Kəşkül (qəzet) — Vikipediya
Kəşkül | |
---|---|
az.-əski. کشکول | |
| |
Sahibi | Cəlal Ünsizadə |
Baş redaktor | |
Yaranma tarixi | 31 yanvar (12 fevral) 1883 |
Dil | Azərbaycan dili, fars dili, ərəb dili, rus dili |
Nəşrini dayandırıb | 18 (30) oktyabr 1891 |
Baş ofis | |
Ölkə |
"Kəşkül" (az.-əski. کشکول) — 1883–1891-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunmuş jurnal, daha sonra qəzet.[1][2]
"Kəşkül" jurnalı
[redaktə | mənbəni redaktə et]"Ziyayi-Qafqaziyyə" qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə 1883–1891-ci illərdə ədəbi və siyasi jurnal olan "Kəşkül" jurnalı (daha sonra qəzet) nəşr olunub.[3]
Təsisçi
[redaktə | mənbəni redaktə et]Jurnalın naşiri "Ziyayi-Qafqaziyyə"nin redaktoru Səid Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsizadə idi. Cəlal Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı. Səid Ünsizadə "Ziya" qəzetini nəşr etməyə başlayanda Cəlalı da qəzetçiliyə cəlb etmişdi. Sözsüz ki, onu bu jurnalı nəşr etməyə də qardaşı sövq edib.
Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal Ünsizadə 1882-ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə ayda bir dəfə çıxarmaq şərtilə "Kəşkül" adlı məcmuə nəşr etməyə icazə istəyir.[4] C.Ünsizadəyə görə, mətbuat xalqın gözünü açır, oxumağa alışdırır, onun mədəni yüksəlişinə və tərəqqisinə təkan verir. Bu amal və məqsədə xidmət edən Ünsizadənin mətbuat yaratmaq fikri müsbət cavablandırıldı. Qafqaz Senzura Komitəsinin 1883-cü ildə Peterburq Baş Mətbuat İdarəsinə göndərdiyi məlumatda aydın olur ki, "Kəşkül" jurnalının nəşrinə 1882-ci ilin oktyabr ayının 20-də icazə verilmişdi.
Əslidə "Kəşkül" Ünsizadə qardaşlarının yeni mətbuat layihəsi idi. Qardaşlar hansı yolla olursa olsun, Qafqazın türkdilli mətbuatında öz mühüm rollarını itirmək istəmirdilər.[5] Cəlal Ünsizadə 1883-cü il yanvar ayının 31-də 28 səhifəlik "Kəşkül" jurnalını qardaşı Səid Ünsizadənin "Ziya" adı ilə tanınan mətbəəsində çap etdirdi.[4]
Cəlal Ünsizadə jurnalı çətin şəraitdə buraxırdı. Mətbəə avadanlığı çatışmırdı. İşçi qüvvəsi yox idi. Şagird dəftərindən azca böyük olan iki həftədə bir çıxarılan, cəmi 10–15 səhifədə buraxılan jurnala böyük əmək sərf edilirdi. Cəlal Ünsizadə təhsil görmüş gəncləri redaksiyaya cəlb etmək üçün lazımi səy göstərirdi. O zaman Tiflisdə işləyən azərbaycanlı müəllimləri tez-tez redaksiyaya dəvət edirdi. 1883-cü ildə Tiflis gimnaziyasının 6-cı sinfində təhsil alan Məmməd Kəngərlini redaksiyada məsul katib vəzifəsinə işə götürmüşdü. Onun vəzifələrindən biri həmin qəzetləri diqqətlə oxumaq, lazımi materialları tərcümə etmək idi. C.Ünsizadə və M.Kəngərli məqalələrin tərtibi və jurnalın nəşri məsələlərinə də bilavasitə özləri nəzarət edirdilər.
Naşir "Kəşkül" də ərəb, fars və rus dillərində də materiallar verməyi nəzərdə tutmuşdu. O, bir sıra Şərq ölkələrində qəzet üçün müxbirlər yetişdirmək, həmin ölkələrdən maraqlı yazılar dərc etmək niyyətində idi. Redaktor bu təşəbbüsünü yerinə yetirə bilmədi. O, təkcə qəzetdə ara-sıra farsca və rusca verilən məqalələrlə kifayətləndi.
Ünsizadənin jurnalın ilk nömrəsinə yazdığı proqram mahiyyətli məqaləsi xüsusi ilə maraqlıdır. O, bu məqalədə "Kəşkül"ün xalqa bağlı olacağını bildirir, qarşıya qoyduqları vəzifələri sadalayır və ana dilinə üstünlük verəcəklərini yazırdı:
Məcmuəmizin dili və əsil ibarəsi məmləkətimizin müsəlmanlarının məfhumu olan türki-Azərbaycan dilindən ibarət olacaqdır. |
C.Ünsizadə "Kəşkül"ün ilk saylarında "vətənimiz", "Azərbaycan" kəlmələrini tez-tez işlətməklə xalqda milli kimlik və milli şüur hissi formalaşdırmağa çalışırdı. Onun məqalələrində xəlqilik və müasirlik prinsipləri aydın görsənirdi.
Jurnalın redaksiyası Tiflisdə dar bir küçədə, iki yarımqaranlıq otaqda yerləşirdi ki, bu da işlərin normal məcrada getməsi üçün əngəl yaradırdı. Otaqların birində, ən ortada iri miz, divarın yanında isə yazı masası qoyulmuşdu. Masanın üzərində redaksiyanın abunə yazdırıb gətirtdiyi müxtəlif rus qəzetlərinin dəstləri düzülmüşdü.
"Kəşkül" qəzeti
[redaktə | mənbəni redaktə et]"Kəşkül" 11 nömrə jurnal şəklində çıxdıqdan sonra Cəlal Ünsizadə onu qəzetə çevirdi. Geniş bir məramnamə ilə nəşrə başlayan "Kəşkül" mövzu dairəsinə görə "Ziya" ("Ziyayi-Qafqaziyyə"dən) fərqlənirdi. Həm jurnalın, həm də qəzetin aşağıdakı şöbələri var idi:
- Daxili şöbə
- Tarixi və siyasi şöbə
- Tənqid və mətbuat xülasəsi
- Pedaqogika
- Həkim məsləhəti
- Şer şöbəsi
- Təqvim
- Müxtəlif materiallar
- Elanlar
Şöbələrin adından göründüyü kimi "Kəşkül" qarşısına müxtəlif sahələri əhatə edən publisistik-elmi məqalələrlə çıxış etməyi, baş verən hadisələri, yenilikləri izləməli idi. Buna görə də siyasi, iqtisadi və ədəbi məsələləri işıqlandırmaq üçün "Kəşkül" müxtəlif sahələrdə çalışan mütəxəssisləri, savadlı insanları işə cəlb etdi. Məhz buna görə də Cəlal Ünsizadə "Kəşkül"ün 3-cü sayında yazırdı:
“Kəşkül”ün daireyi-qələmiyyəsi bu tərəflərdə, yəni Qafqaziyyə qitəsindən müxtəlif mövqelərdə, Rusiyanın içərilərində, həmçinin İslam malikində (İran, Osmanlı və Misir səmtlərində) xüsusi müxbirləri olacaqdır. |
O, verdiyi vədə əməl etməyə çalışır, adlarını sadaladığı bu məmləkətlərdən bəzi ziyalıları "Kəşkül"ün ətrafında cəm etməyə səy edirdi.
Redaktorlar
[redaktə | mənbəni redaktə et]Cəlal Ünsizadə o dövrün ziyalılarını, maarifsevər insanlarını sonralar qəzet kimi çıxan "Kəşkül"ün ətrafına toplaya bildi. Qəzetdə istər rus, istərsə də, gürcü və azərbaycanlı elm xadimləri, yazıçılar və jurnalistlər dövrün qabaqcıl ideyalarını yaymaq üçün bu qəzetin səhifələrində müxtəlif mövzularda tez-tez çıxış etməyə başladılar. "Kəşkül"ün müxbir heyəti və müəllifləri özündən əvvəlki qəzetlərə nisbətən geniş idi. Özü də bu müəlliflərin tərkibi beynəlmiləl idi.
Azərbaycan yazıçı və publisistlərindən Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Firidun bəy Köçərli, M.Şahtaxtinski, S.M.Qənizadə, M.F.Axundovun oğlu Rəşid bəy Axundov, Gülməhəmməd bəy Kəngərli, M.Sultanov, Səfərəli bəy Vəlibəyov, Ə.Qayıbov qəzetə bədii əsərlər, publisist məqalələr yazdıqları kimi, Tiflisdə yaşayan bir çox görkəmli şəxsiyyətlər: Tiflisin baş hakimi Babov, maarif məclisinin keçmiş müdiri Qursaladze, ədib və jurnalist Eritsov, rus pedaqoqu və publisisti, Qori müəllimlər seminariyasının müəllimi Aleksey Çeriyayevski, gürcü şairi İlya Çavçavadze, Ukrayna yazıçısı N.Qulak, erməni yazıçılarından Raffi, Aleksandr Şirvanzadə və başqaları da qəzetin işinə cəlb olunmuşdular.
Xüsusən Firudin bəy Köçərli və Gülməhəmməd bəy Kəngərli Cəlal Ünsizadənin yaxın dostları olmuş, redaksiya bir müddət Kəngərlinin evində yerləşmişdi.
Qəzetin başlıca mövzuları
[redaktə | mənbəni redaktə et]"Ziya" qəzetinə nisbətən "Kəşkül" ün həm mövzu dairəsi geniş, həm də məqalələrin yazılış forması müxtəlif idi. "Kəşkül" həyatın hər sahəsindən məlumat verən zəngin materiallar "çantasına" bənzəyirdi. Qəzetə "Kəşkül" adı verilməsi elə bununla əlaqədar idi.
"Kəşkül", "Əkinçi" ilə "Ziya" arasında orta bir mövqe tutmuşdu, lakin "Əkinçi" yə daha artıq dərəcədə meyli hiss edilir. Bu cür qəzetçilik siyasəti çar senzurası tərəfindən diqqətə alınmaya bilməzdi. Ona görə də "Kəşkül" senzura təqiblərinə daha çox məruz qalmışdır. Jurnalın səhifələrində "Kəşkül" vəqti-müəyyəndə çıxmadı" ifadəsinə tez-tez rast gəlinir.
Qəzetdə dil, ədəbiyyat, incəsənət, elm, maarif və s. məsələlərə dair nəzəri və publisist məqalələr, orijinal bədii əsərlər, rus, Avropa və Şərq ədəbiyyatından tərcümələr çap olunurdu. Klassiklərin irsini yaymaqda qəzet mütərəqqi iş görmüşdür. Onun səhifələrində Abbasqulu ağa Bakıxanovun "Təhzibi əxlaq" əsəri, Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı "Kəşkül"də geniş şəkildə işıqlandırılmışdı. "Kəşkül" onun tərcümeyi-halını ilk dəfə nəşr etmiş, komediyalarının xarici dillərə tərcümə olunması və onların Avropada şöhrət qazanması, həmçinin komediyalarının tamaşaya qoyulması barədə oxuculara mütəmadi məlumat vermişdir. Bundan başqa qəzetdə Seyid Əzim Şirvani haqqında da məqalə dərc olunmuşdur.
"Kəşkül" qəzeti Azərbaycan klassiklərinin başqa xalqların dilinə tərcümə edilməsi sahəsində də ilk təşəbbüsçülərdən olmuşdur. Füzulinin "Leyli və Məcnun" əsəri ilə "Kəşkül" səhifələrində tanış olan erməni yazıçısı Raffi onu erməni dilinə tərcümə etməyi qət etmişdi. Həmin poemanı Ünsizadə N.Qulak ilə birlikdə ruscaya çevirib jurnalda vermiş, sonra isə "Kəşkül" mətbəəsində ayrıca kitab halında buraxmışdı.
Cəmiyyətin həyatında baş verən dəyişiklikləri qəzet vaxtında əks etdirməyə çalışırdı. Kapitalizmin meydana gəlməsi və onun feodalizm üzərində qələbəsi prosesində milli hərəkat da yaranmağa başlayırdı. Ziyalıların şüurunda "Azərbaycan milləti" məfhumunun oyanması "Kəşkül" dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, "din" və "millət" məfhumları ayrı-ayrı şeylərdir. "Kəşkül" qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərmiş və ictimai-siyasi şüurun inkişafına kömək etmişdir.
"Kəşkül" dövrün bir sıra aktual məsələlərinə, beynəlxalq hadisələrə də toxunur, bu səpkidə məqalələr dərc edirdi. İlk sayında İngiltərənin və çarizmin Orta Asiyada apardığı müstəmləkəçilik siyasəti, Şeyx Şamilin rəhbərliyi altında aparılan milli azadlıq hərəkatı barədə oxucuya məlumat verirdi.
"Kəşkül" Azərbaycan millətinin inkişafı və başqa millətlərlə dostluq əlaqələrini möhkəmlətməsi haqqında da müsbət səciyyə daşıyan məqalələr verirdi. Bu məqalələrin bir çoxu mövzusu, ideya istiqaməti, dili və üslubu, ehtiraslılığı ilə fərqlənirdi. "Bir şəxs" imzası ilə verilmiş "Ana dilimiz" məqaləsi belələrindən idi. Məqalədə göstərilir ki, "öz millətini əbədi saxlamaq istəyənlər öz ana dillərini saxlamağa çalışmalıdırlar və o dildə elm və fünuni övladi-millətə verməlidirlər". Müəllif xüsusilə qeyd edirdi ki, ana dilini yaxşı bilməyən, onun ləyaqətini qiymətləndirməyən adam başqa dilləri heç cür qiymətləndirə bilməz. Beləliklə, qəzet başqa dilləri öyrənməyə xüsusi həvəs göstərilməsini təbliğ edirdi.
İnsan öz ana dilindən başqa neçə dil bilmiş olursa o qədər də qədrini artırır: Lal yarımadam olduğu kimi çox-çox dil bilən də çox adam sayılmalıdır. |
Bəzən qəzet tərcümə üçün ictimai məzmunu etibarı ilə o qədər dərin parçalar seçirdi ki, çar senzoru onu buraxmaqdan imtina edirdi. Məsələn, gürcü şairi İ.Çavçavadzenin "Bahar" adlı şeiri tərcümə olunub mətbəədə yığılmışdı. Lakin senzor onun yayılmasına icazə verməmişdi. Şeirdə meşəliklərin yarpaqlamasından, qaranquşların gəlməsindən, çiçəklərin, güllərin açılmasından bəhs edilib axırda deyilirdi:
Bülbülüm, gülüm Vətən!
Sən nə vaxt açılarsan?
Qəzetdə mütərəqqi rus şairlərinin əsərlərinə tez-tez müraciət edilirdi. Gülməmməd bəy Kəngərli Nekrasovun "Nravstvennıy çelovek" ("Xoşəxlaq adam") əsərindən bir parçanı tərcümə edib qəzetdə "Mərdi müttəqi" adı ilə dərc etdirmişdi. Meylə nəyi qafiyə etməkdənsə real həyatdan yazmaq lazımdır. G.Kəngərli məktubunun sonunda göstərirdi:
Təcrübə üçün məruf Nekrasov mənzumatından nəzmən tərcümə elədiyim bir fəqərəni bu dəfə irsal edirəm. Qəbul və dərc olunursa, mabədini dəxi göndərəcəyəm. |
"Kəşkül" qəzetində əsərin ardı yoxdur. G.Kəngərlinin tərcüməsinin ardının nə üçün dərc olunmaması haqqında indiyədək bir sıra tədqiqatçılar müxtəlif fikirlər söyləmişlər. Filoloji elmlər namizədi X.Məmmədovun axtarışları bu cəhətdən maraqlıdır. O, göstərir ki, tərcümənin ardının dərc olunmamasına səbəb "Tərcüman" qəzetinin səhifələrində bu məsələ ilə əlaqədar qaldırılmış mübahisədir. "Tərcüman"ın 1885-ci il 15 noyabr tarixli 17-ci nömrəsində Moskva Lazarev Şərq Dilləri İnstitutunun müəllimi Sakovun "Fünun və ədəbiyyat" rubrikası altında verdiyi məktubla başlanan mübahisə sonra İ.Qasprinski tərəfindən davam etdirilmişdir. Sakovu narazı salan cəhət tərcümə üçün Nekrasovdan guya münasib əsər seçilməməsi idi. İ.Qasprinski də bu fikirdə idi. Sonralar G.Kəngərli bu məqalələrə cavab yazmışsa da, "Tərcüman"ın redaktoru onu buraxmamış, tərcüməçinin üzərinə daha şiddətli hücuma keçmişdir. Şübhəsiz ki, belə bir şəraitdə Cəlal Ünsizadə tərcümənin ardını dərc etməyə girişməzdi. O, tərcümənin davamını versəydi qəzeti "Tərcüman"ın tənqid atəşinə məruz qoyardı. Bu faktlar G.Kəngərlinin tərcüməçilik fəaliyyəti zamanı necə ciddi maniələrə rast gəldiyini sübut edir.
Cəlal Ünsizadə qardaşı Kamal ilə birlikdə kitab nəşrinə də diqqət yetirirdi. Kamal "Kəşkül" mətbəəsinin müdiri idi. Mətbəədə bir sıra kitablar buraxılmışdı. Bu kitabları ideya və məzmununa görə iki qismə bölmək olar:
- Mütərəqqi mahiyyət daşıyan kitablar.
- Dini kitablar.
Ukrayna yazıçısı N.Qulakın, məşhur pedaqoq A.Çernyayevskinin, tərəqqipərvər Azərbaycan yazıçısı və publisistləri S.Ə.Şirvani, F.Köçərli, M.Şahtaxtinskinin müsbət təsiri ilə C.Ünsizadə "Kəşkül" mətbəəsində M.J.Lermontovun "Hava gəmisi", A.Çernyayevski və S.Vəlibəyovun "Vətən dili", Ə.Goraninin "Qocalıqda yorğalıq" kitabları, "Kəlilə və Dimnə" hekayələri və s. çap etmişdi. Bu kitablarla yanaşı, mətbəədə Zaqafqaziya Şeyxulislamı Əbdüssəlam Axundzadənin "Ümtədül əhkam", "Tarixi müqəddəsi ənbiya" kimi mürtəce dini görüşlər təbliğ edən kitabları da buraxılırdı. Hər halda "Ziya" mətbəəsinə nisbətən "Kəşkül" mətbəəsinin çap etdiyi kitablarda, təqvimlərdə mütərəqqi görüşlər daha çox idi. Bu mətbəə davamı boyunca, həmçinin çoxlu mürəttib yetişdirmişdi.
"Kəşkül"də çıxan sosial-siyasi yazıların əksəriyyəti rus dilində nəşr olunan mərkəzi qəzetlərdən, yaxud yayılmasına icazə verilmiş xarici mətbu orqanlardan götürülürdü. Sonra isə buna icazə verilmədi. Senzura bu tip yazıların Qafqaz müsəlmanları arasında yayılmasını təhlükəli hesab edirdi. Senzor "Kəşkül"ün "Əl-Qahirə" qəzetindən "Məsəleyi-erməniyyə" başlıqlı məqaləsinin bir abzaslıq xülasəsini də qadağan etmişdi. Xülasə bundan ibarət idi:
"Əl-Qahirə" məqaleyi-məxsusində yer üzündə Ermənistan deyilən ölkənin heç bir zaman mövcud olmadığını və coğrafi dəlayil və bərahim ilə bəyan eyləmişdir. |
Bu kimi qadağalara baxmayaraq öz nəşrini davam etdirən "Kəşkül" əsasən öz səhifələrində qonşu xalqların ədəbiyyatının təqdimatına, ədəbi nümunələrin Azərbaycan dilinə tərcüməsinə xüsusi yer verirdi. Qəzet mühərrirlərindən biri gürcü klassiki İ.Çavçadzenin "Bahar" şeirini Azərbaycan dilinə tərcümə etsə də, çapına icazə verilməmişdi. "Kəşkül" Çavçadzeni gürcü ədəbiyyatının məşhur ədəbi siması kimi təqdim edir, onun vətənpərvərliyini, yüksək qiymətləndirir, yaradıcılığının gürcü ədəbiyyatının inkişafına xidmət etdiyini göstərirdi.
Qəzet rus dilini öyrənməyi daha artıq şövqlə qeyd edirdi. Həmin müəllifin "Bir suala cavab", "Bilmək nə böyük bəladır", "Bəylərimizin gələcək halı" sərlövhəli məqalələrində də maarif, elm, mədəniyyət məsələlərindən danışılır, nadanlıq tənqid olunur, qonşu xalqların inkişafından söz açılır. Bu məqalələrin N.Nərimanova aidliyi haqqında mətbuatda mülahizə irəli sürülmüşdür. N.Nərimanovun "Kəşkül" ilə əlaqəsinə dair əldə bəzi məlumatlar vardır. Məsələn, qəzet 1890-cı ildə 109-cu nömrəsində Qori seminariyasını bitirib müəllimlik şəhadətnaməsi alan beş nəfər azərbaycanlının, o cümlədən N.Nərimanovun adını çəkib yazmışdı:
Bunlar bu günlər mətbəəmizə dəxi gəlib irəlidə vətən və əbnayi-vətənə xidmətlər edəcəklərini vəd vermişlər. |
Qəzetdə islama yanaşma
[redaktə | mənbəni redaktə et]İslamda fanatizmin tənqidi "Kəşkül"də qabarıq şəkildə büruzə verir. Bu mətbu orqanın səhifələrində din pərdəsi altında aparılan mövhumatçılıq tənqid edilirdi. İslam dininin əsaslarına toxunmadan cəhalət yayan ruhanilər zümrəsi ciddi tənqidə məruz qalırdı. "Kəşkül" özünün 1889-cu il tarixli 81-ci sayında yazırdı:
Bu zümrənin çoxusu elmsizdir. |
Qəzet satirik məqalələrinin birində ruhani idarələrinin mövhumatçılıq siyasətinə qarşı çıxırdı:
Zira bu attestatlı ruhanilərimizdən hansı birinə yaxın gedib, a quzum, yaxud a qoyunum, harada təhsili ümumi-finun eylədiniz" deyə sual eyləsək, cavabında əblahanə bir təbəssüm ilə iktifa eylər. |
"Kəşkül" 1889-cu il 12 aprel tarixli 84-cü sayında ruhaniləri tənqid edən məqalə dərc edir. Məqalənin senzuradan keçib, nəşrinə icazə verilməsinə baxmayaraq, baş senzor Bezabrazov qəzetin çapından sonra onu nəzərdən keçirərək "zərərli bir yazı" kimi onun Senzura Komitəsində müzakirəsini keçirmişdir. "Kəşkül"ün "zərərli bilən yazısına" icazə verən senzor xəstəliyi səbəbindən iclasda iştirak etməmiş, müzakirəyə çıxarılan məsələ ilə bağlı mövqeyini yazılı şəkildə komitəyə göndərmişdi. Baş senzor Bezabrazov ilə senzorun çəkişməsinin ziyanı "Kəşkül"ə dəymişdi. Qafqaz Senzura Komitəsi yerlərdəki real vəziyyətlə bağlı məlumat səciyyəli yazıları işıqlandırmağı "Kəşkül"ə icazə verməmişdi. Məsələn, qəzet 1889-cu il 23 oktyabr tarixli sayında Qarabağda boğaz xəstəliyinin yayılması ilə bağlı xəbərin dərcinə razılıq verməyərək, onu kəsib götürmüşdü.
Cəmiyyətin həyatında baş verən dəyişiklikləri vaxtında oxuculara çatdırmaq istəyən "Kəşkül" XIX əsrin sonlarında Azərbaycanda baş verən milli oyanış və milli özünüdərk prosesinin də iştirakçısına çevrildi. Cəmiyyətdə azərbaycançılıq ideyasının oyanmasında "Kəşkül"ün fəaliyyəti danılmazdı. Millət və din məfhumlarının ayrı-ayrı şeylər olduğunu xalqa çatdıran, bu məsələyə daha geniş yanaşma tərzi ortaya qoyan "Kəşkül"çülər ictimai-siyasi şüurun inkişafına da kömək etdilər.
"Kəşkül"ün bağlanması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda mətbəələrin inkişafı tarixində "Kəşkül" mətbəəsi müəyyən rol oynamışdı. "Kəşkül" jurnalı və qəzeti 1883-cü ildən nəşrə başlayaraq 1891-ci ilədək davam etmişdir. Bu müddətdə cəmi 123 nömrəsi buraxılmışdır. Qəzet müntəzəm çıxmamışdır. "Kəşkül"ün abunəçilərinin azalmasının, qəzetin tənəzzül etməsinin səbəblərindən biri elə bu idi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Şahverdiyev, A.B. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: "Təhsil" nəşriyyatı. 2006. səh. 50–57. 2016-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ Niftiyev, Niyaz. Mətbuatda multikulturalizm (PDF). Bakı: “RS” Poligraf MMC. 2017. səh. 18–19. ISBN 978-9952-485-64-6. 2020-05-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ Məmmədzadə, Nizami; Kamaloğlu, Mahmud. Gürcüstanın azərbaycanlı jurnalistləri (PDF). Tiflis. 2015. səh. 5. ISBN 978-9941-0-7875-0. 2020-05-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ 1 2 Nəsrəddinov, Nazim. ""Kəşkül" jurnalının birinci nömrəsi – Tiflis, 31 yanvar 1883- cü il ... və yaxud, tarixçilər, tərtib etdiyiniz dərslikləri bir daha yoxlayın..." "ZİYA" İnformasiya Mərkəzi. 2018-01-30. 2023-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
- ↑ Nəsrəddinov, Nazim. ""Kəşkül" - "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnaldır". davam.az. 2018-04-12.