Mariya Küri — Vikipediya
Mariya Küri | |
---|---|
fr. Marie Curie pol. Maria Skłodowska-Curie | |
Doğum adı | Marya Salomea Skłodowska[6] |
Doğum tarixi | 7 noyabr 1867[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyul 1934[1][2][…] (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Həyat yoldaşı | |
Uşaqları | |
Elm sahələri | Radioaktivlik[8], kimya[8], fizika[8] |
Elmi dərəcələri |
|
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Qabriel Lipman |
Tanınmış yetirmələri | İren Jolio-Küri[9] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Mariya Salomea Küri (fr. Marie Curie; pol. Maria Salomea Skłodowska-Curie[10]; 7 noyabr 1867[1][2][…], Varşava, Polşa çarlığı, Rusiya imperiyası[1][2][…] – 4 iyul 1934[1][2][…], Sanselmoz[d][1][7]) — polyak əsilli fransız kimyaçısı və fiziki. İki dəfə Nobel mükafatı laureatı (fizika (1903) və kimya (1911) sahəsində).
Mariya Skladovska 1867-ci ildə Polşada dünyaya gəlmişdir, o, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur və iki dəfə Nobel mükafatına layiq görülmüşdür. 1903-cü ildə Henri Bekkerel və həyat yoldaşı Pyer Küri ilə bərabər fizika üzrə Nobel Mükafatı qazanmış və daha sonra 1911-ci ildə kimya üzrə Nobel mükafatının tək laureatı olmuşdur. Radium elementini kəşf etmişdir. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Həmçinin Nobel mükafatına ilk dəfə iki dəfə layiq görülmüş yeganə qadındır. Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və Pyer Küri vermişdir. Həyat yoldaşı Pyer Küri ilə birlikdə polonium və radium elementini kəşf etmişdir.
Həyatının ilk illəri
[redaktə | mənbəni redaktə et]1867-ci ildə Polşanın paytaxtı Varşava şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Anasını və bacılarından birini çox erkən itirmişdir. Mariya uşaqlıqdan son dərəcə iti yaddaşı ilə fərqlənirdi və 16 yaşında orta məktəbi qızıl medalla bitirmişdi. Hələ məktəbdə oxuyarkən qohumunun kimya laboratoriyasında assistent işləmişdir. Onun atası yanlış yerə investisiya yatıraraq əlində olan pulları itirmişdi, buna görə də Mariya müəllimə kimi işləməli oldu. O, qazancı ilə bacısı Broniyanın Parisdə tibb təhsili almasına maddi yardım edə bildi, bunun müqabilində isə Broniya daha sonra ona təhsil almağa kömək edəcəkdi. O zamanlar Polşa Rusiya İmperiyasının tərkibində idi və qadının ali təhsil alması məhdud idi. Polşa həmin dövrdə Rusiya imperiyasının işğalı altında olduğundan Mariya Sklodovskaya vətəninin azadlığı uğrunda fəaliyyət göstərən polyak millətçilərinin təşkilatında iştirak etmişdir.
Mariya ali təhsil almaq istəyirdi, lakin ailənin buna maddi imkanı olmadığından bacısı ilə maraqlı şərt kəsmişdilər. Həmin şərtə əsasən o, beş il dayə işləyərək bacısının tibb təhsili almasına yardım edəcək, sonra isə bacısı Mariyanın universitetə qəbul olmasına köməklik göstərəcək. 1891-ci ildə bu vəd yerinə yetirildi, 24 yaşında olarkən böyük bacısının köməyi ilə Mariya Parisə getdi və Sorbonna Universitetində (Paris Universiteti) fizika və kimyadan təhsil almağa başladı. O, gec saatlara qədər işləyir və demək olar ki, çörək, kərə yağı və çayla qidalanırdı. Mariya 1893-cü ildə fizika elmləri imtahanında birinci oldu, 1894-cü ildə riyaziyyat elmləri imtahanında isə ikinci yeri tutdu. Məhz həmin ilin yazında o, Pyer Küri ilə tanış oldu.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Onların 1895-ci ildə baş tutan evliliyi tezliklə dünya əhəmiyyətli nəticələr əldə edən əməkdaşlığın təməlini qoydu. 1896-cı ildə Henri Bekkerel təsadüf nəticəsində xarici işıq mənbəyi (Günəş və ya süni işıq) olmadan uran duzlarının şüalanmasını kəşf etdi. Bu, fiziklər üçün əsl sürpriz idi. Sonralar Mariya, Bekkerelin bu kəşfini "radioaktivlik" adlandırmışdı. Fiziklər və kimyaçılar qarşısında əlavə sual meydana çıxdı: görəsən, bu xassə yalnız urana və onun duzlarınamı məxsusdur, yoxsa bu başqa elementlərdə də var? Mariya Küri məhz bu sual ətrafında əri Pyer Küri ilə birlikdə uranda aşkarlanan radioaktivliyin digər elementlərdə mövcud olmasını araşdırmağa qərar verdi və toriumda da radioaktivlik olmasını aşkarladı.
O, diqqətini yenidən minerallara yönəltdi və uran filizi onun marağını cəlb etdi. Uran filizi radioaktivliyi saf uran radioavtivliyindən yüksək olan bir mineraldır və bu yalnız filizin tərkibində kiçik miqdarda, lakin çox yüksək aktivliyi olan naməlum maddənin varlığı ilə izah edilə bilərdi. Pyer Küri Mariyanın bu problemi həll etmək üçün başlatdığı və yeni elementlər, polonium və radiumun kəşfi ilə nəticələnən araşdırmasına qoşuldu. Mariya Küri və Pyer Küri uran və torium olan filizlərin sistematik tədqiqi zamanı orada yeni iki element kəşf etdilər — radium və polonium. I element II-yə nisbətən daha güclü işıqlandığı üçün ona radium — "şüalanan" adı verildi. Digər elementə isə M. Küri öz vətəninin şərəfinə polonium adlandırdı. Sonrakı illərdə Pyer və Mariya Küri bu elementləri maddə halında almaq üçün təcrübələrini davam etdirmişlər. Nəticədə, 7 tonadək uran filizi işlətdikdən sonra 0,1 qram radium almaq mümkün olmuşdu. Polonium elementi isə radiumun parçalanmasından yarandığından onu almaq mümkün olmamışdı.
Pyer Kürinin özünü əsasən yeni radiyasiyanın fiziki cəhətdən öyrənilməsinə həsr etdiyi halda, Mariya Küri metal halında saf radium əldə etməyə çalışırdı. O, bu işə Pyer Kürinin şagirdlərindən biri olan kimyaçı Andre-Lui Debirin köməyi ilə nail oldu. Mariya bu tədqiqatın nəticələrinə əsasən elmlər doktoru adını qazanmışdı və 1903-cü ildə Mariya və Pyer Bekkerel ilə bərabər radioaktivliyin kəşfinə, "radiasiya hadisəsinin tədqiqindəki əvəzedilməz müştərək fəaliyyətlərinə görə" görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdülər.
1897 və 1904-cü illərdə qızları İren və İvin dünyaya gəlməsi Mariyanın elmi işlərini dayandıra bilmədi. O, 1900-cü ildə Fransanın Sevr şəhərində qızlar üçün olan Ali məktəbdə (École Normale Supérieure — Orta məktəb müəllimləri üçün ali təhsil məktəbi) fizika üzrə mühazirəçi təyin edildi və eksperimental nümayişlərə əsaslanan tədris metodu yaratdı. M. Küri uran filizlərində işləmək və analiz etmək üçün klassik üsul işləyib hazırlamışdır. Bütün bu təcrübələrin nəticəsi olaraq Mariya Küri 1903-cü ildə Sorbon Universitetində "Radioaktiv maddələrin tədqiqi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdi. O, 1904-cü ilin dekabrında Pyer Kürinin idarə etdiyi laboratoriyaya baş assistent təyin edildi.
1906-cı ildə Pyer Küri nəqliyyat qəzasında həlak olmuşdu, lakin Mariya Küri ona təyin olunan pensiyadan imtina etmişdir. Həyat yoldaşının qəfil ölümü Mariya Küriyə ağır zərbə oldu, lakin həmçinin bu hadisə onun karyerasında dönüş nöqtəsi idi: bundan sonra o, bütün enerjisini Pyer Küri ilə başlatdıqları elmi işi təkbaşına tamamlamağa həsr etdi. O, 13 may 1906-cı ildə həyat yoldaşının ölümündən sonra vakant qalan professorluq vəzifəsinə təyin edildi və bununla da Sobon Universitetində dərs deyən il qadın professor oldu. Onun sonrakı təcrübələri radiumu metal şəklində almaqdan ibarət olmuşdur. Xanım fizik bu nəticəyə 1910-cu ildə Anri Debirnlə birgə nail olmuşdur. O, həmçinin Beynəlxalq Çəki və Ölçü vahidləri Bürosuna radioaktiv maddələrin ilk etalonunu hazırlayıb təqdim edən alim kimi də məşhurdur. Mariya Kürinin digər fundamental nailiyyəti kimya sahəsinə aiddir. O, 1911-ci ildə "kimyanın inkişafındakı əvəzedilməz fəaliyyətinə: radium və polonium elementlərinin kəşf edilməsi, saf halda radiumun ayrılması və bu möhtəşəm elementin təbiətinin öyrənilməsinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bununla da o, Nobel mükafatını iki dəfə alan ilk şəxs kimi elm tarixinə düşmüşdür.
Birinci Dünya müharibəsi illərində Mariya Küri özünü qızı İrenin köməyi ilə "kiçik Kürilər" kimi tanınan səyyar qurğuların daxil olduğu və yaralı əsgərlərin müalicəsi üçün istifadə edilən Rentgen aparatının inkişafına həsr etmişdi. Müharibə zamanı o, həmçinin hərbi cərrahlara radiologiyadan istifadə etməyi tədris etmişdir. Bu tədqiqatların nəticəsini daha sonra yazdığı "Radiologiya və müharibə" adlı kitabında əks etdirmişdir.
1918-ci ildə heyətində İrenin də yer aldığı Radium İnstitutu fəaliyyətə başladı və nüvə fizikası və kimyasının mərkəzinə çevrildi. Mariya Küri isə bu institutun fundamental tədqiqatlar və radioaktivliyin tibbi istifadəsi şöbəsinə direktor təyin olumuşdu. Artıq şöhrətin zirvəsində olan Mariya Küri 1922-ci ildən etibarən Tibb Akademiyasının üzvü kimi radioaktiv maddələri və onların tibbi istifadəsini tədqiq etmişdi.
1921-ci ildə Mariya Küri qızları ilə bərabər radiumun tədqiqatına maliyyə ayrılması üçün Birləşmiş Ştatlara səfər etmişdi. Oradakı qadınlar kompaniyası münasibətilə ona bir qram radium hədiyyə etmişdilər. Mariya həmçinin Belçika, Braziliya, İspaniya və Çexslovakiyada (indiki Çexiya və Slovakiya) mühazirələr vermişdi. Bundan əlavə, Parisdə Küri Fondunun yaradılması və 1932-ci ildə Varşavada bacısı Broniyanın direktoru olduğu Radium İnstitutunun açılış mərasimini görmək ona nəsib olmuşdu.
1923-cü ildə o, Pyer Kürinin tərcümeyi-halını yazaraq kitab şəklində nəşr etdirmişdir. Həmçinin bu illərdə yenidən müstəqillik qazanmış vətəninə tez-tez səfər edərək, orada gənc mütəxəssislərə yardım göstərmişdir.
Mariya Küri Nobel mükafatından əlavə, Fransa Elmlər Akademiyasının "Bertelo", London Kral Cəmiyyətinin "Devi", Franklin İnstitutunun "Elliot Kresson" medalları ilə də təltif edilmişdir. O, 85 müxtəlif elmi cəmiyyətin üzvü olmuş, həmçinin 20 fəxri elmi adla mükafatlandırılmışdır. Paris Radium İnstitutundakı 1,5 qram radium ehtiyatı 1930-cu illərdə aparılan təcrübələrə mühüm töhfələr vermişdi. Bu iş Ser Ceyms Çaduik tərəfindən neytronun kəşfi və hər şeydən öncə 1934-cü ildə İren və Frederik Coliot-Kürinin süni radioaktivliyi kəşf etməsi üçün zəmin yaratmışdı.
Ölümü
[redaktə | mənbəni redaktə et]Süni radioaktivliyin kəşfindən bir neçə ay sonra, 1934-cü ildə Mariya Küri şüalanmanın doğurduğu qan xərçəngindən (leykemiya) dünyasını dəyişmişdir. O, radioaktivliyin ziyanlı cəhətlərindən xəbərsiz olduğu üçün radium elementini üzərində talisman kimi gəzdirərmiş.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Рожанский И. Д. Склодовская-Кюри Мария // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1976. Т. 23 : Сафлор — Соан. С. 512.
- ↑ 1 2 3 4 5 6 Krugosvet (rus.). 2000.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 Catalog of the German National Library (alm.).
- ↑ 1 2 3 4 5 6 https://www.leopoldina.org/fileadmin/redaktion/Mitglieder/CV_Curie-Sklodowska_Marie_D.pdf.
- ↑ https://chemia.ug.edu.pl/sites/default/files/_nodes/strona-chemia/16702/files/fmr-mscurie.pdf.
- ↑ 1 2 Marie Curie // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 NNDB (ing.). 2002.
- ↑ Venkatraman V. Curie’s intellectual offspring The Elements of Marie Curie: How the Glow of Radium Lit a Path for Women in Science Dava Sobel Atlantic Monthly Press, 2024. 336 pp. (ing.). // Science / H. Thorp Northern America: AAAS, 2024. Vol. 386, Iss. 6719. P. 278–278. ISSN 0036-8075; 1095-9203 doi:10.1126/SCIENCE.ADR2515
- ↑ "Arxivlənmiş surət". 2018-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-19.