köhnə dostluğun xatirinə Mənzəri bağışlayır, digər dustaqlar isə edam etdirilir.
Dördüncü pərdə
[redaktə | mənbəni redaktə et]Sonuncu pərdə kənddə bayram səhnəsinin təsviri ilə başlayır. Mənzər və dostları həbsdən qaçaraq kəndə gəlmişdir. Şadlığın ortasında vəzirin keşikçiləri gəlirlər və qaçqınları gizlətdiyinə görə kəndlilərin bütün əkin sahələrini tapdalıyırlar. "Tapdalanma rəqsi" vəhşilik və qəzəb ifadə edir.[5] O, sürətli tempdə oynanılır. Rəqs kədər mövzusu ilə əvəz olunur. Ah-nalə, ağlamaq və şikayət musiqisi eşidilir. Ovdan qayıdan şah bu səhnəni görsə də fikir vermir. Onu yalnız Aişə maraqlandırır. Lakin Aişə Bəhramı sevsə də onun xalqa qarşı davranışını qəbul edə bilmir, şahı hakimiyyətdən əl çəkərək xalqın içinə dəvət edir. Bu zaman "Aişə və Bəhramın adajiosu" səslənir.[5]
"Aişə və Bəhramın adajiosu" kədərlidir, bir qədər təhkiyə xarakteri daşıyır. Tonik orqan-punktu musiqidə müəyyən bir ümidsizlik, qeyri-sərbəstlik yaradır. Axırda xatırlama kimi, birinci Adajiodan mövzu səslənir.[4] Bəhram qəzəb içində Aişəni xəncərlə vurur. Ölən Aişəni dostları – xalq əhatəyə alır. Xalq vəziri cəzalandırır, Bəhram hakimiyyətdən əl çəkərək ölkəni tərk edir.
Rollar
[redaktə | mənbəni redaktə et]- Mənzər
- Aişə, onun bacısı
- Bəhram şah
- Vəzir
- Yeddi gözəl:
- Hind gözəli
- Bizans gözəli
- Xarəzm gözəli
- Slavyan gözəli
- Məğrib gözəli
- Çin gözəli
- Gözəllər gözəli
- Mühafizə dəstəsinin başçısı
- Ordu başçısı
- Keşiş
- Sənətkarlar
- Təlxəklər
- Saray qızları
Bəhram şah
[redaktə | mənbəni redaktə et]Bəhram şah obrazı baletin əsas obrazlarından biridir. Bəhramın obrazı Bəhram Gurun ədəbi obrazının ədəbi obrazlarının əlamətlərindən müəyyən dərəcədə fərqlənir. Baletdəki Bəhram obrazında Xosrovun ("Xosrov və Şirin") və Sultan Səncərin ("Sirlər Xəzinəsi") bəzi tipik xüsusiyyətləri də öz əksini tapmışdır.[5]
Baletin ikinci dərəcəli dramatik xətti Aişə ilə Bəhramın sevgisi mövzusu ilə bağlıdır. Burada bir-birinə zidd iki sevgi anlayışı toqquşur. Aişənin məhəbbəti yüksək mənəvi-əxlaqi ideyanı ifadə edir. Bəhramın sevgisi isə şəhvani hisslərdən ibarətdir. O, hər qadında hərəmxana gözəlini görməyə adət edib.
Daim sarayda yaşayan və xalqla ünsiyyətdə olmayan Bəhram xalqın problemləri haqqında məlumata malik deyil. Gənc şah ov etməyi və vaxtını kef məclislərində keçirməyi sevir. Belə ov səfərlərindən birində şah tufana düşərək qədim qəsrdə gizlənir. Bu zaman əfsanəvi yeddi gözəlin sehrinə düşən şah onun hakimiyyətini ələ keçirmək istəyən Vəzirin göndərdiyi qatilin hücumuna məruz qalır. Səhər açılanda ağır yaralı olan şahı yaxınlıqdakı kəndin sakinləri olan Aişə və Mənzər tapırlar. Şah onların evində qalıb sağalır. Kənddə qaldığı müddətdə şah Aişəyə aşiq olur, qardaşı Mənzərlə isə dostlaşır.
Xəzərlərin ölkəyə hücumu xəbərini eşidən şah saraya qayıdır. Şahdan narahat olan Aişə və Mənzər də onun arxasınca şəhərə gedirlər. Lakin şəhərdə onlar Vəzirin dəstəsi tərəfindən həbs edilir. Bəhram şah Vəzirin təsiri ilə Mənzərin dostlarını edam etdirir, Mənzər isə kəndə qaçır. Vəzirin ordusunun kəndi taladığı zaman Bəhram şah da kəndə gəlir. Burada, ondan hakimiyyətdən əl çəkib onunla birgə yaşamağı təklif edən Aişənin sözlərinə əsəbləşir və onu ölümcül yaralayır. Tutduğu işdən peşman olan Bəhram şah taxtdan əl çəkərək ölkəni tərk edir.
Aişə
[redaktə | mənbəni redaktə et]Aişə obrazı baletin əsas qadın obrazıdır. Bəzi səhnələşdirmələrdə Aişə obrazı "Gözəllər gözəli" obrazı ilə birləşdirilmişdir. Aişənin obrazında gözəl Şirinin, ağıllı və qoçaq Fitnənin xüsusiyyətləri də öz əksini tapıb. Aişə ən gözəl, saf və təmiz sifətləri öz varlığında canlandırır. Xosrovu öz idealları səviyyəsində yüksəltməyə can atan Şirin kimi Aişə də ürək bağladığı şahı xalq qarşısında öz borcunu sədaqətlə yerinə yetirən ədalətli bir hakim kimi görməyi arzulayır.[5]
Gözəl və gənc qız olan Aişə evlərində qalan Bəhram şaha aşiq olur. Daim öz sevgilisi haqqında düşünən Aişə onu pislikdən çəkindirməyə çalışır. Şaha hakimiyyətdən əl çəkərək onunla birgə sadə ovçi kimi kənddə xoşbəxt həyat sürməyi təklif edən Aişə şahın qəzəbinə tuş gəlir və qılıncla yaralanır. Baletin sonunda Aişə qardaşı Mənzərin qolları üstündə can verir.
Mənzər
[redaktə | mənbəni redaktə et]Mənzər baletin əsas qadın qəhrəmanı olan Aişənin qardaşıdır. Mənzərin obrazında xalq qəhrəmanı Fərhadın qorxubilməz igidlikləri təcəssüm olunmuşdur.[5]
Bacısı ilə birgə kənddə yaşayan Mənzər igid və mərd bir gəncdir. Yaralı Bəhramı bacısı ilə birgə xaraba qəsrin yanında tapan Mənzər onu evə gətirir və sağalana kimi onlarla aşamağa icazə verir. Həmin müddət ərzində Bəhram şahla dostlaşan Mənzər, sonradan onun şah olduğunu öyrənir. Bəhramla güləşən Mənzərə qalib gəlmək çətin olur. Şah ona öz qızıl kəmərini hədiyyə edir.
Vəzirin hiylələrinə uymuş şaha kömək etməyə çalışan Mənzər zindana salınır. Lakin zindandan qaçan Mənzər kəndə gəlir və kəndlilər onu müdafiə edirlər. Sonda Mənzəri həbs etmək üçün kəndə gəlmiş qəddar Vəzir Mənzər və yoldaşları tərəfindən öldürülür.
Librettosu
[redaktə | mənbəni redaktə et]Proloq
[redaktə | mənbəni redaktə et]Hadisələr IV əsrdə Azərbaycanda baş verir.[25] Musiqi coşqun təbii hadisələrin mənzərəsindən danışır.[26] Gecədir. Tufandır. Yarımviranə qədim bir qəsrin görünüşü. Zülmət içində adamlar bir xəyal kimi görünür. Bunlar Vəzir və onun adamlarıdır. Vəzir qəti əmr verir: Şah Bəhram bu gecə qətl edilməlidir. Ova çıxarkən tufana düşmüş gənc şah tapılmalı və öldürülməlidir.
Bəhram sadə ovçu paltarındadır. Köhnə qəsrin xarabalıqlarıarasında sığınacaq axtarır. Tufan yavaş-yavaş sakitləşir. Qəsrin dərin tağlarında zaman keçdikcə rəngləri pozulan, solğunlaşan yeddi əfsanəvi gözəlin şəkli yarımqaranlıqda Bəhramın gözləri qarşısında canlanır. Bu əfsanəvi, bu xəyali şəkillər sehrli, sirlərlə dolu musiqinin sədaları altında canlanır. Gözəllər Bəhramın ətrafında dövrə vuraraq gənc şahı öz gözəllikləri ilə valeh edirlər. Bəhram ağılasığmaz əfsanəvi bir mühitə düşmüşdür. O özünü unudub və nə fikirləşdiyini bilmir. Bu vaxt Vəzirin əlaltısı xəlvətcə ona yan alır və şaha ağır zərbə endirir. Bəhram yerə sərilir. Şirin xəyallara dalmaq həvəsi şahı sevincə deyil, kədərə mübtəla edir.
Səhərin al şəfəqlləri qəsrin uçulub-dağılmış divarlarını işıqlandırır. Bu vaxt Mənzər və onun bacısı Aişə qəsrin yanından ötüb keçirlər. Onlar cavan şahı yerə sərilmiş görür və ondan bir qədər aralı vəzirin əlaltısı olan qatilin təsadüfən yerə atıldığı əbanı tapırlar. Əbanın üstündə vəzir gözətçilərinin nişanı var.
Birinci pərdə
[redaktə | mənbəni redaktə et]Birinci şəkil
[redaktə | mənbəni redaktə et]Kəndin kənarında mənzər və Aişənin sadə daxması. Bu cavanların qayğıkeşliyi sayəsində Bəhramın yarası sağalır. Bəhram şah sarayın riyakar mühitindən uzaqdır, bu səmimi adamlar içində özünü rahat və sərbəst hiss edir. Bəhram öz xilaskarına – igid Mənzərə, mehriban və utancaq Aişəyə dərin ülfət və səmimiyyət bəsləyir.
Özünü xoşbəxt hiss edən Bəhram Mənzərlə güləşmək istədiyini bildirir. İgidlər güləşirlər. Bəhram asanlıqla qalib gələ bilmir. O, hörmət və dostluq əlaməti olaraq öz qızıl kəmərini Mənzərə bağışlayır. Mənzər cacab olaraq hədiyyə vermək üçün daxmaya gedir.
Cavan ovçu Aişənin xoşuna gəlir. Aişə də Bəhramı məftun edir. Aişənin saf duyğuları və həyəcanları Bəhrama dərin təsir göstərir. Hələ dərk olunmayan bu təzə sevgi hissi cavanların varlığına hakim kəsilir. Mənzər əlində hədiyə-cida və şərabla dolu buynuzla evdən çıxır. Uzaqda ha-küy eşidilir. Onlar Mənzərin dostları – gənc cəngavərlər və obçulardır. Bu adamlar Bəhramın qarşısında yerə yıxılıb baş əyəndə Mənzər və Aişə son dərəcə təəccüblənirlər. Bəhramın adi ovçu yox, şah olduğu aydınlaşır.
Mənzər dəhşətli dəlili – qatilin əbasını gətirib Bəhrama təqdim edir. Bəhram Vəzirin xəyanətkarlığından dəhşətə gəlir. Bəhramın həyəcanı ona kömək və xidmət etməyə hazır olan gənclərə də təsir göstərir. Bəhram gənclərin müşayəti ilə gedir, Aişə tək qalaraq qəmgin fikirlərə dalır. Sevinc hissləri həyəcanlı qayğılarla əvəz olunur. Mənzər şahı yola salıb geri qayıdır. Lakin Aişə yalvararaq qardaşını Bəhramın dalınca getməyə razı edir.
İkinci şəkil
[redaktə | mənbəni redaktə et]Gurultulu bir bazar. Burada müxtəlif peşə sahibləri, tacirlər də, şən, qeybətcil qadınlar da, dəcəl uşaqlar da var. Dinamik musiqi şərq bazarının şənliyini, səs-küyünü ifadə edir. Öz peşələrini nümayiş etdirən adamların nikbin ruhlu rəqsləri əməyi tərənnüm edir.
Aişə və Mənzər camaatın arasındadır. Adamlar onların başına toplaşıb Bəhram şaha qarşı sui-qəsdlə bağlı söhbətə maraqla qulaq asırlar. Hamı acgöz və qudurğan vəzirdən narazıdır, insanlar Bəhram şaha kömək etmək arzusundadır. Bu zaman vəzirin atlı dəstələri bazara hücum edir. Aişə ilə birlikdə bütün qızları tutub saraya sürüyürlər. Onları xilas etməyə çalışanları isə Mənzərlə birlikdə kəməndə salıb sarayın zindanına atırlar.
Üçüncü şəkil
[redaktə | mənbəni redaktə et]Sirlər ifadə edən musiqidə şah sarayının zirzəmisi təsvir olunur. Tamahkar vəzirin göz tikdiyi böük xəzinə burda yerləşir. Özünü hökmdar sayan və şah taxtında əyləşən vəzir də burdadır. Tutulanları mühakimə etmək üçün Vəzirin hüzuruna gətirirlər. Zalım hökmdarın ürəyini rəhmə gətirmək üçün qızların yalvarışının bir faydası olmur.
Vəzirin monoloqu şöhrətpərəst bir adamın cinayətkarlığını büruzə verir. Vəzirin rəqsi, yəni sərvət düşkünü olan bir hökmdarın rəqsi öz eybəcərliyi ilə fərqlənir və onun pis sifətlərini açıb göstərir. Vəzirin coşğun qəzəbi həddi-hüdudu aşır. Lakin qapının qəfildən döyülməsi bu dəhşətli mühakimə səhnəsini dayandırır. Vəzirin xidmətçiləri xəbər verirlər ki, Bəhramı öldürmək tədbiri baş tutmamışdır.
Şeypurlar Bəhram şahın saraya qayıtmasını xəbər verir. Vəzir özünü ələ alır, şahı qarşılamağa hazırlaşır. Şah paltarını soyunub kənara atır, nə edəcəyini özü üçün aydınlaşdırır.
Dördüncü şəkil
[redaktə | mənbəni redaktə et]Yenə də sənətkarların meydanı. Bəhram şahın gözlənilmədən gəlməsi böyük canlanmaya səbəb olmuşdur. Xalq padşahın simasında ədalətli bir şah görməə ümid edir. Nəhayət ki, zalım vəzirin əlindən qurtulmaq mümkün olacaq. Bəhram saraya daxil olmaq istəyir, amma sarayın qapısı bağlıdır. Şah qəzəblənir. Xalq saraya girməkdə şaha kömək etmək üçün ayağa qalxır. Elə bu vaxt sarayın qapıları açılır. Dəbdəbəli yürüş marşı səslənir. Gənc şahı aldatmaq üçün vəzir təntənəli bayram yürüşü təşkil edir.
Əvvəlcə saray qızları çıxır, onlar yola xalılar döşəyir və Bəhramın üstünə gül-çiçək tökürlər. Qızlardan sonra saray ətanlarının təntənəli yürüşü başlanır. Vəzir sadə paltarda irəli gəlir, çox acizanə bir halda şahın ayaqları altına yıxılır. Sonra hakimiyyət nişanını hörmətlə şaha təqdim edir. Bəhram ona qəsd edən qatilin əldə dəlil olan əbasını Vəzirə göstərir. Hiyləgər Vəzir öz əlaltısı olan qatili şahın gözləri qarşısında öldürür. Bununla da Bəhram şahın etimadını qazanır.
Xalq Vəzirin xəyanətkarlığını şaha bildirmək istəyir. Lakin Bəhram şah qara camaatın onun işinə qarışmaq istəməsindən əsəbləşir. Xalq qüdrəti onu vahiməə salır. O, xalqa silahı yerə qoymağı əmr edir. Vəzir baletin sürətli rəqsində şahın ətrafında dövrə vurur. Xalqı sıxışdırıb kənara çıxarır. Əyanlar Bəhram şahı əlləri üstünə götürüb saraya aparırlar. Xalq aldadılır.
İkinci pərdə
[redaktə | mənbəni redaktə et]Birinci şəkil
[redaktə | mənbəni redaktə et]Şahın sarayında ziyafətdir. Bəhram şah eyş-işrətlə məşğuldur. Lakin kef məclisi birdən pozulur. Aişə yüyürə-yüyürə səhnəyə çıxır. O, həyəcanlı bir halda qardaşı və yeddi sənətkarın bağışlanaraq zindandan azad edilməsini xahiş edir. Aişənin, Mənzərin, Bəhramın, Vəzirin, sənətkarların və saray xidmətçilərinin qarışıq rəqs səhnəsi canlanır. Kiçik lirik duetin musiqisində Bəhram və Aişəni bürüyən hisslər incə bir şəkildə açılır. Aişə qardaşı Mənzəri şahla barışdırmaq istəyir. Lakin Mənzər şahın ona bağışladığı qızıl kəməri belindən açaraq onun ayaqları altına tullayır. Bəhram qəzəblənir. Mənzərin ona bağışladığı cidanı götürüb onun üstünə atır. Bu vaxt keşikçilər Mənzəri tutmaq istəyirlər. Lakin o, cəld bir halda qaçaraq aradan çıxır. Vəzir əlaltılarına onu tutub gətirməyi tapşırır. Bütün bunları görən Aişə yerə yıxılır.
İkinci şəkil
[redaktə | mənbəni redaktə et]Şahın fikirlərini məşğul etmək və onu dövlət idarəçiliyindən uzaqlaşdırmaq üçün Vəzir yeni əyləncələr axtarışındadır. Şah Aişənin məhəbbətini öz qəlbindən çıxarmalı və onu unutmalıdır. Vəzir üstündə sehirli şəkillər olan ipək bir pərdəni şaha bağışlayır. Proloqda yeddi gözəli təmsil edən sirli musiqi bir daha səslənir. Pərdənin üstündəki şəkillər canlanır. Yeddi füsünkar gözəl şahın ətrafında dövrə vurur. Qızların gözəlliyinə məftun olan Bəhram şah dövlət işlərini yaddan çıxarır. Vəzir sevinir.
Üçüncü pərdə
[redaktə | mənbəni redaktə et]Qəm və kədərlə səslənən incə rəqs musiqisi xalqın keçirdiyi iztirabları yada salır. Şahın əlaltıları tərəfindən təqib olunan və kənddə gizlənən Mənzər əməksevər adamlarla əl-ələ verib, tarla becərir. Lakin qəfildən Vəzir və onun əlaltıları bir qasırğa kimi hücum çəkib kəndin dinc həyatını pozur. Mənzəri ələ verməyi tələb edirlər. Cəlladların diqqətini yayındırmaq üçün kəndlilər əl-ələ verib rəqs edirlər. Kəndlilər Mənzəri ələ verməkdən imtina edirlər. Vəzirin əlaltıları qəzəblənərək tarlanı tapdalayırlar.
Gurlayan şeypurlar Bəhram şahın gəldiyini xəbər verir. Xalq onun simasında yenə də öz müdafiəçisini görmək istəyir. Adamlar yalvararaq ona müraciət edirlər. Lakin Bəhram şah xalqın dərdlərinə, iztirablarına biganədir. O, yalnız Aişəni düşünür, onu görmək istəyir. Heyvani şəhəvt hissi ilə onun yanına tələsir. Aişə isə Bəhram şahın istəklərinə laqeyddir və onun tərcümanı ola bilməz. Çünki Bəhramşah Aişənin doğma xalqını böyük dərdlərəvə məşəqqətlərə düçar etmişdir. Bəhram və Aişənin duet-adajiosunda mürəkkəb və ziddiyyətli hisslər öz ifadəsini tapır.
Gözlənilmədən Vəzir gəlib çıxır. Vəzir və əlaltılarının yırtıcı rəqsi mənfi, dağıdıcı qüvvələrin ağlasığmaz qorxunc özbaşınalığını göz qarşısında canlandırır. İnsanlar Bəhram şahın gözü qarşısında Vəziri öldürürlər.
Aişə şahı qorumaq məqsədiylə şahla qardaşının arasına atılır. O, Bəhrama qarşı bəslədiyi dərin hissləri boğmağa qadir deyildir. Aişə şaha bildirir ki, əvvəlki kimi onu sevir. Xahiş edir ki, Bəhram şahlığı atıb, sadə, təvazökar bir ovçu kimi onunla birgə xoşbəxt ömür sürsün. Bəhram şah qəzəbindən hər şeyi yaddan çıxarır. O, özündən çıxaraq Aişəni ölümcül yaralayır. Mənzər başda olmaqla kəndlilər onun ətrafına toplaşır. Aişə qardaşı Mənzərin qolları üstündə can verir.
Xalq ədalətsiz şahdan və ləyaqətsiz insandan üz döndərir. Bəhram şah ümidsiz və taqətsiz halda burdan uzaqlaşır. O, gecənin qaranlığında yox olur.
Strukturu
[redaktə | mənbəni redaktə et]Aşağıda təqdim edilən struktur Qara Qarayevin əsəri 1959-cu ildə redaktə etməsindən sonra yaradılmış və 1972-ci ildə nəşr edilmişdir.[27] Hər nömrə üçün başlıqlar baletin strukturunun orijinal nəşrindən götürülmüşdür. Nömrələrin bəzisinin Azərbaycan dilində məşhur olan adları da göstərilmiş və fransızca olan orijinal başlıqlar tərcümə edilməmişdir.
Prelüdiya
[redaktə | mənbəni redaktə et]- No. 1 Andante
Proloq
[redaktə | mənbəni redaktə et]- No. 2 Allegro
- No. 3 Andante (V-ni, V-le con sord)
- I. Lento quasi Valse
- II. Con brio
- III. Allegro
- IV. Lento quasi Valse
- V. Tranquillo
Birinci pərdə
[redaktə | mənbəni redaktə et]- No. 4 Allegretto grazioso
- No. 5 Allegro giocoso
- No. 6 Marciale
- No. 7 Moderato
- No. 8 Allegro risoluto
- No. 9 Moderato
- No. 10 Allegro molto giocoso
- No. 11 Allegretto
- I. Allegro non troppo (Mənzərin variasiyası)
- II. Allegretto (Aişənin variasiyası)
- No. 12 Allegro con brio
- No. 13 Alla marcia accentuato
- No. 14 Andante
- No. 15 Allegro moderato
- No. 16 Sostenuto
- No. 17 Allegro
- No. 18 Moderato
- No. 19 Allegro
- No. 20 Allegro molto
İkinci pərdə
[redaktə | mənbəni redaktə et]- No. 21 Allegro vivace
- No. 22 Andantino
- No. 23 Allegro appasionato
- No. 24 Allegro moderato risoluto
- No. 25 Moderato
- No. 26 Andante
- I. Allegro moderato (Hind gözəlinin rəqsi)
- II. Allegro con fuoco (Bizans gözəlinin rəqsi)
- III. Allegretto leggiero (Xarəzm gözəlinin rəqsi)
- IV. Allegretto grazioso (Slavyan gözəlinin rəqsi)
- V. Andante con passione (Məğrib gözəlinin rəqsi)
- VI. Allegretto (Çin gözəlinin rəqsi)
- VII. Andante cantobile (Gözəllər gözəlinin rəqsi)
- No. 27 Tempo di Valse
Üçüncü pərdə
[redaktə | mənbəni redaktə et]- No. 28 Allegro moderato
- No. 29 Allegro
- No. 30 Allegro furioso
- No. 31 Andante lugubre
- No. 32 Allegro non troppo
- No. 33 Allegro molto
- No. 34 Allegro con fuoco
- No. 35 Allegro moderato
- No. 36 Adagio
Adaptasiyalar
[redaktə | mənbəni redaktə et]1982-ci ildə baletmeysterlər Rafiq Axundov və Maqsud Məmmədovun səhnə quruluşu əsasında baletin film versiyası çəkilmişdir. Film Maqsud İbrahimbəyov və Rüstəm İbrahimbəyovun birgə hazırladığı ssenari əsasında Feliks Slidovkerin rejissorluğu ilə çəkilib.
Seçkin diskoqrafiya
[redaktə | mənbəni redaktə et]- 1995, Rauf Abdullayev (rəhbər), Qara Qarayevin balet süitaları, Moskva Dövlət Televiziya və Radio Simfonik Orkestrı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Бертельс Е. Э. Великий азербайджанский поэт Низами. [ölü keçid] — Баку: издательство АзФАН, 1940
- ↑ 1 2 Крымский А. Е. Низами и его современники. — Баку: "Элм", 1981
- ↑ 1 2 3 4 Р. Фархадова — Балет "Семь красавиц" Кара Караева, Баку, 1957
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 L. Karagiçeva — Qara Qarayev, Bakı, Azərnəşr, 1968, səh 51–64
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 R. Fərhadova — Qara Qarayevin baletləri, Bakı, Elm, 1970
- ↑ "СЕМЬ КРАСАВИЦ, balletmusic.ru". 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-29.
- ↑ Pravda, 18/XII, 1952.
- ↑ Советская музыка, № 2, 1953
- ↑ А. Гозенпуд — Семь красавиц, Советская музыка, № 5, 1954
- ↑ В. Красовская – Балетный сезон в Ленинграде, Журнал "Звезда", 1954, № 9
- ↑ "Фарадж Караев — B культуре осуществляются цели общества…". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-29.
- ↑ Галина Микеладзе – Люблю…и смело говорю об этом, Баку, 2010
- ↑ ""Семь красавиц" на сцене Большого театра". 2015-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-29.
- ↑ КАРА КАРАЕВ — СЕМЬ КРАСАВИЦ,Либретто по мотивам поэмы Низами Гянджеви, Р. Абушахманова, Хореография Р. Абушахманова Arxivləşdirilib 2013-06-04 at the Wayback Machine, bashopera.ru, Yoxlanılıb: 31 avqust 2014
- ↑ Qara Qarayevin "Yeddi gözəl" baleti Belarusda nümayiş olunub [ölü keçid]
- ↑ Kaliforniyada Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası olacaq Arxivləşdirilib 2021-04-15 at the Wayback Machine, oxu.az, Yoxlanılıb: 25 iyul 2014
- ↑ D. Şostakoviç–Yeni Azərbaycan baleti, “Pravda”, 18 dekabr 1952
- ↑ D. Jitomirski – Yeni Azərbaycan baleti, “Literaturnaya qazeta”, 20 yanvar, 1953
- ↑ "Л. Михеева — Караев. Балет "Семь красавиц"". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-29.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 G. Abdullazadə — "Yeddi gözəl" balet süitasının orkestr təfsirinə dair metodik tövsiyələr, Bakı, 2007, səh 9–15
- ↑ 1 2 G. Abdullazadə — "Yeddi gözəl" balet süitasının orkestr təfsirinə dair metodik tövsiyələr, Bakı, 2007, səh 4–5
- ↑ 1 2 G. Abdullazadə — "Yeddi gözəl" balet süitasının orkestr təfsirinə dair metodik tövsiyələr, Bakı, 2007, səh 6–7
- ↑ 1 2 3 4 G. Abdullazadə — "Yeddi gözəl" balet süitasının orkestr təfsirinə dair metodik tövsiyələr, Bakı, 2007, səh 7
- ↑ 1 2 C. İ. Həsənova — "Qara Qarayev yaradıcılığının xalq musiqisi zəmini", Azərbaycan milli musiqisinin tədqiqi problemləri, Bakı, Elm və həyat, 1996, səh 54–57
- ↑ Кара Караев — Семь красавиц, Москва, Советский Композитор, 1972, стр. 6
- ↑ Baletin librettosu haqqında məlumat R. Fərhadovanın kitabından götürülmüşdür. Bax: R. Fərhadova — Qara Qarayevin baletləri, Bakı, Elm, 1970, səh 43–49
- ↑ Yeddi gözəl (3 pərdə 8 şəkilli, proloqla balet), Moskva, Sovetski kompozitor, 1972
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Р. Фархадова — Балет "Семь красавиц" Кара Караева, Баку, 1957
- R. Fərhadova — Qara Qarayevin baletləri, Bakı, Elm, 1970
- L. Karagiçeva — Qara Qarayev, Bakı, Azərnəşr, 1968