Xürrəmilər hərəkatı — Vikipediya

Xürrəmilər hərəkatı (fars. خُرّمدينان‎ - Xorrâm-Dinân, ərəb. خُرَّميهKhurrāmīyah) – Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə ərəblərə qarşı Azərbaycanda başlamış, sonra Gilan, Mazandaran, Luristanİrana yayılmış xalq hərəkatıdır.

Üsyanın I mərhələsi

[redaktə | mənbəni redaktə et]

Xürrəmilər hərəkatının birinci mərhələsi üsyanın başlamasından Babəkin üsyana rəhbərlik etməyə başladığı zamana qədərki dövrü əhatə edir. I mərhələdə üsyanın əsas rəhbəri və aparıcı fiqur Azərbaycanın Ərdəbil şəhərindən olan Cavidan Səhrək oğlu olmuşdur. Xürrəmilər hərəkatının I mərhələsində baş verən hadisələr və döyüşlər əsasən Azərbaycan ərazisində olmuş və geniş yayılmamış, üsyan Ərəb Xilafəti üçün o qədər də böyük təhlükə törətməmişdir.

Xürrəmilərin ilk çıxışları

[redaktə | mənbəni redaktə et]

755-ci ildə baş verən və sözsüz ki, xürrəmilərin də iştirak etdikləri Sunbad üsyanı nəzərə alınmazsa, mənbələrdə "əl-müxəmmirə" – "qırmızı geyinmişlər" adı ilə məşhur olan xürrəmilərin ilk məlum çıxışı 162/778-ci ilə aid edilir.[1]

Üsyanın başında "Əbd əl-Qəhhar adlı birisinin" durduğu haqqında xəbər verən ət-Təbəridən fərqli olaraq Nizamülmülk üsyan başçısının Əbu Müslimin oğlu Əbu əl-Qərra olduğunu, üsyançıların "[Ə]bu Müslim sağdır. Məmləkəti tutaq!" şüarı ilə çıxış etdiklərini dəqiqləşdirir. Nizamülmülk üsyançıları "qırmızı geyinmişlər" əvəzinə, "xürrəmdinilərlə birləşmiş" ,"qırmızı bayraq (sorxələm) batinilər" adlandırır.

Müvəffəqiyyətsizliyə uğrayan bu üsyandan keçən, az qala iyirmi illik nisbi sükutdan sonra mənbələr "qırmızı geyinmişlər"in 180/796797-ci ildə baş verən yeni çıxışı haqqında xəbər verir. Ət-Təbəriyə görə, həmin il Curcanda "zındıq" Əmr ibn Məhəmməd əl-Əmrakinin başçılığı ilə baş vermiş üsyan da müvəffəqiyyətsizliklə nəticələnmiş, xəlifə Harun ər-Rəşid'in əmri ilə üsyan başçısı öldürülmüşdür. 181/797798-ci il hadisələrindən bəhs edən ət-Təbəri həmin il "qırmızı geyinmişlər"in Curcanı tutmaları haqqında məlumat verir.

Xürrəmilərin yeni çıxışını ət-Təbəri 192/808-809-cu ilə aid edir. Nizamülmülk üsyanın "Harun ər-Rəşidin Xorasanda olduğu vaxta" təsadüf etdiyini qeyd edir. Bu dəfə İsfahan, Rey, Həmədan və b. yerləri əhatə edən üsyan, ət-Təbərinin məlumatına görə, Azərbaycanda başlanmış[1], hər yerdən gələn yüz mindən artıq adam üsyana qoşulmuşdur. Lakin Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş bu çıxış da uğursuzluqla nəticələnmiş, "saysız adam öldürülmüş", çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiş, onların bir hissəsi məhv edilmiş, qalanları isə Bağdad bazarında satılmışdılar.

Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarşı çıxışlarına ara verildi. Mənbələrdən məlum olur ki, xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakı münasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. Başçılar arasında günü-gündən artan bu çəkişmə onları, habelə onların ardıcıllarını Xilafətə qarşı mübarizədən yayındırırdı. 816-cı ilə qədər xürrəmilər mərkəzi hakimiyyəti yalnız adda-budda çıxışlarla narahat edirdilər.

816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər. Əbu İmran döyüş meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Cavidanın ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə başlayan Babək hərəkatın məcrasını tamamilə Xilafətə qarşı yönəltdi.

Cavidanın Babəklə ilk tanışlığı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda xürrəmilərin üsyanı öz başlanğıc mərhələsində Cavidan ibn Səhl və ya ibn Sührak[2] adı ilə bağlı idi. İbn ən-Nədimin qismən sitat gətirdiyi Baqid ibn Əmr ət- Təmiminin itirilmiş "Babəkin tarixi" əsərində xürrəmilər hərəkatının meydana gəlməsindən bəhs edilən çox maraqlı və mötəbər sayıla biləcək təfərrüat vardır, hərçənd ki, bütünlükdə "Babəkin tarixi" əsəri-hadisə və şəxsləri təhrif edən mövqedən yazılmışdır[3][4], xürrəmilərə və Babəkə pis meyil və niyyətlər isnad verir, habelə Xilafət düşmənlərindən bəhs edildikdə tamamilə yanlış məlumat verir.

"Babəkin tarixi" əsərindən İbn ən-Nədimin gətirdiyi sitatda deyilir:

Cavidan Ərdəbil mahalında yaşayırdı, onun böyük qoyun sürüləri var idi və o, qoyunları Zəncan bazarında satırdı. Yağ gəzdirib satan Abdullah adlı1 bir şəxs Mədaindən köçüb bu yerlərə, daha doğrusu, Meymad rustakının Bilalabad kəndinə gəlmişdi. O, yağını satarkən bir kənddən digərinə gedərdi, nəhayət, kəndlərdən birində özünə Bərumənd adlı birgözlü məşuqə tapır ki, o da yerli hakim ibn ər-Rəvvadın qulluqçusu idi. Bir ildən sonra Abdullah ölür, Bərumənd isə oğlu Babək ilə Səraba köçür. Burada Babək əvvəlcə çobanlıq edir, sonra isə Təbrizə gedib, şəhər hakimi Məhəmməd ibn ər-Rəvvad əl-Əzdinin yanında qulluq etməyə başlayır. Bundan sonra o, anasının yanına qayıdır.

Bir dəfə Cavidan Zəncanda bir qədər mal-qara satıb öz yerinə, Bəzzə qayıdanda hava pis olduğuna görə təsadüfən Babəkin anasının evində qalır. Görür ki, onun müxtəlif tapşırığını yerinə yetirən Babək çox bacarıqlı və zirək oğlandır. O, Cavidanın xoşuna gəlir, bu da gənc Babəkin gələcək müqəddəratını həll edir. Cavidan Babəkin anasına təklif edir ki, oğlunu ona qulluq etməyə versin, bunun müqabilində Cavidan onun anasına hər ay müəyyən məbləğ pul ödəsin. Bərumənd razılaşır, Babək də Bəzzə gedib, Cavidanın malikanəsini idarə etməyə başlayır. Az sonra Cavidan öz daimi rəqibi Əbu İmranla vuruşmada ölümcül yaralanır və üç gündən sonra ölür. Cavidanın Babəkə gözü düşən cavan arvadı, ərinin ölümündən sonra tez Babəklə danışır ki, Cavidanın tərəfdarlarına rəhbərliyi öz öhdəsinə götürsün. Arvad onları ölən rəhbərin yanına toplayıb deyir ki, onların ağası Cavidan ölümqabağı ona aşağıdakı vəsiyyəti etmişdir: "Mən bu gecə öləcəyəm. Mənim ruhum bədənimdən çıxıb Babəkin bədəninə keçəcək və onun ruhu ilə birləşəcəkdir... Mən onu öz yerimə öz ardıcıllarıma rəhbər təyin edirəm"

Cavidanın tərəfdarları onun dul arvadının sözünə inanıb, şərtlərini danışıqsız qəbul etdilər, bundan sonra isə Babəkin icma rəhbərliyini qəbul etməsi mərasimi başlandı. Arvad əmr etdi bir inək gətirdilər, onu kəsdilər, dərisini soyub yerə sərdilər. Sonra dərinin ortasında bir şərab qədəhi qoyuldu, arvad da onun içərisinə çörək doğradı. Bu hazırlıq görüldükdən sonra, arvad Cavidanın hər bir tərəfdarını adı ilə çağırmağa başladı və ona əmr etdi ki, dərinin üstünə çıxsın, qədəhdən bir tikə çörək götürüb yesin və onun ardınca bu sözləri təkrar etsin: "Mən Cavidanın ruhuna inandığım kimi, sənə də inanıram, ey Babəkin ruhu!" Bundan sonra hər biri Babəkin əlindən tutub öpür və ona baş əyirdi. Sonra kef məclisi quruldu, bu ziyafətdə dul arvad Babəki öz yanında oturtdu və ona bir budaq reyhan verdi, ki, bu da Azərbaycanda qədimdən kəbin mərasiminin simvolu idi. Mənbələrin məlumatına görə, bu əhvalat hicri 201 (b.e. 816)-ci ildə olmuşdur[5][6][7][8][9][10][11].

Üsyanın II mərhələsi

[redaktə | mənbəni redaktə et]
Bəzz qalası

Üsyanın II dövrü 816817-ci ildən, yəni:Babəkin üsyana rəhbərliyi öhdəsinə götürdüyü tarixdən başlanır və Bəzz qalasının süqutuna qədər davam edir. Birinci mərhələdə olduğu kimi, üsyanın ikinci mərhələsində də əsas hərbi əməliyyatlar (Həmədan və Həşdadsər döyüşləri kimi) Azərbaycan ərazisində aparılsa da bu dövrdə artıq üsyan əhatə dairəsini genişləndirir və ətraf vilayətlərin (Gilan, Mazandaran və s.) əhalisi də üsyana qoşulur. Babəkin rəhbərliyi ilə üsyan iyirmi ilə yaxın davam edir və Xürrəmilər bu dövrdə Ərəb Xilafətinin altı nəhəng ordusunu darmadağın edirlər.

Babəkin üsyana rəhbərliyə başlaması

[redaktə | mənbəni redaktə et]

Babək xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi tamamilə Xilafətə qarşı çevrildi. Bəzi mənbələrin verdiyi məlumata görə, Babək bir vaxt islamı qəbul edibmiş və onun müsəlman adı Həsən imiş[8][12].

Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin kəndlilərindən ibarət idi[13][14][15]. Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816- cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaq vaxtını yaxşı seçdi. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti Bağdaddan uzaqdakı şimal vilayətlərindən yayınmışdı. Dinəvərinin verdiyi məlumata görə, "Babək (Xilafətdə) arası kəsilməyən qarışıqlıq və çətinliklər dövründə püxtələşmişdi"[16]. iki ərəb tarixçisi – BağdadiMəsudi onun haqqında eyni fikri ifadə edir:

"O, Azərbaycan vilayətinin Bəzzeyn dağında meydana çıxdı. Orada onun tərəfdarlarının sayı artdı"

Əl-Bağdadi, səh. 251; əl-Məsudi. Tənbeh, səh. 352.

Əbu Dulaf qeyd edir ki, Bəzzdə "əl-xürrəmiyyə adı ilə məşhur olan əlmühəmmirə bayraqları təntənəli surətdə təqdis edildi. Babək buradan çıxmışdır"[17].

İbn Kəsir isə xürrəmilər haqqda bunu qeyd edir:

"Əl-xürrəmiyyə və əl-babəkiyyənin mənşəyi Babək əl Xürrəmidir; o, Mötəsimin vaxtında meydana gəlmişdir, onları ona görə əl-mühəmmirə adlandırdılar ki, Abbasilər öz bayraqlarını qara rəngə boyadıqları kimi onlar da qırmızı [rəngə] boyayırdılar"

İbn Kəsir, səh. 62.

Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi[18]. Ət-Təbəri deyir ki, Bəzz "Babəkin vilayəti və şəhəri idi"[19][20].

Əl-Məsudi yazır:

"Babək Azərbaycan ölkəsində olan Bəzzeyn dağlarında üsyan qaldırmışdı."

Əl-Məsudi, BGA, VIII, səh. 353

Məsudinin əsərində deyilir ki, "Babəkin ölkəsi Bəzzeyn – Azərbaycan, ArranBeyləqandadır", Bəzzeyndə Arranda, "Babəkin ölkəsində" olan dağdır[21].

Yaquta Həməvi yazır:

"Bəzz – Azərbaycanla Arran arasında bir vilayətdir"

ƏI-Yaqut, I, səh, 529.

Əl-Biruni yazır ki, "Bəzz Babək əl-Xürrəminin ölkəsidir"[22].

Üsyanın inkişafı və genişlənməsi

[redaktə | mənbəni redaktə et]

Babək Bəzzdə xürrəmilər icmasının rəhbərliyini qəbul edən zaman, onun tərəfdarlarının sayı nisbətən çox deyildi. Bir mənbədə bildirilir ki, Babək onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün onun xəbərdarlıq işarəsini gözləsinlər[23]. Xəbərdarlıq işarəsi veriləndə, Babəkin ardıcılları kəndlərdə ərəblərin və onların ətrafındakı adamların üstünə atıldılar və hamısını qırdılar. Bundan sonra Babək öz adamlarını Bəzzdən uzaq mahallara göndərdi, orada da bütün ərəblər və onların yerli əhalidən olan tərəfdarları məhv edildi. İbn ən-Nədim yazır ki, Babəkdən əvvəl "xürrəmilərin dini etiqadında qətl, əzab və müharibə yox idi, xürrəmilər bütün bunların nə olduğunu bilmirdilər"[24].

Babək xürrəmilərə başçılıq edərək, onun tərəfdarlarının sayı artan kimi, üsyançıların qarşısında duran məqsədlərə uyğun olaraq, icmanın quruluşunda böyük dəyişiklik əmələ gəldi. AzərbaycanArranın hər tərəfindən ərəblərdən narazı olan kəndlilər kütlə halında Babəkin yanına gəlməyə başladılar, "onun qoşun dəstələrinin sayı o qədər artmışdı ki, piyada hesaba alınmadan təkcə atlılar 20 min nəfər idi"[25][26].

Əbu Hənifə Dinəvəri Babəkin rəhbərliyi ilə xürrəmilər üsyanının başlanması haqqında belə məlumat verir:

"Babək [Xilafətdə] baş verən fasiləsiz qarışıqlıq və çətinliklər dövründə meydana çıxdı . O öz işinə Bəzzdə onu əhatə edən adamları öldürməklə başladı, öz dövrəsindəki yer və kəndləri dağıtdı ki, ölkəni ələ keçirsin, [ərəblər tərəfindən] həm özünün, həm də ona yaxınlaşma yollarnıın təqib olunmasını çətinləşdirsin. Onun qüdrəti doğrudan da artdı və hərəkatı böyük vüsət aldı"

Əd-Dinəvəri, səh. 397.

Məsudi bildirir ki, "Babək əl-Xürrəminin işi ər-Ran ölkəsindəki Beyləqanda yayılmışdır və həmin ölkədə onun qoşunu çoxalmışdır. O öz qoşunlarını o şəhərlərə tərəf göndərmiş və onları hər tərəfə yola salmışdır"[27].

Üsyan habelə Ermənistan, Xorasan və s. vilayətlərə irayət etdi[28]. Az sonra Cibal, Həmədan, İsfahan, Masabzan və digər şəhərlərin əhalisi üsyançıların tərəfınə keçdi. Onların əhalisi "Həmədan vilayətində toplanır və silahlanırdı"[29].

Məsudinin məlumatına görə, Babək "onun işi adamların ürəyində çox yer tutan vaxt"[28] Taif ibn Əlini Xorasan şəhərlərinin başçısı təyin etdi. Sonra üsyan TəbəristanCorcanı bürüdü, burada, "mühəmmirə dinini qəbul etmiş"[30] Məzyərin ardıcılları olan məzyəriyyə təriqəti iş görürdü.

Deyləm əyaləti əhalisinin çox hissəsi də xürrəmilərə qoşuldu[31]. Bağdadinin məlumatına görə, təkcə Azərbaycanda və Deyləmdə Babək tərəfdarlarının ümumi sayı 300 min nəfər idi[32].

Xilafətin bəzi görkəmli xadimləri (hakimləri) və əmirləri də özlərinə tabe olanlarla birlikdə ərəblərə qarşı üsyanlarda iştirak etdilər. Bunların arasında Təbəristan hakimi Məzyər də var idi; Babək onunla yazışır və hər vasitə ilə onu şirnikləndirirdi. Həmçinin Mingicavr əl-Fərqani də Babək tərəfdarlarının köməyindən faydalanırdı[19][33][34]. Afşini Babəkə kömək etməkdə təqsirləndirirdilər, ərəblər onu Babəklə əlbir hesab edirdilər[35][36].

Xürrəmilər üsyanının bürüdüyü bütün vilayətlərdə Babək öz ardıcıllarına əmr edirdi ki, "[ərəblərin] mülk və malikanələrinə hücum etsinlər və onların əmlakını ələ keçirsinlər"[37].

Üsyançıların böyük müvəffəqiyyətləri və Xilafətin geniş ərazisini tutmaları xəlifə Məmunu məcbur etdi ki, qarşıda duran təhlükəyə ciddi fikir versin. 819-cu ilədək xəlifə qoşunlarının xürrəmilərlə böyük vuruşmaları olmayıb, iş yalnız yerli toqquşmalarla məhdud olurdusa, 819-cu ildə xəlifə Yəhya ibn Müaz ibn Müslimin başçılığı ilə Babəkə qarşı ilk nizami ordu göndərdi.

Baş verən vuruşmada tərəflərdən heç biri məğlub edilmədi[38][39][40]. Sonrakı vuruşmalarda da gah bu, gah da müqabil tərəf müvəffəqiyyət qazanırdı[41]. 820-ci ildə Məmun Yəhya ibn Müazı ordu başçısı vəzifəsindən götürdü və İsa ibn Məhəmməd ibn Əbu Xalidi ErmənistanAzərbaycana hakim və ordu başçısı təyin edərək, ona əmr etdi ki, qoşunları öz hesabına silahlandırsın və ərzaqla təchiz etsin. O, Babəklə müharibə üçün [ordu] toplayaraq 821/2-ci ildə bir dərə ilə hərəkət etdi, burada Babək onun qabağına çıxdı və onu qaçmağa vadar etdi.

Xürrəmilərin qələbəsi Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823/4-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi[42][43][44].

Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı[45][46]. Məhəmməd 827-ci ildə onunla müharibəyə girişdi və iki il ərzində davam edən vuruşmalarda[47][48][49] müvəffəqiyyət həmişə onun tərəfində idi. Nəhayət, 829-cu il 3 iyunda Həştadsər dağında ərəblərlə xürrəmilər arasında əsas vuruşma olmuşdur. Ərəblərin vəzifəsi xürrəmilərin qalası Bəzzi ələ keçirmək idi. Ət-Tusi öz ordusunun mərkəzinə Məhəmməd ibn Yusif ibn Əbd ər-Rəhman ət-Taini başçı təyin etdi, ordunun sağ cinahında isə Abbas ibn Əbd ül-Cəbbar ət-Təktinini qoydu. Lakin Babək ət-Tusinin qoşunları üçün pusqu düzəltdi, qanlı vuruşmadan sonra ərəblər məğlub edilib qaçmağa başladılar. Məhəmməd ət-Tusinin özü öldürüldü[45][50][51][52][53] Vardan məhz Məhəmməd ət-Tusi ilə Babək arasındakı vuruşmanı nəzərdə tutaraq deyir ki, "bir vuruşmada o [Babək] 30 minə qədər İsmayıl övladını [ərəbləri] qırdı"[54].

"Ağvan tarixi"nin rusca tərcüməsində deyilir: "İki ildən sonra [[[829]]-cu ildə] Baban [Babək] Tavusini dağıtdı və 150 min [adamı] qovdu"[55]. Ç.Dovsett "Ağvan tarixi"nin bir sıra əlyazmasında tapmışdır ki, Tavusin (Tosin) Tosi şəklində oxunmalıdır, yəni burada Tavusin adlı bir yaşayış məntəqəsinin Babək tərəfindən dağıdılmasından deyil, Məhəmməd ət-Tusi və onun 150 minlik ordusunun xürrəmilər tərəfindən darmadağın edilməsindən bəhs edilir[56]. Xəlifə Məmun Məhəmməd ət-Tusinin həlak olmasından çox qəmgin olmuşdu, çünki o, çox bacarıqlı sərkərdə idi. Az sonra ərəb qoşunlarının komandanı İbrahim ibn əl-Leys ibn əl-Fəzl oldu[57][58], "onu da Babək sonrakı [[[829]]/30] ildə məğlub etdi"[59].

Ərəb qoşunları bir də darmadağın ediləndən sonra, xəlifə Məmun qətiyyətli Abdullah ibn Tahiri ordu başçısı təyin etdi, lakin o, Babəklə vuruşmalı olmadı, çünki qardaşı öləndən sonra irsi olaraq Xorasan hakimi vəzifəsini tutmalı idi[60][61][62].

Həmin 829/30-cu ildə Məmun Azərbaycan, Cibalİsfahana Əli ibn Hişamı hakim təyin edərək, onu xürrəmilərə qarşı vuruşmağa göndərdi. Lakin ibn Hişam əyalətlərdə özbaşınalıq etməyə və xalqı sıxışdırmağa başladığına görə xəlifə onu sakitləşdirmək üçün Yəmən hakimi Uceyf ibn Ənbası göndərdi. Bunu xəbər alan Əli ibn Hişam Uceyfə hücum edib onu öldürmək və Babəkin tərəfinə qaçmaq istədi, lakin tutuldu və 830/1-ci üdə Bağdadda edam edildi[63][64]. Dinəvəri bildirir ki, bu zaman "Babəkin işi böyük vüsət aldı və ərəblər ondan qorxmağa başladılar. Onunla vuruşurdular, lakin ona qalib gələ bilmədilər. Babək onları dağıdır və onların sərkərdələrini öldürürdü"[65][66]. Xürrəmilərin Xilafət qoşunlarını qibtə ediləcək bir ardıcıllıqla darmadağın etməsi Abbasilər dövlətinin hakim dairələrini çaşqınlığa saldı.

Sünik hakimi Vasakın ölməsindən sonra Babək onun qızıyla evlənir və həmin ildən Sünik xürrəmilərin hakimiyyəti altına keçdi. Babəkin qoşunu Sünikdən sonra Beyləqan, ArtsakUti vilayətlərini tutdu[27].

Bir tərəfdən xürrəmilər üsyanının müvəffəqiyyətləri, digər tərəfdən Xilafətin özündə Məmunun qarşılaşdığı daimi daxili çəkişmələr onunla nəticələnmişdi ki, Abbasilər Xilafəti öz varlığı üçün təhlükəli zaman keçirirdi. Cəzirədə Nəsr ibn Şəbsin, Suriyada ərəb tayfalarının, Misirdə Abdullah əs-Surinin (820-826), Misirdə 829-cu ildə yəmənilər və qeysilərin üsyanları, habelə Bizans ilə daimi müharibələr xəlifə Məmundan ağır xərc və böyük ordu tələb edirdi. Məmun bütün iyirmi illik hökmranlığı ərzində Xilafətdə yalnız çoxlu üsyanları yatırmalı olmuşdu. O, üsyanların öhdəsindən gələ bilmiş olsa da, öz hökmranlığının axırlarında çox böyük bir ərazi tutan xürrəmilərə qarşı heç bir iş görə bilmədi.

Məmun ölən ildə xürrəmilərin üsyanı daha böyük bir qüvvə ilə qızışdı. Nizam ül- Mülkün verdiyi məlumata görə, üsyan İsfahan, Fars vilayətlərini və bütün Kuhistanı bürüdü. Məmunun Bizans ilə müharibəyə başı qarışmasından istifadə edən üsyançılar "bir gecə vaxt təyin etdilər. Hazırlaşıb bütün mahal və vilayətlərdə üsyan qaldırdılar. Şəhərləri taladılar. Farsda çoxlu müsəlman qırdılar, arvad və uşaqları əsir apardılar. İsfahanda onların başçısı Əli ibn Məzdəkan adlı birisi idi. O şəhər darvazasında iyirmi min nəfərlik silahlı qüvvəni gözdən keçirtdi və qardaşı ilə birlikdə Kuha getdi. Əli Kuhu tutdu, qarət etdi, əlinə keçən müsəlmanı öldürdü... Qayıtdıqdan sonra o, Babəklə birləşmək üçün Azərbaycana getdi. Hər tərəfdən xürrəmidinlilər Babəkin yanına gedirdilər"[49].

Xəlifə Məmun 833-cü il 7 avqustda öldü, öz qardaşı Mötəsimi (Əbu İshaq Məhəmməd ibn Harun ər-Rəşidi) taxta vəliəhd təyin edərək, ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətnamənin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək sərəncamı idi:

"Xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir adam göndər, ona səbirlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamların ilə onların üstünə get"

Ət-Təbəri, III, 1163; İbn əl-Əsir, VI, səh. 158.

833-cü il, 10 avqustda Mötəsim xəlifə elan edildi[67]. və bununla da xürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı.

Üsyanın son mərhələsi

[redaktə | mənbəni redaktə et]

Yeni xəlifə taxta çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, zira, görürdü ki, Azərbaycanın və digər əyalətlərin xalq kütlələrinin bu təhlükəli hərəkatı qarşısında daha da zəiflik göstərilsə, Xilafətin öz varlığı üçün ciddi nəticələr doğura bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.

Ət-Təbərinin verdiyi məlumata görə, 833-cü ildə "Cibalda, Həmədan, İsfahan, MasabzanMehricanqazaq şəhərlərində olan çoxlu əhali xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular. Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında idi ki, onu da (Mötəsim), həmin ilin şəvvalında (oktyabrın 20-si – noyabrın 17-si) Cibala hakim təyin etmişdi. O, zilqədə [ayında] (noyabrın 18-i – dekabrın 17-si) onlara getdi. Onun [xürrəmilər] üzərində çaldığı qələbə haqqındakı məlumat [Bağdadda] tərviyə günündə [[[833]]-cü il 25 dekabr] oxundu. O, Həmədan rayonunda [onlardan] 60 min adam qırdı, qalanları Rum ərazisinə qaçdılar[68].

M.Siriyets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisinə qaçdığı haqqında belə deyir: "Həmin (833) ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin müharibəsindən cana gələrək baş komandan Nəsr ilə birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi"[69].

İbn əl İbri həmin variantı daha qısa şəkildə verir; "onun (Babəkin) sərkərdəsi Nəsr öz həmqəbilələrindən bir çoxu ilə Feofilin yanına qaçdılar və xristian oldular"[70].

Həmədan vuruşmasından sonra Bizansa gedən xürrəmilərin taleyi haqqında müxtəlif məlumat vardır. Bizans tarixçilərinin istinad etdikləri orta əsr yunan müəllifləri bildirirlər ki, qaçıb Bizansa sığınan xürrəmilər qrupu 14 min nəfərdən ibarət idi və onlara əsli iranlı olan Feofob adlı birisi başçılıq edirdi. İmperator Feofil onları femlerdə yerləşdirib turma adlanan ayrı-ayrı dəstələrə böldü; həmin dəstələr Ərəb Xilafətinin qoşunlarına qarşı hərbi əməliyyatda fəal iştirak edirdilər[71][72].

Xəlifə Mötəsim Həmədan yaxınlığındakı ilk müvəffəqiyyətdən sonra başa düşdü ki, qüvvələri parçalamaq və xürrəmilərlə hərdənbir vuruşmaq müharibənin gedişinə təsir göstərməyəcəkdir. Mötəsim görürdü ki, onun qardaşı və sələflərinin xürrəmilərlə etdiyi müharibə taktikası kökündən yanlış idi və Xilafətin bir neçə ordusu üçün fəlakətli olmuşdu. Babək kimi təhlükəli düşmənə qarşı Xilafətin bütün qüvvələrini toplamaq üçün Kiçik Asiyada Bizansla daimi müharibə meydanında hərbi əməliyyatı dayandırmaq lazım idi.

Babəkin müttəfiqi Bizans imperatoru Feofil(829-842)

Bizans-Ərəb sərhədində dördillik (833-837) sakitlik Mötəsimə imkan verdi ki, əvvəllər Bizansla müharibədə olan qoşunları da Babəkə qarşı göndərsin. Mötəsim öz sələfindən fərqli olaraq Babəklə müharibənin strateji cəhətinə ciddi diqqət yetirdi. O, düşmənin qüvvəsi və gücünü bildiyindən uzun sürən müharibəyə hazırlaşdı və hər şeyi: qoşunun tərkibini və görkəmli sərkərdələri seçməkdən, köməkçi hissələrlə təmin etməkdən tutmuş Xilafətin bütün maliyyə, ərzaq və yem ehtiyatlarını səfərbər edincəyədək hər şeyi müharibə ehtiyaclarına tabe etdi.

Mötəsim xürrəmilərin üzərinə ümumi hücuma başlamazdan əvvəl əmirlərdən Əbu Səid Məhəmmədi gələcək vuruşma rayonuna göndərib ona əmr etdi ki, "Zəncanla Ərdəbil arasında Babəkin dağıtdığı istehkam məntəqələrini bərpa etsin və [Zəncan-Ərdəbil] yolunda qarnizonlar qoysun ki, heç kəs Ərdəbilin təchizi üçün təhlükə törətməsin"[19][73]. Qoşun qərargahı ilə Xilafətin paytaxtı Samarra arasındakı rabitə sisteminə böyük diqqət verilmişdi. Yollar pis olduğuna görə qasidlər məlumatı gec gətirirdilər, buna görə də xəlifə əmr etdi ki, Ərdəbildən paytaxta gedən yolun hər fərsəngində məlumat gətirməyə hazır olan bir atlı qoysunlar. Xəlifə bu məqsəd üçün əmr etdi ki, onun özünün Hulvan keçidi yaxınlığındakı Marc at ilxısında xüsusi çapar atlarından istifadə etsinlər[74][75]. Təpələrdə qarovulxanalar düzəldildi; bu qarovulxanalar bir-birini yaxşı görürdü və məlumat gətirən atlıların hərəkəti haqqında bir-birinə səslə xəbər verirdilər.

Beləliklə, Ərdəbildəki (Bərzənddəki) baş komandan qərargahından göndərilən məlumat Samarraya döı ki, bu donuz onu sikdi o zaman üçün çox tez hesab olunurdu. Buna görə də xəlifə xürrəmilərə qarşı hərbi əməliyyat rayonunda baş verən hadisələrdən həmişə xəbərdar idi. Bu müharibədə, xilafət tarixində ilk dəfə olaraq məlumat göndərmək üçün poçt göyərçinlərindən istifadə olunmuşdu[76].

Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu[77] 835-ci il 3 iyunda xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin ata minəndə yəni xürrəmilərlə vuruşmağa girəndə – gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda isə 5 min dirhəm pul alırdı[78][79][80].

Əz – Zəhəbi bildirir ki, təkcə 837-ci ildə Mötəsim Babək ilə müharibəyə bir milyon dirhəm xərcləmişdi[77]. Afşinin ordusu arası kəsilmədən ərzaq, sursat və silahla təchiz olunurdu. Afşin Ərdəbil qərargahına gələn kimi Əbu Səid Məhəmmədə əmr etdi ki, xürrəmilərin dağıtdığı qalaları bərpa etməyi sürətləndirsin. Qalalar bərpa edilib möhkəmləndikdən sonra Afşinin əmrilə bunların ətrafında xəndəklər qazıldı. O öz qərargahını xürrəmilərin istehkamlarına yaxın olan Bərzəndə köçürdü. Bərzənd ilə Ərdəbil arasındakı qalalar da bərpa edilib möhkəmləndirildi. Paytaxtdan Ərdəbil yolu ilə Bərzəndə gedən ərzaq və silah karvanlarının yanınca xüsusi mühafizə bölmələri gedirdi ki, bu da xürrəmilərin karvanlara qəflətən hücum etməsi təhlükəsini aradan qaldırmalı idi[37][81].

Afşin casus məlumatı toplamağa xüsusi diqqət verirdi. Afşin öz casuslarından başqa Babəkin casuslarını da öz tərəfinə çəkməyə cəhd edərək, xürrəmilərin yeri, istehkamları və manevrləri haqqındakı məlumat üçün onlara daha artıq pul verirdi[73][82][83].

835-ci il Afşin Bəzz yaxınlığında yeni istehkamlar tikdirdi. Ərəblərlə xürrəmilər arasında kəşfıyyat xarakterli vuruşmalar gedirdi. Bəzən bu, bəzən də o biri tərəf müvəffəqiyyət qazanırdı[29][84]. Bu yerə yaxşı bələd olan xürrəmilər ərəb qoşunlarının təchizat yollarını tutur, ərzaq və silah karvanlarını ələ keçirməklə ərəbləri çətin vəziyyətdə qoyurdular, çünki "karvanda olanların hamısını məhv edirdilər". Nəticədə Afşinin qoşunları daim aclıq və susuzluqdan əzab çəkirdi, "cismən və ruhən məğlub olurdu"[85][86]. Həmin ildə xürrəmilər Artsak yaşayış məntəqəsi yaxınlığında ərəblərlə vuruşmada yeni bir məğlubiyyətə uğradılar. Babəkin kəşfiyyatçıları paytaxtdan Ərdəbilə pul gətirən böyük bir karvanı güdmüşdülər.

Lakin Babəkin adamları arasında bir nəfər xain varmış; bu xain Afşinə bildirir ki, Babəkin karvan haqqında xəbəri var. Afşin pusqu qurur, Qəflətən yaxalanan xürrəmilər məğlub olurlar. Adətən olduğu kimi, bu dəfə də vuruşan xürrəmilər arasında olan Babək birtəhər özünü xilas edir. Mənbələrin verdiyi məlumata görə, bu vuruşmada xürrəmilər min nəfərdən artıq tələfat verdilər[82][87]. Lakin bir neçə gündən sonra Babəkin sərkərdələrindən Tarxan (və ya Adin) yenidən ərəblərin karvanına hücum edib mühafızələrini qırır və bütün yükü ələ keçirib ərəbləri çətin vəziyyətə salır[88].

836-cı ildə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl-Kəbirin başçılığı altındakı ərəb ordusu arasında vuruşma olmuşdu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək, şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Əvvəlcə Babək Buğanın min nəfərlik ərzaqdaşıyan dəstəsini məhv etdi, əsir aldığı ərəblərdən ikisini seçdi və baş vermiş əhvalatı Afşinə söyləməyə göndərdi[89][90]. Buna baxmayaraq, Buğa öz ordusunu xürrəmilərə qarşı hərəkətə gətirdi; xürrəmilər isə ərəbləri izləyirdilər; dağ cığırlarından keçib gücdən düşən ərəblər təpələrdən birinə qalxmağa başlayanda xürrəmilər hücum edib onları mühasirəyə saldılar və ərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlub edildi, bir neçə sərkərdə öldürüldü. Buğanın özü isə qaçdı. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirtdilər[91][92][93]. Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi.

836-cı ilin qışında xürrəmilər öz sərkərdələrindən Tarxanı da itirdilər. Bu igid türk ərəbləri lap təngə gətirirdi. Afşin tez başa düşmüşdü ki, Tarxan xürrəmilər ordusunun başında qalarsa, ərəblər onlara qarşı müharibədə çox çətinlik çəkəcəklər. Odur ki, Tarxanın hərəkətini daim izləyir və onu sıradan çıxartmaq üçün fürsət axtarırdı. Nəhayət, buna müvəffəq oldu. Tarxan adətən qış aylarını Həştadsər dağı yaxınlığında öz kəndində keçirirdi. Afşin casuslardan öyrənəndə ki, Tarxan Babəkdən icazə alıb kiçik bir dəstə ilə öz mülkünə yola düşmüşdür, türk olan bir casusunu onun ardınca göndərdi. Casus gecə vaxtı Tarxana hücum edib onu öldürdü və başını kəsib Afşinə göndərdi. Tarxanın ölümü Babək və xürrəmilər üçün böyük bir zərbə oldu. Xürrəmilərin belə igid sərkərdəsinin ölümündən sonra ərəblər daha cəsarətli hərəkət etməyə, xürrəmilər isə dalbadal məğlubiyyətə uğramağa başladılar[94][95][96]. Ərəb xilafətinə qarşı illər boyu davam edən mübarizədə xürrəmilərin müvəffəqiyyət qazandığı axırıncı il – 837-ci il gəlib çatdı. Həmin ildə Afşin xəlifədən böyük bir qüvvə aldı; köməkçi qüvvələrə böyük türk sərkərdələrindən Cəfər ibn Dinar əl-Xəyyat və İtax başçılıq edirdilər. Xəlifə onlarla Afşinə qoşunun maaşı və təchizatı üçün 30 milyon dirhəm pul da göndərmişdi[97][98].

Köməkçi qüvvənin gəlmiş olmasına baxmayaraq, Afşin xürrəmilərlə müharibə taktikasını bütünlüklə dəyişdirdi. Müharibənin müvəffəqiyyətinə hələ də inanmayan xəlifə Mötəsim, Afşinə birbirinə zidd müxtəlif sərəncamlar verirdi. Afşin də bu sərəncamları elə yerinə yetirirdi ki, az sonra ərəb qoşunları arasında sərkərdəyə qarşı narazılıq başlandı. Doğrudan da, xürrəmilərin qalası Bəzzdən ərəbləri ayıran son dörd fərsəng (təxminən 30 kilometr) yolu ərəblər bir ilə keçmişdilər. Afşin əsgərlərin narazılığına baxmayaraq, verdiyi sərəncamlarında daim xəlifəyə istinad edirdi və xürrəmilərlə vuruşa girməyə icazə vermirdi. Yalnız xüsusi dəstələr istehkamlar tikir, və Bəzzə tərəf yol çəkməklə məşğul idi, çünki yolun olmaması ərəb qoşunlarının ərzaq, su və s. ilə təchiz edilməsini daim təhlükə qarşısında qoyurdu. Çox vaxt ərəblər bircə qurudulmuş çörəklə dolanırdılar. Bunu bilən Babək bir dəfə Afşinə bir adamla bir yük tərəvəz göndərdi. Afşin Babəkin bu hədiyyəsini məmnuniyyətlə qəbul etdi və onun göndərdiyi adama icazə verdi ki, ərəb düşərgəsindəki istehkamları baxıb görsün. Xürrəm ətraflı baxdından sonra, Afşin onu geriyə buraxdı və xahiş etdi ki, "qardaşı" Babəkə onun salamını yetirsin[99]. Afşinin Babəkə bu cür münasibəti qoşunda və xüsusilə sərkərdələrdə şübhə doğurmaya bilməzdi. Buna görə islamın düşməninə qarşı müharibədə Afşinin hərəkətləri çox tez-tez, xüsusilə Cəfər əl-Xəyyat tərəfindən kəskin surətdə tənqid olunurdu[100].

Afşin Babəklə mübaribənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Lakin Afşinin Babəklə birlikdə qəsd düzəltməkdə iştirakı yalnız Məzyərin və Afşinin özünün mühakiməsində aşkara çıxdı. Belə bir qəsdin mövcud olduğunu ərəb mənbələri də təsdiq edir. Əbu Mənsur əl-Bağdadi bildirir ki, Afşin "Babək ilə gizli qəsd düzəltmişdi". Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə "belə düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir. Gizlində isə o [Afşin] Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı və müsəlman qoşunlarında çatışmazlıq olduğunu ona hiss etdirirdi, o da [Babək də] düşmən qoşununun çoxunu məhv edirdi"[101][102]. Yalnız xürrəmilərlə müharibə qurtardıqdan sonra "xəlifə, Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini öyrəndi"[103].

Babəklə Afşinin görüşü

Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Afşin, BabəkMəzyər arasında gedən gizli danışıq və yazışmalar bir nəticə vermədi, odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl-Xəyyat, Əbu Səid və Buxaraxudatın sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı mühasirə etdilər. Şəhər üçün uzun sürən vuruşma başlandı, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcək tələfat verməyə məcbur edirdilər. Ərəblər mancanaqları Bəzzin hasarlarına yaxınlaşdırdılar, işçi korpusu isə hasarları sökərək daşları çıxarmağa başladı. Xürrəmilərin bütün qəhrəmanlığı və igidliyinə baxmayaraq, ərəblərin üstün qüvvələrinin mühasirəsinə qalanın davam gətirə bilməyəcəyi Babəkə aydın olanda, o, Afşinlə şəxsi danışığa girdi. Bu danışıqlar zamanı Afşin "Babəkə aman təklif etdi, lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin elə dedi: "Sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə, çayı keç" lakin o uzaqlaşdı"[103].

Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Babəkin elçisinə o dedi: "Babəkə (bunları) söylə: hər başlanğıcın bir axırı var. İnsanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır, on nəfərdən biri də qalmamışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq. Sənin əlində olan mülk səndə qalsın, sən burada qal, mən qayıdıb gedim, xəlifədən sənin üçün bir mülk daha alıb fərman göndərim"[104].

Afşin şəhərə neftsatanlar dəstəsini gətirdi və bunların köməyi ilə şəhər 837-ci il 26 avqustda ərəb qoşunu tərəfindən alındı[105]. Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri üç gün ərzində yandırsınlar. "Bircə ev, bircə qala salamat qalmadı – o, hər birini yandırdı və ya dağıtdı"[105]. Babəkin oğulları və onların ailə üzvləri şəhərdə tutuldular[106][107][108]. Nizam əl-MüIkün verdiyi məlumata görə, Bəzz alınarkən 80 mindən artıq xürrəmi öldürülmüşdü[109].

Bu məğlubiyyətdən sonra 837-ci ildə Babək Sünik hakimi Səhl ibn Sunbatın mülkündə tutularaq Samirə şəhərinə gətirilir və 838-ci ildə həmin şəhərdə edam edilir[110].

Üsyanın sonrakı təsirləri

[redaktə | mənbəni redaktə et]

Xürrəmilər üsyanının darmadağın edilməsi, Babəkin və. onun tərəfdarlarının dəhşətli surətdə edamı heç də o demək deyildi ki, AzərbaycandaXilafətin digər vilayətlərində xalq kütlələrinin hərəkatı yatırılmışdı. Babək üsyanının alovları yenicə söndürülmüşdü ki, 838/9-cu ildə Təbəristanda Karinlər sülaləsindən olan son əmir Məzyərin, ya da Mahyədigə ibn Karin ibn Vanda-Hürmüzün[111] rəhbərliyi ilə üsyan başlandı[112] .

Məzyər kəndlilərə əmr etdi ki, öz feodallarına qarşı üsyan qaldırıb onların malikanələrini yandırsınlar. O, Babəklə yazışır və Xilafətə qarşı onun hərəkətlərini bəyənirdi[113]. Məsudi bildirir ki. Məzyər "Afşinə etiraf etdi ki, o, hər ikisini birləşdirən dini etiqad xatirinə, canlandırmaq istədikləri dualizm və atəşpərəstlik dini xatirinə onu (Babəki) üsyana təhrik edirdi"[114].

Mənbələrdə bildirilir ki, Məzyər ərəblərin hakimiyyətinə və onlara bağlı olan ictimai quruluşa qarşı üsyan qaldıran xürrəmilərdən idi və islam dinini zahirdə qəbul etmişdi, çünki Bəlazurinin dediyinə görə, o, "allahsız və xain" idi[115]. İbn İsfəndiyar bildirir ki, Məzyər Babəki tərifləyib göylərə qaldırırdı[116]. Əl-Bağdadi deyir ki, Məzyər mühəmmirə təriqətindən olan xürrəmi idi[117].

Həmdullah Qəzvini yazır:

"Məzyərin ardıcılları, qırmızı paltar geyir və açıqca Babəkin ehkamlarını qəbul edirdilər"

H.Qəzvini. Tarix-i qozide, I, səh. 320

Üsyandan sonra, Məzyər əmr etdirdi ki, iri mülkədarların torpağı tutulub kəndlilərə paylansın[118] – bu isə xürrəmilərə xas olan əmlak bölgüsü idi[119]

Xəlifə Mötəsim Məzyərin qaldırdığı üsyanın bütün təhlükəsini yalnız Abdullah ibn Tahir Afşinin Məzyərə və Məzyərin Afşinə yazdığı məktubları ələ keçirəndən sonra başa düşdü[120][121]

Məzyər 840-cı ilin avqustunda öz adamlarının satqınlığı üzündən ovda Abdullah ibn Tahir tərəfindən tutuldu. Samarraya gətirildi və burada xəlifə onu istintaq etdi, Lakin ət-Təbərinin dediyinə görə, xəlifə yazışma məsələsini ondan soraşanda, Məzyər heç bir şeyi boynuna almadı. 840-cı il 24 sentyabrda onu Afşin ilə üzləşdirdilər, bu zaman Məzyər etiraf etdi ki, Afşin onu Xilafətə qarşı üsyana təhrik edirdi[122][123][124]. Mötəsim əmr etdi, Məzyəri döyə-döyə öldürsünlər. Ona 450 çubuq vurduqdan sonra Məzyər öldü və Babəkin meyiti yanında dara çəkildi[125][126][127][128].

Xürrəmilər və Babək təliminin göstərdiyi təsirin izi çox sonralar – XV əsrdə də qalmışdı. Ağqoyunlu dövlətinin varlığının son dövründə, Səfəvilər sülaləsi banilərindən biri olan Şeyx Heydərin üsyanı olmuşdu. Tarixçi Fəzlullah ibn Ruzbehxan bu üsyan haqqında belə məlumatverir:

"Həmin 893 (1488)-cü ilin hadisələrindən miskin şeytanın, yəni ərdəbilli Şeyx Heydərin üsyanını göstərmək olar; o qalxmaq istəyirdi, lakin məğlub edildi... O, vaxtının çox hissəsini öz əməliyyatı üçün qılınc və nizə hazırlamağa sərf etdi. Rum, Talış və Qaradağdan (IX əsrdə xürrəmilər hərəkatının vətəni) çoxlu adam onun yanına toplandı və deyirlər ki, onlar şeyxi özlərinə allah [məbud] hesab edir, dua və ümumi namaza fikir verməyib, ona qiblə kimi baxırdılar... Şeyx onların arasında ibahat etiqadını (yəni qadağan edilib haram sayılan əmələ icazə verilməsini) və Babəkin dini qayda-qanunlarını təbliğ edirdi."

V.Minorsky. Persia un AD 1478-1490. An abridged translation of Fadlullah b.Ruzbihan Khunji's "Tarikh-i Alam-arayi Amini" London, 1957, p. 61, 67; O.A.Əfəndiyev. Azərbaycan Səfəvi dövlətinin əmələ gəlməsi, səh. 73."

Xürrəmi-Bizans əlaqələri 

[redaktə | mənbəni redaktə et]

Xürrəmilər hərəkatının tarixşünaslığında ən çox marağa səbəb olan, lakin tarixçilərin bu günədək ən az diqqət yetirdiyi məsələlərdən biri də xürrəmilər hərəkatı rəhbərlərinin Bizansla münasibətləri, Xürrəmi-Bizans əlaqələri və xürrəmilərin Bizansdakı fəaliyyəti məsələləridir. Xüsusən də, xürrəmilər hərəkatının Babək dövrünün sonlarına yaxın qonşu Bizans imperiyasının ərazilərinə köç etmiş xürrəmilər barədə tarix elminə çox az şey məlumdur. Qədim dövrün ərəb və fars qaynaqlarında bu haqda məlumatlar da çox deyil. Avropa tədqiqatçıları tərəfindən xristian Bizansın IX əsrin ilk yarısında yürütdüyü xarici və daxili siyasətin araşdırılması və təhlili kontekstində Xürrəmi-Bizans əlaqələrinə və xürrəmilərin Bizansdakı fəaliyyətlərinə də müəyyən səviyyədə və qismən toxunulmuşdur. Məhz Avropa tarixşünaslığı sayəsində xürrəmilərin bir qisminin 833–840-cı illərdə Bizans imperiyası daxilində yaşaması və fəaliyyəti barədə maraqlı tarix faktlar elmi dövriyyəyə buraxılmışdır.

Hər şeydən öncə bu xüsusa diqqət yetirmək gərəkdir ki, VIII əsrin sonu-IX əsrin əvvəllərində xürrəmilər hərəkatı rəhbərləri ilə Bizans dövlətinin qarşılıqlı münasibətlərinin formalaşmasında hər iki tərəfin ortaq düşməninin bölgədə o dövrdə hakim güc olan Abbasilər xilafəti olması faktorudur. Və Abbasilərə qarşı Azərbaycanda baş qaldırmış xalq-azadlıq hərəkatının məntiqi nəticəsi olaraq bölgədə ortaya çıxmış, qurucusu Babək əl-Xürrəmi olan və xilafətdən heç bir asılılığı olmayan müstəqil Xürrəmilər dövlətinin də qonşu Bizans dövləti ilə diplomatik münasibətləri olmuşdur. Hər iki tərəf arasında uzun illər boyunca rəsmi yazışmalar aparılmış, müəyyən ticarət dövriyyəsi mövcud olmuşdur. Bizans imperiyasının regional xarici siyasətdə xürrəmilər faktorunu özünə tərəfdaş kimi görməsi ilə yanaşı, xürrəmilər hərəkatının öndəri və özünü müstəqil dövlətin hökmdarı kimi görən Babəkin də öz siyasətində Bizansı Abbasilər xilafətini zəiflədə biləcək bir güc mərkəzi kimi görməsini nəzərə almaq lazım gəlir. Abbasi hökmdarı xəlifə Məmunun 833-cü ildə ölməsindən sonra taxta keçən qardaşı xəlifə əl-Mötəsim Billah qısa müddətdə istər xarici və daxili siyasətdə, istər Abbasilər sarayında, istərsə də xilafət ordusunda köklü dəyişikliklər etmiş, həmin vaxt xilafətin şərq torpaqlarına gedən yol üzərində yerləşmiş Həmədan şəhərini əlində saxlayan xürrəmi qoşunlarına qarşı İshaq ibn İbrahimin sərkərdəliyi ilə böyük bir ordu göndərmişdir. Tərəflər arasında 833-cü ilin sonlarında baş verən Həmədan döyüşündə xürrəmilər məğlub olduqdan sonra Cibəl və Həmədan xürrəmilərinin böyük bir hissəsi xilafətin artan təzyiqləri və basqıları altında dinc yaşamağın mümkün olmadığını görərək, şərqi Anadolu və Bizans torpaqlarına kütləvi köç etmişlər. Bu, tarixdə Bizansa ilk xürrəmi köçü kimi qiymətləndirilir. Xəlifə Mötəsimin sərkərdə Afşin Hidr ibn Kavusun başçılığı ilə xürrəmilərə qarşı 835-ci ilin yayında başlatdığı yeni hərbi kompaniya uzandıqca xürrəmi ailələri hissə-hissə şərqi Anadoluya doğru köç etməyə davam etmiş, ən nəhayət, 837-ci il avqustun sonlarında xürrəmilərin paytaxtı olan Bəzz qala-şəhərinin süqutundan və Babəkin satqınlıqla ələ keçirilməsindən sonra, xilafətin zülmü altında yaşamaq istəməyən və ailələrinin təhlükəsizliyini təmin etməyi düşünən xürrəmilərin Bizansa daha bir kütləvi köçü gerçəkləşmişdir. Bu köçlər nəticəsində imperiyanın paytaxtında və şərq hüdudlarında çoxsaylı xürrəmi kütləsi məskun olmuşdur.

Köç etmiş xürrəmilərin Bizans ərazilərində və aralıq bölgə olan şərqi Anadoluda məskunlaşmalarının elmi-dini nöqteyi-nəzərdən təhlili zamanı bu köçlərin əsas səbəblərindən biri kimi tarixin müxtəlif dövrlərində İslam dünyasının gündəmində dayanmış "zalım müsəlman hökmdar yoxsa ədalətli qeyri-müsəlman hökmdar" dilemması qarşısında qalan xürrəmilərin ikinciyə üstünlük vermələrini göstərmək olar. Xürrəmiləri düşmən gözündə görən və xilafət sarayının təsiri altında kitab yazan tarix yazarları öz əsərlərində xürrəmiləri həm də xilafətin nəzarəti altında olan ərazilərdən çıxıb Bizans torpaqlarına pənah apardıqlarına görə "İslamdan çıxmış başıpozuq qüvvə" kimi təqdim etməyə çalışmışlar. Halbuki müsəlman olduqları tarixi qaynaqların bir sıra məlumatlarından aydın görünən[129][130][131] xürrəmilər müsəlmanlar arasında məzhəb ayrıseçkiliyi salan Abbasi sarayının mötəziliyyə inancını qəbul etməyən digər təriqət və cərəyanlara qarşı ifrat repressiv siyasətinin əziyyət və məşəqqətini daim öz üzərlərində hiss etmişlər, bu durumda onların bir hissəsi ailələrinin təhlükəsizliyini təmin etmək məqsədilə, İslamın ümdə prinsipi olan Tövhidin əsas qayəsi kimi Ədl (ədalət) düşüncəsinə (Qurani-Kərimin Ali-İmran surəsi, 21, Ən-Nisa surəsi, 135, Maidə surəsi, 8, Ənam surəsi, 115, Əraf surəsi, 29, Hicr surəsi, 85, Ənbiya surəsi, 47, Səbə surəsi, 26-cı ayələri) uyğun olaraq, hicrət etmək yolunu seçmək məcburiyyətində qalmışlar. Pravoslav Bizansın İslamın kitabına görə əhli-kitab hesab edilməsini və Bizansın şərq hüdudlarında xürrəmilərin çoxlu sayda soydaşlarının yaşamasını nəzərə alaraq qeyd etmək lazımdır ki, bu seçim və düşüncə, göründüyünə görə, Qurani-Kərimin ehkamlarına (Ali-İmran surəsi, 195, Ən-Nisa surəsi, 89, 97–100, Ənfal surəsi, 72–75, Tövbə surəsi, 20, Nəhl surəsi, 41,110, Həcc surəsi, 58, Həşr surəsi, 9-cu ayələrə) uyğun olmuş, hətta məzmun və mahiyyət etibarilə İslam peyğəmbərinin öz təbliğatını qurduğu ilk illərdə bir qism müsəlmanın onun tövsiyəsi ilə xristian Nəcaşinin hökmdarlıq etdiyi Həbəşistana etdikləri hicrətlə tam uyğunluq təşkil etmişdir.

Tarixi qaynaqların məlumatlarından aydın olur ki, xürrəmilərin şərqi Anadoluya və Bizans torpaqlarına ilk kütləvi köçü 833-cü ilin sonlarında-834-cü ilin əvvəllərində baş vermişdir. Bu köçə xürrəmi ordusunun sərkərdələrindən biri, Mohammed Rekayanın fikrincə, o vaxtadək Cibəl xürrəmilərinin öndəri olmuş Nəsir (Nasir) adlı şəxs başçılıq etmişdir.[132] Avropalı alim K.Bosvort bu şəxsi "Nüsayr" kimi qeyd edir.[133] Lakin ilk köçə başçılıq edən şəxs barədə Uilfred Madelunqun fikri fərqlidir, belə ki, o, bu şəxsin ismini "Bars" (Barsis) kimi təqdim edir.[134] Avropa tədqiqatçılarının araşdırmalarına görə, bu köçdə ailələri ilə birlikdə iştirak edən xürrəmi döyüşçülərinin sayı təxminən 15 min nəfər olmuşdur.[135] İslamda təriqət mənsublarının öz şeyxlərinin, piri-mürşidlərinin yaxud öndərlərinin izni olmadan addım atmadığı gerçəyinə əsaslanaraq təxmin etmək olar ki, mənbələrdə adı təriqət kimi qeyd olunan xürrəmiyyənin həmin dövrdə öndəri olan Babək əl-Xürrəmi hər halda öncədən bu köçdən xəbərdar olmuş və mühacirət edənlərə getməyə izin vermişdir. Babəkin özünün ələ keçirilənədək göstərdiyi fəaliyyət, xüsusən də Sünik knyazı Vasakın qızı ilə evlənməsi sayəsində ondan miras qalan Sünik ərazilərində möhkəmlənməyi düşünərək atdığı addımlar onun heç də bəzi ərəb müəlliflərinin iddia etdiyi kimi, Bizans torpaqlarına getmək niyyətində olmadığını və mübarizəsini öz vətənində sonadək davam etdirmək əzmində olduğunu göstərir.

İlk xürrəmi köçünə rəhbərlik etdiyi bildirilən Nəsirin mənşəyi ilə bağlı məlumatı Bizans tarixçisi Kontinuatus Feofanesdən öyrənmək mümkündür, o yazır ki, Nəsir (Nasir) İranın əsilzadə ailələrindən birinin övladı idi.[136] Eyni zamanda, adı çəkilən Bizans müəllifi Nəsirin Bizans təbəəliyini və xristianlığı qəbul etdiyini, Bizans paytaxtında xaç suyuna çəkildiyini, imperator Teofil (hakimiyyət illəri 829–842) tərəfindən ona "Teofob" (yunanca Θεόφοβος – "Allahdan qorxan" deməkdir) isminin və ehtiram əlaməti olaraq patrik ünvanının verildiyini, hətta Nəsirin imperatriçə Teodoranın bacısı ilə evləndiyini də qeyd edir.[137] Bir sıra ensiklopedik qaynaqların məlumatlarında isə Nəsirin (Teofobun) evləndiyi qadının imperatorun xalası İren olduğu və bu nigahdan sonra onun Bizans ordusunun generalı rütbəsini də aldığı bildirilir.[138]

XIX əsr İrland tarixçisi Uilyam Kuki Teylor isə özünün Roma imperiyasının devrilməsinə dair əsərində xürrəmi rəisi Nəsirin (Teofobun) keçmişi ilə bağlı fərqli məlumatlar verir. Onun yazdığına görə, Teofobun atası İran şahlarının nəslindən olub, xəlifələrin təqibindən qurtulmaq üçün Konstantinopola gəlmiş, diqqətdən uzaq olmaq üçün bir karvansarada mehtər işləmiş, kasıblıq içində ölərkən isə bir körpə oğlu qalmışdır. İranlıların hökmdar nəslindən olan bu gənci tapmaq üçün yolladıqları adamlar Xalkedon yaxınlığında bir yerdə anası ilə yaşayan Nəsiri tapmışlar. Onun barəsində imperator Leoya məlumat verildikdə, o, oğlanın əsil-nəsəbinə uyğun olaraq təhsil alması üçün əmr vermişdir. Şahzadə Teofil isə onun tələbə yoldaşı idi, bu səbəbdən taxta keçdikdən sonra o, Nəsirin (Teofobun) yüksək mövqelərə gəlməsini təmin etmiş, öz bacısını ona ərə vermişdir.[139] U.Teylor yazır ki, "xilafətə qarşı üsyan qaldırmış iranlılardan bir dəstə Bizans ərazilərində sığınacaq tapdığı zaman, onlardan ibarət bir qoşun bölüyü yaradılaraq Teofobun ixtiyarına verilmişdir. Onlar irsən şahzadə hesab etdikləri Teofoba dərin bir səmimiyyətlə bağlanmışlar, ölkələrini tərk edib Bizansa gələn bir çox İranlı da Teofobun qoşununa qatılmışdır, nəticədə bir neçə il ərzində Teofobun ordusu 30 min nəfərə çatmışdır".[139] Tarixçi bədii ifadələrlə qəsbkarlara qarşı amansız nifrətin və öz sərkərdələrinə olan böyük inamın bu döyüşçüləri Abbasi ordularının qəniminə və imperiyanın tərkibində olan şərq vilayətlərinin də alovlu müdafiəçilərinə çevirdiyini qeyd edir. Nəsirin keçmişi barədə U.Teylorun digər mənbə müəlliflərinin məlumatları ilə ziddiyyət təşkil edən bu fikirlərində böyük miqyasda həqiqət payı ola bilər və belə olduğu halda təxmin etmək olar ki, Nəsir (Teofob) gənclik illərini Konstantinopolda təhsil almaqla keçirsə də, xürrəmilər hərəkatının Babək dövründə vətəninə qayıtmış, Cibəldə xürrəmi dəstələrinə rəhbərlik etmiş, 833–834-cü illərdə isə digər xürrəmi döyüşçüləri ilə birlikdə Bizans ərazilərinə köç etmişdir. Hər halda, bu ehtimalların nə dərəcədə gerçək olduğunu müəyyənləşdirmək üçün U.Teylorun yanaşmasını ayrıca tədqiq etməyə ehtiyac vardır.

Bu məlumatlardan ümumən aydın olan budur ki, Bizans imperatoru Teofil onun ərazilərinə gəlmiş xürrəmi döyüşçülərinə isti münasibət bəsləmiş, onların ailələri ilə yerləşmələrinə şərait yaratmış, hətta xürrəmilərə bu köçdə rəhbərlik etmiş Nəsiri öz yaxın ailə üzvlərindən biri ilə evləndirmişdir. Amerika tədqiqatçı-alimi Uorren Tredqold Bizans mənbələrinə istinad edərək yazır ki, Nəsirlə birlikdə Bizans ərazilərinə gəlib yerləşmiş xürrəmi döyüşçülərinin bir qismi də xristianlığı qəbul etdilər, bundan sonra Bizans döyüşçülərinin dul qalmış qadınlarının onlara ərə verilməsinə icazə verildi və həmin xürrəmilər Bizans ordusunda xidmətə alındılar.[140] Tədqiqatçı həmçinin haqqında söhbət gedən xürrəmi döyüşçülərindən ibarət təşkil olunmuş xüsusi imtiyaza sahib Bizans qoşun bölmələrinin "İran turması" (Persian turmae) adlandırıldığını da qeyd edir /həmin yerdə/. Digər əsərində də o, imperator Teofilin xürrəmi köçkünlərini qəbul edərək onların Bizans ərazilərində sərbəst yaşamalarına şərait yaratmaqla onların qüvvəsindən istifadə etmək və imperiya daxilində öz gücünü artırmaq məqsədi güddüyünü bildirir.[141] Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, xürrəmilər hərəkatı dövrünü tədqiq etmiş digər qərb tədqiqatçıları Bizansa gəlib yerləşən xürrəmi döyüşçülərinin xristianlığı qəbul etməsi fikrinə o qədər də ciddi əhəmiyyət vermir və belə hal olubsa da, xürrəmilərin sonrakı siyasi fəaliyyəti fonunda bunun sırf sözdə olub, görüntü xarakteri daşıdığını düşünürlər. İngilis tədqiqatçısı Simon B. Cons Bizans ordusunda Nəsirin rəhbərlik etdiyi qoşun bölüyündə otuz minədək atlı döyüşçünün olduğunu qeyd edir.[142]

837-ci ilin avqustunda xürrəmilərin əsas istinadgahı və paytaxtı sayılan Bəzz qala-şəhərinin süqutu və işğalından sonra, sağ qalan xürrəmilərin daha bir hissəsi öz ailələri ilə şərqi Anadolu və Bizans ərazilərinə köç etmişlər, təxmin olunduğu üzrə, bu köçdə əvvəlkinə nisbətən sayca daha çox insan iştirak etmişdir. Hərçənd U.Tredqold bu köçdə təxminən on altı min xürrəmi döyüşçüsünün öz ailələri ilə iştirak etdiklərini bildirir,[140] eyni məzmunda məlumata biz Evangelos Venetisdə də rast gəlirik.[143] Ümumən Avropa tarixçiləri köç etmiş xürrəmi ailələrinin paytaxt Konstantinopolda və imperiyanın digər bölgələrində kompakt şəkildə məskunlaşdıqları qənaətindədirlər.

Xürrəmilərin Bizansdakı fəaliyyətləri haqda da Azərbaycan tarix elmi üçün maraqlı faktlar vardır. Bizans imperatorundan diqqət görən xürrəmilər tezliklə Bizans ordusunun ayrıca bir bölümünü təşkil etmiş, Teofobun rəhbərliyi ilə Abbasilərə qarşı mübarizələrini birlikdə bu yolla davam etdirməyə qərar vermişlər. Məlumdur ki, Bizans imperatoru Teofil (Feofil) 837-ci ilin yayında Abbasilərə qarşı yeni hərbi kompaniyanın başlanmasına qərar vermiş, bu məqsədlə təxminən 70 minlik ordu ilə indiki kiçik Asiyanın mərkəzindən hərəkətə gələrək, cənuba doğru irəliləyib, bəzi qalaları ələ keçirmiş, Fərat çayının mənbəyində yerləşən Zibatra (Zapetra və ya Zosopetra) şəhərini mühasirəyə almışdır. M.Rekaya və C.Rosser qeyd edirlər ki, Teofilin bu yürüşündə Bizansda məskunlaşmış xürrəmilər də iştirak etmiş, aktiv surətdə Bizans ordusu tərəfdən Abbasilərə qarşı döyüş əməliyyatlarına qatılmışlar.[144][145] U.Tredqold imperator Teofilin öz hərbi yürüşlərində Nəsirin rəhbərlik etdiyi xürrəmi dəstələrinə böyük ümidlər bəslədiyini yazır.[146] Tədqiqatçılar xürrəmi döyüşçülərinin 838-ci il ərzində də Bizans ordusunun tərkibində Abbasilərə qarşı keçirilən hərbi əməliyyatlarda fəal iştirak etdiklərini bildirir. C.Rosser qeyd edir ki, Nəsirin (Teofobun) rəhbərliyi altında xürrəmi döyüşçüləri Bizans imperiyası və Abbasilər xilafətinin orduları arasında 21–22 iyul 838-ci il tarixində baş vermiş Əncan (Anzen) döyüşündə də vuruşmuşlar. İmperatorun 40 minə yaxın qoşunla şəxsən iştirak etdiyi bu döyüşdə hərbi üstünlük Bizansın tərəfində olsa da, Abbasi sərkərdəsi Afşin Hidr ibn Kavusun orta Asiya türklərindən ibarət atlı oxatanlarının gözlənilməz hücumu nəticəsində Bizans ordusu məğlubiyyətə uğramışdır. O, qeyd edir ki, xürrəmilərin rəhbəri Nəsir (Teofob) məhz bu döyüşdə Bizans imperatoru Teofilin həyatını qurtarmış və onun sağ-salamat geri çəkilməsini təmin etmişdir.[147] Bu faktı Evangelos Venetis də özünün "Xürrəmilər Bizansda" adlı araşdırmasında təsdiqləyir.[148] U.Tredqold baş sərkərdə Manuelin (Manvelin) və Nəsirin (Teofobun) ərəb qoşunlarına gecə hücum etmək təklifindən imperatorun imtina etdiyini yazır.[149] Əncan döyüşünün gedişini təhlil edən Simon B.Cons da qeyd edir ki, bu döyüşdən öncə sərkərdə Nəsir (Teofob) imperatora qəfil gecə hücumu ilə savaşa başlamağı təklif etsə də, imperator bunu öz şəninə sığışdırmadığı üçün qəbul etməmişdir, üstəlik, döyüş zamanı Nəsirin (Teofobun) rəhbərliyi altında Bizans ordusu sağ cinahda xeyli irəliləyərək uğur qazanmağa yaxın olduğu vaxt imperator Teofil əks cinahı möhkəmləndirmək və qələbəni tamamlamaq məqsədilə sağ cinahda olan qüvvələrin böyük bir hissəsini meydanın sol tərəfinə çəkib aparmış, nəticədə sağ cinah zəifləyərək Afşinin oxatanlarının əks-hücumuna məruz qalmışdır.[142] Tədqiqatçı Bizans ordusunun baş sərkərdəsi Manuelin (Manvelin) xürrəmi döyüşçülərinə etibar etməmək barədə çağırışlarına aldanan imperator Teofilin nəticə etibarilə döyüş meydanında təcrid olunduğunu bildirir, onun yaxınlıqdakı təpəyə sığındığını, Afşinin oraya yönəltdiyi qüvvələrdən özünün bir bölük əsgəri ilə müdafiə olunmağa çalışdığını, Nəsirin (Teofobun) də sağ qalan qüvvələrlə onun köməyinə gəldiyini, güclü yağış başlanması və gecənin düşməsindən yararlanaraq öz döyüşçülərinə düşməndə çaşqınlıq yaratmaq üçün təbillərlə səs-küy salıb ucadan mahnı oxumağı əmr etdiyini və qarşı tərəfin geri çəkilməsindən istifadə edərək imperator Teofili həmin mövqedən uzaqlaşdırdığını qeyd edir.[150]

Digər Bizans sərkərdəsi Manuelin xürrəmi döyüşçülərinə etibar etməməsinin səbəbinə gəlincə, bu barədə fikir yürütmək çətindir, bununla yanaşı, irland tarixçisi U.K.Teylorun əsərində maraqlı bir məqam diqqəti cəlb edir, belə ki, U.K.Teylor öz kitabında Bizans ordusunun sərkərdəsi Manvelin əslən erməni olduğunu və daim imperatorun gözünə girməyə çalışdığını yazır.[151] Erməni mənbələrində bir qayda olaraq xürrəmilərin və onların öndəri Babəkin pisləndiyini, eləcə də, Babəkin öz hökmranlığı dövründə Göyçə gölü həndəvərində toplaşan erməni-hay silahlı dəstələrini darmadağın etməsini nəzərə alsaq, haqqında söhbət gedən Bizans sərkərdəsinin xürrəmiləri gözdən salmaq cəhdlərinin səbəbini təxmin etmək olar.

Əncan döyüşündən sonra imperatorun ən yaxın və sadiq adamlarından birinə çevrilən Nəsir (Teofob) tədricən Bizans sarayında böyük nüfuz sahibi olan ciddi siyasi fiqurlardan biri kimi qəbul olunmağa başlamışdır. Əlbəttə, bu durum sarayda olan bir sıra qüvvələri narahat etməyə bilməzdi. Onların gözündə Nəsir (Teofob) imperatorun yaxın ailə üzvü ilə evli olması səbəbindən də Bizans taxt-tacına real təhlükə kimi görülməkdə idi. 842-ci yaxud bəzi tədqiqatçılara görə 840-cı ildə imperator Teofil xəstələndiyi zaman, paytaxt Konstantinopol və ətraf nahiyələrdə onun öldüyü barədə şaiyələr yayılmağa başlayır. Bu durumda Sinopda (indiki Türkiyənin şimalında, Qara dəniz sahilində yerləşir) bir yerə toplaşan mühacir xürrəmilər üsyan qaldırır və Nəsiri (Teofobu) yeni imperator elan etməyə cəhd göstərirlər. C.Rosser bu üsyanın əslində Nəsirə qarşı köklənmiş saray əyanlarının işi olduğu, Nəsirlə hər hansı bir əlaqəsinin olmadığı və onun istəyindən kənar baş verdiyi qənaətindədir.[147] Tədqiqatçı Simon B. Cons isə Sinopdakı xürrəmi üsyanının Əncan döyüşündən dərhal sonra baş verdiyini, həmin savaşdan sağ çıxan xürrəmi döyüşçülərinin onları "döyüşdə tək qoyan imperatora qəzəblənərək" Sinopa doğru hərəkət etdiklərini və burda üsyan bayrağı qaldırıb Teofobu imperator elan etdiklərini yazır və əslində Əncan döyüşündə Bizans ordusunun baş sərkərdəsi Manuelin xürrəmi qüvvələrinə etibar etməmək barədə söylədiyi fikrin doğru olduğunu iddia edir.[150] Hər halda, Nəsir (Teofob) heç də onun xeyrinə olmayan bu vəziyyətdə tədbirli addım ataraq imperatorun yanına gedib ona öz sədaqətini bildirmiş, bundan sonra üsyan Bizans ordusu tərəfindən yatırılmışdır.[140] Müqavimət göstərib təslim olmaq istəməyən xürrəmilər öldürüldükdən sonra isə, sağ qalan xürrəmi döyüşçüləri bir daha bir yerdə toplanmasınlar deyə, onları hər biri iki min nəfərdən ibarət dəstələrə ayırmış və pərən-pərən salınaraq Bizans imperiyasının müxtəlif ərazilərində yerləşən qoşun bölmələrinə göndərmişlər.[140][142]

Bu hadisələr zamanı, göründüyünə görə, Bizansdakı xürrəmilərin rəhbəri Teofob hər halda saraydakı nüfuzunu və mövqelərini qoruyub saxlaya bilmişdir. Hətta U.Tredqoldun fikrincə, Abbasilərlə aparılan danışıqlar zamanı öz sərkərdəsi Basillə xəlifəyə çoxlu sayda qızıl və qiymətli hədiyyələr göndərən imperator Teofil Abbasi hökmdarının əsirliyində olan sərkərdəsi Etiusun geri verilməsi müqabilində əsir saxlanılan ərəb döyüşçülərinin azad olunacağı vədini vermiş, xəlifə Mötəsimin elçiləri isə Abbasi xəlifəsinin Teofildən Bizans sərkərdələri Manuelin və Nəsirin xəlifəyə təhvil verilməsini tələb etdiyini bildirmişlər, həmin vaxt Nəsir (Teofob) Bizans sarayında olduğuna baxmayaraq, Bizans tərəfi Manuelin artıq öldüyünü, Nəsirin (Teofobun) isə üsyan qaldırdığını və Teofilə tabe olmadığını söyləməklə bu tələbi dolayısı ilə rədd etmişlər.[152] Nəticə etibarilə imperator Teofilin Nəsiri hətta əsir sərkərdə Etiusun həyatı bahasına xəlifəyə təhvil verməyib qoruması onun Teofoba hələ də inandığının sübutu sayıla bilər. Xəlifə Mötəsim isə, göründüyünə görə, tərəflər arasında baş tutmayan bu sövdələşmənin yekununda göndərilən hədiyyələri Basil vasitəsilə geri qaytarmış, ardınca isə əsir Bizans sərkərdəsi Etiusu edam etdirmişdir.[152]

Yeri gəlmişkən, U.K.Teylor öz əsərində xəlifənin nə üçün danışıqlarda Bizans tərəfindən Manuelin də onlara təhvil verilməsini tələb etməsinə aydınlıq gətirir, o qeyd edir ki, imperator Teofilin gözündən düşən Manuel Bizansdan qaçaraq xəlifənin yanına getmiş, ondan yüksək iltifat və hörmət görmüş, hətta xəlifədən əsir Bizans döyüşçülərindən ibarət qoşun yaradılıb, öz ixtiyarına verilməsini xahiş etmiş, bu qoşunla Xorasan üsyançılarının müqavimətini qıracağını söyləmişdi. Xəlifənin razılığını aldıqdan sonra Manuel həmin qoşunla Xorasan bölgəsindəki üsyanı yatırmış, buna görə xəlifədən böyük mükafat və imtiyazlar əldə etmişdi. Lakin imperator Teofil məktubla Manuelə yüksək mənsəb müqabilində Bizansa geri qayıtmağı təklif etdikdən sonra Manuel bu dəfə xəlifə Mötəsimə xəyanət edərək (U.Teylor xristian təəssübkeşliyindən çıxış edərək bunu "vətən sevgisi" kimi qələmə verir) Bizans sarayına dönmüş, imperator tərəfindən Bizans ordularının baş sərkərdəsi təyin olunmuşdu.[153]

Lakin Bizans qaynaqlarının yazdığına görə, Nəsir (Teofob) ilə imperatorun isti münasibətləri uzun sürməmişdir. 841-ci ilin sonlarında imperator Teofilin vəziyyəti daha da ağırlaşdıqda və o, bu xəstəlikdən ayağa qalxmayacağını başa düşdükdə imperatriçə Teodoranın qardaşı Petronasa taxta iddialı ola biləcək Nəsiri aradan götürməyi tapşırmışdır. Petronas tərəfindən Nəsirə (Teofoba) sarayda sui-qəsd təşkil olunmuş və o, öldürülərək başı xəstə imperatora göstərilmişdir. Avropa tədqiqatçıları, o cümlədən, U.Tredqold və E.Venetis Nəsirin öldürülməsinin əsas səbəbi kimi imperator Teofilin taxta çıxacaq övladının qalmadığını, buna görə də imperatriçənin qardaşı Petronasın oğlu III Mixailin taxta çıxarılmasının öncədən planlaşdırıldığını öz araşdırmalarında qeyd edirlər,[148][154][155] hərçənd yunan tarixçiləri 2 yaşında ikən taxta çıxarılan III Mixaili məhz imperator Teofilin kiçik oğlu kimi təqdim etməyə çalışırlar. Bizans imperatoru Teofilin 842-ci il yanvar ayının 20-də 28 yaşında öldüyünü nəzərə alsaq, Nəsirin (Teofobun) sarayda sui-qəsdlə öldürülməsi hadisəsinin təxminən 841-ci ilin sonu – 842-ci ilin əvvəlində baş verdiyini söyləmək mümkündür. U.Tredqold Bizans qaynaqlarına istinadən, Nəsirin (Teofobun) 842-ci il yanvar ayının əvvəlində öldürüldüyünü bildirir[156] və ərəb mənbələrinin Nəsirin 841-ci ildə edam olunması barədə məlumatlarında yanlışlığın olduğunu yazır.[157] Simon B.Cons XI əsr yunan tarixçisi İohan Skilitzesə istinadən qeyd edir ki, Nəsirin (Teofobun) kəsik başı ölüm yatağında olan imperator Teofilin önünə qoyularkən, imperator başı əlində tutaraq ağlamış və "artıq nə sən Teofobsan (Allahdan qorxan), nə də mən Teofil (Allahın dostu)" demişdir.[142] U.K.Teylor da Teofobun qətlinə fərman verdiyinə görə imperatorun sonradan böyük sarsıntı keçirdiyini, peşman olduğunu və ölüm ayağında özünü suçlayıb, tövbə etməyə çalışdığını qeyd edir.[158]

Xürrəmilərin Bizansdakı fəaliyyətləri, Bizans sarayının onlara yönəlik siyasəti və baş verən hadisələrlə bağlı yunan tədqiqatçısı Denetrios Letsiosun "Teofil və onun "xürrəmi" siyasəti: bəzi təhlillər" adlı yazısında da oxşar məlumatlara rast gəlinir.[159]

Xürrəmiliyin şərqi Anadolu və kiçik Asiyanın digər bölgələrində yaşayan ələvi toplumuna təsiri məsələsi də tarix elmində bu günədək öz həllini tapmamış problemlərdən biri kimi qalmaqdadır. Məlumdur ki, bu gün ələvilik inancında olan insanların mütləq əksəriyyəti istər etnik soykökü, istərsə də dini inanc və əqidə baxımından Azərbaycan türklüyü ilə üzvi surətdə bağlıdır. Ələviliyin Anadoludakı tarixi ilə bağlı ədəbiyyatlardan aydın olur ki, VIII–X əsrlərdə şərqi Anadoluda və kiçik Asiyanın digər bölgələrində çoxlu sayda ələvi kütləsi yaşamışdır. Şərti olaraq "mədrəsə İslamı" kimi qeyd edə biləcəyimiz ortodoksal İslamdan fərqli olaraq, "xalq İslamına" mənsub olan ələvi toplumu İslamda peyğəmbərin əhli-beytinə mənsub olan üsul və qaydalara əsaslanan bir cəmiyyət kimi, xürrəmiliyin dini-məzhəbi dünyagörüşlərinə olduqca yaxındır. Xürrəmilik və ələviliyin yaşam tərzi normalarının və nəzəri-ideya əsaslarının müqayisəli təhlili göstərir ki, bir çox batini məzmunlu təriqətlər kimi, xürrəmiliyin nəzəri-ideya əsaslarında diqqəti cəlb edən tənasüx (ruhların qayıdışı), ricət (imamın qayıdışı), hülul, təcəlla və digər mühüm məqamlar ələvi toplumunda da eyni dərəcədə ciddi qəbul edilməkdədir. Xürrəmi toplumunda da, eynilə ələvilərdə olduğu kimi, qadınlı-kişili ayini-cəm rituallarının təşkil olunduğu, bu mərasimlərdə müxtəlif musiqi alətləri ilə zikrlərin edildiyi, həmçinin, xürrəmi və ələvi toplumlarında qadınların hüquqlarına eyni dərəcədə hörmət və ehtiram bəsləndiyi məlumdur. Bu mənada şərqi Anadoluda və vaxtilə Bizans imperiyasının əraziləri olmuş digər kiçik Asiya bölgələrində VIII–IX əsrlərdə xürrəmiliklə ələviliyin tarixi təmaslarının olması ehtimalları üzərində tarix elmində ciddi araşdırmaların aparılmasına ehtiyac vardır. 

Xürrəmilər və erməni-haylar

[redaktə | mənbəni redaktə et]

Xürrəmilər hərəkatı və onun öndəri Babək Xürrəminin fəaliyyəti ilə bağlı tədqiqatlarda diqqətdən kənarda qalmış məsələlərdən biri də xürrəmilər hərəkatının geniş vüsət aldığı dövrlərdə erməni-hayların bölgədə gedən siyasi proseslərdə tutduqları mövqe və xürrəmilərin onlara qarşı atdıqları addımlardır. Xürrəmilər hərəkatının Babək dövründə (816–838-ci illər ərzində) erməni-hayların bölgədəki fəaliyyəti və tutduqları mövqe barədə həm ərəb mənbələrində, həm fars mənşəli tarix yazarlarının kitablarında, həm də erməni tarix yazarlarının öz əsərlərində maraqlı məlumatlara rast gəlinir. Bunlar arasında erməni-hayların xürrəmilər hərəkatı və onun öndəri Babək Xürrəmiyə olan mövqeyini dəqiq müəyyən etmək üçün daha çox məhz erməni yazarlarının əsərlərindəki faktlara nəzər salmaq məntiqəuyğun olardı. Əvvəla, ona görə ki, erməni-hay tarix yazarları öz əsərlərində bir qayda olaraq öz etnik maraqlarından çıxış edərək baş verən hadisələrə qiymət verməyə çalışmışlar və onların tutduqları mövqe bir qayda olaraq erməni-hay elitasının mövqeyi ilə üst-üstə düşmüşdür. Digər səbəb isə ondan ibarətdir ki, Abbasilər xilafətinə qarşı alovlanmış xürrəmilər hərəkatı dövründə xilafət sarayının birbaşa dəstəyini əldə edən erməni-hay faktoru əsasən pərdə arxasında və diqqət çəkmədən fəaliyyət göstərməyə daha çox çalışmışdır. Ermənilərin xürrəmilərə və Babəkə qarşı olan fəaliyyətini araşdırmaq üçün ilk növbədə onların ərəb xilafəti ilə olan münasibətlərinə nəzər salmaq və bunun kökünə və qarşılıqlı maraqlara diqqət yetirmək lazım gəlir.

İslam xilafətində erməni-haylara loyal münasibətin kökləri xəlifə Osmanın hakimiyyəti illərində Dəməşq (Şam) valisi olan Müaviyə ibn Əbu Süfyana gedib çıxır. Başqa sözlə ifadə etsək, Sasanilərin çöküşünü kənardan seyr edən erməni-hay din xadimləri və feodalları xilafət daxilindəki qüvvələr nisbətini nəzərə alaraq hakimiyyətdə tədricən söz sahibi olan gələcək Əməvilər sülaləsinin banisi Müaviyə ilə uzunmüddətli münasibətlər formalaşdırmağa nail oldular,[160] hətta onu bir sıra doğu Anadolu və qərbi Azərbaycan torpaqlarının guya onların vətəni olmasına belə inandıra bildilər.[161] Bununla qalmayan erməni-haylar Alban kilsəsi barədə dəfələrlə xəlifəyə və onun Dəməşqdəki valisinə böhtan və iftiralarla dolu məktublar yazmış, nəticədə xəlifədə və onun valisində Alban kilsəsinə qarşı soyuq münasibət yaratmağa nail olmuşlar. Bəzi mənbələrə görə, xəlifə Osman (Sebeosa görə isə, o vaxt Dəməşq valisi olan gələcək Əməvi hökmdarı Müaviyə ibn Əbu Süfyan) 654-cü ildə Ərməniyyə, Albaniya (Alpan eli), İberiya, Sünik və Qafqaz dağlarından Dərbəndə qədər olan ərazilərə milliyyətcə erməni (hay) olan feodal Teodor Rştunini məlik təyin etmişdi.[162] Bizans imperatoru II Konstans da eyni ərazilərə Albaniya hökmdarı Cavanşiri böyük knyaz təyin etdi.[163] Elə təxminən həmin dövrlərdən başlayaraq xilafət taxtında mövcud olan hakim sülalə mənsubları Qafqaz və doğu Anadolu yaylasında erməni-haylara özlərinə sadiq bir təbəə kimi baxmağa başlamış, onları hər cür hərbi və digər köməklə təmin etmiş,[164] türk soylu isəvi albanların taleyinə isə biganə və laqeyd yanaşmışdır.

Erməni-hayların Qafqazdakı isəvi Alban kilsəsinə qarşı əməlləri və onlar əleyhinə zaman-zaman xəlifələrə məkrli niyyətlə məktublar ünvanlamaları barədə mənbə məlumatları mövcuddur. Tarixçi-alim Nailə Vəlixanlı qeyd edir ki, 699-cu ildə alban katolikosu Nersesin alban knyazı I Varaz Tiridatın arvadı Sparama ilə əlbir fəaliyyətinin albanları gücləndirəcəyindən əndişələnən erməni-hay katolikosu İlya Əməvi xəlifəsi Əbdülməlikə məktub yazıb alban katolikosunun fəaliyyətini Bizansa satılmaq kimi qiymətləndirir. "Bizansın cənubi Qafqazda nüfuzunu sarsıdan hər bir addımı razılıqla qarşılayan xəlifə Əbdülməlik öz cavab məktubunda İlyaya Nersesi və onun tərəfdarlarını cəzalandırmaq əmrini verir. Nəticədə ərəblərin siyasi-hərbi qüdrətinə arxalanan erməni katolikosu İlya xilafətin köməkliyi ilə Albaniyanın və ümumiyyətlə Azərbaycanın sonrakı taleyində həyati əhəmiyyətə malik mühüm bir addım atır – alban kilsəsinin erməni katolikosuna tabe olmasına nail olur."[165] Tarixçi-alimimizin bu məlumatına Moisey Kaqankatvatsinin "Aqvan tarixi" əsərində daha geniş formada rast gəlinir.[166]

İstər Moisey Kalankatvatsinin, istər keşiş Vardapet Vardanın, istərsə də Yegişenin əsərlərində Babəkin ismi "Bab" yaxud "Baban" kimi qeyd olunmuşdur.[167][168] V.Abazanın "Ermənistan tarixi" əsərində də Babəkin adı "Baban" şəklində çəkilmişdir /13, səh.70/. Səid Nəfisi yazır ki, erməni mənbələri "Babəkin adını bəzən Bab ya Baban, bəzən də Babək şəklində yazmışlar."[169] Məsələn, 1270-ci ilində ölmüş erməni tarixçisi, keşiş Vardapet Vardanın yazmış olduğu "Ümumi tarix" adlı kitabda 826-cı il hadisələrinə dair belə bir fikir vardır: "Bu günlərdə Bağtatdan (Bağdaddan) çıxmış Bab adlı bir nəfər iranlı ismail irqinə (ərəb mənşəlilər nəzərdə tutulur) mənsub olanların bir çoxunu qılıncdan keçirib bir parasını da əsir tutub apardı. O, özünü Cavidan, yəni ölməz hesab edirdi."[169][170] Rusiya İmperator Akademiyasının üzvü, prof. Kerop Patkanyan VIII əsrin erməni-hay tarix yazarı vardapet Gevondun "Xəlifələr tarixi" əsərinin ruscaya tərcümə olunmuş nəşr variantına (1862) yazdığı izahlarda Babəkin ismini "Baber-al Horremi" şəklində qeyd edir və onun "məşhur təriqət rəhbəri" (izvestnıy sektonaçalnik) olduğunu yazır.[171]

Ermənilərin xürrəmilər hərəkatına və onun öndəri Babəkə olan mövqeyi ilə bağlı danışarkən ilk öncə bunu qeyd etmək yerinə düşər ki, demək olar ki, bütün erməni-hay yazarları, eynilə ərəb və fars mənşəli tarix yazarları kimi, öz əsərlərində Babək və xürrəmiləri pisləyir, onlara mənfi münasibət bəslədiklərini bir sıra kobud ifadələrlə göstərirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, Babək 22 ildən artıq tarixi Azərbaycan ərazilərinə nəzarət edən bir hakim qismində indiki Ermənistan ərazilərində erməni-hayların hər cür fəaliyyətinə əngəl olmuş, onlara qarşı cəbhə açmış və ordusu ilə savaşaraq onlara çoxsaylı zərbələr vurmuşdur.

Mənbə məlumatlarından aydın olur ki, xürrəmilər hərəkatı zamanı Abbasi ordularının Azərbaycan ərazilərini xilafətin nəzarətinə qaytarmaq məqsədilə bu torpaqlara ardıcıl yürüşlərinin səngidiyi bir vaxtda, daha konkret desək, xilafət sərkərdəsi Əhməd ibn Cüneyd İskafi 824–825-ci illərdə Babəkə məğlub olub əsir düşdükdən sonra – 826–828-ci illərdə Babək fürsət taparaq diqqətini Arazın quzeyində olan torpaqlara yönəltmiş, burda qayda-qanunu bərpa etmiş, qurduğu dövlət qurumunun qanunlarına zidd üsyan və digər fəaliyyətlərin qarşısını almaqla yanaşı, qərbi Azərbaycan torpaqlarında bir araya gəlib güc mərkəzinə çevrilməyə çalışan erməni-hayların planlarını puça çıxararaq onlara öldürücü zərbələr endirmişdir. Uzun müddət tarix elmində diqqətdən kənarda qalmış bu hadisələrin təhlilini apararkən bir faktı nəzərə almaq lazımdır ki, həmin dövrdə quzey Azərbaycan torpaqlarında çoxsaylı müsəlman əhali ilə yanaşı, Qafqaz bölgəsindəki xristian və isəvi əhalini öz təsirinə almaq istəyən qriqorian kilsəsinin məkrli əməllərinə boyun əyməyən isəvi Albanlar (alpan) da var idi. Və isəvi Alban feodalları Babəki Azərbaycan torpaqlarında hakimi-mütləq kimi qəbul edərək onunla birlikdə fəaliyyət göstərmişlər.

Moisey Kalankatvatsinin (Musa Kalankaytuklunun) "Alban ölkəsinin tarixi" adlı əsərində bu hadisələr aşağıdakı kimi təsvir olunmuşdur: "Həmin ildə (827-ci il nəzərdə tutulur) Sünik hökmdarı Vasak öldü. Baban Sünik hökmdarı Vasakın qızını özünə arvad aldı. Bundan sonra Baqk vilayəti Babanın təqsiri üzündən hakimiyyətsiz qaldı. İrandan səfərə çıxan Baban, ölkəni alıb viran etdi, Baqkın qadın və uşaqlarını qılıncdan keçirtdi. Sonrakı ildə Baban Geqarkunik vilayətinə (təxminən Göyçə gölünün qərbindəki ərazilərə ermənilərin verdiyi addır) gəldi, 15 minədək əhalini qılıncdan keçirtdi, böyük Makenos monastrını yandırdı. [Burada] ancaq bir dəyirmandan başqa heç bir şey qalmadı".[172][173][174] Digər erməni-hay tarix yazarı Mxitar Ayrivanetsi də özünün "Xronoqrafik tarix" adlı əsərində eyni hadisəni "Baban müqəddəs Makenatsi qardaşlığını yandırdı" deyə qeyd edir. Ümumiyyətlə, Moisey Kalankatvatsinin əsərində Babək "dinsiz", "ölüm saçan", "qaniçən", "yırtıcı" kimi təsvir olunur, onu aldadıb xəlifənin sərkərdəsinə təslim etmiş Səhl Sumbat isə təriflənir və mədh olunur.[175][176][177]

Daha bir tarixi mənbədə haqqında danışılan hadisələr bu cür təsvir olunub:

"Müsəlman sərkərdəsi Mruvan Sünik üstünə gedir. İranlı Baban bu ölkənin hökmdarı Vasakın kürəkəni olur, Makenik monastırını yandırır, Geqarkuni vilayətini, habelə Baqasakanı qarət edir" /Stepannos Orbelian, Sünik tarixi, XXXIII fəsil, səh. 95–97/. "Mruvan" isminin Mərvan adlı sərkərdə olması başa düşülür, "Baban" ismi isə, az öncə qeyd etdiyimiz kimi, Bizans və erməni-hay mənbələrində Babək isminin başqa şəklidir. Bu iki mənbənin məlumatlarında Babəkin Sünik vilayətinə sahib olması göstərilir. Stepannos Orbelianın bu qeydləri Z.Bünyadovda aşağıdakı şəkildə əks olunub: "Balasakan vilayətinin əhalisi Babana tabe olmaqdan boyun qaçırtdılar, buna görə də o, albanlı Ablasadın (Əbül Əsəd) köməyi ilə vilayəti rəhmsizcəsinə talayıb viran etdi, hətta qadın və məsum uşaqları qırdı".[178]

Qeyd olunan bu məlumatlar onu söyləməyə əsas verir ki, Sünik knyazı Vasakın qızı ilə evləndikdən və Vasak öldükdən sonra Babək bu ərazilərin erməni-hayların nəzarətinə keçməsinə imkan verməmək üçün Göyçə gölü və Çuxursədd torpaqlarına qoşun çəkmiş, mənbələrdə "əhali" kimi qeyd olunan 15 minlik erməni-hay qoşun dəstələrini darmadağın etmiş, o zaman Makenos (Makenasos) yaxud Makenik adıyla bilinən monastırı yandırıb külünü göyə sovurmuşdur. Hərçənd Stefanus Orbelian öz xronologiyasında 827-ci ildə Sünik knyazı Vasakın Babəkə qarşı vuruşmaq üçün xəlifədən xeyir-dua alıb qoşun hazırladığını, lakin yola düşmədən öldüyünü qeyd edir, ancaq bu məlumat inandırıcı gəlmir, çünki həmin dövrdə Babəkin qoşunlarının sayı yüz minlərlə ölçülürdü və təkcə 833-cü ildə Həmədan yaxınlığında xilafət sərkərdəsi İshaq ibn İbrahimin ordusu ilə Babəkin özünün iştirak etmədiyi qeyri-bərabər döyüşdə 60 mindən artıq xürrəmi həlak olmuşdu.[179] N.Vəlixanlı qeyd edir ki, "ərəb mənbələrinin məlumatına görə, Azərbaycanın cənubunda və Deyləmdə xürrəmilərin sayı 300 min nəfərə çatırdı".[180] Bu qədər çoxsaylı qüvvəsi olan bir sərkərdəyə qarşı Sünik kimi kiçik bir vilayətin hakiminin güclü qoşunla çıxış etməsi qeyri-mümkün idi. Olsun ki, qüvvələr nisbətini gözəl anlayıb-bilən Sünik knyazı Babəklə dostluğu daha uyğun görmüş və qızını ona ərə vermişdir. Eyni zamanda, IX əsrin əvvəlində ermənilərin Gegarkunik vilayəti adlandırdığı Göyçə gölü civarında erməni-hayların yaşadığını sübut edən dəlillərin olmaması mənbə məlumatlarında Babəkin guya on beş minədək əhalini qırması barədə yazılanları şübhə altına alır. Təxmin etmək olar ki, həmin torpaqların nəzarətdən kənarda qaldığı bir şəraitdə erməni-haylar həmin yaylaq ərazilərinə nəzarəti əllərinə keçirmək istəmiş, lakin Babək vaxtında addım ataraq ələ keçirilmiş qədim Alban monastırında (nəzərə almaq lazımdır ki, erməni-hayların dini inancında monastır yox, məhz qriqorian kilsə sistemi olmuşdur) toplaşan erməni-hay din xadimlərinin planlarını gözündə qoymuşdur. Və bəzi tədqiqatçıların guya Vasakın erməni-hay olması barədə fərziyyəsi də bu fonda əhəmiyyətini itirir, burda quzey Azərbaycan ərazilərində, o cümlədən də, indiki qərbi Azərbaycanın ərazilərini əhatə edən Sünik knyazlığındakı xristian (isəvi) alban feodallarından söhbət gedə bilər ki, bunu da tarixçilərimiz Z.Bünyadov, N.Vəlixanlı və digərləri hələ sovet dövründə yazdıqları əsərlərində müxtəlif formalarda dəfələrlə qeyd etmişlər.

Stefanus Orbelianın yazdığına görə, təxminən 828-ci ilin əvvəllərində Babək Geğarkuniyə (Göyçə gölü civarına) gedərək Makenik din xadimlərinin əmlakını qarət etmiş, onların imarətlərinə od vurmuşdur. Babək təhlükəsinin yaxınlaşdığını duyan erməni-hay din xadimləri iki dəstəyə bölünərək bölgəni tərk edib aradan çıxmışlar.[181]

Babəkin erməni-haylarla bağlı fəaliyyəti bu söylədiklərimizlə məhdudlaşmır. Tarixi mənbələrin məlumatlarından bilirik ki, təxminən 827–828-ci illərdə Babək quzey Azərbaycanın bir sıra yerli feodallarının, o cümlədən Beyləqan hakimi olan Əbu Musa Yesainin (erməni mənbələrində İstifanus və ya İsa ibn İstifanus) xahişi ilə onlara kömək etmiş, Balasakanın xristian əhalisinin və pavlikianların üsyanını sərt bir şəkildə yatırmışdır.[182] Babək qoşunları tərəfindən məğlub edildikdən sonra üsyançı pavlikianlar pərən-pərən düşüb dağılışmış, mənbələrin məlumatlarına görə, onların böyük bir qismi Bizans ölkəsinə qaçmışdır.

Pavlikianların kimliyi barədə araşdırmalar ənənəvi fərziyyələrdən fərqli bir baxış bucağını ortaya çıxarır. Babək hərəkatı dönəmində güclənmiş bu təriqət hətta bir sıra Arran knyazlarını özləri ilə hesablaşmağa məcbur etmişdilər. Məsudinin əsərində onların adları "bəyaliqə" (baylakani) kimi çəkilir. Pavlikianların dini inancı barədə Z.Bünyadovun gəldiyi nəticə bu olmuşdur ki, bu təriqət Albaniyaya aid olsa da, xristianlıqla atəşpərəstlik arasında orta mövqe tutmuşdur.[183] Türkiyəli alim Osman Turan bildirir ki, "Gerçekten Mani dini Bizans Anadolusunda Pavlakiler (Arapça cemi’ şekli ile Bayalıka, fransızca Pauliciens), Balkanlarda Bogomil’ler, Dalmaçya sahillerinde Kathar’lar ve cenubi Fransa’da Albigeois’lar adı ile meydana çıkarak cihan-şümül bir din olmağa başladı".[184] Digər Türkiyəli alim, dr.Harun Güngör isə "Orta Asya’da Mani dininin yayılması ve Türk kültürüne etkisi" adlı araşdırmasında Mani dininin ermənilər arasında Pavlikian məzhəbi adı altında öz varlığını sürdürməsini qeyd edir.[185]

Moisey Kaqankatvatsinin "Aqvan tarixi" əsərində Babəkin 828–833-cü illər ərzində erməni-haylara və onlara məxsus xristian təriqətlərinə qarşı mübarizəsinə geniş yer verilmişdir. Bu barədə sözügedən əsərdə, yuxarıda qeyd etdiklərimizlə yanaşı, Babəkin Makenatsi monastırını yandırmasından sonra baş vermiş hadisələr barədə aşağıdakı maraqlı məlumatlar da vardır: "Bu hadisə erməni təqviminin 276-cı ilində (828-ci ildə) baş vermişdi. İki ildən sonra Baban Tavusini talan etdi və təxminən 150 min nəfəri ordan qovdu. Növbəti ildə Baban Getanın oğlu İbrahimi (güman ki, bu ad İbrahim ibn Əta olmalıdır) məğlub etdi. Elə həmin il dostluq və sülh bəhanəsi ilə, Davon və Şapur Balakanlıları məğlub edən Babanı ora dəvət etmiş Ablasad (Əbül Əsəd) adıyla tanınan İstifanı xəyanət yolu ilə öldürdülər, və Bertsor vilayətini və Uryaç, Karnakaş, Qakari (Həkəri çayı vadisi ola bilər), Tafat adlı yerləri viran qoyub boşaltdılar. Onlar yenə də Babana qarşı qəzəblənib döyüşlə müqavimət göstərərək Horoz qalasında möhkəmləndilər və 12 il ərzində Verin Vaykunik, Bertsor, Sisakan, Qaband, Amaras, Pazkani, Mxank və Triqavar vilayətlərini əllərində saxladılar. Bundan sonra yaxınlaşan qüvvələr Ablasadın qatillərini ələ keçirərək işgəncə ilə öldürdülər, və Ablasadın əmisi oğlu, sülhpərvər bir adam olan, Əbu Musa kimi tanınan Yesai bu vilayətləri ələ keçirərək hər kəsin üzərində hakim oldu. Elə həmin il İranlı Baban Araz çayını keçib Amaras vilayətinə yürüş etdi, oranın əhalisi ilə sülh dilində danışıb onları öz hakimiyyəti altına almaq istədi. Çoxları müəyyən müddətə inanıb ona tabe oldular, ancaq sonradan aldandıqlarını görüb hiddətləndilər. Baban Rüstəm adlı birisini orda qoşun sərkərdəsi kimi qoyaraq ordan İrana Atrpatakana qayıtdı və ona tapşırdı ki, qaladakılarla savaşmasın, onları sülh yolu ilə tabe olmağa cəlb etsin. Ancaq Rüstəm Babanın əmrinə laqeyd yanaşıb qalada möhkəmlənmişlərlə müharibəyə başladı…".[186]

Babəkin 830-cu ildə yürüş edərək aldığı Tavusin adlı yer, heç şübhəsiz ki, bizim indiki Tovuz rayonu yox, Göyçə gölünün şimalındakı bölgələr ola bilər (xatırladaq ki, indiki Ermənistan Respublikasının həmin ərazilərində də hazırda Tavuş adlı inzibati rayon mövcuddur). Mənbə məlumatlarından demək olar ki, erməni-haylar xilafətlə savaşların qızışdığı həmin dövrdə fürsəti əldən vermədən Göyçə ətrafı vilayətləri ələ keçirməyə və bu torpaqlarda olan alban kilsəsinin mirasına yiyələnməyə çalışmış, onların niyyətini anlayan Babəksə yerli feodalların da birbaşa dəstəyi və xahişi ilə bölgəyə qoşun yeridərək erməni-hayların çoxsaylı qüvvələrini məğlub edib həmin bölgələrdən çıxartmış, bu torpaqları özünün rəhbərlik etdiyi faktik dövlət qurumunun tərkibinə qatmışdır. Beyləqan hakimi və mənbələrdə K.tiş adlanan qalanın sahibi olan yerli alban feodalı Əbu Musa Yesai də həmin ərazilər üzrə çox güman ki, Babək tərəfindən vali (vilayət hakimi) təyin edilmişdir. Bundan sonra 831–832-ci illərdə Babək erməni-hayların qalıqlarını sıxışdırıb bölgədən tam çıxarmaq məqsədilə onların cəmləşdiyi Amaras vilayətinə də qoşunla yürüş etmişdir.

Sovet tarixşünaslığında hakim partiyanın maraqlarından irəli gələrək belə bir müddəa ortaya atılmışdır ki, guya bölgədəki erməni-haylar xürrəmilərin ərəb xilafətinə qarşı üsyanına əvvəldən axıra kimi hərtərəfli dəstək vermişdilər. Əslində isə həmin dövrlərdə Dvin istisna olmaqla, indiki Azərbaycan Respublikası və Ermənistan ərazilərini əhatə edən tarixi Azərbaycan torpaqlarında erməni-haylar hələ kompakt yaşamırdı və yalnız isəvi Alban (Alpan) əhalisinin tolerantlığı sayəsində quzey Azərbaycanın müxtəlif şəhərlərinə səpələnmiş halda idilər. Beyləqan, Bərdə kimi şəhərlərdə isə xristianlığın təsir dairəsindən istifadə edərək, onların müxtəlif dini sektalar formasında fəaliyyət göstərmələri ehtimalı istisna olunmur, yuxarıda gətirilən sitatlardan bu deyilənlər anlaşılır. Bundan əlavə, erməni-haylar nəinki xilafətə qarşı mübarizədə xürrəmilərə hər hansı formada yardım etməmiş, əksinə, xürrəmilərə qarşı Abbasi xəlifələrinin göndərdiyi ordulara hərtərəfli dəstək vermişlər. Akad. Z.Bünyadov bununla bağlı erməni tədqiqatçısı Y.A.Manandyana və V.A.Abazaya istinadən 835–837-ci illərdə Babək üsyanının yatırılmasında erməni-hay naxararlarının (erməni-hay yerli feodalları) da öz qoşunları ilə xilafət ordusu tərəfdən iştirak etdiklərini qeyd edir.[187]

Xürrəmilər hərəkatı dönəminin tarixinin tədqiqi zamanı təhrifə uğramış daha bir məsələ Babəki Afşinin adamlarına təhvil vermiş feodal Səhl Sumbatın etnik-milli mənsubiyyəti məsələsidir. Bununla əlaqədar olaraq uzun illər boyu ənənəvi sovet tarixşünaslığında belə bir fikir formalaşdırılmışdır ki, Şəki qalasının sahibi olan feodal Səhl Sumbat erməni-hay mənşəli olmuşdur. Bu fikrin formalaşmasında bir qayda olaraq Moisey Kaqankatvatsinin bu günümüzə erməni-hay və rus dillərində gəlib-çatmış "Aqvan tarixi" əsərində Səhl Sumbatın müsbət qəhrəman kimi təsvir edilməsi faktı,[188] bir də bəzi ərəb mənbələrində onun "erməni" olduğu barədə qeydlər əsas olaraq götürülmüşdür.

Bu haqda ilk öncə onu qeyd etmək lazımdır ki, mənbələrin bir çoxunda bu tarixi surət Səhl ibn Sumbat yaxud Səhl Smbat kimi qeyd olunur. Pers yazarı Xondəmir onun ata adını "Sunbad" kimi qeyd edir,[189] Məhəmməd Üfvi də "Cəvami əl-hekayət və ləvami-ər-rəvayət" əsərində həmin adı "Sunbat" olaraq yazır, İbn Xəldunun "Kitab əl-ibər" əsərində isə bu adamın adı "Səhl ibn Sabat" kimi yazılıb.[190] Baxmayaraq ki, mənbələrə istinad olunarsa, bu şəxsin ismini Səhl ibn Sumbat kimi yazmağa daha çox əsas var, hər halda, onun ata adının "Sunbad" kimi qeyd olunması daha ağlabatan görünür, çünki Sunbad ismi həmin dövrdə müəyyən qədər yayılmış bir isim olmaqla yanaşı, xürrəmilərlə eyni mövqedən çıxış etmiş Sunbadilərin rəhbərinin adında da rastımıza çıxır. Muhəmməd Əbdülkərim əş-Şəhristani İsfahanda xürrəmilər adlanan qüvvənin Reydə Sünbadilər adlandığını yazır və hər iki qüvvəni eyniləşdirir.[191] Təbəri də "Tərix ər-rüsul və-l-müluk" əsərində yazır ki, "Səhl Babəkin köməkçilərindən olub onun məsləkini qəbul etmişdi".[192]

Mütəhhər ibn Tahir Müqəddəsi "Kitabül-əl-bəd və-t-tarix" əsərində[193], Məsudi "Müruc-əz-zəhəb" əsərində[194], həmçinin, İbn Vazeh Yəqubi[195] Səhl ibn Sumbatı erməni olaraq qeyd etmişlər. Fransız şərqşünas alim Clement Huart da bunların əsasında "Encyclopedie de L’Islam"da Səhlin erməni olduğunu yazır[196]. Xondəmir "Həbib-əs-siyar fi əxbari əfrad-əl-bəşər" əsərində Səhlin erməni olduğunu yazsa da, digər əsəri olan "Xülasət-əl-əxbar fi bəyani əhval-il-əxyar" kitabında belə bir ziddiyyətli məlumatı verir: "O nahiyələrdə bir qala vardı. Rum əhalisindən Səhl ibn Sumbat adlı bir şəxs oranın hökumət işlərini idarə edirdi"[197].

Səhl ibn Sumbatın etnik-milli kimliyi ilə bağlı ən maraqlı və həqiqətəuyğun hesab edilə biləcək məlumatlardan birinə Moisey Kalankaytuklunun "Alban tarixi" əsərində rast gəlmək olur, belə ki, mənbə müəllifi həmin adamı "çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat" adlandırır,[198] bir yerdə də onu vəsf edərək "Albaniyanın qədimdən bəri sahibi olan Arranşahlardan olan biri" kimi təqdim edir.[199] Qeyd edək ki, erməni-hay tarix mənbələrində Arran adlı insan "Nuh oğlu Yafətin törəmələrindən Sisak nəslinə mənsub" biri kimi qeyd olunur və bu bölgədəki Arran toponimi onun ismi ilə əlaqələndirilir.[200][201] Yafətin türklərin əcdadı olması tarix elminə çoxdan məlumdur. Akad.Z.Bünyadov apardığı araşdırma nəticəsində "Səhl ibn Sumbatın Alban şahlarının nəsli hesab olunan Zermirxakanlar nəslindən olduğunu" bildirir,[202] daha bir yerdə də onu "alban knyazı Səhl ibn Sumbat" adlandırır.[203] N.Vəlixanlı da eynilə bu fikri dəstəkləyir, sadəcə Səhlin mənsub olduğu nəslin adını "Zermirh" şəklində qeyd edir[204]. Digər alimimiz S.Əliyarlı da həmçinin mənbələr əsasında "Səhl ibn Sumbatın alban padşah sülaləsindən olan Zarmirxin nəslindən olduğunu" yazır.[205][206] Z.Bünyadov həmçinin Zermirh deyilən adamın Mehranilər sülaləsinin banisi Mehranın nəvəsi igid Vardanın qızlarından birinin əri kimi qeyd edir.[207]

Səhl ibn Sumbatın etnik mənsubiyyətinə görə erməni (hay) olmamasını təxmin etməyə əsas verən daha bir faktı Səid Nəfisi öz əsərində qeyd edir: "Baxmayaraq ki, Sumbat Babəki tutub Əfşinə təhvil vermişdi, Əfşin Sumbatdan bərk incimişdi. O da bundan ibarət idi ki, Sumbat onun hərəmağasını müxtəlif hədiyyələrlə aldadaraq öz tərəfinə çəkmiş və o da Əfşinin ixtiyarında olan bütün əsir qadınları qaçırdaraq Sumbata çatdırmışdı. Buna görə də Əfşin bəzi ermənilərin xahişi ilə onu öldürmək istəyirdi, lakin arzusuna çata bilməyib öldü".[208] Burdan bilmək olur ki, erməni-haylar, heç də öz mənbələrinin qeyd etdiyi kimi, Səhli dəstəkləmirdi, əksinə, onların bir hissəsi xilafət ordusunun komandanından xahiş etmişdilər ki, Səhl ibn Sumbatı tutub öldürsün.

Səhl ibn Sumbatın xristian (isəvi) olması isə dəqiqdir. Bu haqda Məhəmməd Üvfi yuxarıda adını çəkdiyimiz əsərində, eləcə də, İbn-İmad Hənbəli "Şəzərat-əz-zəhəb fi əxbari min zəhəb" əsərində, Şəmsəddin Əbu Abdullah Zəhəbi "Düvəl-əl-İslam" əsərində, Mirxond Bəlxi "Rövzət-əs-səfa" əsərində, Abdullah ibn Əsəd Yafei "Mirat-əl-cünan və ibrət-əl-yəqzan" əsərində[209] və bir çox başqa tarix yazarları qeydlər ediblər. Səid Nəfisi Səhlin patrik (petrik) kimi bəzi mənbələrdə qeyd olunmasını araşdıraraq bu nəticəyə gəlir ki, Səhl Babəki tutdurduqdan sonra xəlifə Mötəsimin xeyir-duası ilə patrik olub.[210] Səhlin dini inancının öncədən nə olduğunu müəyyən etmək çətindir, çünki onun xristian olması barədə mənbələrdə ümumən məlumatlar çoxdur. Onun etnik kimliyi ilə bağlı söylənilən faktlar bu fikri bildirməyə imkan verir ki, Səhl ibn Sumbat isəvilik dinində qalmağı münasib bilən Qarabağ albanlarından olub, əks təqdirdə erməni-haylara qarşı cəbhə açmış Babək kimi ayıq-sayıq bir sərkərdə heç bir zaman erməni-haylardan olan bir qala sahibinə etibar etməzdi. Üstəlik, daha bir incə məqama diqqəti cəlb etməkdə fayda vardır. Belə ki, yazının əvvəlində erməni-hayların bir qayda olaraq Əməvi və Abbasi xəlifələrindən mədət umduqlarını və Bizansın çökməsindən sonra xəlifələrin ətəyindən bərk yapışdqlarını bir sıra mənbə məlumatları əsasında qeyd etmişdik. Onlardan fərqli olaraq, Səhl ibn Sumbat konkret olaraq hələ 821–822-ci ildə Mehranilərin son nümayəndəsi II Varaz Trdat öldürüldüyü zaman Abbasi xəlifəsinin bölgəyə göndərdiyi qoşuna qarşı çıxış etmiş, xəlifənin ordusunu məğlub edərək onların əldə keçirdikləri çoxsaylı əsirləri azad etmişdi.[199] Bu hadisəni Təbəri də öz əsərində qeyd edir.[211] Z.Bünyadov bu hadisəni xatırladaraq bildirir ki, "gördüyümüz kimi, Səhl hələ müttəfiqi Babək məğlub edilməzdən əvvəl özü qüdrət sahibi olmuş, Arranı ələ keçirmişdi, hərçənd ki, Dovsett qeyd etdiyi kimi, bu faktı 837-ci ildə "xəlifə bilə-bilə etinasız buraxmışdı"".[212] Buna bənzər daha bir maraqlı məlumata Səhl ibn Sumbat barəsində İbn-Vazeh Yəqubidə rast gəlinir: "Afşin Azərbaycana gəldikdə Ərməniyyəyə vali Məhəmməd ibn Süleyman əl-Azdi əs-Səmərqəndini təyin edir. O, (ölkəyə) gəldikdə Ərranda Səhl ibn Snbat üsyan qaldrmışdı. Məhəmməd buranı (Arranı) alır və onun ölkəsinə daxil olur. Lakin Səhl ona hücum çəkir və onu qaçmağa vadar edir. Bu vaxt Varsanda Məhəmməd ibn Übeydullah əl-Varsani üsyan qaldırır".[213] Nəticə etibarilə, digər alban feodalları kimi, Abbasi xəlifəsi tərəfindən öldürtdürülən Səhl ibn Sumbatın mübarizəsinin mahiyyətinə bu yazı daxilində toxunmaq istəmədiyimizə görə bu haqda danışmırıq.

Xürrəmilər və məzdəkilər

[redaktə | mənbəni redaktə et]

Abbasilərin qələbəsinə gətirib çıxaran 747-750-ci illər Əbu Müslim üsyanı müxtəlif dinlərə etiqad edən, lakin eyni məqsədə – Əməvi üsul-idarəsini devirməyə xidmət edənləri birləşdirmişdi; üsyançılar arasında müxtəlif şiəsünni təriqətlərinə mənsub müsəlmanlar, eləcə də atəşpərəstlik ideyalarını təbliğ edən məzdəkilər və başqaları da vardı. Bütün bu qüvvələrdən istifadə edən Abbasilər hakimiyyətə gəldikdən sonra öz əvvəlki havadarlarından yaxa qurtarmağa çalışdılar. Yeni sülalə ilə əvvəlkində ciddi bir fərq görməyən, eləcə də heç bir imtiyaz qazanmayan sıravi üsyançıların səbir kasası Əbu Müslimin qətli ilə son həddini aşdı. Əməvilərə qarşı siyrilmiş qılıncın ağzı Abbasilərə tərəf çevrildi. Beləliklə, hakim sülalə ilə mübarizə səhnəsinə etiqadları ayrı da olsa, məqsədləri yaxın olan təriqətlər atıldılar. Elə buna görə də müsəlman müəllifləri ideya baxımından yaxınlaşmış bu təriqətləri sadəcə olaraq bir-birinə qarışdırır, onları gah xürrəmi, gah məzdəki adlandırır, ifrat şiə təriqətlərinə aid edirdilər[214].

İbn ən-Nədim (X əsr) xürrəmiləri atəşpərəst müxəmmirilərə – məzdəkilərə və müsəlman babəkilərə ayırır. Əl-Bağdadi də islamaqədərki xürrəmiləri məzdəkilər, islam dövrü xürrəmilərini isə xürrəmdinilər adlandıraraq, sonuncuların ümumi adları müxəmmirə olan babəkilərə və məzyərilərə ayrıldıqlarını bildirir[215].

Əş – Şəhrəstani ifrat şiəçi kimi xarakterizə etdiyi, eyni ehkamlara riayət edən bu təriqətçilərin İsfahanda xürrəmilər və kuzilər, Reydə məzdəkilər və sunbadilər, Azərbaycanda bir yerdə dakulilər, başqa yerdə müxəmmirilər, Mavarannəhrdə mübayyidilər kimi tanındıqlarını bildirir. İslam dövrü məzdəkilərinin tarixi ilə xüsusi məşğul olmuş İ. P. Petruşevskinin fikrincə, burada söhbət yaxın ideologiyası və sosial proqramı olan qohum təriqətlər qrupundan gedir; buna görə də eyni təriqətlərin bəzən xürrəmi, bəzən məzdəki hesab edilməsi heç də təəccüb doğurmur. Onun rəyinə görə, burada erkən məzdəkilik inamları ilə "ifrat" şiə ideyalarının birləşməsindən yaranmış ümumi məzdəki-xürrəmi tipli təriqətlərdən danışmaq olar.

Qeyd edilməlidir ki, xürrəmiləri və xürrəmdiniləri ifrat şiə təriqətləri kimi qiymətləndirən müsəlman filosofları içərisində bu təriqətlərin ardıcıllarını "ifrat" şiə baxışlarına çox yaxın olan "batinilər" – ismaililər təriqətinə aid edənlər də vardı. XI əsrdə yaşamış məşhur filosof imam Əbu Hamid əl – Ğəzalı batinilərin səkkiz ləqəbləri sırasında ismaililər və qarmatlarla yanaşı, xürrəmiləri, babəkiləri, müxəmmiriləri də sadalayır. Elə oradaca batiniliyin mənası da açılır: "Quranda və hədislərdə bütün aşkar görünənlərin gizli (batini) mənası var; zahirdə olan yalnız simvoldur, gizlində qalan isə həqiqətə işarədir; gizlini dərk edənin üzərindən dini borclar götürülür."[216]

Xürrəmilər və pavlikanlar

[redaktə | mənbəni redaktə et]

Babək üsyanın gedişində, o dövrdə Azərbaycanda, eləcə də qonşu bölgələrdə geniş yayılmış Pavlikanlar hərəkatının iştirakçılarından da istifadə etmək istəyir. Lakin pavlikanlar Babəkə tabe olmaq istəmirlər. Z. M. Bünyadov Alban ölkəsinin tarixinə istinadən yazır ki, "beyləqanlılar və ya pavlikianlar Babəkin hökmdarlığına tabe olmadılar, ya da ola bilər, öz üzərlərinə qoyulan bacın ağırlığına tab gətirməyib, 826-cı ildə Babəkin əleyhinə üsyan qaldırdılar. Albaniya knyazı Stepannos Ablasad Babəki Arrana çağırdı, o da Beyləqan vilayətinə girib üsyanı yatırtdı[217][218]

Lakin beyləqanlılar 830-cu ildən bir az əvvəl, yenidən üsyan qaldırıb, Bercor vilayətinə hücum etdilər. Ureas, Karnakaş, Həkəri və Tapat kəndlərini tutdular. Stepannos Ablasad təkrar Babəkə müraciət edib kömək istədi, xürrəmilər də gəlib üsyançıları darmadağın etdilər. 830/1-ci ildə beyləqanlıların rəhbərləri olan Davon və Şapux Babəkin müttəfıqi knyaz Ablasadı öldürdülər. Beyləqanlılar üçüncü dəfə üsyan qaldırdılar və bir mənbədə göstərildiyinə görə, Qoroz qalasında möhkəmləndilər[219]. Üsyançılar Arranın aşağıdakı vilayətlərini bir il ərzində öz əllərində saxladılar: Yuxarı Vaykunik, Bercor, Sisakan (və Kotak), (Mivs) Haband, Amaras, Pazkank, Artsakda Mxank və Utidə Tri vilayətləri[55].

Öldürülən Ablasadın yerinə onun bacısı oğlu Yesai Əbu Musa Beyləqan vilayətinin hökmdarı oldu. O, Babəkin qoşunlarını köməyə çağırdı və onların yardımı ilə "həmin vilayətləri ələ keçirdi və hamıya hökmranlıq etdi"[220]. Yesai Əbu Musanın adamları knyaz Ablasadın qatilləri Davon və Şapuxu yaxalayıb əzabla öldürdülər. Mənbədən göründüyünə görə, Qoroz qalası üsyan etmiş beyləqanlıların əlində qalmışdı. Babəkin ordusu bu qalanı almaq üçün Arazdan keçib Amaras vilayətində düşərgə saldı. Qalanın alınmaz olduğunu və üsyançıların qətiyyətini görən Babək, üsyanı yatırtmaq üçün əvvəlcə işlətdiyi fürsətdən fərqli olaraq, üsyançıları təslim olmaq üçün dilə tutmağa başladı. "O, sülhdən danışmağa başlayıb çalışırdı ki, onları öz hakimiyyətinə tabe etsin. Bir çoxları bir müddət üçün tövbə edib ona tabe oldular, lakin sonradan aldadılmış olduğunu görərək yenidən qiyam qaldırdılar"[220].

Babək şəhərin təslim olmasına müvəffəq olmadığından öz paytaxtına qayıtdı, qalanın yanında isə öz sərkərdələrindən Rostomu qoyub "ona əmr etdi ki, qaladakılarla vuruşmasın, onları xoşluqla itaətə cəlb etsin. Lakin Rostom Babəkin tapşırığına fikir verməyib, qalada möhkəm yer tutanlarla müharibə etməyə başladı. O zaman qalanın kişiləri İsanın gücünə pənah gətirərək, xaç və müqəddəslərin qurumuş sümüklərini qabaqlarında tutaraq Babəkin ordusunu məğlubiyyətə uğratdılar"[221]. Görünür, Babək Arran vilayətlərində qan tökülməsini davam etdirmək istəmirdi, çünki o öz arxasını təmin etmək fikrində idi[218].

Məhz buna görə o "sülhdən danışmağa başlamışdı". Yəqin məhz bu zaman Səhl ibn SunbatYesai Əbu Musa ilə Babək arasında əlaqə pozuldu. Nəticədə Babək Arran vilayətlərində öz keçmiş müttəfiqləri içərisindəki dayağını və atlı qoşununun istifadə etdiyi gözəl qışlaqları itirdi. S.T.Yeremyan öz məqalələrindən birində yazır ki, zadəganların Babəkə qarşı münasibətinin dəyişilməsində başlıca rolu "SünikArtsak kəndlilərinin narazılığı oynamışdır, çünki onlar Babəki ərzaqla və birinci növbədə taxıl ilə təchiz etməli idilər. Kəndlilərin ehtiyatı qurtaranda, Babək taxılı feodallardan zorla aldı. Ermənilərdən və erməniləşmiş albanlardan ibarət iri zadəganlar Babəkin hərəkətlərindən qəzəblənərək ona qarşı üsyan qaldırdılar... Babəkin arxasında gedən bu mübarizələr nəticəsində onun qüvvəsi zəiflədi ki, bu da 837-ci ildə ərəblərin onu qəti məğlub etməsinə imkan verdi"[222].

Z. M. Bübyadov ki, erməni knyazları arasında Babəkin müttəfiqi yox idi. Onun müttəfiqləri ancaq Sünik, Artsak, Şəki , Beyləqan və digər vilayətlərin hakimləri olan alban knyazları idi. A.M.Utmazyan göstərir ki, bu knyazlar "Babəkin hərəkatında öz sinfi mənafeləri üçün ictimai təhlükə görüb Babəklə əlaqəni kəsir, "günahkar Babəkə" daha tabe olmur, onun "qanunlarını və əmrlərini" yerinə yetirmirlər"[223].

  1. 1 2 Azərbaycan tarixi. 2. Bakı: Elm. 2007.
  2. Əl-Məsudi, Muruc, VII, səh. 62
  3. Sitat səhvi: Yanlış <ref> teqi; b adlı istinad üçün mətn göstərilməyib
  4. Ziya Bunyadov. Azərbaycan VII - IX əsrlərdə (PDF). Bakı. 2007.
  5. B.M.Tirmizi. Zoroastrians and their fıre femples in Iran and adjoining countries from the 9-th to the 14-th centuries as gleaned from Arabic geografical Works, c. XXIII, № 4b 1950, p. 273
  6. İbn Təqriberdi. Ən-Nucmi əz-zahirə, səh. 577
  7. S. Əliyarlı – Azərbaycan tarixinə dair qaynaqlar, Bakı, 2006
  8. 1 2 Ət-Təbəri, III, səh. 1015
  9. əl-Məsudi. Muruc, VII, səh. 130
  10. İbn əl-Əsir, VI, səh. 121.
  11. П.К.Жузе. папак и папакизм, стр. 209-210.
  12. Məsudi. Muruc, VII, səh. 130
  13. Bağdadi, səh. 252
  14. Е.А.Беляев. Мусульманское сектанство, стр. 21
  15. З.И.Ямпольский. Восстание Бабека, стр. 14.
  16. Əd-Dinəvəri,səh.397
  17. Abu Dulaf. Mis'ar ibn Muhalhil's travels in Iran, p. 6.
  18. Fihrist, I, səh. 343
  19. 1 2 3 Ət-Təbəri, III, səh. 1171
  20. Əbu Dulaf səh. 37
  21. Əl-Məsudi, II, səh. 235, 247
  22. Əl-Biruni, səh. 36
  23. Mütəhhər əl-Müqəddəsi, səh. 115
  24. Əl-Fihrist, səh.480
  25. Mütəhhər əl-Müqəddəsi, səh. 115-116
  26. İbn əl-İbri. Əl-Müxtəsər ət-tarix əd-düvəl, əl-Qahirə, 1353 h., səh. 240
  27. 1 2 Əl-Məsudi. Muruc, səh. 123
  28. 1 2 Əl-Məsudi. Tənbeh, səh. 306
  29. 1 2 İbn əl-İbri, səh. 241
  30. Əl-Bağdadi, səh. 252
  31. Əl – Bağdadi, səh. 263
  32. Əl-Bağdadi, səh. 268
  33. əl-Bəlazuri, səh. 331
  34. əl-Yaqut, V. səh. 822.
  35. Əl-Bağdadi, səh. 368
  36. İbn Cövzi, V, səh. 111
  37. 1 2 Ət-Təbəri, III, səh. 1173-1174
  38. Ət-Təbəri, III, səh. 1039
  39. İbn əl-Əsir, VI, səh. 130
  40. İbn Təqriberdi, I, səh. 458
  41. Əl-Yəqubi, II, səh. 563
  42. Əl Yəqubi, II, səh. 564
  43. Ət-Təbəri, III, səh. 1072, 1233
  44. İbn əl-Əsir, VI, səh. 143
  45. 1 2 Əl-Yəqubi, II, səh. 565
  46. İbn Təqriberdi, I, səh. 628
  47. Ət-Təbəri, III, səh. 1099
  48. İbn əl-Əsir, VI, səh. 150
  49. 1 2 Siyasətnamə, səh. 225.
  50. ət-Təbəri, III, səh. 1101
  51. İbn Miskəveyh, VII, səh. 463
  52. Siyasətnamə, səh. 225
  53. İbn Xallikan, I, səh. 365
  54. Vardan, səh. 101
  55. 1 2 История Агван, стр. 268, 215
  56. V.Minorsky. Caucasica, IV. p. 509, n.4.
  57. Ət-Təbəri, III, 1072
  58. İbn əl-Əsir VI, səh. 143,176
  59. История Агван, 268/215
  60. Ət-Təbəri, III, səh. 1102
  61. əl-Yəqubi, II, səh. 565
  62. İbn əl-Əsir, VI, səh. 152.
  63. Ət-Təbəri, III, səh. 1105, 1107-1109
  64. İbn əl Əsir VI, səh. 155
  65. Əd-Dinəvəri, səh. 397
  66. Ibn əl-Ibri, səh. 240
  67. Ət-Təbəri, III, səh. 1164.
  68. Ət-Təbəri, III, səh. 1165.
  69. M.Siriyets, səh. 531.
  70. İbn əl-İbri, səh. 155
  71. Ф.Успенский. Очерки по истории Византийской образованности. Спб., 1892, səh. 59
  72. А.Васильев. Византия и арабы при императоре Феофиле, стр. 385-386.
  73. 1 2 İbn əl-Əsir, VI, səh. 164
  74. Ət-Təbəri, III, səh. 1229
  75. İbn Xordadbeh, VI, səh. 19
  76. Əbd əl-Əziz əd-Duri. Əl-Əsr əl-Abbasiy əl-əvvəl, səh. 237
  77. 1 2 Əz-Zəhəbi, səh. 384
  78. Ət-Təbəri, III, səh. 1232-1233
  79. əl-Müqəddəsi. Kitab əl-bəd, səh. 117
  80. İbn əl-Əsir, VI, səh. 176
  81. İbn əl-Əsir, IV, səh. 164
  82. 1 2 Ət-Təbəri, III, səh. 1174
  83. əl-Uyun və-l-hədaiq bi-əxbar əl-həqaiq, səh. 38-39
  84. Əl-Müqəddəsi. Kitab əl-bəd, səh. 117
  85. Ət-Təbəri, III, səh. 1179
  86. İbn əl-Əsir, VI, səh. 165
  87. əl-Məkin səh. 141
  88. Ət-Təbəri, III, səh. 1178-1179
  89. Ət-Təbəri, III, səh. 1187-1188
  90. İbn əl-Əsir, VI, səh. 167.
  91. Ət-Təbəri, III, səh. 1 188-1 193
  92. İbn əl-Əsir, VI, səh. 167-168
  93. Tarix əs- Salihi, vər. 56
  94. Ət-Təbəri, III, səh. 1193-1194
  95. İbn el-Əsir, VI, səh. 168
  96. M.Şemseddin Günaltay. Abbas ogullari imperatorlugunun.., s. 1199-2000
  97. Ət-Təbəri, III, səh. 1195
  98. İbn əl-Əsir, VI, səh. 169
  99. Ət-Təbəri, III, səh. 1201
  100. Ət-Təbəri,III, səh. 1207, 1209-1210
  101. Əl-Bağdadi. Kitab əl-fərq, səh. 251, 268, 269
  102. İbn İsfəndiyar, səh. 155
  103. 1 2 Əl-Yəqubi, II, səh. 578
  104. Siyasətnamə, səh. 226
  105. 1 2 Ət-Təbəri, III, səh. 1197
  106. əz-Zəhəbi, səh. 384
  107. Yaqut İrşad, I, səh. 361-364
  108. Siyasətnamə, səh. 228
  109. Siyasətnamə, səh. 227
  110. Ət-Təbəri, III. Səh. 1229
  111. Nemətov. səh. 65, 143
  112. Əl-Bəlazuri, seh. 347.
  113. Ət-Təbəri. III, səh. 1269
  114. Əl-Məsudi, IV, səh. 16.
  115. Əl-Bəlazuri, səh. 347
  116. V.Minorsky. Mazjar, EI, III, p. 436
  117. Əl-Bağdadi, əl-Fərq, səh. 252
  118. Əl-Uyun və-l-hədaiq bi əxbar əl-həğaiq, 1849, səh. 50
  119. Z. Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007
  120. Ət-Təbəri, III, səh. 1296, 1298
  121. əl-Uyun və-l-hədaiq, səh. 59-60
  122. Ət-Təbəri, III, səh. 1303, 1311-1312
  123. İbn Miskəveyh, VII, səh. 516
  124. Ibn əl-Əsir, VI, səh. 362-363.
  125. Ət-Təbəri, III, səh. 1298
  126. əz-Zəhəbi, səh. 105
  127. əl-Uyun və-1-hədaiq bi əxbar əl-həğaiq, səh. 59-60
  128. Mucməl ət-təvarix və-l-qisas, səh. 357-358.
  129.  Abdülkahir el-Bağdadi, "Mezhepler arasındaki farklar" (El-Fark Beynel-Fırak), Ankara, Türkiye Diyanet Vakfı Yayınları, 2005, s. 206–207
  130. Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi və redaktor: Süleyman Əliyarlı), Bakı, "Çıraq", 2007, s. 134
  131. Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, s. 15, 21, 62, 132
  132. Rekaya, M., "Mise au point sur Théophobe et l’alliance de Bābek avec Théophile (233–234/839–840)," Byzantion 44, 1977, p. 47
  133. Bosworth, C.E., Azerbaijan IV. Islamic History to 1941 / Encyclopaedia Iranica / Ed. by Yarshater E., vol 3, fasc. 2–3, London, New-York: Routledge & Kegan Paul, 1987, pp. 224–231
  134. Madelung, Wilferd Ferdinand, "Khurramiyya", Encyclopaedia of Islam, New Edition, vol. 5, 2nd ed., Leiden: E.J.Brill, 1986, p. 64
  135. Letsios, Denetrios, "Theophilos and his ‘Khurramite’ Policy: Some Reconsiderations", Graeco-Arabica, vol. 9–10, 2004, Athens, p. 249
  136. Theophanes Continuatus, "Chronographia", ed. I. Bekker, Corpus Scriptorum Historiae Byzantinae, Bonn, 1838, pp. 111–112
  137. Theophanes Continuatus, "Chronographia", ed. I. Bekker, Corpus Scriptorum Historiae Byzantinae, Bonn, 1838, p. 112
  138. "Arxivlənmiş surət". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.
  139. 1 2 3 4 Treadgold, Warren T., "A History of Byzantine State and Society", California, Stanford University Press, 1997, 1019 p.
  140. Treadgold, Warren T., "The Byzantine Revival: 780–842", Stanford, 1988, p. 283
  141. 1 2 3 4 "When Theophilus met Theophobos". 2022-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.
  142. "Venetis, Evangelos, "Korramis in Byzantium" / Encyclopaedia Iranica Online". 2012-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.
  143. Rekaya, M., "Mise au point sur Théophobe et l’alliance de Bābek avec Théophile (233–234/839–840)," Byzantion 44, 1977, p. 64
  144. Rosser, J., "Theophilus' Khurramite Policy and its Finale: The Revolt of Theophobus' Persian Troops in 838", Byzantina 6, 1974, pp. 267–268
  145. Treadgold, Warren T., "The Byzantine Revival: 780–842", Stanford, 1988, p. 298
  146. 1 2 Rosser, J., "Theophilus' Khurramite Policy and its Finale: The Revolt of Theophobus' Persian Troops in 838", Byzantina 6, 1974, p. 269
  147. 1 2 Venetis, Evangelos, "Korramis in Byzantium" / Encyclopaedia Iranica Online
  148. Treadgold, Warren T., "The Byzantine Revival: 780–842", Stanford, 1988, p. 300
  149. 1 2 "Arxivlənmiş surət". 2022-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.
  150. Taylor, William Cookie, The history of the overthrow of the Roman Empire and the foundation of the principal European states, London, printed for Whittaker & Co, Ave Maria Lane, 1836, p. 253
  151. 1 2 Treadgold, Warren T., "The Byzantine Revival: 780–842", Stanford, 1988, p. 304
  152. Taylor, William Cookie, The history of the overthrow of the Roman Empire and the foundation of the principal European states, London, printed for Whittaker & Co, Ave Maria Lane, 1836, p. 254
  153. Treadgold, Warren T., "A History of Byzantine State and Society", California, Stanford University Press, 1997, p. 445
  154. Treadgold, Warren T., "The Byzantine Revival: 780–842", Stanford, 1988, p. 437.
  155. Treadgold, Warren T., "The Byzantine Revival: 780–842", Stanford, 1988, p. 450
  156. Treadgold, Warren T., "The Byzantine Revival: 780–842", Stanford, 1988, p. 451
  157. Taylor, William Cookie, The history of the overthrow of the Roman Empire and the foundation of the principal European states, London, printed for Whittaker & Co, Ave Maria Lane, 1836, p. 255
  158. Letsios, Denetrios, "Theophilos and his ‘Khurramite’ Policy: Some Reconsiderations", Graeco-Arabica, vol. 9–10, 2004, Athens, pp. 249–271
  159. "История императора Иракла (История Себеоса), Санкт-Петербург, 1862, c. 132
  160. "История Армении" (составил В.А.Абаза), Санкт-Петербург, Типография И.Н. Скороходова, 1888, c. 67
  161. "История императора Иракла (История Себеоса), Санкт-Петербург, 1862, c. 152–159
  162. Moisey Kalankaytuklu, "Albaniya tarixi", Mxitar Qoş, "Alban salnaməsi", Bakı, Elm, 1993, c. 128
  163. "История императора Иракла (История Себеоса), Санкт-Петербург, 1862, c. 156–158
  164. Nailə Vəlixanlı, "Ərəb Xilafəti və Azərbaycan", Bakı, 1993, c. 32
  165. "История Агвань" Моисея Каганкатваци, писателя X века, пер. с армянского, Санкт-Петербург, 1861, c. 237–241
  166. Moisey Kalankaytuklu, "Albaniya tarixi", Mxitar Qoş, "Alban salnaməsi", Bakı, Elm, 1993, c. 119
  167. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, "Şərq-Qərb", 2007, c. 287
  168. 1 2 Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, c. 102
  169. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, "Şərq-Qərb", 2007, c. 303, 437
  170. "История халифов" Вардапета Гевонда, Санкт-Петербург, 1862, c. 145
  171. Moisey Kalankaytuklu, "Albaniya tarixi", Mxitar Qoş, "Alban salnaməsi", Bakı, Elm, 1993,III kitab, səh.195
  172. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, 1989, c. 434
  173. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, "Şərq-Qərb", 2007, c. 267
  174. Moisey Kalankaytuklu, "Albaniya tarixi", Mxitar Qoş, "Alban salnaməsi", Bakı, Elm, 1993, s. 195
  175. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, "Şərq-Qərb", 2007, c. 435
  176. "История Агвань" Моисея Каганкатваци, писателя X века, пер. с армянского, Санкт-Петербург, 1861, c. 267
  177. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, "Şərq-Qərb", 2007, s. 288
  178. İbn əl-Əsir, "Əl-Kamil fi-t-tarix", Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1959, s. 44
  179. İbn əl-Əsir, "Əl-Kamil fi-t-tarix", Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1959, s. 55
  180. Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, s. 103
  181. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, "Şərq-Qərb", 2007,s. 288, 316
  182. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, "Şərq-Qərb", 2007, s. 289–290
  183. Osman Turan, "Türk Cihan Hakimiyeti Mefkuresi Tarihi", I–II c., İstanbul, Boğaziçi Yayınları, 1993, s. 68
  184. "Türk Dünyası Araştırmaları" dergisi, 62. sayı, İstanbul, Ekim, 1989, s. 200
  185. "История Агвань" Моисея Каганкатваци, писателя X века, пер. с армянского, Санкт-Петербург, 1861, s. 268
  186. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, "Şərq-Qərb", 2007, s. 340
  187. "История Агвань" Моисея Каганкатваци, писателя X века, пер. с армянского, Санкт-Петербург, 1861, s. 266
  188. Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, s. 93
  189. Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, s. 70
  190. Журавский А.В., "Христианство и Ислам", Москва, 1990, I, səh.173–174
  191. Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, s. 12
  192. Mütəhhər ibn Tahir Müqəddəsi "Kitabül-əl-bəd və-t-tarix" /Paris çapı, VI c., s.117
  193. Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, s. 59
  194. Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, s. 35
  195. Clement Huart // "Encyclopedie de L’Islam", I c., səh.557–558
  196. Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, s. 92, 101
  197. Moisey Kalankaytuklu, "Albaniya tarixi", Mxitar Qoş, "Alban salnaməsi", Bakı, Elm, 1993, III kitab, səh.197
  198. 1 2 Moisey Kalankaytuklu, "Albaniya tarixi", Mxitar Qoş, "Alban salnaməsi", Bakı, Elm, 1993, s. 194
  199. Nailə Vəlixanlı, "Ərəb Xilafəti və Azərbaycan", Bakı, 1993, s. 33
  200. Журавский А.В., "Христианство и Ислам", Москва, 1990, s. 5
  201. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, 1989, s. 176–181
  202. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, "Şərq-Qərb", 2007, s. 14
  203. Nailə Vəlixanlı, "Ərəb Xilafəti və Azərbaycan", Bakı, 1993, s. 56
  204. Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi və red. Süleyman Əliyarlı), Bakı, "Çıraq", 2007, s. 124
  205. Мовсес Каланкатуаци, "История страны Алуанк", Ереван, 1984, s. 166
  206. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, "Şərq-Qərb", 2007, s. 76
  207. Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, s. 105
  208. Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, s. 101, 72, 89, 90, 117
  209. Səid Nəfisi, "Azərbaycan qəhrəmanı Babək Xürrəmdin", Bakı, "Örnək", 1990, s. 108
  210. Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, Bakı, "Nurlan", 2005, s. 119
  211. Ziya Bünyadov, "Azərbaycan VII–IX əsrlərdə", Bakı, "Şərq-Qərb", 2007, s. 235
  212. Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, Bakı, "Nurlan", 2005, s. 153
  213. Ziya Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007, səh 276
  214. Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2006, II cild
  215. Z. M. Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007, səh 278
  216. История Агван, стр. 267/214-215
  217. 1 2 Z. M. Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007
  218. T.Arsruni III, səh. 70, 186
  219. 1 2 История Агван, стр. 268/215
  220. История Агван, стр. səh. 268-269/215-216
  221. С.Т.Еремян. Борьба армянского народа против арабского халифата, стр. 490.
  222. А.М.Утмазян. Сюник в IX-X вв., стр. 4

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]