Şuşanın işğalı — Vikipediya

Şuşanın işğalı
Qarabağ müharibəsi
Tarix 8-9 may 1992
Yeri Şuşa
Nəticəsi Ermənilərin qələbəsi
 • Xankəndinin işğalının başa çatması[1]
 • Laçın dəhlizinin açılması[2]
Münaqişə tərəfləri

 Azərbaycan

 Ermənistan

Komandan(lar)

Azərbaycan Rəhim Qazıyev
Azərbaycan Elbrus Orucov
Azərbaycan Elxan Orucov

Ermənistan Arkadi Ter-Tadevosyan
Ermənistan Samvel Babayan
Ermənistan Seyran Ohanyan
Ermənistan Qurgen Dalibaltayan
Ermənistan Jirayr Səfilyan

Şuşanın işğalı və ya "Dağlarda toy" əməliyyatı (erm. ) — Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin qazandığı ilk əhəmiyyətli hərbi qələbə. Döyüş üçün strateji cəhətdən əhəmiyyətli olan dağ şəhəri Şuşada 8 may 1992-ci il tarixində baş vermiş və erməni qüvvələrinin onu işğal edərək, azərbaycanlıları müdafiə mövqelərindən çıxartması ilə nəticələnmişdir. Döyüşlərin gedişi zamanı erməni silahlı birləşmələrinin qəsdən mülki obyektləri hədəf alması yerli sakinlərin ifadələri ilə təsdiqlənmişdir.[3]

Şuşa şəhərinin işğalı müharibənin gedişində həlledici rola malik oldu. Şəhər Azərbaycanın Dağlıq Qarabağda malik olduğu ən mühüm hərbi məntəqə idi. Onun itirilməsi nəticəsində Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi, o cümlədən Xankəndinin işğalı prosesi başa çatdırıldı.[4]

Şuşanın işğal əməliyyatı

[redaktə | mənbəni redaktə et]

8 may 1992-ci il tarixdə qalmış Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmiləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Canhəsən–Kosalar istiqamətindəki Yura Ovanesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Şuşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər. Bundan bir neçə dəqiqə sonra Su-25 təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərərgah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sarkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcə də "Ümumdünya xristian həmrəyliyi" və "Daşnaksütun" terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi.

Üçüncü cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın – Qubadlı istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək bununla da Laçınla Şuşanın əlaqəsini tamam kəsmək əmri almışdılar. Canhəsən – Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı döyüşçülərin diqqətini bu aldadıcı manevrlərə cəlb etmək tapşırılmışdı. Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı. Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. İlk olaraq şəhəri "Sumqayıt OMONu" adlanan, birbaşa prezident Ayaz Mütəllibova tabe olan dəstə tərk etdi. Daha sonra Rövşən Əkbərovun komandanlığı altında olan əsgərlər və hərbi texnika Şuşnı tərk etdilər.[5] Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı.

Bütün bu qeyri-bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi "qəhrəmanlıq" göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir "qəhrəman" kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu və ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununla da Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar.[6] Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 1800 erməni əsgərinə 500 azərbaycanlı əsgər müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. Şuşa uğrunda və ətrafında baş verən döyüşlər nəticəsində 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.[7]

Rusiyanın rolu

[redaktə | mənbəni redaktə et]

Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidenti Haşimi Rəfsəncaninin vasitəçiliyilə ErmənistanAzərbaycan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb. Hər üç ölkə prezidentinin imzaladığı sənəddə 1 həftə ərzində Cənubi Qafqaz regionuna Rəfsəncaninin şəxsi nümayəndəsi Mahmud Vaezinin gəlməsi və aparılan danışıqlardan sonra atəşkəs rejiminin qüvvəyə minməsi, bütün kommunikasiyaların açılması və bütün tərəflərin iqtisadi ehtiyaclarının ödənilməsi nəzərdə tutulurdu. Lakin həmin razılaşma imzalandıqdan 1 gün sonra, mayın 8-də pozuldu. Qarabağdakı erməni qüvvələri Şuşanı ələ keçirərək, Tehranda əldə olunmuş razılaşmanın tamamilə qüvvədən düşməsinə səbəb oldu.[8] Bəzi iddialara görə Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunub.[mənbə göstərin] Məqsəd Azərbaycanın Rusiyadan aralanmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər.

1992-ci il mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Şuşanın işğalını "hərbi dövrün şıltaqlığı" adlandırmışdı və şəhərin azad olunacağına işarə etmişdi. Lakin bir sutkadan da az vaxtda A. Mütəllibov devrildi.[9]

289 kvadrat kilometr ərazisi olan Şuşa rayonunda həmin dövrdə 25.000 əhali yaşayıb.

  • Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.
  • İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.[10]

Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

  1. de Waal, Thomas. Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York: New York University Press. 2003. səh. 175. ISBN 978-0-8147-1945-9. In May, when Shusha had been captured and the siege lifted, Stepanakert was a shattered town.
  2. Altstadt, Audrey L. Ethnic Conflict in the Post-Soviet World: Case Studies and Analysis. Routledge. 2015. səh. 247. ISBN 9781317470991. When Armenian forces took Shusha in May 1992, they established a land corridor across undisputed Azerbaijani land, taking the town of Lachin...
  3. Denber, Rachel. Bloodshed in the Caucasus : escalation of the armed conflict in Nagorno Karabakh. New York, N.Y.: Helsinki Watch. ISBN 1564320812.
  4. Çorbayian, Levon. The making of Nagorno-Karabagh : from secession to republic. Houndmills, Basingstoke, Hampshire. ISBN 0-333-77340-3.
  5. "Əfqan Muxtarli: "Ermənilər Şuşaya şəhər boşalandan sonra giriblər"". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-31.
  6. Laçın: həqiqətlər, mülahizələr, tarixi faktlar. Faiq İsmayılov. Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2012, 184 s.
  7. "Bu gün Şuşanın işğalı günüdür". 2011-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-20.
  8. "İranın Qarabağ vasitəçiliyi - Tehran Bakı ilə Yerevanı barışdıra biləcəkmi". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-31.
  9. News.com Xəbərlər
  10. Şuşanın işğalı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]